Dövlət ElmTexnika Sənədləri Arxivi

 

Ömrümüzdən ötən XX əsr hazırda yaşadığımız yeni əsrin ilk qərinəsi haqlı olaraq tarixə elmi-texniki nailiyyətlər əsri kimi düşmüşdür. Ötən XX əsrdə olduğu kimi, indiki XXI əsrin özündə də əldə olunan nailiyyətlər məhz elmi-texniki yeniliklər əsasında hasil olur. Artıq göründüyü kimi, bütün bunların hamısı zamanın öz tələbidir və biz də işlərimizi həmin tələblər əsasında qurmuşuq.

 Söhbət Azərbaycanda təşəkkül tapmış elm və texnikamızın zəngin tarixinə aid nadir və qiymətli sənədlərin min bir əziyyətlə toplanmasında, qorunmasında və ümumdövlət mənafeyi naminə hərtərəfli istifadə olunmasında müstəsna rol oynayan Respublika Dövlət ElmTexnika Sənədləri Arxivinin 45 illik ömür yolundan gedir. Bu vacib dövlət müəssisəsi Azərbaycan hökumətinin 24 iyul 1969-cu il tarixli, 338 N-li qərarı ilə yaradılmışdır. Düzdür, ilk dövlət qərarında “Azərbaycan Respublikası Mərkəzi Dövlət Elmi-TexnikiTibb Sənədləri Arxivi” adı ilə 24 il fəaliyyət göstərdikdən sonra Respublika Nazirlər Kabinetinin 1994-cü il tarixli, 107 N-li qərarı ilə “Azərbaycan Respublikası Dövlət ElmTexnika Sənədləri Arxivi” adlandırılsa da, arxivin başlıca funksiyası dəyişməmişdir.

Xoşbəxtlikdən mən bu dövlət arxivinin ilk direktoru kimi əsas məsuliyyətin ağırlığını öz üzərimə götürmüşəm və indinin özündə də ona rəhbərlik edirəm. Buna görə də arxada qalmış qırx beş illik tarixlə bağlı bəzi məqamlara toxunmağım yerinə düşər.

Qırx beş il bundan öncə keçmiş sovetlər ölkəsində SSRİ və Belarusiyadan sonra 3-cü arxiv kimi yaradılmasına baxmayaraq, bizim arxiv elmtexnika tariximizə aid qiymətli sənədlərin vahid bir mərkəzdə toplanması, onların tələb olunan qaydada işlənilməsi və istifadə olunması kimi çox mürəkkəb bir problemin həll edilməsində ilk əməli addım atan dövlət müəssisəsi oldu. 1969-cu ildə bu arxivin məhz Bakıda yaradılmasına əsas verən bütün amillər Belarusiyadan daha çox Azərbaycanda var idi. Əslində neft hasilatının, neft emalının və neft-maşınqayırmanın ilk beşiyi sayılan Azərbaycan, eyni zamanda belə problemlərin elmi cəhətdən əsaslandırılması və ilk neft avadanlıqlarının, dəzgahlarının, qazma qurğularının hazırlanması sahəsində də önəmli mərkəzə çevrilmişdi. Bütün bunları nəzərə alaraq arxivdə topladığımız elmtexnika sənədlərinin, demək olar ki, 40 faizi neft problemləri ilə bağlı başlıca vəzifələrin həlli yolunda aparılmış gərgin mübarizənin real mənzərəsini canlandırır.

SSRİ kimi nəhəng bir ölkə iqtisadiyyatının aparıcı dayağı olan neft problemlərinin həlli uğurları ilə yanaşı, ötən 20-30-cu illərdən başlayaraq respublikamız tikinti, memarlıq, energetika, suvarma texnologiyası və sair mühüm quruculuq sahələrində də xeyli təcrübə toplamışdı. Nəhəng neft müəssisələri ilə yanaşı, həm də bu kimi müəssisələrdə çalışan o dövrkü ümumölkə və dünya şöhrətli alimlərin qiymətli, hətta nadir sənədlərinin vahid bir mərkəzdə cəmləşdirilməsi və mühafizəsi işlərinin aparılması məhz bizim dövlət arxivinin taleyinə qismət olmuşdu. Elə buna görə də Azərbaycandan sonra o zamankı sovetlər ölkəsinin bütün respublikalarında yaradılmış və indinin özündə də fəaliyyət göstərən belə arxiv əməkdaşlarının əksəriyyəti 70-80-ci illərdə Bakıya gəlmiş və ilk fəaliyyət təcrübələrini bizim arxivdən öyrənmək əsasında qura bilmişlər.

