GƏNCƏ DÜNYA
SƏVİYYƏLİ ŞƏHƏRƏ
ÇEVRİLİR
Sürətli və innovativ inkişaf dövrünü yaşayan Şeyx Nizami yurdu ulu Gəncədə aparılan bənzərsiz abadlıq-quruculuq işləri, sözün əsl mənasında heyrətli bir yeniləşmə ilə dünya səviyyəli şəhərə çevrilməsindən xəbər verir. Eyni zamanda zəngin və ulu keçmişə malik olan, möhtəşəm, yaşı yüzminilliklərə gedən maddi-mənəvi-tarixi abidələri saxlamaqla, analoqu olmayan komplekslərin inşası ulu Gəncəni tariximizin şanlı, qızıl hərflərlə yazılan salnaməsinə çevirməkdədir.
Gəncə Şəhər İcra Hakimiyyətinin möhtəşəm zalında, Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin rəhbərləri, ziyalılar və geniş ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş geniş yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin yüksək inkişaf tempindən ətraflı söhbət açdı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqindən irəli gələn vəzifələrdən danışaraq, qazanılan uğurlardan əhatəli söhbət açdı.
Azərbaycan Respublikası iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişafına əsaslanır və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müasir dövrün tələblərinə uyğun yeni müstəvidə uğurla həyata keçirilməklə, respublikada siyasi və ictimai sabitlik möhkəmlənmiş, iqtisadiyyatın dinamik inkişafı, xalqın firavan yaşaması təmin edilir. Azərbaycanın beynəlxalq statusu daim yüksəlir, ölkəmiz inkişaf yolunda yeni-yeni uğurlar əldə edir.
Möhtərəm Prezident cənab İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü və ardıcıl siyasəti nəticəsində, həmçinin Gəncəyə olan qayğısı və köməyi sayəsində son illər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində müşahidə olunan inkişaf dinamikası cari ilin birinci yarısında da qorunub saxlanılmış və bir sıra yüksək göstəricilər əldə olunmuşdur.
2014-cü ilin birinci yarısında şəhərdə istehsal edilmiş ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, müqayisəli qiymətlərdə 285,3 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ümumi daxili məhsulun 32,4 faizi sənayenin, 0,1 faizi kənd təsərrüfatının, 15,1 faizi tikinti-quraşdırma işlərinin, 12,1 faizi nəqliyyat, 0,8 faizi informasiya və rabitə sahələrinin, 39,5 faizi ticarət və xidmət sahələrinin payına düşmüşdür.
2014-cü ilin birinci yarısında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 313,2 manat, 2013-cü ilin müvafiq dövründə isə 295,8 manat təşkil etməklə 5,9 faiz artmışdır.
Aparılan təhlilin nəticəsinə görə şəhərin iqtisadi sahələrində 2014-cü ilin birinci yarısında çalışan işçilərin orta aylıq əmək haqqı emal sənayesində 328,1 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində 401,9 manat, tikintidə 336,1 manat, ticarətdə 372,8 manat, maliyyə və sığorta bölməsində 945,5 manat, dövlət idarə etməsi və müdafiə, icbari sosial təminat bölməsində 391,2 manat təşkil etməklə, həmin dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqından yüksək olmuşdur.
2014-cü ilin birinci yarısında iqtisadiyyatın və sosial sahələrin dinamik inkişafı davam etmiş və şəhər sənaye müəssisələri tərəfindən 2013-cü ilin 1-ci yarısı ilə müqayisədə istehsalın həcmi 5,1 faiz artmış, 92 milyon 500 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənayedə ümumi məhsulun 88,9 faizi emal, 8,5 faizi elektrik enerjisi, qaz-buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, 2,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində istehsal olunmuşdur.
2014-cü ili “Sənaye ili” elan etmiş möhtərəm Prezidentin yaxından dəstəyilə Gəncə şəhərində dəmir istehsalından başlamış polad istehsalına qədər və “DEAT.AL Alüminium” MMC-nin Gəncə Alüminium zavodunun bazasında alunit filizinin hasilatından alüminium istehsalına qədər bütün mərhələləri əhatə edən parkların yaradılması nəzərdə tutulur və bu istiqamətdə işlər ardıcıllıqla aparılır.
