İrəvan müsəlman
sakinli vilayət olmuşdur
Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.
XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.
Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.
Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilmişdir. İranda qondarma erməni soyqırımına aid onlarca yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik dəqiqləşdirmələr aparılmışdır.
Əkrəm Rəhimli (Bije)
Daşnak partiyası milli tərkib problemini istismarçı dövlətlərin, əsasən də ingilis müstəmləkəçilərinin köməyi ilə cinayətkarcasına həll etdi. Yeri gəlmişkən, sözü “Mərkəzi Asiyada və Qafqazda dəyişikliklərin mahiyyəti” kitabının müəlliflərinə verək və görək onlar bu barədə nə deyirlər: “Müttəfiqlərin strateji məqsədlərindən biri böyük Osmanlı dövlətini parçalamaq idi. Bu məqsədlə onlar Osmanlı ərazisi daxilində yaşayan millətləri və islam əleyhinə qüvvələri qızışdırmağa çalışırdılar. Bu zaman qərb ölkələrinin, xüsusilə də Fransanın siyasi və mənəvi dəstəyini qazanan, Rusiyanın hərbi himayəsi altında fəaliyyət göstərən daşnaklar ifrat millətçilik və işğalçılıq hisslərinə qapılmışdılar. Onlar Rusiya Ermənistanını, Gəncə-Qarabağ bölgəsini, Şərqi Türkiyənin 6 vilayəti, Güney Azərbaycanın bir hissəsini qəsb edərək “böyük Ermənistan” yaratmaq xülyası uğrunda mübarizəyə başlamışlar. Formalaşmaqda olan ölkədə ermənilər tədricən üstünlük təşkil edirdilər.
Rus casusları hələ xeyli əvvəl ermənilərə pul və silah verərək onları Türkiyə əleyhinə müharibəyə təhrik etmişdilər. Nəhayət, Osmanlı dövlətinin rəsmiləri ermənilərin xəyanətlərini görüb onları sərhəd bölgələrdən köçürmək qərarına gəldi. Əks halda, ölkənin şərq sərhədlərini qorumaq mümkün olmayacaqdı. Çünki ermənilər Osmanlı dövlətinə qarşı üsyana qalxmış, xarici ölkələrlə əlaqəyə girmişdilər. Onların bu xəyanətkar addımları XX əsrin astanasında bir milyona yaxın insanın fəlakətinə səbəb oldu.
Daşnaklar, eyni zamanda, Urmiya və Salmasda da xristianların köməyi ilə bir neçə dəfə türklərin ümumi qətli barədə fərman vermiş və görünməmiş cinayətlər törətmişdilər.
Arazın
o biri tayında da həmin hadisələr baş verdi. Daşnaklar İrəvan və
Qars əhalisini qətliama məruz qoydular, onların mülklərini
qarət etdilər. Ərdəhanda, Axsada,
Borçalıda da azərbaycanlılar təzyiq altında
idilər. 1917-ci il inqilabı və vətəndaş
müharibəsi bu ölkənin hər yerində olduğu
kimi Qafqazda da fəlakət və qanların tökülməsinə
səbəb oldu. Gürcü, azəri və erməni
siyasətçiləri Tiflisdə bir hökumət təşkil
edib, müstəqil şəkildə idarəçilik işlərinə
başladılar. Bu zaman Dağıstan da
menşeviklərlə ağqvardiyaçılar arasında
çəkişmə meydanı idi. İmam
Nəcməddin və Uzun Hacı da dini ideyalara söykənərək
mübarizəyə qalxmışdı. Bakı
şəhəri bolşeviklərin əlində idi.
Daşnaklar hakimiyyətsizlikdən istifadə edib, İrəvan
bölgəsindəki Azərbaycan kəndlərini yerlə-yeksan
etdilər. İrəvan hadisələri Zaqafqaziya Seymində
fevralın 5-dən-20-dək müzakirə edildi. Seym məsələni araşdırmaq
üçün İrəvana nümayəndə heyəti
göndərdi. Təhqiqatın nəticəsi belə
olmuşdu: İrəvan vilayətində 211 Azərbaycan kəndi
dağıdılmış və yüz minlərlə insan qətliam
olunmuşdur. 300 minə yaxın İrəvan azərbaycanlısı
qətlə yetirilib və qalanları özlərini bir təhər
Gəncə və digər şəhərlərə
çatdırmışlar. Yalnız az
bir hissə dədə-baba torpağında
qalmışdır.
