İrəvan müsəlman sakinli vilayət olmuşdur

 

Oxuculara təqdim olunanİrəvan müsəlman sakinli vilayət olmuşdurkitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.

XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.

Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.

Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilmişdir. İranda qondarma erməni soyqırımına aid onlarca yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik dəqiqləşdirmələr aparılmışdır.

Əkrəm Rəhimli (Bije)

 Naxçıvan camaatına qarşı erməni silahlı qüvvələrinin təcavüzləri ilə bağlı Nazirlər Kabinetinin dəftərxanasından Təbrizdəki vəliəhd aparatının əməkdaşlarına müraciətlə bir məktub göndərilib. Həmin məktubda deyilir: “Qüdrətli sərhədçilərdən sayılan Maku sərdarı İqbalüs-səltənədən və başqa xanlardan öz könüllü dəstələrindən istifadə etməklə erməni təcavüzkarlarının qarşısını almağı və ermənilərdən Naxçıvan camaatına qarşı təcavüzdən əl çəkməyi tələb etməliyik. Əks halda, İran daxilində xalq ermənilərlə pis rəftar edəcək və intiqama əl atacaq. Bu barədə erməni rəhbərləri ilə müzakirələr aparmaq üçün Təbrizdən də bir nümayəndə heyəti göndərmək lazımdır...”.

Həmin məktubun bütöv mətni belədir: “Əzəmətli, şan-şöhrətli əlahəzrət vəliəhdin kargüzarlarının mübarək hüzuruna!

Əvvəlki teleqraflara və müqəddəs əlahəzrətin son teleqrafına cavab olaraq bildiririk: Əvvəla, sərdar İqbalüs-səltənəyə, digər rəhbərlərə, xanlara əmr verilsin ki, tezliklə öz qüvvələrini səfərbər edib, hər hansı silahlı qüvvənin İran torpağına girməsinin qarşısını dərhal alsınlar.

İkincisi, bu fərmanda göstərildiyi kimi, Təbriz və Tehranda möhtərəm şəxslərdən ibarət bir heyət yaradılaraq xüsusi təlimatla təlimatlandırılıb döyüşhücum bölgələrinə göndərilsinlər. Onlar erməni silahlılarının böyükləri və komandanları ilə görüşüb əlahəzrətin və İran dövlətinin adından onlarla danışıq aparsınlar. Desinlər ki, İran torpaqlarında sizin çoxsaylı həmməzhəbləriniz məskunlaşıb və uzun illər asayiş içində yaşayıblar. Əgər onlar müsəlmanlara qarşı təcavüzkar hərəkətlərinə son qoymasalar, xüsusilə də İran təbəələrinin malına və canına ziyan toxundursalarbu barədə xəbərlər İran dövlətində yayılsa, onda dövlət rəhbərliyi İranın erməni sakinlərinin təhlükəsizliyi ilə bağlı heç bir hadisənin məsuliyyətini üzərinə götürməyəcək. Biz dövlət olaraq sizin həmməzhəblərinizə qarşı müsəlmanların düşmənçilik hisslərinin qarşısını almağa qadir olmayacağıq. Bundan əlavə, İran dövləti Naxçıvanda öz təbəələrini mühafizə və himayə etməyə məcbur olacaq. Buna görə də intiqam hissini bir kənara qoyub sülhlə rəftar etmək və müsəlmanlarda canlarına, mallarına və öz gələcəklərinə inam yaratmaq lazımdır.

Bütün bunlarla bərabər, qorxu və dəhşətdən qaçqına çevrilərək İran torpağına pənah gətirmiş şəxslərlə imkan daxilində mehribanlıqla rəftar edilməlidir. Yerli əhalini onları yaxşı qəbul etməyə təşviq etmək lazımdır ki, onlar özlərinə qarşı soyuqluq hiss etməsinlər”.

Naxçıvan camaatının vəliəhdə göndərdiyi və nəticə görmədiyi teleqraflardan üç ay keçəndən sonra Naxçıvan, Ordubad, Şərur camaatı tərəfindən baş nazir Vusuqəddövləyə aşağıdakı məzmunda məktub göndərilir.