Dövlət arxivinin yaradıldığı və fəaliyyət göstərdiyi ilk illərdə işlərimiz o qədər də asan olmadı və biz istər-istəməz ciddi çətinliklərlə qarşılaşdıq. Başlıca çətinlik Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli layihə təşkilatlarında bundan əvvəlki uzun illər ərzində toplanmış və həmin müəssisə binalarında xeyli ağırlıq yükü yaradan, həm də vacib dövlət əhəmiyyətli olan elmi-texniki sənədlərin, ilk növbədə layihə əsaslandırmalarının işlənilməsi, onların tarixi-elmi dəyərinin arxiv ekspertizası və dövlət mühafizəsinə qəbulu sahəsində heç bir əməli təcrübənin olmaması ilə bağlı idi. Biz tələb olunan bütün işləri sıfırdan başlamalı və ağır zəhmət hesabına real nəticələr əldə etməli idik. Bu, çox çətin və eyni zamanda şərəfli bir vəzifə idi. Axı bu sənədlər elm və texnikamızın ötən zəngin inkişaf təcrübəsinin öyrənilməsində və gələcək vəzifələrin müəyyən olunmasında mühüm rol oynayırdı.

Mən, yenicə təyin olunduğum dövlət arxivinin ilk direktoru kimi 1969-cu ilin oktyabr ayında rəhbərlik tərəfindən Moskvaya ezam olundum. Lakin Moskvadakı uzunmüddətli müzakirələrdən sonra ölkə Nazirlər Sovetinin qərarı ilə hələ bundan 5 il əvvəl təşkil olunmuş SSRİ Mərkəzi Dövlət Elmi-Texniki Sənədlər Arxivindən heç nə əldə edə bilmədim. Çox təmtəraqlı ad daşımasına baxmayaraq, köhnə kilsə binasında yerləşən dövlət arxivinin bir neçə gözdən ibarət otaqlarından və azsaylı təcrübəsiz əməkdaşlarından başqa heç nəyi yox idi. Hətta inşası nəzərdə tutulan arxiv binasının layihəsi belə sifariş verilməmişdi.

Moskvaya cəmi 10 günlük ezamiyyəm zamanı daha bir çətinliklə qarşılaşdım. Uzun illər Sovet Daxili İşlər Nazirliyində məsul vəzifələr daşımış və təqaüd vaxtı SSRİ Mərkəzi Dövlət Elmi-Texniki Sənədlər Arxivinin direktoru vəzifəsinə təyin olunmuş general Pankov mənim qarşımda yolverilməz tələblər qoydu. O bildirdi ki, biz Azərbaycan ərazisində fəaliyyət göstərən Ümumittifaq miqyaslı Layihə və Elmi-Tədqiqat institutlarının sənədlərini qaydaya salıb SSRİ Mərkəzi Dövlət Elmi-Texniki Sənədlər Arxivinə, yəni Pankovun rəhbərlik etdiyi arxivə təhvil verməliyik. Hətta o bu barədə hazırladığı və SSRİ Nazirlər Soveti Yanında Baş Arxiv İdarəsi rəhbərliyinə təqdim edəcəyi arayışı da mənə oxudu.

Əslində bu, çox şovinist məzmunlu tələb idi və yenicə yaranmış Azərbaycan arxivi üçün mənfi nəticələr verə bilərdi. Çünki o illərdə Azərbaycanda fəaliyyət göstərən Layihə və Elmi-Tədqiqat institutlarının 70 faizi Ümumittifaq müəssisəsi idibütün ölkə iqtisadiyyatına xidmət edirdi. Çox yaxşı ki, general Pankov öz niyyətini reallaşdıra bilmədi. Azərbaycanın arxiv rəhbərliyi və şəxsən mən buna imkan vermədim. SSRİ Nazirlər Soveti Yanında Baş Arxiv İdarəsindəki aparıcı mütəxəssislər nəinki Pankovun təklifi ilə razılaşmadılar, hətta az sonra o, tutduğu vəzifəsindən uzaqlaşdırıldı.