Qafqazda ikinci erməni-azərbaycanlı
qırğınına çevrilən bu hadisələr iki
xalq arasında münasibətləri o qədər kəskinləşdirib
ki, daha onların üçtərəfli Qafqaz Federal Hökuməti
İttifaqında bir yerdə qalması mümkün deyil.
Buna
görə 1918-ci il mayın 26-da Federasiya
parçalandı. Bundan sonra üç müstəqil
cümhuriyyət - Azərbaycan, Ermənistan, Gürcüstan təşkil
olundu”.
Bu hadisədən sonra minlərlə irəvanlı
müsəlman evini, mülkünü atıb, dağlara və
biyabanlara qaçdı. Həmin qaçqınlardan biri də
maarifçi xadim Mirzə Cabbar Baxçaban oldu. O, bir kəndə
gəlib çıxaraq xeyli ağır və məşəqqətli
günlər yaşadı. Sonradan Vətənə
- Təbrizə köçərək burada öz sevdiyi
peşəsi ilə məşğul olmaq qərarına gəlir.
Cabbar Baxçaban əvvəl Təbrizdə,
sonra isə Tehranda kar və lallar üçün bir mədrəsə
açır.
Mirzə Cabbar Baxçabanın keçirdiyi ağır
və dözülməz günlər barədə onun ürəkparçalayan
xatirələrindən bir hissəni burada vermək yerinə
düşər. Bu xatirələr o qanlı-qadalı illərin
mənzərəsini düzgün təsəvvür etməyə
imkan verir. O yazır: “Dünyanı oda calayan Birinci
Dünya müharibəsinin axırlarında mən yarımcan
halda bir kəndə gəlib çıxdım. Taqətdən düşmüşdüm. Bütün ailəm qarın yatalağı xəstəliyinə
tutulmuşdu. Mən özüm də 25
gün cəhənnəm əzabı çəkmişdim.
Qızdırma içində qovrulurdum. Bizə nəinki dava-dərman, heç bir
qaşıq su verən də yox idi. Bir
gün qızdırmanın atəşindən evdən
çıxıb qaçdım. Özümü
Araz çayına atmaq istəyirdim. Lakin
adamlar yetişib, məni birtəhər sakitləşdirdilər.
Nəhayət, 25 gündən sonra özümə
gəldim. Bu vaxt gördüm ki, ermənilərin
əlindən qaçarkən özümüzlə
götürdüyümüz xırda-para şeyləri də
oğurlayıblar.
Rəbiyə adlı 6 yaşlı bir qız bizə xidmət
edirdi. Öz arıq vücudu ilə səhra adamını
xatırladan bu qız bütün günü bizim
üçün çöllərdən bitki
toplayırdı. On gün müddətində
yalnız həmin otlarla qidalandım. Qazayağı
adlanan bitkinin gövdəsini çeynəyir, suyunu udurduq.
Təbii ki, həmin günlərin məşəqqətlərini
adi sözlərlə ifadə etmək mümkün deyil.
Sadəcə olaraq, həmin məşəqqətli günlərdə
biz beş nəfərin salamat qalması
Allah möcüzəsi idi...
Özümə gələndən sonra hər iki
ayağımın topuqdan aşağı
qaraldığını gördüm. Bir neçə
gündən sonra məni dəvənin belinə
bağlayıb bir kəndə gətirdilər. Ayaq barmaqlarım suluqlamışdı. Deyilənə görə, bu, yeyici su idi.
...Doğrusu,
insan gözləmədiyi anda həyat özünün
bütün sifətlərini göstərir. Bu hadisədən
bir il əvvəl mən öz doğma
yurdumda vəzifə sahibi idim. Evsiz-eşiksizlərə
yer-yurd vermək işinə baxır, əhaliyə taxıl
bölürdüm. Amma indi məni nə
bir tanıyan var, nə də özüm və ailəm
üçün çörək qazana bilirdim. Bütün mənalarda fəlakətə məhkum
olmuş bir insan idim. Həmin kəndə
çatanda gördüm ki, bütün evlər
qaçqın və köçkünlərlə doludur.
