Sərhəd Mühafizəsinin
dinamik inkişafı uğurla
davam etdirilir
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti sərhədlərin mühafizəsini haqlı olaraq dövlətçilik üçün mühüm amillərdən biri hesab etmişdir. Milli hökumət 1918-ci il iyun ayının 22-də Poylu stansiyasında sərhəd postunun yaradılması barədə qərar vermiş və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır. İyulun 12-də Qazax qəzasında Salahlı və Şıxlı sərhəd postları təşkil edilmiş, 1919-cu il avqust ayının 18-də isə Azərbaycan Respublikasının Parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” Qanun qəbul etmişdir. Qanunda bütün respublikanı əhatə edən sərhəd postlarının yaradılması nəzərdə tutulurdu. Məhz həmin tarixdə sərhəd mühafizə qüvvələrinin yaradılmasının ilk rəsmi əsası qoyuldu. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev varislik prinsipini əsas götürərək 2000-ci il avqust ayının 16-da imzaladığı fərmanla avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi təsbit etmişdir.
Ölkəmizin sərhədçiləri bu il də peşə bayramlarını xidmətdə qazanılmış böyük nailiyyətlərlə, yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd mühafizəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Vətənimizin hüdudlarının yüksək səviyyədə qorunması təmin olunub, güclü, dünya standartlarına tam cavab verən, texniki cəhətdən ən müasir səviyyədə təmin olunmuş sərhəd infrastrukturu yaradılıb.
Dövlət sərhədlərimizin toxunulmazlığının təminatı sahəsində dinamik inkişaf, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işləri, qarşıya qoyulmuş xüsusi tapşırıqların icrası və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi ilə əlamətdar olan ötən ilin sentyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Lənkəran Sərhəd Dəstəsinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün inşa olunmuş yeni xidməti və yaşayış şəhərciyi kompleksinin açılış mərasimində iştirak etməsi, bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bundan başqa cənab Ali Baş Komandanın MDB Sərhəd Qoşunları Komandanlar Şurasının Bakıda keçirilən 70-ci iclasının nümayəndələri ilə sentyabr ayının 9-da görüşməsi, həmin görüşdə proqram əhəmiyyətli nitq söyləməsi Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına göstərilən yüksək qayğının növbəti təzahürü olmuşdur. Bu il iyul ayının 18-də cənab Prezidentin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmi inşası zavodunun fəaliyyətə başlaması ölkəmizdə mükəmməl sərhəd infrastrukturu yaradılması
istiqamətində həyata keçirilən mühüm tədbirlərin növbəti nəticəsidir. 13 min kvadratmetr ərazidə inşa olunmuş zavod dəniz sərhədlərimizin mühafizəsində çox mühüm rol oynayacaqdır. Zavodun imkanları hesabına sərhəd gözətçi gəmiləri yenilənəcək, sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənəcək və dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksələcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilərlə görüşləri, onlar üçün yaradılmış şəraitlə şəxsən tanış olması, problemlərin həll edilməsinə yüksək qayğı göstərməsi, görülmüş işləri müsbət qiymətləndirməsi Vətənimizin sərhədləri keşiyində duran hər bir sərhədçinin məsuliyyət hissini xeyli artırır və böyük ruh yüksəkliyi yaradır. Təkcə keçən il dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində çoxsaylı uğurlar qazanılmışdır. 267 binadan ibarət 21 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilmişdir.
95 illik yubiley münasibəti ilə Dövlət Sərhəd Xidmətində xüsusi tədbirlər planı hazırlanmış, həmin plana əsasən çoxsaylı səmərəli tədbirlər keçirilmişdir. Bu tədbirlər sırasında bir qrup sərhədçinin “Heydər Əliyev” zirvəsinə və “İlham Əliyev” zirvəsinə yürüş etməsini xüsusi qeyd etmək lazımdır.