Daha bir çətinliyimiz dövlət arxivinin yarandığı ilk aylarda elmi-texniki sənədlərlə işləyəcək mütəxəssis kadrların olmaması ilə bağlı idi. Məndən və müavinimdən başqa Respublika Baş Arxiv İdarəsi tərəfindən işə götürülmüş 25 nəfərin heç biri arxiv mütəxəssisi deyildi. Yaranmış vəziyyətdən yeganə çıxış yolu kimi biz arxivin texniki işçilərindən başqa bütün əməkdaşlarını təlimatlandırdıq və onları dövlət arxivinin komplektləşmə mənbəyi olan layihə təşkilatlarına göndərdik. Bizim düşünülmüş suallarımız əsasında yerlərdə işə cəlb etdiyimiz əməkdaşlar aparıcı layihə təşkilatlarındakı sənədlərin məzmun və tərkibi barədə ətraflı məlumatlar topladılar. Bu vacib bir neçə ay davam etsə də, müsbət nəticələr verdi. Biz bütün bu kimi məlumatları araşdırıb təhlil etdik və qarşıda duran vəzifələrin hansı istiqamətdə qurulması barədə yekun qərara gəldik. Arxiv əməkdaşları da həmin prosesində xeyli təcrübə topladılar.

Artıq 70-ci illərdə Moskvadan Bakıya gələrək bizim arxivlə tanış olan aparıcı mütəxəssislər və rəhbər işçilər real prosesində formalaşdıra bildiyimiz dövlət arxivimizin fəaliyyətini tam bəyəndilər və təcrübə mübadiləsi məqsədilə sonralar yaranmış digər respublikaların eyniadlı arxiv mütəxəssislərini də Bakıya dəvət etdilər. Biz bundan sonrakı illərdə daha gərgin işlədik və daha yeni uğurlar əldə etdik.

Bu gün, 45 il ərzində sərf olunan gərgin axtarışların və səbirli əməyin nəticəsi artıq göz qabağındadır. Hazırda dövlət arxivinin mühafızə otaqlarında 162 fond üzrə 200.000-ə qədər qovluqda toplanmış on beş milyondan çox qiymətli və nadir sənədlər cəmləşdirilmişdir. Bu sənədlərin böyük bir qismi neft hasilatı, neft-maşınqayırma, neft-kimya sənayesi üzrə avadanlıqların, texniki qurğuların, dəzgahların, irəli sürülmüş elmi təkliflərin istehsalatda tətbiqolma tarixi, onların səmərəliliyi, Azərbaycanda geniş vüsət alan tikinti, memarlıq, müasir şəhərsalma, bərpa-quruculuq işləri, energetika, suvarma təsərrüfatı, ərzaq sənayesində aparılmış işlərin maraqlı tarixi-təcrübə yollarını əks etdirir. Neft sənayesi ilə bağlı sənədlərdən aydın olur ki, ötən 20-ci illərin sonuna qədər neft sənayesində işlədilən əksər avadanlıqlar çox baha qiymətlə xaricdən alınırdı. Bu sahədə həmin illərdə formalaşmış elmi-tədqiqat və layihə institutlarının fəaliyyəti nəticəsində hələ ötən əsrin 50-ci illərindən sonra vəziyyət köklü qaydada dəyişdi. Yəni Azərbaycan artıq öz elmi potensialının gücü hesabına neft avadanlıqları hazırlayan ölkədən, eyni zamanda Yaxın və Orta Şərq ölkələrinə həmin avadanlıqları ixrac edən önəmli bir ölkəyə çevrildi.

Arxiv kollektivinin ötən illər ərzində topladığı və öz gücü ilə işlədiyi elmi-texniki sənədlər, o cümlədən 70-ə qədər dünya şöhrətli və tanınmış alimlərin nadir sənədləri Azərbaycanda elm və texnikanın yüz ildən artıq bir dövrü üzrə zəngin inkişaf tarixinin öyrənilməsi üçün əvəzsiz rol oynamaqdadır.

