BİLƏSUVAR: ƏLDƏ OLUNAN UĞURLAR SEVİNDİRİCİDİR

 

Biləsuvar rayonunun sakinləri ölkədə baş verən müsbət dəyişikliklərə müntəzəm olaraq öz töhfələrini verir, ümumi inkişafdan geri qalmırlar. Müstəqil respublikamızın sosial-iqtisadi sahəsdə əldə etdiyi nailiyyətlərdə bu rayonun camaatının da payı vardır. Rayon icra hakimiyyətinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında bu barədə geniş fikir mübadiləsi aparıldı, görülmüş işlərə qiymət verildi, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Rayonun idarə və müəssisələrinin, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə sərbəst fikir, demokratiya və yüksək fəallıq şəraitində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev məruzə ilə çıxış etdi. Məruzə ətrafında canlı və ətraflı müzakirə oldu.

Yığıncaqda qeyd olundu ki, Nazirlər Kabinetinin iclasının materialları ilə rayon sakinlərinin əksəriyyəti ətraflı tanış olmuş, Prezidentin nitqindən irəli gələn yeni vəzifələr müəyyənləşdirilmişdir. Hazırda rayon sakinlərinin əmək və yaradıcılıq əhval-ruhiyyəsi çox yüksəkdir və belə hesab etmək olar ki, uğurlu fəaliyyətin əsas amillərindən biri məhz budur. Prezident cənab İlham Əliyevin yeni-yeni təşəbbüsləri adamların əmək və siyasi fəallığını şərtləndirən amil olmuşdur.

İlin birinci yarısında Biləsuvar sakinləri qurub-yaratmaq amalı ilə yaşayıb işləmişlər. Azərbaycan kəndinin inkişafı, insanların və yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində göstərilən dəstək, respublika Prezidenti cənab İlham Əliyevin Biləsuvara xüsusi qayğısı insanların qurub-yaratmaq əhval-ruhiyyəsini xeyli yüksəltmişdir. Rayonun əməkçiləri dövlətin bütün sahələrə göstərdiyi qayğıdan ruhlanaraq cari ildə yüksək əmək nailiyyətləri qazanmışlar.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında irəli sürülmüş müddəaların yerinə yetirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, tikinti-abadlıq işlərinin görülməsi və əhalinin sosial problemlərinin həlli sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Ötən yarim ildə ümumi məhsul buraxılışının həcmi 116,2 milyon manat olmuş, əsas kapitala yönəldilən investisiyalar 40,3 milyon manat, adambaşına düşən ümumi məhsulun həcmi 1206 manat təşkil etmişdir. Ardıcıl olaraq göstərilən dövlət qayğısı aqrar sahənin inkişafına təkan vermiş, bu sahədə çalışanlara əlverişli mühit yaratmışdır. Rayonda taxılçılıq, pambıqçılıq və heyvandarlıq aparıcı sahələr hesab edilir. İlin birinci yarısı ərzində kənd təsərrüfatı üzrə məhsul istehsalının həcmi xeyli artaraq 45,1 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ildəkindən 16,7 faiz çoxdur. Respublika Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına əsasən əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və mühərrik yağlarını əldə etməkdən ötrü mülkiyyətçilərə kifayət qədər yardım verilmişdir. Taxılçılıq təsərrüfatlarına güzəştli şərtlərlə yüksək reproduksiyalı toxum satılmışdır. Hazırda sahələrdə məhsul yığımı davam etdirilir. Zəmilərdən 63,5 min ton taxıl əldə edilmişdir. Bununla bərabər, pambıq, günəbaxan, yonca bitkiləri də əkilir, əkinlərdə suvarma, alaq otlarına qarşı mübarizə, gübrələmə tədbirləri həyata keçirilir. Suvarma işini mütəşəkkilliklə keçirmək üçün təsərrüfatdaxili və təsərrüfatlararası kanallar çəkilmiş, su nasosları əsaslı təmir edilmişdir.

