Sadə yaratmışdır səni təbiət...

 

Elə insanlar var ki, onların ömür yolundan yazmaq böyük şərəfdir. Bu baxımdan mənalı və əsl müəllim ömrünü yaşayan Firəngiz xanım haqqında bir neçə söz yazmağı özümə borc bildim.

İnsanlarla münasibətdə bəxtim gətirib. Mənim Əşrəf Hüseynov, Maqsud Cavadov, Qoşqar Əhmədov, Yəhya Məmmədov, Sabir Nəsibov kimi müəllimlərim, Mir Paşa Ağa, Həsən baba, Mir Məhəmməd Ağa, Miriş baba kimi səcdə etdiyim müqəddəslər, Niyaz Məmmədov, Abbas Hacıyev kimi tələbə yoldaşlarım olub. Mən onlardan insanlara məhəbbət, sənətini sevmək, obyektiv, gözü-könlü tox, səxavətli, etiqadlı olmaq kimi məziyyətlər götürməyə çalışmışam. Mənim Yusif Məmmədov, Maqsud Nəcəfov, Hidayət Hüseynov, Nizaməddin İsgəndərov, Hamlet Quliyev, Ələkbər Bağırov kimi tələbələrim, birlikdə çalışdığım yoldaşlarım da var ki, onların hər biri ilə işləməyi özümə şərəf sayıram. Belə insanlardan biri, ömrünü təhsilə həsr etmiş, əsl müəllim, gözəl insan, ana, həyat yoldaşı olan Firəngiz Mustafayevadır.

Firəngiz xanım indi ömrünün müdriklik çağındadır. Onun haqqında yazmaq üçün özündən bəzi məlumatları çox çətinliklə ala bildim. Bu bir daha onun nə qədər təvazökar olduğunu göstərir.

Firəngiz Səməd qızı Mustafayeva 1944-cü il aprel ayının 1-də Bakı şəhərində anadan olub, 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu riyaziyyat-rəsmxətt müəllimi ixtisası ilə bitirib, 1967-ci ildən Bakı şəhərinin Səbail rayonundakı 7 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyir, 2009-cu ildə “Qabaqcıl təhsil işçisi” medalı ilə təltif olunub, 2010-cu ildə “Əməkdar müəllim” fəxri adı alıb. Ali kateqoriyalı riyaziyyat müəllimidir.

40 ildən çox bir vaxtda müxtəlif komissiyalarda birgə işləyərkən Firəngiz xanımın nə qədər alicənab, obyektiv bir insan olduğunun şahidi olmuşam. Bu illər Firəngiz xanımı müdriklik yaşına çatdırdığı kimi, həm də onun hansı müqəddəs və əməllərlə yaşadığını, necə şəxsiyyət olduğunu, öz ömrünü balalarımızın təhsili yolunda fədakarlıqla sərf etdiyini göstərir.

Firəngiz xanımın ömür yolu müəllim adının necə şərəfli, necə yüksək bir ad olmasına da nümunədir. Ancaq o, təkcə müəllim olmaqla kifayətlənməmişdir. Yazılan dərsliklərin və dərs vəsaitlərinin qiymətləndirilməsində, onların təkmilləşdirilməsində böyük xidməti var. O, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yarandığı ilk illərdən indiyə qədər testlərin tərtib olunmasında və ekspertizasında iştirak edir.

Firəngiz xanım müəllim işləməyə başladığı ilk illərdən özünü həm yoldaşlarına, həm də şagirdlərinə qarşı qayğıkeş bir insan kimi göstərmiş, hər kəs onun əməllərindən bəhrələnmişdir. Bu bir daha sübut edir ki, o, özünü maddiyyatdan asılı etməyib, həmişə gözütox olub. Firəngiz xanım bir xasiyyəti ilə də çoxlarından fərqlənir. Bu da onun məğrurluğu, qarşısındakının vəzifəsindən və kimliyindən asılı olmayaraq sözün düzünü üzünə deməsidir.

Firəngiz xanım xoşbəxt taleli insandır, o, bunu öz zəhməti, alın təri ilə qazanıb, çünki xoşbəxtliyin meyarı zəhmət, zəhmətin qayəsi xoşbəxtlikdir. Cəsarətlə demək olar ki, məhz belə bir tale onun şəxsiyyət kimi formalaşmasında böyük amil olub. Təmiz əxlaqı və yüksək mənəviyyatı ilə seçilir. Firəngiz xanım çətinliklərə sinə gərməyi bacarır, dözümlü və iradəlidir. Hər kəsin taleyini Allah, şəxsiyyətini isə özü yazır, əməllərini mələklər qeyd edir.

Yüksək etiqadlı insan olan Firəngiz xanım gördüyü hər bir işi imanla yerinə yetirir, haqsızlığa yol vermir.

Bəlkə elə ona görədir ki, ağlına, təmiz ürəyinə, səxavətinə, əliaçıqlığına görə ona qibtə edənlərin də sayı bu qədər çoxdur. İmkanı olsa belə geyimi ilə heç kəsdən seçilmədiyinə, şagirdlərinin sevimlisi olduğuna görə də çoxları ona həsəd aparır. Çünki bu xoşbəxtlik də az-az müəllimə qismət olur.

Haradasa oxumuşam ki, məqsədlərinə doğru gedən adamların həyatı öz ömürlərindən uzun və şərafətli görünür.

Nəhayət, bir arzum da var, ancaq onu deməzdən əvvəl, Məmməd Arazın  həcmcə kiçik, mənaca çox böyük bir şeirini yada salıram:

Yastı-yastı yapalaqlar yarıdı,

Girdə-girdə topalaqlar yarıdı.

Yarımadın heç nədən.

Yarımadın... nə yaxşı,

Çömçə tutan əlləri,

Yalamadın, nə yaxşı.

Yarımadın, nə yaxşı!

Allah səni bundan sonra da düz yoldan çəkindirməsin. Necə varsan, elə də ol, olduğun, göründüyün kimi...

 

Məmməd Yaqubov,

professor.

 Respublika.-2014.-18 aprel.-S.7.