Əsaslı tikinti-quruculuq işləri aparmadan, yeni sərhəd infrastrukturu yaratmadan müstəqil dövlətimizin sərhədlərinin toxunulmazlığını lazımi səviyyədə təmin etmək mümkün olmazdı. Müstəqil Azərbaycan Respublikasının sərhədlərinin uzunluğu sovet Azərbaycanı dövründəki ilə müqayisədə 4 dəfədən də çoxdur. Buna görə də müstəqillik dövründə dövlət sərhədlərimizdə tikinti-quruculuq işləri aparmaq, yeni sərhəd infrastrukturu yaratmaq zəruri idi. Qürur hissi ilə demək olar ki, Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olmaqla bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlib.
Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük diqqət və qayğının nəticəsində Dövlət Sərhəd Xidməti qısa müddət ərzində böyük inkişaf yolu keçərək formalaşıb və dövlət sərhədlərinin etibarlı mühafizəsini yüksək səviyyədə təşkil etməyə qadir olan mütəşəkkil bir quruma çevrilib. Cənab Prezident tərəfindən 27 dekabr 2005-ci ildə “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın imzalanması və bu proqramın uğurla həyata keçirilməsi sərhədlərimizin mühafizəsinin yüksəldilməsinə çox böyük təkan verib.
Qarşıya qoyulmuş vəzifələrin, demək olar ki, tam yerinə yetirilməsi xidmətin bütün sahələrinə— dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsinə, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizədə imkanların genişləndirilməsinə, yeni sərhəd məntəqələrinin tikintisinə, dövlət sərhədində mühəndis-texniki qurğuların yaradılmasına və bərpa edilməsinə, qoşunların döyüş və səfərbərlik hazırlığının artırılmasına, müasir idarəetmə infrastrukturunun yaradılmasına, buraxılış məntəqələrində sərhəd nəzarətinin müasir tələblər səviyyəsində təşkil edilməsinə, beynəlxalq sərhəd əməkdaşlığının inkişafına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasına, hərbi qulluqçuların maddi, sosial, hüquqi təminatlarının yaxşılaşdırılmasına aiddir. Texniki inkişaf, müasir avadanlıq və vasitələrlə təchizat, təbii ki, sərhədlərimizin mühafizəsinin səviyyəsini daha da yüksəldir. Məsələn, sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət xeyli gücləndirilib. Yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr xidmətin müasir tələblər səviyyəsində qurulmasına geniş imkanlar yaradır.
Dövlət Sərhəd Xidmətinin fəaliyyətində sərhədçilərin sosial məsələlərinin həlli xüsusi diqqət mərkəzindədir. Sosial məsələlərin həllinə göstərilən diqqət öz mənbəyini cənab Ali Baş
Komandanın bu sahəyə göstərdiyi xüsusi qayğıdan alır. Cənab Prezident sərhədçilərlə keçirdiyi bütün görüşlərdə sərhəd mühafizəsi işinin təşkili, texniki avadanlıqlarla təminat, tikinti-quruculuq işləri, mənəvi, fiziki və psixoloji, döyüş hazırlığı məsələləri ilə yanaşı, şəxsi heyətin sosial-məişət şəraiti ilə də daim maraqlanır, əsgər yataqxanalarına baş çəkir, əsgər yeməkxanalarında nahar edir. Sərhədçilərin sosial-məişət şəraitinə göstərilən bu diqqət isə heç də təsadüfi deyil. Zabit, gizir və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sərhəd mühafizəsinin səviyyəsinin yüksəlməsində, uğurlu xidməti-döyüş nəticələrinin əldə olunmasında çox mühüm rol oynayır.
Sərhədlərimizdə yeni inşa olunmuş sərhəd məntəqələrinin hamısında zabit və gizir ailələri üçün çoxmərtəbəli yaşayış binaları tikilir, mənzillər mebel və digər məişət avadanlıqları ilə tam təmin edilir. Bütün sərhəd dəstələrinin qarnizonlarında, eləcə də Bakı şəhərində çoxsaylı mənzillər tikilərək sərhədçi zabit və gizirlərin ailələrinə verilmişdir və bu istiqamətdə işlər uğurla davam etməkdədir. Qeyd olunmalıdır ki, ucqar yerlərdə inşa edilən zastavalardakı yaşayış binalarının mənzilləri də bütün zəruri məişət avadanlıqları ilə təchiz olunur, hətta həmin binaların önündə uşaq şəhərcikləri də salınır.
