Kitabxanada tədbir

 

Bu günlərdə Mədəniyyət Turizm Nazirliyinin Respublika Gənclər Kitabxanasında AYB-nin üzvü, Azərbaycanın xalq yazıçısı, nasir, dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilmişdir.

Yazıçı və şairlərin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin, kitabxana işçilərinin, jurnalistlərin və ayrı-ayrı ictimai birliklərin rəhbərlərinin iştirakı ilə keçirilmiş tədbiri kitabxananın direkoru Tahir Sadıqov açmış, görkəmli yazıçının geniş və çoxşaxəli yaradıcılığından danışmışdır.

O, çıxışında qeyd etmişdir ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 28 may 1914-cü ildə Füzuli (keçmiş Qaryagin) rayonunda anadan olmuşdur. Orta məktəbi bitirərək ana dili müəllimi kimi çalışmağa başlamış və sonra Bakıya gələrək Ali Pedaqoji İnstitutun coğrafiya fakültəsinə daxil olmuşdur. Lakin atasının vəfatı və eyni zamandakulak oğlu” olması səbəbindən ona qarşı başlanan təzyiqlər gənc İlyasa əyani təhsilini bir ildən artıq davam etdirməyə imkan verməmişdir. O, doğma kəndinə qayıdaraq məktəbdə coğrafiya müəllimi işləmiş və Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsini 1938-ci ildə bitirmişdir.

1940-cı ildən başlayaraq “Ədəbiyyat” qəzeti redaksiyasında ədəbi tənqid şöbəsinin müdiri, Bakı Kinostudiyasında ssenari şöbəsinin müdiri, Yazıçılar İttifaqının katibis. vəzifələrdə işləməklə bərabər, bir-birindən maraqlı hekayə, povestromanlar qələmə almışdır.

İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu hekayələrlə başlamışdır. 1939-cu ildə onun “Kənddən məktublar” adlı beş hekayədən ibarət ilk kitabı işıq üzü görmüşdür. Bu kiçik həcmli kitabı o dövrdə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.

İlk uğurundan ruhlanan İlyas Əfəndiyevin qələmə aldığı “Söyüdlü arx”, “Körpüsalanlar”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri müasir Azərbaycan nəsrinin maraqlı nümunələri kimi oxucular tərəfindən öz yüksək qiymətini almışdır.

İlyas Əfəndiyevin qələmindən çıxan “Bahar suları”, “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Mənim günahım”, “Büllur sarayda”, “Tənha iydə ağacı”, “Mahnı dağlarda qaldı”, “Şeyx Xiyabani”, “Xurşud Banu Natəvan”, “Sevgililərin cəhənnəmdə vüsalı” və sair pyeslər uğurla səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Bu əsərlər Azərbaycan teatrı tarixində əsl hadisəyə çevrilmiş, oxucu və tamaşaçı yaddaşında həmişəyaşarlıq qazanmışdır.

Ədibin ayrı-ayrı əsərləri türk, fars, rus, alman, ingilis, fransız, bolqar, çex və digər dillərə çevrilmişdir.

AYB-nin üzvü, həkim-şair Zakir Ağdamlı çıxışında vurğulamışdır ki, 70-80-cı illərdə teatra maraq çox güclü idi. İlyas Əfəndiyevin pyeslərinə dəfələrlə baxmışdıq. Maraqlısı o idi ki, İlyas müəllim bütün tamaşalarda şəxsən iştirak edər, aktyorlara dəyərli məsləhətlər verərdi. Onun pyeslərini Azərbaycanın tanınmış aktyorları — Həsən Turabov, Əli Zeynalov, Amalya Pənahova, Vəfa Fətullayeva, Fuad Poladov və başqaları xüsusi məharətlə oynayardı.

Dünya Azərbaycanlıları Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Tofiq Əlizadə, şair Qəşəm İlqar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Fidan Böyükbabalı, jurnalist R.Allahverdiyev və başqaları bədii yaradıcılıqda sənətkarlıq məsələlərinə, yazıçı fərdiyyətinə, dil, üslub problemlərinə, dram əsərlərinin səhnə təcəssümünə dair qiymətli məqalələrin, onlarca publisistik yazıların, hekayələrin müəllifi olmuş İlyas Əfəndiyevin bir-birindən maraqlı əsərlərindən danışmışlar. Qeyd edilmişdir ki, əgər Hüseyn Cavid, Cəfər Cabbarlı və İlyas Əfəndiyev olmasaydı, Azərbaycan səhnəsi, Azərbaycan teatrı çox kasıb görünərdi.

Tədbirdə görkəmli sənətkarın yaradıcılığını əks etdirən film nümayiş etdirilmiştamaşalardan parçalar göstərilmişdir.

 

Rauf İLYASOĞLU,

Respublika.-2014.- 20 aprel.- S.5.