Çətinliklə bir boş tövlə
tapıb orada məskunlaşdıq.
Ədalətsizlik və mərhəmətsizlikdən məyus
olmuşdum. Ayaqqabı və papağımı satandan sonra nə
edəcəyimi bilmirdim. Qara fikirlər məni
gecələr səhərəcən yatmağa qoymurdu. Qan azlığı və halsızlıq da bir yandan
sıxırdı. O qara üfunətli tövlənin təndir
istisində boğulur və tənginəfəs olurdum. Ağcaqanadlar, bit və birələr bədənimi
lalə kimi qıpqırmızı eləmişdi. Kirpiklərim ağırlaşıb qapananda və məni
yuxu aparanda dəhşətli yuxular görürdüm. Həmin yuxuların bəzisini 50 ildən sonra da
xatırlayıram.
...Bir vaxt
kəndin əhalisi məndən qaçdığı halda,
indi başıma toplaşır, məndən
aralanmırdı. Onlar da qaçqın və
köçkünlər idilər. Mən
onlara təsəlli və ümid verməyə
çalışırdım. Qəribə
idi ki, bu adamlar mənim nağıllarıma qulaq asır və
inanırdılar. Bəzən mənə
elə gəlirdi ki, elə bu mehriban və arıq adamlardan
biri mənim pal-paltarımı oğurlayıb.
...Noraşen
kəndində bir köynək və dizdikdə (alt
paltarı) qaldığım, hər iki ayağımın
qanqrena olduğunu və meyitimin bir xəndəyə
atılacağını düşündüyüm həmin
günlərdə təsadüfən bir xeyirxah insana rast gəldim.
Onun köməyi ilə məni qəsəbənin
yeganə həkimi olan doktor Səfizadənin yanına gətirdilər.
O, mənim müəllim olduğumu biləndə çox
sevindi. Çünki həmin ağır zamanlarda müəllimlər
hərəsi bir tərəfə qaçmış, qəsəbədə
dərs verən bir adam
qalmamışdı. Tanrı məni sanki nemət
göndərmişdi. Üstəlik, həkimin
uşaqları təhsil baxımından geri
qaldığından, mən onun üçün göydəndüşmə
idim. Doktor yubanmadan mənim ayağım
üçün dərman hazırlamağa başladı.
Assistenti olmadığından o, əməliyyatı
təkbaşına etməli oldu. Doktor ayaq
barmaqlarımın arasını kəsib, məlhəm qoyaraq
yaranı bağladı. Bir qədər keçəndən
sonra mənim rəhbərliyim altında məktəb fəaliyyətə
başladı...
Təsis etdiyim bu qarışıq məktəbdə
yerli uşaqların tərbiyə və təlimi ilə məşğul
olurdum. Doktorun dörd oğlu, üstəgəl digər iki
oğlan və bir qıza dərs deyirdim.
Nəhayət, tarixin bir vərəqi də çevrildi
və ermənilər həmin kəndə hücum edəndə
mən doktorla birgə öz ata-baba yurduma - İrana
qaçdım. Makuya tabe olan Ərəblər kəndinə
gəlib çıxdım”.
Qafqaz müsəlmanlarının
beynəlxalq təşkilatlara müraciətləri
Daşnaklar müsəlmanlara qarşı davamlı
soyqırım aktları, istismarçı dövlətlərin
cinayətkarları himayə etmələri Qafqaz müsəlmanlarını
Qacarlar dövlətinə müraciət etməyə vadar
etdi. Mənşur
Gürgani bu barədə yazır: “1298-ci ilin ordubehişt
ayının 10-da xeyli müsəlmanın diri-diri torpağa
basdırılması ilə nəticələnən erməni
qətliamından sonra Naxçıvan əhalisi Qacarlar
dövlətinin oradakı konsulluğu qarşısında
toplaşıb, dövləti şüarlarla öz qüvvələrindən
istifadə etməyə çağırdılar. Bu nümayişlər bir neçə gün davam
etdi.