Bu zaman İran dövləti gizlində ingilislərlə müqavilə bağlamışdı. 1919-cu ildə bağlanan bu müqavilə ilə İran olan-olmaz müstəqilliyini də itirmişdi. Naxçıvan camaatı isə bundan xəbərsiz idi. Onların baş nazirə ünvanladığı məktubda deyilirdi: “Əzəmətli və şövkətli baş nazirin yüksək məqamına!

Üç ay əvvəl təkrar-təkrar müqəddəs əlahəzrətin mübarək hüzurunaali məqamına İrana birləşmək barədə öz çoxdankı arzumuzu ərz etmişdik. Bildirmişdik ki, Naxçıvan və Ordubad vilayətlərinin əhalisi rus imperiyasının istibdadı və qəsbkəranə istilasından sonra bütün vətənpərvərlik hissləri ilə ümid gözlərini Kəbə timsallı ali İran dövlətinə dikib. Onlar gözləyirdilər ki, millətlərin azadlığının bütün dünyada sülhün əsası kimi qəbul olunduğu, imperializm hərisliyinin ədalətə məğlub olduğu indiki zamanda yenidən ali dövlət bu ayrı düşmüş xalqı öz idarəçiliyi altına alaraq, üç yüz minlik İran müsəlmanlarının həyatını təmin edəcəkdir. Təəssüf ki, əhalinin bu barədə xahişi dövlət başçıları tərəfindən qulaqardına vurulmuş, nəticədə İrəvandakı müvəqqəti erməni hökuməti bu gün bəyan etdiyi kimi istilaçılıq fikrinə düşmüşdür. Onlar istəyirlər ki, bütün ədalət və azadlıq ölçülərinin əksinə olaraq Naxçıvanı işğal edib, İrəvan müsəlmanlarının başlarına gətirdikləri qanlı olayları bizim də başımıza gətirsinlər. Canımızı, malımızı qətl-qarət etsinlər.

Naxçıvan əhalisi əvvəldən təkbaşına necə müdafiə olunubsa, ermənilərin həmlələrini necə dəf edibsə, yenə də o şəkildə onların təcavüzlərinin qarşısını ala bilər. Lakin bədbəxtçilik bundadır ki, biz ingilis dövlətinin müsəlmanlar barədə yaxşı niyyətdə olduğunu düşündüyümüz halda, gözlənti və ümidlərimizin əksinə olaraq, həmin dövlətin Qafqazdakı məmurlarının açıqlamalarından ermənilərin Naxçıvanı işğal etmələrindən razı qaldıqlarını müşahidə edirik. İranın müqəddəratına məsul olan siz həzrət-əşrəfi-alidən acizanə xahiş və mərhəmət diləyirik ki, bu vilayətin nicatında daha fəaliyyətsiz qalmayasınız. Bu gün İran cəmiyyətinin bir hissəsinin həyatı təhlükədə olduğu üçün İranın bugünkü yüksək dövlət rəhbərləri tarixi məsuliyyət daşıyacaqlar. Birinci növbədə ingilis dövlətinin səfirliyi ilə dərhal müzakirəyə başlayın ki, onların məmurları ermənilərin hücumlarının qarşısını almağa söz versinlər. İkincisi, ali dövlət tərəfindən bu vilayətin idarəçiliyi və nizam-intizamı üçün məmurlar ezam etməyiniz və əhalinin asayişini təmin elməyiniz lazımdır.

Bu arzuxahişimizi teleqraf vasitəsilə Təbrizdəki konsulluqlara, böyük dövlətlərin Tehrandakı səfirlərinə və Fransa səfirinin əli ilə Sülh konfransına təqdim etmişik. İnanmırıq ki, Naxçıvan əhalisinin qanuni xahişi haqq və ədalət uğrunda mübarizə aparan, zəif millətlərin həris imperatorların əlindən xilas edilməsi yolunda milyonlarla qurban verən və nəticədə adı aləmi-bəşəriyyətin azadlıq və səadət simvoluna çevrilən böyük müttəfiq dövlətlərin nigarançılığına səbəb olsun.