Hazırkı dövlət və özəl müəssisələrin, xarici ölkə şirkətlərinin, sahə üzrə elmi-tədqiqatçıların diqqətinə çatdırmaq yerinə düşər ki, onların öz işlərinin səmərəli təşkilində arxivdəki sənədlər müsbət rol oynaya bilər. Çünki neftayırma və neft-kimya sənayesi üzrə elmi-tədqiqat, layihə institutlarının və bu vacib sahədə mühüm işlər aparmış tanınmış alimlərin, mühəndislərin şəxsi fondları ötən əsrin 20-ci illərindən başlayaraq bundan sonrakı 70-80 il ərzində elmtexnika sahəsində əldə olunmuş nailiyyətlərin çoxşaxəli tarixini özündə cəmləşdirmişdir. Məsələn, uzun illər boyu sabiq sovetlər ölkəsində yeganə institutlar kimi fəaliyyət göstərmiş, elə bu gün də fəaliyyət göstərməkdə olan “Azinmaş”ın, Neft Sənayesi Elmi Tədqiqat Layihə İnstitutunun, “Dövlətdənizneftqaz” Layihə İnstitutunun elmi əsaslandırmaları, izahlı hesabatları, texniki elmi şuraların iclas protokolları, yubiley materialları, məruzələr və çıxışlar, beynəlxalq elmi məclislərdə irəli sürülmüş maraqlı təkliflər, inkişaf etmiş xarici ölkələrin alimləri, elmi müəssisələri ilə yazışmalar və sair bu qəbildən olan digər sənədlər quruda və dənizdə neft hasilatı, neft emalı, neft maşınqayırma sahəsində aparılmış nəhəng işlərdən xəbər verir.

Dövlət arxivində mühafızə olunan və hələ 80 il bundan əvvələ aid sənədlərdən öyrənirik ki, keçən əsrin ilk qərinəsində öz işlərinin səmərəli təşkilinə görə dünyanın ən güclü neft institutlarının və neftayırma mütəxəssislərinin diqqətini cəlb etmiş, Neftayırma Sənayesi üzrə Elmi-Tədqiqat İnstitutunun, 30-40-cı illərdə dünya şöhrəti qazanmış Mərkəzi Təcrübə Mübadiləsi İnstitutunun, Neft Maşınqayırma İnstitutunun, Aşağı Molekulyarlı Olefinlərin alınması və emalı üzrə Elmi-Tədqiqat İnstitutunun sənədləri müasir tələblər baxımından müstəsna rol oynayır. Həmin illərdə belə institutlarda aparılmış nəhəng işlər haqqında elmi hesabatlar, çoxsaylı xarici mütəxəssis rəyləri, texnoloji sxemlər, dünya standartlarına cavab verən və ağır texnikada işlədilən sürtkü yağlarının alınmasını, benzinin keyfıyyətinin dünya standartları səviyyəsinə qaldırılmasını, ABŞ-dan alınmış Kreginq neftayırma qurğularının istehsalatda çox yüksək səmərə verməsini xatırladan sənədlər indiki tədqiqatçılara sanballı tədqiqat və təctübə materialı sayıla bilər.

Ağır sınaq illəri olan Böyük Vətən müharibəsi illərində görkəmli alimlər Yusif Məmmədəliyev, Nağıyev və bir çoxları kimi Azərbaycan alimlərinin gərgin zəhməti bahasına əldə olunmuş və döyüşən cəbhəyə xidmət edən bütün ixtiralar və digər elmi yeniliklərə aid dəyərli sənədlər də bizim arxivdə saxlanılır.

Arxivin çoxsayli sənədləri arasında Azərbaycana dünya şöhrəti gətirmiş və vaxtilə tədqirəlayiq işlər aparmış 70-ə qədər elmtexnika xadiminin şəxsi fondları mühafizə olunur. Elmtexnika tariximizin olduqca maraqlı məqamlarını əks etdirən bu sənədlər 1890-2010-cu illəri əhatə edir. Şəxsi fondlarda sistemləşdirdiyimiz nadir və qiymətli sənədlərdən aydın olur ki, ötən on illər ərzində səmərəli işlər aparmış hər bir alim öz fəaliyyəti prosesində istər-istəməz sahə üzrə elm xadimləri və elmi müəssisələrlə əlaqədar olmuşlar. Buna görə də ölkə üçün ciddi sınaq illərində və bundan sonrakı quruculuq illərində dəyərli elmi işlər aparmaqla yanaşı, həm də bütöv bir elmi müəssisəni yaradaraq ona rəhbərlik etmişlər. Çalışdıqları sahədə tamamilə yeni elmi istiqamətlərin yaradıcısı kimi çıxış etmiş alim və mühəndislərin arxivdəki fondlarında toplanmış sənədlər Azərbaycan tarixinin müxtəlif mərhələlərində uğurla həyata keçirilmiş elmi ideyaların yeni tələblər baxımından öyrənilməsinə əsas verir.