Ermənilərlə müsəlmanlar arasında sülh
bağlanandan sonra ingilislər İrəvanı,
Naxçıvanı, Ordubadı, Şəruru və daha bir
neçə məntəqəni Ermənistana birləşdirməyi
qərara almışdılar. Lakin həmin məntəqələrin
müsəlman əhalisi qəti şəkildə bunun əleyhinə
çıxdı. Ancaq sonda ingilislərin
köməyi ilə ermənilər həmin yerləri də
işğal etdilər.
Naxçıvan əhalisi tərəfindən yerli
hökumətlərə, yerli qoşun komandirlərinə, o
cümlədən bölgənin məsul şəxslərinə
12 teleqram ünvanladı. Tanınmış və nüfuzlu
şəxslər isə Qacarlar dövlətinə, şaha,
xarici ölkələrin səfirlərinə, Amerika prezidentinə,
Beynəlxalq Sülh Təşkilatına və s. teleqramlar
göndərərək, qonşu müsəlman dövlətinə
birləşmək istədiklərini bəyan etdilər. Onlar
bu teleqramlarda müsəlman olduqlarını, 92 il öncə zorla Rusiyaya birləşdiklərini
yazırdılar. Bu zaman qoşun komandiri Kəlbəli xandan,
hökumət başçısı Sultanovdan, qərargah rəisi
Hacı Hüseynəli Qurbanovdan və Milli Şuranın
nüfuzlu üzvlərindən ibarət Naxçıvanda
Müvəqqəti Hökumətin təşkil
olunmasını xahiş etdilər. Təşkil
olunmuş hökumət dərhal bir qətnamə qəbul
etdi. Qətnamədə Naxçıvanda
təşkil olunmuş Müvəqqəti Hökumətin
Qacarlar dövlətinə tabe olduğu bildirilir və yerli əhali
həmin dövlətin təbəəsi kimi təqdim olunurdu.
Adı çəkilən hökumət tezliklə Şeyx
Əbdülcabbar Bektaşdan, Mehdiqulu xan Diyarbəkridən,
Hacı Seyid Bağır Heydərzadədən və
Hüseynağa Novruzzadədən ibarət heyət
yaradıb, Təbrizə ezam etdi. Heyət
üzvlərinin səlahiyyətləri onlara verilmiş
etibarnamə ilə müəyyən olunmuşdu. Nümayəndə heyəti çox təmtəraqlı
üslubda yazılmış məktubu vəliəhdə
çatdırmalı idi. Həmin məktubda deyilirdi ki,
biz türklər 92 il öncə zorla
Arazın o sahilindəki qan qardaşlarımızdan ayrı
salınmışıq. Xahiş edirik ki, bizim
çoxdankı arzumuza - birləşmək istəyimizə
diqqətlə yanaşasınız.
Nümayəndə heyəti ordubehişt ayının əvvəllərində
Təbrizə gəlib çıxdı. Onlar buradakı ingilis
nümayəndəliyinə belə bir tələbnamə ilə
müraciət etdilər: “Əgər ingilislər ermənilər
üçün dövlət yaratmaq istəyirlərsə,
bunu ermənilər yaşayan ərazilərdə
yaratsınlar. Hətta bir nəfər belə
erməni yaşamayan müsəlman torpaqlarında erməni
dövləti qurula bilməz”.
İngilis dövləti naxçıvanlıların bu
tələbini Sülh Konfransının gündəliyinə
saldı. Təbrizdə isə qısa danışıqlardan
sonra Qacarlar dövləti Naxçıvana göndərmək
üçün bir nümayəndə heyəti
hazırladı. Əli Heyət həmin
heyətin başçısı təyin olundu. Üstəlik, Müsəddiq Divan adlı bir şəxs
də Naxçıvanda Qacarlar dövlətinin rəsmi
nümayəndəsi idi. Lakin ingilislər
bu torpaqların İrana qaytarılmasının əleyhinə
idilər. Onlar İranın bu məsələdə
təkid edəcəyi halda, mübahisəli Bəlucistan məsələsini
qaldıracaqlarını bildirdilər. Təbrizdə
ermənilərin nümayəndəsi olan Nersin adlı şəxs
də prosesləri pozmağa çalışırdı.
Nəhayət, Sülh Konfransında
Naxçıvanın İrana birləşməsinə imkan
verilmədi”.