Təsərrüfatlarda bəslənilən iri və xırdabuynuzlu heyvanların sayı artmış, heyvandarlıq məhsulları istehsalının həcmi artmışdır. Bazarlara çıxarılan kənd təsərrüfatı məhsullarının miqdarı çoxalmışdır, yarım il ərzində təkcə yarmarkalarda 456 tondan çox məhsul satılmışdır ki, nəticədə fermerlərin və fiziki şəxslərin gəlirləri artmışdır.

Regionların sosial-iqtisadi inkişafı tədbirləri ilə əlaqədar son vaxtlar rayondaAqrolizinqASC-nin aqroservis xidməti normal fəaliyyət göstərir, xeyli yeni texnika gətirilərək qüvvətli baza yaradılmışdır, fermerlər və fiziki şəxslər bu xidmətdən yetərincə istifadə edə bilirlər. İlin birinci yarısında torpaq mülkiyyətçilərinə istənilən qədər mineral gübrə verilmiş, müəssisənin bilavasitə köməyi ilə alaq otlarına qarşı mübarizə işi təşkil edilmişdir.

Rayonda tikinti-abadlıq işləri genişlənməkdədir. Son vaxtlar ərzində rayonda tikinti-abadlıq və quruculuq işlərinə çoxlu vəsait sərf olunmuşdur. Heydər Əliyev parkında yenidənqurma işləri görülmüş, şəhərdə Heydər Əliyev Mərkəzi, Heydər Əliyevin abidə kompleksi, rayon icra hakimiyyətinin yeni binası, YAP rayon şöbəsinin binası, Toxumçuluq idarəsinin və DSMF rayon şöbəsinin binaları, fəvvarələr meydanı tikilmişdir. Şəhərin Mübariz İbrahimov və başqa küçələrində abadlıq işləri həyata keçirilmişdir. Kommunal evlərin su təchizatına xüsusi diqqət yetirilmiş, su anbarları və kanalizasiya xətləri təmizlənmiş, nasosxanaların fasiləsiz işi nizama salınmış, elektrik mühərrikləri təmir edilmişdir. Şəhərdə 100 yerlik uşaq bağçasının, Səmədabad kəndində Heydər Əliyev parkının tikintisi, rayon mərkəzi xəstəxanası binasının əsaslı təmiri davam etdirilmişdir. Rayon mərkəzində minlərlə bəzək ağacı və gül kolları əkilmişdir. Bir çox digər yaşayış məntəqələrində abadlıq və yenidənqurma işlərinin səviyyəsi daha yüksək və gözəgəlimli olmuşdur.

Görülən tədbirlər sayəsində son vaxtlar yol tikintisinə xüsusi önəm verilmişdir. Bəhramtəpə-Biləsuvar magistral avtomobil yolunun xeyli hissəsinə asfalt döşənmiş, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində təmir işləri aparılmışdır. Respublika Prezidentinin sərəncamı əsasında 16 kilometrlik Günəşli-Ağayri-İsmətli-Çinarlı-Əliabad avtomobil yollarında tikinti işləri başa çatdırılmışdır. Hazırda 6 kilometr uzunluqda Əsgərabad-Muğan-Çaylı avtomobil yolunda işaat işləri davam etdirilir. Ərazilərdə yaşıllıq zolaqlarının salınması, yol kənarlarında səkilərin inşa edilməsi, müasir işıqlandırma sisteminin quraşdırılması sakinlərin ürəyindən olmuşdur.

Yaşayış məntəqələrinin sosial-iqtisadi yüksəlişində, insanların yaşayış səviyyəsinin yüksəldilməsində sahibkarların oynadıqları rolu dəyərincə qeyd etməmək mümkün deyil. Rayon iqtisadiyyatında məşğul olanların sayı 60 min nəfəri ötüb keçmişdir ki, bunların 50 min nəfərindən çoxu özəl bölmədə çalışır. 58 sahibkarlıq subyektinə 600 min manat kredit verilmişdir. Bu fakt sahibkarlığın inkişaf etdirilməsinin yüksək templərini və bu inkişafdan ötrü münbit şəraitin mövcudluğunu sübut edir. Bütün bunlar 660 yeni yerinin açılmasına səbəb olmuşdur.

