Suraxanı rayonu:
yekunlar uğurludur
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında
Şuranın 2014-cü ilin
birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş geniş iclası keçirilmişdir.
Şura iclasında rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun məruzəsi dinlənildi.
O, qeyd etdi ki, 2014-cü ilin 1-ci rübü ərzində rayonda sənaye məhsulunun istehsalı 74,4 milyon, tikinti-quraşdırma işləri 40,8 milyon, nəqliyyat xidmətləri 4,6 milyon, əsas kapitala yönəldilən investisiyalar 12,1 milyon manat, orta aylıq əmək haqqı 589 manat olmuş, pərakəndə ticarət dövriyyəsi 2,4 faiz artaraq 59,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,5 faiz artaraq 64,2 milyon manat olmuş, 926 yeni iş yeri açılmış, 4,1 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
Bu dövr ərzində Hövsan qəsəbəsində tutumu 2000 nömrə olan ATS tikilmiş, Yeni Günəşli V yaşayış sahəsində idman meydançasının salınması, Gənclər evinin, 84 saylı məktəbin yerində yeni 960 şagird yerlik məktəb binasının, 104 saylı məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin tikintisi, 5, 262 saylı və Qasım Qasımov adına uşaq bağçalarında, 282 saylı məktəbdə əsaslı təmir işləri davam etdirilmiş, 87, 114, 140 saylı məktəblərdə əsaslı təmir işlərinə, 118 saylı məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, yeməkxana, idman və akt zalının, 146 saylı məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, idman və akt zalının tikintisinə, Yeni Suraxanı qəsəbəsində mini futbol meydançasının əsaslı təmirinə başlanılmış və işlər davam etdirilir.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda sahəsi 1,2 ha olan müxtəlif ölçülü gölməçələr qurudulmuş, lay suları və neftlə çirklənmiş 1,94 ha torpaq sahəsi rekultivasiya edilmiş, 11 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, bu günə kimi Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 46,0 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 12,5 mindən artıq istifadəçi faydalanmışdır.
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” adlı mövzuları üzrə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatının lektoriya zalında rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslər tədris olunur. Artıq 1450 şagirdin iştirak etdiyi 7 açıq dərs keçirilmişdir.
Əhalinin tibbi müayinəsi uğurla davam edir. Aprelin 1-nədək tarixə 90 minə yaxın vətəndaş və 93-dən çox kollektiv pulsuz tibbi müayinədən keçmiş, 2500 nəfərdə müəyyən xəstəlik aşkar olunmuş və 200 nəfər sakin stasionar müalicəyə götürülmüşdür.
Ötən dövr ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli köməklik göstərilmişdir.
2014-cü ilin 1-ci rübü ərzində RİH-ə 1139 vətəndaşın müraciəti daxil olmuş, müraciətlərin böyük hissəsi fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması, layihələrinin təsdiqi, tikintisinə icazə, ilkin hüquqi qeydiyyata alınması, maddi köməklik göstərilməsi, su və kanalizasiya xətlərinin çəkilməsi, küçə və yolların asfaltlanması və işıqlandırılması, məişət zəminində mübahisələr, kommunal xidmətlərə görə ödənişlərdən azad olunması və s. məsələlərlə bağlı olmuşdur.
Sakinlərlə yerlərdə səyyar görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, 2014-cü ilin 1-ci rübündə 533 nəfər sakinin iştirakı ilə 8 səyyar görüş-qəbul keçirilmiş RİH-də 515 nəfər vətəndaş, o cümlədən RİH başçısı tərəfindən 146 nəfər vətəndaş qəbul edilmişdir.
2014-cü ilin Azərbaycanda Sənaye ili elan olunması ölkəmizin, o cümlədən Suraxanı rayonunun sənaye potensialının davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq, bununla da əhalinin həyat səviyyəsi daha da yaxşılaşacaqdır.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcəkdir.
Rauf İLYASOĞLU,
Respublika.-2014.- 20 aprel.- S.4.