Sonda İran ictimaiyyətinin və dünya müsəlmanlarının hamısının diqqətinə çatdırırıq ki, əgər biz Naxçıvan sakinləri öz soydaşlarımız və həmməzhəbimizlə birləşmək hüququndan məhrum olsaq və bəşəriyyətin bütün ədalət və hüquq normalarının əksinə olaraq, qaniçən düşmənlərimiz olan ermənilərin tabeliyi altında qalmağa məcbur edilsək, deməli, onlar bu vilayətin 300 mindən yuxarı günahsız sakinlərinin malını, canını, namusunu erməni əsarəti altında fəlakət və fənaya məhkum edirlər.

18 səur, Naxçıvan, Şərur, Ordubad və ətraf əhalinin ümumi vəkilləri və nümayəndələri: Mehdiqulu xan, Şeyxülislam, Əbdülcəbbar, Hacı Seyyid Bağır”.

Ağayi Mənsur bu teleqrafı da lazımi orqanlara göndərir.

Bəs bu müraciətlərin müqabilində dövlət nə təklif edir?

“19 Səur 98

[möhür rəqəmi] Nazirlər Kabinetinin arxivi. Nömrə 50.

... İngilislər bir tərəfdən, camaata hərtərəfli təsir göstərirdilər ki, Naxçıvanda ermənilərin hakimiyyətini yaratsınlar, digər tərəfdən Naxçıvan camaatının İrana birləşmək xahişinin Sülh Konfransının təsdiqinə göndərilməsini təxirə salırdılar. Onlar bütün güc və qüvvələri ilə İran nümayəndə heyətinin konfransda iştirakına mane oldular”.

Eynulla Müddəli adlı şəxs o böhranlı illərdə Naxçıvanın siyasi mənzərəsini belə təsvir edir: “1918-20-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyət dövründə Naxçıvanda siyasi vəziyyət mürəkkəbləşmişdi. Hələ 1918-ci ilin baharından bu bölgədə ermənilərin təcavüzü başlamış, qısa fasilələrlə 1920-ci ilin aprelinə qədər davam etmişdi. Azərbaycan Demokratik Cümhuriyyəti zəif olduğundan, Naxçıvandan türk ordusu gedəndən sonra - 1918-ci ilin noyabrın 3-də burada Türk-Araz adlı müstəqil bir dövlət yarandı və Qars İslam Şurası adlı bir hökumət təşkil olundu. 1919-cu ilin yanvarın 7-də bu ittifaq Cənubi-Qərbi Qafqaz adlı dövlətlə birləşdi və ingilislər onu ləğv edənə - 12 aprelə qədər öz mövcudluğunu qoruyub saxladı. Naxçıvanda ingilis hərbi komandanlığı yarandı. Bu zaman Naxçıvana erməni təcavüzləri gücləndi. İngilislər bütün imkanlarını işə salaraq çalışırdılar ki, Naxçıvanı daşnak Ermənistanına versinlər. Buna görə də Azərbaycan Demokratik Cümhuriyyətinin nümayəndələrinə təzyiq edərək onları Naxçıvanı tərk etməyə məcbur edirdilər.

Beləliklə, bir neçə aydan sonra - 1919-cu il mayın 3-də ermənilər Naxçıvana hücum edə bildilər. Ancaq onlar orada uzun müddət qala bilmədilər. Naxçıvan Milli Şurasının rəhbərliyi (Cəfərqulu xan, Kəlbəli xan, Xəlil bəy və başqaları) Azərbaycan Demokratik Cümhuriyyətinə ermənilərə heç vaxt itaət etməyəcəklərini bildirərək, xalqı ermənilərlə qeyri-bərabər müharibəyə dəvət etdilər. Avqustun 30-da Naxçıvan ermənilərdən təmizləndi. Ermənilər qaçandan sonra Azərbaycan Demokratik Cümhuriyyəti Səməd bəy Cəmilinskini Naxçıvanın hərbi komandanı təyin etdi. Lakin bundan sonra da Naxçıvan ermənilərin daimi hücumlarına hədəf oldu.