Arxivin qiymətli fondları arasında texnika elmləri sahəsində İsrəfil Quliyevin, Məmmədpaşa Quluzadənin, neft geologiyası sahəsində Əşrəf Əlizadənin, ilk neftçi geoloq Baxış Sultanovun, Mir Kazım Məmmədovun, neftqaz quyularının qazılması sahəsində Mikayıl Bağırovun şəxsi fondlarına, dünya şöhrətli mühəndis Əyyub Tağıyevin, görkəmli alim Yusif Məmmədəliyevin şəxsi sənədlərinə, neftayırma, neft-kimya elmləri sahəsində Məcid Mərdanovun, Sahib Əliyevin, Seyid Rzanın, Baba Babazadənin, Məmməd Mövsümzadənin, fizika-riyaziyyat elmləri sahəsində Ramiz Əliquluzadənin, tibb elmləri sahəsində Məhbubə Mahmudbəyovanın, Məmməd Əmin Əfəndiyevin, Bala Məcidovun, Talışınski və İmaməliyev ailəsinin, Umnisə Musabəyovanın, Mir Məmməd Cavadzadənin, Şükür Həsənovun, Adilə Namazovanın, Nazim Əfəndiyevin, Zəhra Quliyevanın, görkəmli seleksiyaçı alim Əhməd Rəcəblinin, su problemləri sahəsində Yusif İbadzadənin və onlarca başqalarının şəxsi fondlarının mühafizəsinə xüsusi qayğı göstərilir.

O qədər də asan başa gəlməyən şəxsi fondları toplarkən biz, ilk növbədə alim və mühəndislərin çalışdığı peşə sahəsində tutduğu müsbət mövqeyini, elmtexnikaya verdiyi töhfəni əsas meyar kimi götürürük. Elmi dərəcəsindən daha çox, onun gördüyü işləri nəzərə almışıq. Məsələn, sənədləri dövlət arxivinin şəxsi fondları sırasında başlıca yer tutmuş Məmməd Paşa Quluzadə qazma işləri üzrə dünyanın güclü mütəxəssislərindən biri olmaqla ölkədə maili qazma sahəsində tam müstəqil bir məktəb yaratmış və ona rəhbərlik etmişdir. Onun gərgin elmi axtarışları nəticəsində yaratdığı bu məktəbin sorağı xaricdə hələ çoxdan məlum idi. Sənədlərdən bəlli olur ki, Quluzadə tədqiqatlarının 21 istiqamətdə yaratdığı nəzəriyyələr və buradan alınmış əməli nəticələr dünyanın bütün neft ölkələrində yüksək qiymətləndirilmişdir. Onun bu vacib sahədə Almaniya Demokratik Respublikasında, Hindistanda, Meksikada keçirilmiş beynəlxalq neft konqreslərindəki məruzələri dünya neft elminə yeni nailiyyətlər bəxş etmişdir.