Sərhədçilərin mənzil təminatının yaxşılaşdırılması işləri istirahət və müalicə səviyyəsinin yüksəldilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərlə paralel şəkildə aparılır. Abşeron rayonunun Goradil qəsəbəsində tikilmiş “Sərhədçi”, Lənkəran Sərhəd Dəstəsində “Vel” istirahət mərkəzlərində mənalı istirahət üçün bütün şərait yaradılıb. Yeni istifadəyə verilən obyektlərin əksəriyyətində böyük klublar, yay klubları, çayxanalar, məişət, iaşə və ticarət xidməti obyektləri, tibb məntəqələri, uşaq bağçaları var ki, bu da sərhədçilərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verir. Dövlət Sərhəd Xidmətinin poliklinikasında və hərbi hospitalında sərhədçilərə yüksək səviyyədə tibbi xidmət göstərilir.
Dövlət Sərhəd Xidmətində şəxsi heyətin maddi və mənəvi təminatının yüksək olması üçün mütəmadi şəkildə məqsədyönlü tədbirlər həyata keçirilir. Sərhədçilərin maddi təminatının yaxşılaşdırılması, sosial-məişət şəraitinin günün tələbləri səviyyəsində qurulması, yanacaq, elektrik və su təchizatı daim diqqət mərkəzindədir.
Sərhəd mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2013-cü ildə dövlət sərhədini pozduğuna görə 515 nəfər, sərhəd rejimi qaydalarını pozduqlarına görə 18 min 158 nəfər saxlanılıb, axtarışda olan 2303 şəxs tutulub, 339 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 12 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. İl ərzində 4 milyon 669,2 min manat dəyərində qaçaqmal tutulub, 150 kq 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 25,8 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
Qanunsuz miqrasiya ilə məşğul olan 3 kriminal qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycana məxsus 87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türkmənistana məxsus 1, Qazaxıstana məxsus 1 gəmiyə, Azərbaycana məxsus 488 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycan Respublikasına məxsus 55 gəmi, RF-yə məxsus 8 gəmi, İİR-ə məxsus 1 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycan Respublikasına məxsus 274 qayıq barəsində zəruri tədbirlər görülüb. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri— 35 min metr tor və 500 ədəd qarmaq yığılıb.
Ulu öndər Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərar verdikdən sonra ölkəmizin sərhəd mühafizəsi tarixində yeni mərhələ başlandı. Sərhəd gözətçi gəmilər briqadasında əsaslı tikinti və təmir işləri aparıldı, gəmilərin cari və tərsanə təmiri, müasir tipli radioelektron və naviqasiya cihazları, qəza-xilasetmə və digər avadanlıqlarla, katerlərlə təmin edilməsi yüksək səviyyədə həyata keçirildi.
Dəniz sərhədlərimizin mühafizəsini daim xüsusi diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin tərkibində Sahil Mühafizəsi yaradıldıqdan sonra dəniz sərhədlərimizin mühafizəsi istiqamətində qarşıya qoyulmuş vəzifələr daha mühüm xarakter alıb.
Son illər Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin maddi-texniki bazası möhkəmləndirilmiş, döyüş vahidlərinin sayı artırılmış, kadr hazırlığına xüsusi diqqət yetirilmiş, dəniz sərhədlərinin müasir mühafizə sistemi yaradılmışdır. 2008-ci il noyabr ayının 8-də açılış mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi yeni və regionda bənzəri olmayan bazanın istifadəyə verilməsi, burada ən müasir avadanlıq və vasitələrin quraşdırılması Xəzər dənizinin Azərbaycana məxsus hissəsində nəzarətin gücləndirilməsinə, dəniz sərhədlərinin, neft-qazçıxarma rayonlarının, platforma və sualtı boru kəmərlərinin daha etibarlı şəkildə mühafizəsinə, beynəlxalq terrorizmə, qeyri-qanuni miqrasiyaya, qaçaqmalçılıq və narkotik maddələrin, kütləvi qırğın silahlarının komponentlərinin, radioaktiv maddə və materialların qanunsuz dövriyyəsinə, bioresursların qorunmasında müvafiq qurumlara köməkliyin göstərilməsinə, axtarış-xilasetmə əməliyyatlarının keçirilməsinə geniş imkanlar yaratmışdır.