Belə bir şəraitdə Naxçıvan əhalisi gah Türkiyə, gah da İrana üz tutaraq erməni hücumlarını dəf etmək üçün kömək istəyirdi. Naxçıvanın bəzi dairələri, xüsusilə də əvvəlki xanların nəslindən olan şəxslər xarici siyasətdə İranın himayədarlığına üstünlük verirdilər.

Naxçıvan əhalisini erməni təcavüzündən qorumaq üçün Naxçıvan və Şərur nümayəndələrindən ibarət bir qrup İran dövlətindən yardım almaq məqsədi ilə Təbrizə - vəliəhd Məhəmməd Həsən Mirzə ilə görüşə yollandılar. Nümayəndələri qəbul edən vəliəhd Tehranla məsləhətləşmələrdən sonra mötəbər və rəsmi bir nümayəndə heyəti təşkil edib, Naxçıvana yola saldı. Xüsusi fərmanla nümayəndə heyətinə Mirzə Əli Heyət rəhbərlik edirdi”.

Naxçıvanda vəziyyət ağır olsa da, o, erməni caynağından xilas ola bildi. Lakin gördüyümüz kimi, əsrlər boyu müsəlmanların vətəni olmuş İrəvanda və onun ətraf yerlərində daşnaklar xaricilərin köməyi ilə soyqırım törətməklə, yerli müsəlmanları didərgin salmaqla həmin əraziləri qəsb edib, o torpaqların sakinlərinin cəsədləri üzərində Ermənistan Respublikasını yaratdılar.

Bu proses, yəni soyqırım və bu diyarın müsəlmanlarını dərbədər salmaq siyasəti sonralar da davam etdirilib. 1950-ci ildə azərbaycanlıların xeyli hissəsi zorla Ermənistandan xaric edildi. Ermənilər öz cinayətkar əməllərini gizlətmək üçün türk-azəri məntəqələrinin çoxunun adlarını dəyişib erməni adları ilə əvəz etdilər. Səbahəddin Eloğlu Zəngəzur hadisələri haqqındakı kitabında (Zəngəzur hadisələri, Bakı, 1992) yazır: “Ermənistanın indiki ərazisinin 82 faizi Azərbaycan torpaqlarıdır. Bu əraziləri 1828-ci il “Türkmənçay” müqaviləsindən sonra ruslar müxtəlif vaxtlarda və müxtəlif yollarla Azərbaycandan ayırıb ermənilərə verib. Məsələn, Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Şəmsəddin vilayəti, Göyçə azərbaycanlıların ata-baba torpaqlarıdır. Bu yerlərdə 15-dən artıq rayon, 10 böyük şəhər, 11 kiçik şəhər və ya qəsəbə, yüzlərlə kənd adı dəyişdirilib. Onlardan bir neçəsini sadalayırıq: Allahyarlı - Tumanyan, Hacı Həzər - Kamo, Karvansara - İcevan, Duzkənd - Axuryan, Sərdarabad - Oktembryan, Qəmərli - Artaşart, Hamamlı - Spitak, Ağababa- Amasiya”.

Ermənilər Aşıq Ələsgərin doğulduğu Göyçə vilayətini də öz caynaqlarına keçirdilər. Sovet dövründə Azərbaycanın bütün tarix kitablarında Göyçə mahalı Vardenis kimi Berd, Göyçə gölü isə Sevan adlandıralaq Ermənistan xəritəsinə daxil edilmişdi. Bu vilayətin dərələrinin, təpələrinin, çaylarının da adları erməniləşdirilmişdi. Azəri müsəlmanları kütləvi şəkildə köçməyə məcbur etdilər.

Yerdə qalan azərbaycanlılar son illərin hadisələrində, 1988-ci ildə bu torpaqlardan qovuldular. İran İslam Respublikasının Ermənistandakı səfiri Həmidrza Hikkar İsfəhani “Ermənistanda etnik azlıqlar” kitabında yazır: “Ermənistan Respublikası cəmiyyətin quruluşu baxımından keçmiş Sovet İttifaqı resbulikaları arasında milli tərkibə görə yekcins cəmiyyətə malik olmuşdur. Burada həmişə milli azlıqların sayı qəsdən azadılmışdı”.