Vəliəhdin dəftərxana müdiri Mokərrəmülmülk
Naxçıvan camaatının vəliəhdə göndərdiyi
teleqrafı Daxili İşlər Nazirliyinin adından
yaydı. Bu informasiyadan sonra Xoy əhli ayağa qalxaraq
Naxçıvana kömək etmək və təcavüzkar
erməniləri cəzalandırmaq üçün hazırlığa
başladı. Lakin onların
qarşısı alındı. Dövlət
nümayəndələri tezliklə Naxçıvana kömək
etmək barədə rəsmi qərar qəbul edəcəklərini
vəd etdilər.
Naxçıvan
camaatı adından Təbrizdən Tehrana göndərilən
teleqrafın mətnini qısa ixtisarla dərc edirik: “316
nömrəli teleqraf. Təbrizdən Tehrana. Göndərilmə
tarixi 23, çatma tarixi 24 qaus. Təcili və
dövlət əhəmiyyətli.
Daxili İşlər Nazirliyinin yüksək məqam
sahibinin mübarək hüzuruna (Allah onun ömrünü
uzun etsin!) Naxçıvan əhalisindən. Erməni əsgərləri məskunlaşdırma
adı ilə öz mühacirlərini İrəvandan bizim tərəflərə
və yaxın məntəqələrə gətirirlər.
Onlar müsəlmanlar yaşayan məntəqələrə
çatan kimi qətl-qarət törədir və azərbaycanlıları
tərk-silah edirlər. Müsəlmanların
əleyhinə olan bu əməllər onları özlərini
müdafiə etməyə və müqavimət göstərməyə
məcbur edir. Biz Naxçıvan müsəlmanlarının
həzrəti-valadan xahişi budur ki, bizim məmləkətin
siyasi müqəddəratını tezliklə həll etsin və
bizlərə öz təbəəliyimizə qayıtmaq
vaxtını məlum eləsin. Əgər
üç gün müddətində bizlərin siyasi müqəddəratı
müəyyən olunmasa və böyük dövlətlərdən
[?] nümayəndə heyəti gəlib çatmasa, bu yerlərin
müsəlmanları tamamilə məhv olacaq və sonda bu məsələnin
təhlükəli və pis nəticəsi İran məmləkətinə
də sirayət edəcək. İnanırıq
ki, bu yerin məzlum müsəlmanlarının halından
böyük dövlətlər ittifaqını [Antanta nəzərdə
tutulur] məlumatlandıracaq və nəticəsini bizlərə
bildirəcəksiniz. Əgər həqiqətən
rəyasət aləmində bu yerin müsəlmanları edama
məhkumdurlarsa, onda heç bir sözümüz yoxdur. Yox, əgər bizlərin həyat və yaşamaq
haqqımız varsa, onda açıq-aydın ərz edirik ki,
Amerika prezidenti cənab Vilsonun “hər millətin öz müqəddəratını
həll etmək hüququ vardır” fikrinə əsaslanacağıq.
Naxçıvanın
müsəlman vəkilləri: Cəfərqulu xan, Bəhram
xan, Mehdiqulu xan, Mirzə Həsrullah, şeyx Cabbar”.
Naxçıvan əhalisi bu teleqrafdan əlavə, Xoy
camaatına da yardım xahişi ilə müraciət
etmişdi.
Xoy əhalisi də öz növbəsində kömək
üçün hər an hazır
olduğunu bildirmişdi. Mükərrəmül Mülkün
bu barədəki məktubunda deyilir: “Sizin bəndəniz Xoy əhalisinin
hazırlığı barədə xəbər tutan kimi
onların qarşısını aldı. Xoylulara
açıq şəkildə yazdım ki, onların
atdığı addım dövlət əleyhinədir.
Əgər sizlər hər hansı bir tədbirə
əl atsanız, dövlət qarşısında məsuliyyət
daşıyacaqsınız. Naxçıvan
əhalisinə də teleqrafla bildirdim ki, onlara rəsmi cavab
verilənə qədər sakit oturub, gözləsinlər.
İndi tədbir görmək üçün
tezliklə qərar qəbul etməyinizi xahiş edirik. Rəbiül-əvvəl ayının 11-i. 9926 -
nömrəli məktub. Mükərrəmül Mülk.
Azərbaycan əyaləti”.
əvvəli, ardı var
Respublika.-2014.- 2
avqust.- S.5.