Su sərhədlərimizin daha etibarlı qorunması məqsədilə bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Lənkəran, Xudat sərhəd dəstələrinin dəniz zastavaları və Bakı Sərhəd Nəzarəti Dəstəsi Dəniz Sərhəd Nəzarəti şöbəsinin sahil mühafizəsi sərhəd nəzarəti bölmələrinin əsasında müvafiq şəkildə cənub, şimal və mərkəz məntəqələri yaradılaraq Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin tabeliyinə verilib. Bundan əlavə, Lənkəran, Astara, Ələt, Gürgan, Siyəzən və Yalamada Texniki Müşahidə Məntəqələri (radarlar) qurulub. Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsini xüsusi vurğulamaq lazımdır. Hazırda tam peşəkar heyətlə komplektləşdirilmiş Sahil Mühafizəsi dənizdə dövlət maraqlarımızın qorunması və təhlükəsizliyin təmin edilməsi üçün mükəmməl və müasir tələblərə tam cavab verən infrastruktura malikdir.
Dövlət Sərhəd Xidməti Vətənimizin sərhədlərinin toxunulmazlığını təmin etməklə, terrorizmə, qaçaqmalçılığa, qeyri-qanuni miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə aparmaqla yanaşı, mülki əhalinin sosial problemlərinə, müəyyən köməklik üçün müxtəlif qurumlardan daxil olmuş müraciətlərə heç vaxt biganə qalmır və qala da bilməz. Çünki sərhədçilər ölkə vətəndaşlarının qayğı və problemləri ilə birgə yaşayır və çətinliklərin, çatışmazlıqların aradan qaldırılmasında onlara yaxından köməklik göstərməkdən qürur duyurlar.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasındakı əməkdaşlıq yüksək səviyyədədir. Hazırda Xəzər dənizində dövlət sərhədlərimizin mühafizəsinə çıxan gəmilərin bir neçəsi əvvəllər Dövlət Neft Şirkətinə məxsus olmuş və ulu öndərin qərarı ilə Dövlət Sərhəd Xidmətinə verilmişdir. Platformadakı alovun ram edilməsində sərhədçilər yüksək peşəkarlıq nümayiş etdirmişlər. Baş vermiş yanğının üzmə vasitələrinə quyuya 350 metrdən yaxına getməyə imkan vermədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində açılmış sərrast atəşlər nəticəsində quyunun ağzının yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənilməsi, bu tapşırığın yerinə yetirilməsində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirməsi, nəticə etibarilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən xüsusi qeyd olunmuş, Dövlət Sərhəd Xidmətinin 17 hərbi qulluqçusu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirərkən qəzaya uğramış AN-140 tipli sərnişin təyyarəsinin qalıqlarının, dənizə düşmüş hissələrinin axtarılıb tapılması və sudan çıxarılması işlərində də Dövlət Sərhəd Xidmətinin müasir avadanlıq və vasitələrlə təchiz edilmiş, lazımi xidmət vərdişlərini mənimsəmiş xüsusi dalğıcları böyük peşəkarlıq nümayiş etdirmişdilər. Bundan əlavə müxtəlif səbəblər üzündən dənizdə qalmış balıqçılar dəfələrlə sərhədçilərin ekstremal şəraitdə xidmət etmək bacarıqlarına malik olmaları sayəsində xilas olunublar. Bu faktlar əyani şəkildə göstərir ki, sərhədçilərimiz çətin anlarda öz xalqının yanındadır və
ekstremal məqamlarda qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadirdirlər.
