Qobustan: qarşıda duran məsələlər öz həllini tapır

 

Bu günlərdə Qobustan rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov geniş məruzə ilə çıxış etmişdir.

Natiq qeyd etmişdir ki, 2014-cü ilin birinci yarısı bütövlükdə respublikamızda olduğu kimi rayonumuzda da bir sıra nailiyyətlərlə yadda qalmışdır.

Birinci rübdə investisiya qoyuluşu 84,3 faiz artmışdır. Kənd təsərrüfatında 0,8 faiz, nəqliyyatda 2,3 faiz, rabitədə 58,8 faiz, ticarətdə 7,8 faiz artım əldə edilmişdir. Müqayisəli dövrdə pərakəndə əmtəə dövriyyəsi 8,8 faiz artmışdır.

Rayon sahibkarlarına Sahibkarlığa Kömək Milli Fondundan 50 layihə üzrə 3 milyon 990 min manat kredit verilmişdir ki, bunun nəticəsində 56 iş yerinin yaradılması nəzərdə tutulur. Bu sahədə işlərin daha da gücləndirilməsi məqsədilə 3 iyul 2014-cü il tarixdə rayonun Xilmilli kəndində Sahibkarlığa Kömək Milli Fondunun təşəbbüsü ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir. Forumda mövcud vəziyyət müzakirə edilmiş, sahibkarlara səmərəli investisiya layihələri təqdim edilmişdir.

Rayonumuzda əhalini narahat edən ən mühüm məsələlərdən biri içməli su ilə təminat məsələsidir. Hamınıza yaxşı məlumdur ki, biz son illərdə bu sahədə çox qətiyyətlə çalışmışıq. 2012-ci ildə Təsi-Qobustan su xəttinin istifadəyə verilməsi bu gün rayonumuzu çox böyük bir çətinlikdən xilas etdi. Belə ki, 8000 nəfərdən artıq əhalinin içməli su ilə təminatı 2012-ci ilədək yalnız Xaltava-Qobustan su xətti ilə təmin olunub. Eyni zamanda Çalov su mənbəyindən şəhərə suyun daşınması təmin edilib. Hazırda Çalov su mənbəyi yalnız kəndin öz tələbatını ödəyə bilir. Xaltava suyu isə ciddi quraqlıq nəticəsində 3 dəfəyədək azalıb. Hazırda şəhəri su ilə təmin edən əsas mənbə Təsi su xəttidir.

Eyni zamanda Göydərə, Ərəbqədim, Cəmcəmli kəndlərinə suyun verilməsi həmin kəndlərdə əhalini bu gün çətinliklərdən qoruyur, onların təsərrüfatlarını saxlamağa imkan yaradır.

Bir neçə gün öncə biz şəhərin Nərimankənd adlanan hissəsində də 1 km məsafədən su xətti çəkərək su qülləsi quraşdırdıq. Bu həmin ərazidə yaşayan əhalinin su təminatının yaxşılaşdırılmasında ciddi dönüş yaratmışdır. Sual doğura bilər ki, nə üçün bu qüllə əvvəllər quraşdırılmayıb. Bildiyiniz kimi hələ ikinci Dövlət Proqramında Qobustan şəhərində su və kanalizasiya sisteminin qurulması nəzərdə tutulmuşdur. Bizim aidiyyəti təşkilatlara müraciətlərimizə cavab olaraq bildirilirdi ki, yaxın günlərdə işlərə başlanılacaqdır.

Əsassız xərclərə yol verilməməsi, su və kanalizasiya sisteminin qurulması işinin ləngidilməməsi məqsədilə biz belə əlavə, müvəqqəti xarakterli xətlərin çəkilməsini məqsədəmüvafiq saymadıq. Çünki yeni yaranmış bu şəhərin su şəbəkəsi və kanalizasiya sistemi tam şəkildə qurulmalıdır.

Lakin ilin, bəlkə də, tarixdə görünməmiş bir şəkildə quraqlıq keçməsi, əhalinin içməli su ilə təmin olunmasında yaranan ciddi çətinlik bizi bu xətti çəkməyə vadar etdi. Hazırda bu hissə ilə yanaşı Dərəkənd kəndinə də 750 metr uzunluqda su xətti çəkilir ki, yaxın vaxtlarda bu kəndə də suyun verilməsinin şahidi olacağıq.