“Gəncə-Qənnadı” ASC-nin Süd emalı zavodunda texnoloji proses və quraşdırılmış avadanlıqlar test sınağından müvəffəqiyyətlə keçmiş, müəssisə istifadəyə tam hazır vəziyyətə gətirilmişdir.
“Gəncə Tekstil” ASC-də yeni açılan əl ilə toxunma xalça sexində 18 xana quraşdırılaraq istifadəyə verilmiş və burada 25 nəfər çalışır.
İstehsal gücü 400 kq/saat kompozit və istehsal gücü 300 kq/saat olan çirkab su boru xətləri üçün plastik su boruları və fitinqlər istehsal edən “SEMPA” QSC-nin istehsal sahəsində son tamamlanma işləri aparılır, yeni inzibati binasının tikintisi davam etdirilir.
“DET.AL Alüminium” MMC-nin Gəncə Alüminium zavodunun istehsal gücü ildə 50 ton olan II fazasının və “Elba Kəsim və Emal Fabrikası” MMC-nin tikintisi davam etdirilir və bu ilin sonuna inşasının başa çatdırılması nəzərdə tutulur.
“Gəncə Avtomobil zavodu” İB-də “Minsk təkərli dartıcılar zavodu” ASC arasında bağlanmış müqaviləyə əsasən bu ilin may ayından zavodda ağır tonnajlı yüklərin daşınması üçün qoşqu və yarımqoşquların istehsalına başlanılmışdır.
Şəhərin 1-ci mikrorayon yaşayış massivində gündəlik istehsal gücü 50 ton olan müasir çörək istehsalı zavodunun inşası, “Gəncə Şərab-2” ASC-də şərab emalı istehsalat sahəsində yenidənqurma işləri davam etdirilir.
Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksi də şəhər iqtisadiyyatının digər sahələri kimi davamlı inkişaf etməkdədir.
Orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən biri sayılan, tikintisi XIV əsrin əvvəllərinə təsadüf edən Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafının abadlaşdırılması işləri davam etdirilir.
Atatürk prospektində inşa edilən 50 mənzilli yaşayış binası bu ilin sonuna kimi istifadəyə veriləcəkdir. Eyni zamanda həmin prospektdə (keçmiş Xalça Kombinatının yanı) 3,3 hektar ərazidə ümumi yaşayış sahəsi 32 min 819 kvadratmetr olan 4 ədəd 7 mərtəbəli, 2 ədəd 5 mərtəbəli yaşayış binasının və Ş.İ.Xətai prospektində 4,96 ha ərazidə çoxmərtəbəli yaşayış binaları və qeyri-yaşayış obyektlərinin inşası aparılır.
Yeni inşa edilən şəhər Təhsil İdarəsinin inzibati binasının tikintisi başa çatdırılmış, ətrafında abadlaşdırma işləri aparılır.
Nizami prospektində “Ramada Plaza” otelinin qarşısında inşası tam başa çatdırılmış “Mərkəzi bank”ın Gəncə filialının yeni inzibati binasının iyul-avqust aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
Cənab Prezident İlham Əliyevin daim diqqət və qayğısı nəticəsində ilin əvvəlindən bir sıra sosialyönümlü obyektlər, ümumi sahəsi 7 min 551 kvadratmetr fərdi yaşayış evləri, digər qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmiş, 100-ə yaxın sosial xidmət və fərdi yaşayış evlərinin inşası davam etdirilir.
Hesabat dövründə sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onları qayğılandıran məsələlərin həlli istiqamətində, xüsusən də yaşayış binalarının dam örtüklərinin əsaslı təmir olunması, lift təsərrüfatının işçi vəziyyətdə saxlanılması, həyətyanı sahələrin abadlaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.