Sərhədçilərin hərbi, mənəvi-psixoloji, fiziki hazırlığı da yüksək səviyyədədir. Təbii ki, mövcud səviyyəyə qalxmağı təmin edən müxtəlif amillər vardır. Romantik peşə sahibi olan sərhədçilər Vətənə daha çox bağlı olurlar. Sərhədçilər Vətənin daş-kəsəyini, gül-çiçəyini, hər yarpağını əzizləyirlər, sərhədin müqəddəsliyinə zərrə qədər xələl gəlməsini istəmirlər və bu yolda varlıqlarından hər an keçməyə həmişə hazırdılar. Qoruduqlarının qədrini bilən sərhədçilər həm də Vətənin daxilində sabitliyin, asayişin, inkişafın, tərəqqinin olmasını daim arzulayırlar. Məhz buna görə də sərhədçilər həm Vətənin müdafiəsində, həm də dövlətçiliyin qorunub saxlanılmasında qəhrəmanlıq nümunələrini fədakarlıqla göstərə biliblər və bilirlər. Sərhədçilər Vətənə bağlı olduqları qədər xalqa və xalq tərəfindən seçilmiş Prezidentə daim sadiqlik nümunəsi göstərirlər.
Mənəvi-psixoloji hazırlıq əslində bütün hazırlıqların təməlidir. Əgər mənəvi-psixoloji hazırlıq zəif olarsa, digər bütün hazırlıqlar lazımi nəticəni verə bilməz.
Şəxsi heyətin hərbi hazırlığı sərhədçi zabitlərin hazırlığı ilə bilavasitə bağlıdır. Sərhəd xidmətinin və hərb sənətinin sirlərini, xalqımızın mənəvi-mədəni dəyərlərini dərindən bilən yüksək ixtisaslı zabitlər olmasa, sözsüz ki, ciddi uğur qazanmaq olmaz. Sərhədçi zabitlərin hazırlığı hələ sovet dövründə ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Sərhədçi zabitlərin hazırlanması 1993-cü ildən Bakı Ali Birləşmiş Komandirlər Məktəbində yaradılmış sərhəd qoşunları fakültəsində, 1998-ci ildən isə MTN-in Akademiyasında təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə fərman imzalaması sərhədçi zabitlərin hazırlanması prosesində ciddi dəyişiklik yaratdı. Əzəmətli akademiya kompleksində təhsil almaq, sərhədçi zabit kimi formalaşmaq, hərbi biliklərin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərə, sərhədçi peşəsinin incəliklərinə yiyələnmək üçün bütün imkanlar var. Artıq üçüncü ildir ki, akademiyanın məzunları təntənəli surətdə sərhədçi andını içərək Vətənimizin sərhədlərinin mühafizəçiləri sırasına qatılırlar.
Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə, ekstremal şəraitdə peşə vərdişlərinin yüksək səviyyədə olmasına böyük yardım göstərən taktiki təlimlərin keçirilməsi artıq ənənə şəklini almışdır. Hər il keçirilən taktiki təlimlər həm də döyüş hazırlığının səviyyəsinin nümayişinə çevrilir. Keçən il avqust ayının ortalarında Dövlət Sərhəd Xidmətinin Sitalçay qəsəbəsindəki səhra təlim mərkəzində “Azərbaycan Respublikasının ərazisinə düşmən qoşun qruplarının hücumlarının qarşısının alınması, terror-təxribat qruplarının zərərsizləşdirilməsi” mövzusunda döyüş atışlı taktiki təlimlərin keçirilməsi, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığının nümayiş etdirilməsi xüsusi qeyd olunmalıdır. Dövlət Sərhəd Xidmətinin Xəzər dənizində keçirdiyi təlimlərdə və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə keçirilən birgə irimiqyaslı əməliyyat-taktiki təlimlərdə də sərhədçilər peşəkarlıq, möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirmişlər.