Cəmiyyətin monomilli olmasının səbəbi soyqırım siyasəti və müsəlmanların qovulması olub. Həmin müəllif buradakı müsəlmanların son illərdəki vəziyyəti barədə yazır: “Ermənistan azərbaycanlıları ən böyük milli tərkib kimi İrəvan şəhərində yaşamış və öz mədrəsələrini təsis etməyə çalışmışlar. 1970-ci ildə Ermənistanda əhalinin siyahıya almasında azərbaycanlıların əksərən kəndlərdə yaşadığı, yalnız az bir qisminin İrəvan, Qafan, Qacaran, Gümrü şəhərlərində yaşadıqları qeyd edilmişdi. Ümumiyyətlə, Ermənistanın müxtəlif məntəqələrində azərbaycanlıların sayı aşağıdakı kimi olmuşdur: Amasiyada 82,7%, Vardenisdə [Göyçə mahalı] 65%, Meqridə 57%, Qafanda 53,6%, Krasnoselskdə 51,5%, Masisdə 33,2%, Sisyanda 30,1%, Boğqonadzorda 18,8%, Quqarekdə 28,8%, Kalinində 29,1%, Əzizbəyovda (Vaykeknunidə) 27,7%.

Ermənistanda yaşayan azərbaycanlıların təkidi və təşəbbüsü ilə İrəvanda azərbaycanlıların texniki sahələr üzrə məktəbi, qəzet-jurnalı, Azərbaycan dilində tamaşa göstərən xüsusi teatrı, Ermənistan sərhədlərindən kənarda yaşayan soydaşlar üçün radio verilişləri, Abovyan adına Azərbaycan dili və ədəbiyyatı üzrə pedoqoji institutu fəaliyyət göstərmişdi.

Ermənistanda yaşayan azərbaycanlıların hamısı müsəlman və əksəriyyəti şiəməzhəb idilər. Masis rayonunda və Ermənistanın digər yerlərində kürdlərlə yaxınlıqda sünnüməzhəblər də yaşamışlar.

Burada qarışıq nikahlar çox az olub. Qarabağ münaqişəsi Ermənistandakı azərbaycanlıların qaçqın və didərgin düşməsinə səbəb oldu.

Deyilənə görə, təkcə İrəvanda deyil, ümumiyyətlə, bütün Ermənistan ərazisində bu günbir nəfər də azərbaycanlı qalmamışdır”. Sübut olunmuş tarixi faktlara görə, uzun əsrlər boyu bu ərazi azərbaycanlılara məxsus olub və erməni azlığı da müsəlmanların ətrafında sülh və barış içində yaşayıb. Onlar daim bu vilayətin müsəlman hakimlərinin himayə və yardımından faydalanmışlar.

İrəvan Dövlət Universitetinin müəllimi doktor Qorki Nalbandiyan yazır: “...Ararat ərazisi və ya Çuxursəd vilayətində qızılbaşlara qoşulan böyük sədulu əmirləri hökmranlıq edirdilər. Onlar öz xristian təbəələrinə, xüsusilə yüksək rütbəli erməni ruhanilərinə, tacirlərə, qeyri-müsəlmanlara mülayimxoş üz göstərirdilər. Təsdiqlənmiş qaynaqlarda da Şah İsmayılın ermənilərlə mülayimxoş davranması, xüsusilə də Eçmiədzinin böyük yepiskopu Zəkəriyyəyə yaxşı münasibəti dəfələrlə qeyd olunub”.

Hazırda İrəvanda və Tiflisdə Qafqaz incəsənət əsərlərinin tədqiqi ilə məşğul olan doktor Şəhriyari Ədl 1831-ci ilin statistikasına əsaslanaraq İrəvan şəhərində 6 məscid, 7 kilsə olduğunu bildirir. Görünür ki, İrəvanda müsəlman əhalinin say baxımından xristianlardan üstün olmasına baxmayaraq, Qacar sərdarı bu iki dinin daşıyıcılarının müvazinətini qoruyub saxlamağa xüsusi diqqət yetirmişdir.

 

əvvəli, ardı var

 

Respublika.-2014.- 3 avqust.- S.3.