Qobustan rayonunun içməli su ilə təminatı məsələsini Şurada da müzakirə etmişik. Su-kanal idarəsinin rəhbərliyinə bir daha tapşırılmışdır ki, əhalinin içməli su ilə təminatını daim ciddi nəzarətdə saxlasın və zəruri tədbirlər görsünlər. Biz rayonumuzun bütün kəndlərinin içməli su ilə təminatı məsələsini araşdırmışıq və aidiyyəti orqanlara müraciətlər göndərilmişdir. Çalışacağıq ki, yaxın illərdə içməli su ilə təminat məsələsini köklü şəkildə həll edək.

Rayonumuzda əhalinin təbii qazla təmin edilməsinin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Hazırda 19 yaşayış məntəqəsi təbii qazla təmin olunur. Yaşayış məntəqələrinin 63,3 faizi, əhalinin isə 86,1 faizi təbii qazdan istifadə edir. Poladlı, Yekəxana, Təsi və Sədəfli kəndləri üçün daşıyıcı xətlər çəkilmişdir. Eyni zamanda, Şıxzahırlı və İlanlı kəndlərinə təbii qazın çəkilişinə başlanılmışdır. Bu kəndlərdə qazlaşdırma başa çatdıqdan sonra kəndlər üzrə 83 faiz, əhali üzrə isə 98,6 faiz təbii qazla təminat olacaqdır.

Hazırda təbii qazdan çox səmərəli istifadə olunur, itkilər, demək olar ki, aradan qaldırılmışdır.

Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün rayonun elektrik təsərrüfatında xeyli iş görülmüşdür.

Cari ilin birinci yarımilində 225 ailənin 1056 üzvünə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Hazırda 495 ailənin 2325 üzvü ünvanlı dövlət sosial yardımı alır ki, bu da rayon üzrə ailələrin 5,72 faizini təşkil edir. Bu isə respublika üzrə orta göstəricidən 0,42 faiz yüksəkdir. Sosial müavinətlərin verilməsi ilə əlaqədar vətəndaşlardan rayon icra hakimiyyətinə son altı ayda müraciət daxil olmamışdır.

Bu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə rayonda əmək yarmarkası keçirilmiş, yarmarkaya 15 müəssisədən 126 boş iş yeri çıxarılmışdır. Müraciət etmiş 65 nəfərə işə göndəriş verilmiş, onlardan 55 nəfəri münasib işlə təmin olunmuşdur.

Ümumilikdə birinci yarımildə rayon Məşğulluq Mərkəzinə 212 nəfər müraciət etmişdir ki, onlardan 50 nəfəri qadınlardır. Müraciət edənlərdən 7 nəfəri ali, 18 nəfəri orta ixtisas, 40 nəfəri peşə təhsilli, 147 nəfəri isə orta təhsillidir. Bu vətəndaşlardan 140 nəfəri işlə təmin olunmuşdur ki, onlardan 37 nəfəri qadınlardır. Hesabat dövründə 15 nəfərə işsizlik müavinəti təyin olunmuşdur.

Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişlənməsi ilə əlaqədar rayonun Ceyrankeçməz kəndi ərazisində “Polad Yol Yapı” şirkəti tərəfindən açılmış iş yerlərində 420 nəfər işlə təmin olunmuşdur ki, bunlardan 220 nəfəri Qobustan rayon sakinidir. Ümumilikdə birinci yarımildə 1234 yeni iş yeri yaradılmışdır ki, 114-ü daimi iş yeridir.

İcra hakimiyyəti başçısı tərəfindən Novuz bayramı ərəfəsində rayonda 300-dən artıq aztəminatlı ailəyə və “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatı verilmişdir. Şəhid leytenant Səbuhi Əzizovun qəbirüstü abidəsi götürülmüşdür. Bundan əlavə, icra hakimiyyəti başçısına müraciət etmiş 10 nəfər imkansız ailəyə müvafiq maddi köməklik göstərilmişdir.

2014-cü ilin birinci yarısında Qobustan Rayon İcra Hakimiyyətinə 144 müraciət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7 müraciət azdır.