Yüksək fiziki hazırlıq sərhədçidən tələb edilən çox vacib xüsusiyyətdir. Sağlamlıq bu hazırlığın ilkin zəruri hissəsidir. Sağlam olmayan, yüksək fiziki hazırlıq nümayiş etdirə bilməyən sərhədçi Vətənimizin hüdudlarının mühafizəsi işini apara bilməz. Odur ki, şəxsi heyətin sağlamlığı xüsusi diqqət mərkəzində saxlanılır. Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində müasir avadanlıq və vasitələrlə, ixtisaslı tibb işçiləri ilə təmin olunmuş tibb məntəqələri fəaliyyət göstərir. Bütün şəxsi heyət mütəmadi olaraq ümumi müayinələrdən keçirilir. Mövsümə uyğun olaraq keçirilən müayinə-profilaktika tədbirləri şəxsi heyətin fiziki sağlamlığını daim nəzarətdə saxlamaq imkanı yaradır. Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında və poliklinikasında şəxsi heyətin yüksək səviyyədə müayinə və müalicə olunması üçün bütün imkanlar var.
Fiziki cəhətdən yüksək hazırlığa nail olunması üçün Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində yaxşı şərait yaradılıb. Lazımi idman avadanlığı və vasitələri ilə təmin edilmiş meydançalar, zallar sərhədçilərin istifadəsindədir. Sərhədçilər günün rejim qaydalarına əsasən həm kütləvi və mütəmadi şəkildə, həm də fərdi qaydada idmanla məşğul olurlar. 2009-cü ilin avqust ayında açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
iştirak etdiyi “Sərhədçi” idman-olimpiya mərkəzində dünya standartlarına uyğun şərait yaradılıb. 2010-cu ildən etibarən sərhədçi idmançıların beynəlxalq və yerli yarışlarda 235 qızıl, 162 gümüş, 222 bürünc medal qazanmaları, taktiki təlimlərdə həmişə yüksək fiziki hazırlıq nümayiş etdirmələri qürur doğurur.
Sərhədçilərin yerli əhali ilə sıx əlaqələri, yerlərdə problemlərin həllində yaxından iştirakı, sərhədyanı kənd və rayonlarda keçirilən kütləvi tədbirlərdəki fəallığı, dövlət sərhədlərimizin mühafizəsinin təşkili, aparılan tikinti-quruculuq işləri, əldə olunan nəticələr barədə kütləvi informasiya vasitələrinə mütəmadi məlumatların verilməsi və s. sərhəd mühafizəsinin ümumxalq işi olması barədə ictimaiyyət arasında sağlam rəyin formalaşmasında mühüm rol oynayır.
Valideynlərin Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ilə əlaqəsi övladı sərhədçilərin sırasına qatıldığı ilk günlərdən başlayır. Dövlət Sərhəd Xidmətinin rəisi—Sərhəd Qoşunlarının Komandanı cənab general-polkovnik Elçin Quliyevin göstərişinə əsasən, Dövlət Sərhəd Xidmətində hərbi xidmətə yeni çağırılmış hər bir əsgərin valideynlərinə xüsusi məktublar göndərilir, tövsiyə və təkliflər verilir. Bununla da valideynlərlə hərbi hissələrin əlaqəsi başlayır və əsgərlərin daha yaxşı xidmətə həvəsləndirilməsinə imkanlar yaranır. Keçən ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsinə başlanılmışdır. Bu tədbir müddətli hərbi qulluqçularla təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsində, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılmasında çox böyük əhəmiyyət daşıyır. Bu tədbir zamanı valideynlər hərbi hissə və sərhəd mühafizəsi barədə məlumatlar alır, övladlarının xidmət və məişət şəraiti ilə yaxından tanış olurlar. Xidmətdə fərqlənən əsgərlər təltif olunur, valideynlərə təşəkkür məktubları verilir. Valideynlərin təklif və rəyləri dinlənilir.
Sərhədçi peşəsi Vətənə məhəbbətdən, xalqa və dövlətə sədaqətdən yaranıb, doğma torpağa və xalqa, dövlətə xidmət üçündür. Buna görə də 18 avqust təkcə sərhədçilərin deyil, həm də Vətənini, xalqını və dövlətini sevən hər bir şəxsin bayramıdır.
Zülfüqar ŞAHSEVƏNLİ,
Respublika.-2014.- 17 avqust.- S.2.