Azərbaycan dövlətinin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltdiyi tədbirlər Biləsuvarda da uğurla həyata keçirilir. Məşğulluğun təmin olunması, sosial müdafiənin gücləndirilməsi, pensiya və müavinətlərin vaxtında ödənilməsi, aztəminatlı ailələrə sosial yardımların verilməsi əvvəlki vaxtlara nisbətən daha yaxşı təşkil edilmişdir. Cari ilin birinci yarısında 1517 ailənin 7712 nəfər üzvünə ünvanlı sosial yardım ödənilmişdir.

Rayon icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər nəticəsində xidmət sahələrində işlərin həcmi və keyfiyyəti xeyli yüksəldilmişdir. Nəqliyyatda yük və sərnişin daşınması nəzərəçarpacaq dərəcədə artmışdır. Əhalinin təbii qazla təmin olunması sahəsində də xeyli görülmüşdür. 4 kənd mavi yanacaq almış, qazdan istifadə edən kəndlərin sayı 18-ə çatdırılmışdır. Biləsuvar şəhərində mavi yanacaqla təminat sahəsində problem qalmamışdır.

Rayonun sosial həyatının inkişafı ən çox təhsil, səhiyyə və mədəniyyət ocaqlarının işində özünü göstərir. Hazırda Biləsuvarda 36 ümumtəhsil, 3 məktəbdənkənar təlim-tərbiyə müəssisəsində 1680 pedaqoji işçi çalışır. Son illər ərzində məktəblərin maddi-texniki bazası əvvəlki illərə nisbətən xeyli möhkəmləndirilmiş, 11 məktəb binası tikilmiş, 5 məktəbdə təmir işləri aparılmışdır. Ağalıkənd və Əmənkənd orta məktəblərinin yeni binaları istifadəyə verilmiş, Xırmandalı kənd 2 saylı və Aşağı Cürəli kənd orta məktəbi üçün binaların inşası uğurla davam etdirilir.

Əhaliyə mərkəzi xəstəxana, uşaq xəstəxanası, kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri yüksək səhiyyə xidməti göstərir. Son vaxtlar xüsusilə ailə planlaşdırılmasına, anauşaq mühafizəsinə diqqət artırılmış, yoluxucu xəstəliklərə qarşı intensiv profilaktika tədbirləri həyata keçirilmiş, sanitar-gigiyenik durumun sabit saxlanılması sahəsində zəruri tədbirlər görülmüşdür. Səhiyyə ocaqlarında xeyli təmir işləri aparılmışdır.

Rayonda mədəniyyət müəssisələrinin işi xeyli canlandırılmış, gənclərin asudə vaxtının mənalı və maraqlı keçməsi üçün lazımi şərait yaradılmışdır. Tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, maddi-mənəvi irsin mühafizəsindən ötrü bütün imkanlar səfərbər edilmişdir. Son vaxtlar gənclərin bədən tərbiyəsi və idmanla əhatə olunmasında, onların vətənpərvərlik ruhunda tərbiyəsində yaxşı göstəricilər əldə olunmuşdur.

İclas iştirakçıları yekdilliklə vurğuladılar ki, ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji kursun, islahatların yeni mərhələsinin həyata keçirilməsi beləcə uğurla davam etdirilir. Hamı yaxşı başa düşür ki, rayonun sosial-iqtisadi inkişafını təmin etmək, əhalinin güzəranını yaxşılaşdırmaq üçün daha gərgin işləmək gərəkdir və üzümüzə gələn illərdə rayon əməkçilərini daha çətin, lakin şərəfli işlər gözləyir.

 

Sabir MUSTAFAYEV

Respublika.-2014.- 1 avqust.- S.3.