Yeni salınan Mirzə Şəfi Vazeh parkında dahi şairin heykəli ucaldılmış, 2 fəvvarə və 10 bulaq, 3 girişli qapı inşa edilmiş, ətrafı qranit tava ilə üzlənmiş, 25 ədəd müasir işıq dirəyi quraşdırılmış, burada dahi şairin muzeyi yaradılır. Eyni ilə Əziz Əliyev parkını əhatə edən ərazi dekorativ mişar daşları ilə hörülmüş, aqlay üzlük daşı və keramik tava ilə üzlənmişdir. Hər iki parkın tikintisi davam etdirilir.
Gəncəçay çayının sağ sahil boyunca park salınması və Mətbuat evinin tikintisi işləri davam etdirilir.
Parkın girişində hündürlüyü 15 metr olan abidənin ətrafı 250 kvadratmetr qranitdən döşənmiş, abidənin postamentinə İstiqlal Bəyannaməsinin mətni, ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin cümhuriyyətlə bağlı fikirləri və Gəncədə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəbul etdiyi qərarlar haqqında məlumat həkk olunmuşdur.
Ölkə başçısının tapşırığı ilə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi cari ilin əvvəlindən 9 ədəd müxtəlif təyinatlı xüsusi maşınla təmin edilmişdir.
Şəhərdə telefon xidməti göstərmək üçün 14 ATS fəaliyyət göstərir və onlar bütünlüklə elektron sistemlidir.
2014-cü ilin birinci yarısında əsas telefon aparatlarının sayı 64 min 259 nömrə təşkil etmiş və 2013-cü ilin 6 ayı ilə müqayisədə 185 nömrə artmışdır.
Əvvəlki illərdə olduğu kimi, növbəti hesabat dövründə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində respublika Prezidentinin sərəncam və tapşırıqlarını rəhbər tutaraq şəhərin aidiyyəti qurumları tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir.
Ötən dövr ərzində şəhər əhalisinin gəlirləri 2013-cü ilin yarısı ilə müqayisədə 2,6 faiz artmış, adambaşına düşən gəlirin məbləği isə 2,4 faiz artaraq 1825 manata çatmışdır.
Ölkəmizdə sosial cəhətdən həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülür.
Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bu baxımdan Gəncə şəhərində sahibkarlığın güclənməsinə, onun inkişafına daim diqqət göstərilməklə, özəl bölmənin fəaliyyəti üçün sərbəst və azad münbit şərait yaradılmışdır.
Yerli biznes mühitinin inkişafı üçün şəhərdə yaradılmış əlverişli şərait özəl subyektlərin say tərkibinin davamlı artımını şərtləndirməkdədir. Cari ilin birinci yarısında şəhər üzrə sahibkarlıq sahəsində 1 min 835 hüquqi qeydiyyata alınmışdır ki, bunlardan da 68-i hüquqi şəxs, və 1 min 767-i isə fiziki şəxs olmuşdur. Bu da iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Gəncə şəhəri üzrə nəzərdə tutulan tədbirlərin dövlətin dəstəyi ilə ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində şəhərimiz sürətlə inkişaf edir, yeni istehsal sahələri yaradılır, əhalinin məşğulluq səviyyəsinin artırılması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə əlaqədar 2009-2013-cü illərdə və 2014-cü ilin birinci yarısında şəhərdə 19 min 470 min yeni, o cümlədən 17 min 393 daimi iş yeri açılmışdır. 2014-cü ilin birinci yarısında isə 2 min 405 daimi iş yeri olmaqla, 2 min 665 yeni iş yeri yaradılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın və əhalinin resurslara olan tələbatının daha da dolğun ödənilməsini təmin etmək məqsədilə bu sahədə göstərilən xidmətlərin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində mühüm əhəmiyyətli işlər görülür.
Hesabat məruzəsi ətrafında çıxış edənlər, son illər Gəncədə gedən sürətli və innovativ inkişafdan, qədimi, zəngin tarixi simasını saxlamaqla müasirləşdiyini, gözəlləşdiyini diqqətə çatdıraraq və bu böyük uğurlar qazanılmasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əvəzsiz dəstək və qayğısından bəhrələndiklərini bir daha diqqətə çatdıraraq, öz dərin minnətdarlıqlarını ifadə etdilər.
Zabit XƏLİLOV,
Respublika.-2014.- 2 avqust.- S.3.