Başqa bir misal: 30-cu illərin sonunda ölkədə neft hasilatı üçün havasu kimi lazım olan və öncə 40 pilləli reduktorsuz, az sonra isə 100 pilləli reduktorlu turboburun meydana gəlməsi cəmi 50 illik ömrünün 30-cu baharında yaşayan Əyyub Tağıyev kimi cavan bir mühəndisin və onun rəhbərlik etdiyi Sınaq-Qazma Kontorunun şöhrətini dünyaya yaymışdı. Çox keçmədən dünyanın neft ölkələri, o cümlədən ABŞ və Meksikanın iri neft şirkətləri Əyyub İsmayıl oğlu Tağıyevin rəhbərliyi ilə Bakıda hazırlanmış Qazma Turbinini almaq üçün lisenziyalar əldə etmişdilər. Elə bu xidmətlərinə görə o, 1951-ci ildə SSRİ-də Başneftin Qazma İdarəsi rəisinin birinci müavini, Ümumittifaq Elmi-Tədqiqat Qazma İnstitutunun direktoru, xeyli sonra isə Moskva NeftkimyaQaz Sənayesi İnstitutunun kafedra müdiri, elmi işlər üzrə prorektoru, elmi laboratoriya rəhbəri kimi yüksək vəzifələrdə çalışmış, üç dəfə Dövlət mükafatlarına layiq görülmüşdür. Maraqlıdır ki, o belə nəhəng işləri apararkən heç elmlər namizədi də deyildi. Əyyub Tağıyev öz səmərəli ömrünün bir hissəsini HindistandaBraziliyada keçirmiş, nəhəng Hindistan xalqına neft bəxş etmişbir çoxlarına mümkünsüz görünənləri öz gərgin əməyi ilə mümkün etmişdir. Arxivimizin sənədləri əsasında belə misalların sayını artırmaq da olar.

İndiki tədqiqatçılar tərəfindən az işlənilmiş, xeyli qatları hələ də açılmamış Azərbaycan və Amerika Birləşmiş Ştatlarının qabaqcıl neft institutları arasında 20-30-cu illərdə davam etmiş elmi-texniki əlaqələrin geniş miqyasını tədqiq etmiş, adları qeyd olunan institutların arxiv fondlarında topladığımızbu günə qədər ehtiyatla saxlaya bildiyimiz sənədlər hazırda Azərbaycanda uğurla həyata keçirilən müasir neft strategiyasının daha dərin köklərə bağlandığını təsdiq edən qiymətli mənbədir.

20-30-cu illərdə tərkibinə daxil olduğumuz sovetlər ölkəsinin inkişaf problemlərini həll edən neft hasilatı, neft-maşınqayırma, neftayırma işləri ilə əlaqədar Azərbaycanın inkişaf etmiş xarici ölkələrlə elmi-texniki əlaqələrinə aid sənədlər arxivdəki 10, 56 və 61-ci və digər qiymətli fondlarda toplanmışdır. Buradakı nadir məzmunlu sənədlərdən həm o dövr üçün, həm də bu gün üçün maraqlı olan məqamlarla rastlaşırıq. Amerikanın Pitisburq Universitetinin professoru Roland Abelin rəhbərlik etdiyi alimlər qrupu Azərbaycanın yerli mütəxəssisləri ilə birlikdə Suraxanı nefti üzərində apardıqları ikiillik axtarışdan sonra dünya standartlarına cavab verən sürtkü yağlarının alınmasına nail olmuşlar.

61-ci fondun 490-cı saxlama vahidindəki sənəd diqqəti daha çox cəlb edir. Sənəddən öyrənirik ki, o illərdə dünyanın ən güclü neftayırma mütəxəssisi sayılan Çarliz Holland Bakıda yerli mütəxəssislərlə birlikdə apardığı ikiillik elmi-təcrübə axtarışlarından sonra ağır texnikada işlədilən sürtkü yağlarının alınmasınaonlardan istehsalatda istifadə olunmasına nail olmuşdur. O, Amerika mətbuatında dərc etdirdiyi bu məsələ ilə bağlı 26 səhifəlik məruzəsini də rus dilinə tərcümə edərək Bakıya göndərmişdir. İndi onun gərgin axtarışlarının real nəticəsi olan bu məruzəsi bizim arxivdə saxlanılır. Həmin sənəddə oxuyuruq: “Asvaltnaften əsaslı sürtkü yağlarının alınması və onun sənaye istehsalı sahəsində tətbiqinə görə Bakı dünyanın pioneridir”.

Bakı, Qroznı və Moskva Neft institutlarında geniş təcrübə mübadiləsi aparmış dünyanın digər görkəmli alimi L.Yuren ABŞ-da çıxan “Neft Mühəndisi” jurnalındakı məqaləsində yazırdı: “Bu institutlarda çox işlər aparılır. Amerikanın heç bir elmi-tədqiqat müəssisəsi avadanlıq şəraiti və işçilərinin sayına görə həmin institutlarla müqayisədə tab gətirə bilməz”.