Rayonumuzda tikinti, quruculuq, abadlıq işləri də müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2 may 2013-cü il tarixli sərəncamına əsasən Qobustan Mərkəzi Rayon Xəstəxanasının 50 çarpayılıq yeni binasının, 4 dekabr 2013-cü il tarixli sərəncamına əsasən isə 15 min nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən Təklə-Sündü-Xilmilli yolunun tikintisi davam edir.

Heydər Əliyev prospektində, Bakı-Şamaxı yolunun şəhər ərazisindən keçən hissəsində abadlıq işləri davam etdirilir. Sahibkarlar tərəfindən Qobustan şəhərində 2 kafe və 2 ticarət mərkəzi istifadəyə verilmişdir. Birinci yarımildə Qobustan İcra Hakimiyyətinin həyətindəki parklarda və müxtəlif yerlərdə 2000-ə yaxın ağac və qızılgül kolları əkilmişdir.

Məlum olduğu kimi, Qobustan aqrar rayondur. Bu ilin məhsulu üçün biz çox böyük hazırlıq işləri görmüşdük. 29 min hektardan artıq sahədə taxıl əkilmişdir. Həmin əkinlərə güzəştli şərtlərlə 2000 ton gübrə verilmişdir. Çox böyük narahatlıq hissi ilə qeyd edək ki, bu il keçən kəskin quraqlıq rayonun kənd təsərrüfatına, ən başlıcası əkinçiliyinə çox böyük ziyan vurduğundan keçən ilin müvafiq dövrünə nisbətən orta məhsuldarlıq 4 dəfə aşağı düşmüşdür. 20 min hektara yaxın ərazidə biçin aparmaq mümkün olmamışdır.

Rayonumuzun ərazisində taxıl toxumçuluğu ilə məşğul olan 1 dövlət müəssisəsi, 1 Bölgə Təcrübə Stansiyası və 12 özəl toxumçuluq təsərrüfatları fəaliyyət göstərir ki, bu da rayonda taxılçılıqla məşğul olan fiziki şəxsləri, özəl təsərrüfatları kondisiyalı taxıl toxumu ilə təmin edir. Bu məqsədlə 2013-2014-cü ilin payızlıq taxıl əkinində 2657 ha sahədə əkin aparılmışdır ki, bundan da 228 ha sahədə toxumluq dənli bitkilər, 15 ha sahədə təcrübə əkinləri, 24 ha sahədə çoxillik yem bitkisi olan xaşa, 20 ha sahədə yem, 24 ha sahədə ərzaq noxudu və 5 ha sahədə vələmir əkilmiş sahələr təkcə Bölgə Təcrübə Stansiyasının payına düşür. Bütün sahələrdə aqrotexniki qulluq işləri görülmüş, alaq otlarına və ziyanvericilərə qarşı mübarizə aparılmışdır. 80 ha sahədə toxumluq növ alağı, 205 ha sahədə isə sort alağı edilmişdir. 148 ha sahədə herik şumu aparılmışdır. 247 ha əkin sahəsinə ammonium-nitrat yemləmə gübrəsi və 50 ha sahəyə superfosfat gübrəsi səpilmişdir.

Rayonda fəaliyyət göstərən M.Hüseynzadə adına təsərrüfatda 2014-cü ilin məhsulu üçün 300 ha sahədə əkin aparılmışdır.

Bundan Buğda Bezostaya-R1-206 ha, Buğda Qobustan “Elit”-69 ha, arpa Cəlilabad-19 R1-25 ha olmuşdur. Yaz aylarında Aqrolizinqdən 45 ton azot gübrəsi alınaraq sahələrə yemləmə kimi verilmişdir. Bundan başqa, “Aqrolizinq” ASC-dən 20 ton Superfosfat gübrəsi alınaraq səpilmişdir. 250 ha sahədə may şumu aparılmışdır. 2013-cü ilin payızında əkilmiş 25 ha arpa sahəsi biçilmiş, ilin hədsiz quraqlıq keçməsinə baxmayaraq, hektara məhsuldarlıq 10 sentner olmuşdur.

Rayonumuzun ərazisində üzümlüklərin salınması ilə bağlı da müəyyən işlər görülmüşdür. Belə ki, Qobustan şəhəri üzrə 7 ha, Dərəkənd kəndində 2,5 ha, Cəmcəmli kəndində 12 ha, Təklə kəndində 9,5 ha, Bədəlli kəndində 7 ha, Cəyirli kəndində 4,8 ha və Yekəxana kəndində 3 ha olmaqla rayon üzrə 45,8 ha üzüm bağları salınmışdır ki, bunun da müəyyən hissəsi artıq məhsuldardır.

Dəmyə torpaqlarında üzümlüklərin salınması ilə əlaqədar respublika Prezidentinin müvafiq tapşırığına uyğun olaraq rayon ərazisində 2000 hektara yaxın üzümlüklərin salınması planlaşdırılmışdır.

DT və XK-nin Qobustan rayon şöbəsi tərəfindən rayonun Dərəkənd, Cəmcəmli kənd və Qobustan şəhər bələdiyyələrinin inzibati ərazilərinin sərhədlərinə mərz nişanları basdırılmış, Nabur bələdiyyəsinin inzibati ərazisində eroziyaya uğramış torpaq sahələrinin elektron xəritəsinin hazırlanması ilə əlaqədar çöl-tədqiqat işləri başa çatdırılmış, rayon hərrac və müsabiqə komissiyası tərəfindən bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsi ilə bağlı 1 hərrac və 10 müsabiqə keçirilməklə qaliblərə şəhadətnamələr təqdim olunmuşdur.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların baş sayı 30146 başdan 30293 başa, inək və camışların baş sayı 11287 başdan 11327 başa, qoyun və keçilərin baş sayı 189255 başdan 189674 başa çatdırılmışdır ki, bu da ardıcıl olaraq 100.5 faiz, 100.4 faiz və 100.2 faiz təşkil etmişdir.

Rayonda Dövlət Proqramına uyğun olaraq mal-qaranın baş sayının və məhsuldarlığının artırılmasında damazlıq işinin aparılmasının mühüm əhəmiyyət daşımasına diqqət artırılmışdır.

Bu məqsədlə rayonda mal-qaranın süni mayalandırılması üçün 5 süni mayalanma texniki fəaliyyət göstərir. Onlar 2014-cü ilin I yarımilində 228 baş inək və düyələrin süni mayalanması işini aparmış, süni yolla mayalandırılmış inək və düyələrdən 189 baş bala alınmışdır.

Möhtərəm Prezidentimiz 2014-cü ilin “Sənaye ili” kimi müəyyənləşdirilməsi üçün Sərəncam vermiş, müvafiq tədbirlər planı təsdiq edilmişdir.

Bir neçə gün öncə möhtərəm Prezidentimiz Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edərkən cənab Prezidentə Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov tərəfindən “Qobustan-2020” pilot layihəsi təqdim edildi. Bildirildi ki, layihə “Ağıllı şəbəkə” adlanan sistem vasitəsi ilə reallaşacaq. “Ağıllı şəbəkə” enerji itkisini azaltmaqla yanaşı, həm də istehlakçıya daha keyfiyyətli elektrik enerjisini ötürməyə imkan verəcək. Bu sistem Qobustanda hansısa bir ərazidə qəza baş verərsə, bütün rayonun deyil, məhz həmin ərazinin elektrik enerjisi ilə təchizatını dayandıracaq. Layihənin həyata keçməsi ilə Qobustan rayonu üzrə 212 km elektrik ötürücü xətlərinin qənaətinə imkan yaradılacaq və 94 komplekt transformator məntəqəsi ixtisara düşəcək. Layihə həm də müxtəlif ölçülü 11 su anbarının yaradılmasını nəzərdə tutur. Qobustanda günəş elektrik stansiyaları hesabına boru su kəmərləri vasitəsi ilə suvarılan torpaqların sahəsinin 5 min hektardan 50 min hektara çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində burada bir sıra iqtisadi, kənd təsərrüfatı və sənaye obyektlərinin inşası planlaşdırılır.

Məlum olduğu kimi, xeyli vaxtdır ki, 3-cü Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramında rayonumuzda ümumi tədbirlər üzrə 4, ayrıca 21, rayon üzrə 17 müxtəlif sahələrdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində rayonumuzun bütün yaşayış məntəqələrində mövcud olan əsas sosial problemlər öz həllini tapacaqdır. Məhz buna görə də biz daha fəal olmalıyıq.

Sonra məruzə ətrafında müzakirələr olmuş və müvafiq qərar qəbul edilmişdir.

 

İlham PƏNAHOV

Respublika.-2014.- 1 avqust.- S.3.