45 illik fəaliyyət yoluna nəzər salarkən dövlət arxivinin daha bir mühüm rolu da ön plana çəkilməlidir. Bu, respublikamızda yeganə arxivdir ki, onun sənədlərindən ölkəmizdə geniş miqyasda həyata keçirilən dövlət əhəmiyyətli binaların yenidən qurulmasında, onların əsaslı bərpasında hərtərəfli istifadə olunur. Yalnız son 30 ilə yaxın müddət ərzində Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa, abadlıq və yenidənqurma işlərinin aparılmasında, regionların sosial-iqtisadi inkişaf proqramının reallaşdırılmasında, elmtexnika ilə bağlı yubiley təntənələrinin keçirilməsində arxivin elmi, layihə, konstruktortexnoloji sənədlərinə yüz dəfələrlə müraciət olunmuşdur. Son 10 il ərzində isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Heydər Əliyev Sarayının, Elmlər Akademiyasının əsas korpusunun, akademiyanın Elmi-Tədqiqat Kimya Prossesləri İnstitutu, Azərbaycan və Rus Dram teatrları, M.F.Axundov adına respublika kitabxanası, Hökumət Evi, Bakı Dövlət Sirki, Nizami kinoteatrı, Milli Arxiv İdarəsi, Kurortologiya İnstitutu, Balıqçılıq Təsərrüfatı İnstitutu binalarının, Azadlıq prospektindəki çoxmərtəbəli yaşayış binalarının, qəza və bərbad vəziyyətində olan onlarca digər vacib obyektlərin yenidən qurulması yalnız Azərbaycan Respublikası Dövlət ElmTexnika Sənədləri Arxivinin layihə sənədləri əsasında mümkün olmuşdur.

Dövlət arxivinin qarşısına çıxan problemlər bugünün özündə də az deyil. Belə problemlər sırasında işimizə daha çox mane olan aparıcı elmi-tədqiqat və layihə institutları tərəfindən tarixi elmi və əməli əhəmiyyətli sənədlərin dövlət mühafizəsinə verməkdən imtina etmələri ilə bağlıdır.

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 1999-cu il tarixli 168 N-li fərmanı ilə imzaladığı “Dövlət Arxiv Fondu haqqında” qanuna üçün rəhbər tutulan arxiv-normativ təlimatlarına əsasən layihə, konstruktor, texnoloji işlər aparan institutlar hər 15 ilədək olan müddət ərzində, elmi-tədqiqat institutları isə 5 ildən sonra fəaliyyətləri prosesində yaranmış sənədlərini öz vəsaitləri hesabına tam qaydaya salıb dövlət arxivlərinə verməlidirlər. Bu qanunun tələblərinə əməl etməyən “Dənizneftqazlayihə” institutu düz 50 ildən bəri, “Başdövlətlayihə” və Bakı Dövlət Layihə institutları isə 35 ildən bəri özlərində toplanmış layihə sənədlərini hazırlayıb dövlət arxivinə verməkdən imtina edirlər. Əksər elmi-tədqiqat tibb institutları da xalqımız üçün daha çox vacib olan sağlamlıq tariximizin inkişafı ilə bağlı qiymətli sənədləri dövlət mühafizəsinə vermək barədə heç düşünmək belə istəmirlər. Həyatlarını dəyişmiş bir çox tanınmış şəxsi sənəd sahiblərinin övladları, yaxud digər qohumları da bəzən belə mövqe tuturlar.

Göstərilən çətinliklərlə üzləşməsinə baxmayaraq, dövlət arxivi 45 illik ömür yolunda öz işlərini vicdanla yerinə yetirmişciddi uğurlara nail olmuşdur. Tələb olunan elmi sənədlərini dövlət arxivinə vermək istəməyən müəssisə rəhbərlərinə, tanınmış alimlərə, onların övladlarına Azərbaycanda arxiv işinin təkmilləşdirilməsini daim diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin aşağıdakı sözlərindən nəticə çıxarmağa çağırıram:

Arxiv işinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisiona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

 

Şahsuvar HAŞIMOV,

Azərbaycan Respublikası Dövlət ElmTexnika

Sənədləri Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi.

Respublika.-2014.- 2 avqust.- S.4.