Xanqan çayı üzərində möcüzə

 

Müstəqilliyini 66 il bundan əvvəl elan etmiş Koreya Respublikası bu gün Şərqi Asiya regionunda, həmçinin dünyada qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Koreya dünya ölkələri arasında qədim tarixi, özünəməxsus mədəniyyəti ilə fərqlənir. Bu ölkə öz inkişafına çox qısa müddət ərzində, sadəcə, xalqın iradəsi sayəsində nail olmuşdur.

Koreya yarımadası 60 ildən artıqdır ki, Asiya-Sakit okean regionunda təhlükəli münaqişənin potensial ocağı olaraq qalmaqdadır. 38-ci paralelin hər iki tərəfində iri ordular formalaşıb, ayırıcı xətt boyunca dünyanın böyük dövlətlərinin—ABŞ, Yaponiya, Çin və Rusiyanın hərbi-siyasi maraqları toqquşur. Bu regionda iki ictimai-siyasi sistemin və ideologiyanın qarşı-qarşıya durması kəskin müşahidə olunur. Və həmin dövlətlərdə özlərinin qədim tarixi, özünəməxsus mədəniyyəti və milli dili ilə eyni xalq yaşayır.

Son onilliklər ərzində Koreya Respublikası parlaq iqtisadi uğurlar qazanmışdır. 1997-ci ilin sonlarında başlayanbütün Asiya bazarlarını əhatə edən böhran ölkənin iqtisadi nailiyyətləri üçün qorxu yaratsa da, Cənubi Koreya iqtisadiyyatı çox keçmədi ki, bərpa olundu. Hökumət möhkəm qətiyyətlə islahatları davam etdirdi. Son on ildə ölkənin dünya iqtisadiyyatına inteqrasiyası iti sürətlə davam etdi.

Qeyd etmək lazımdır ki, xarici əlaqələrə yönəlmiş iqtisadi inkişaf strategiyası artımın başlıca amili kimi ixracata əsaslanır və Koreya Respublikasının iqtisadiyyatının köklü surətdə dəyişməsinə kömək edir. Bu strategiya zəminində bir çox iqtisadi inkişaf proqramları uğurla həyata keçirilmişdir.

İdxalatın başlıca məhsullarına neft xammalı və təbii minerallar kimi sənaye xammalı, kütləvi istehlak malları, ərzaq məhsulları, həmçinin maşın, elektron və nəqliyyat avadanlıqları daxildir.

Əslində Cənubi Koreyanın iqtisadi inkişafının təməlində təhsilə olan münasibət durur. Bu sahəyə ciddi diqqət yetirilir.

Hazırda Cənubi Koreya cidd-cəhdlə çalışır ki, yaxın illərdə Asiya dövlətlərinin qüdrətli iqtisadi blokunun mərkəzinə çevrilsin. Bu ölkə böyük insan ehtiyatlarına, zəngin təbii sərvətlərə və nəhəng istehlak bazarına malik olan Şimal-Şərqi Asiya regionunda mühüm yer tutur.

İqtisadiyyatının həcminə görə dünyada 13-cü yeri tutan Koreya Respublikası bir çox cəhətdən uğur nümunəsidir. Ticarətin həcminə görə dünyada 11-ci, valyuta ehtiyatlarının miqdarına görə isə 6-cı yerdədir.

Cənubi Koreya dünyada ən iri gəmi istehsalçılarından biridir. Ölkənin gəmiqayırma sənayesi bu sahənin lideri olmaqda davam edir. Yeni sifarişlərin sayına və inşa edilmiş gəmilərin tonnajına görə bu ölkə dünyada birinci yerdə qərar tutub. Gəmilərin inşası üzrə dünyada verilən bütün sifarişlərin 40 faizindən çoxu hazırda Koreya Respublikasının gəmiqayırma sektorunun payına düşür.

Ölkə yarımkeçiricilərin və displeylərin istehsalına görə dünyada 1-ci, mobil telefonların istehsalına görə 2-ci, poladavtomobil istehsalının həcminə görə 5-ci yerdədir. Ölkədə hər il 3.800 mindən çox avtomaşın istehsal olunur. Hazırda qabaqcıl Koreya kompaniyaları xarici ölkələrdə özlərinin istehsal bazalarının genişləndirilməsini həyata keçirirlər.

Hökumət tərəfindən xırda və orta biznesin inkişafına da dəstək verilir.

2000-ci ildən etibarən ölkə qarşısında duran vəzifələr sırasında innovasiyalar birinci yerə çıxdı. Hökumət əsas diqqətini sənaye strukturlarının modernləşdirilməsinə yönəltdi. Koreya Respublikası ABŞ ilə azad ticarət haqqında saziş imzaladı. Seul özünün ticarət tərəfdaşları ilə digər qarşılıqlı faydalı müqavilələr də imzalamışdır. Bu isə ölkənin dünya iqtisadiyyatına həqiqətən inteqrasiya olunması üçün yol açır.

Beynəlxalq arenada aktiv oyunçuya çevrilmək üsullarından biri daha çox sayda Cənubi Koreya kompaniyalarının ölkə hüdudlarından kənarda investisiyalar qoyması və sahibkarlıq fəaliyyətini inkişaf etdirməsidir.

Elmtexnologiyalar sahəsində ölkənin ilkin siyasəti əsasən xarici texnologiyaların mənimsənilməsi və tətbiqinə yönəlmişdi. Koreya Respublikası ətraf mühitin mühafizəsi, bəşəriyyətin həyatının yaxşılaşdırılması üçün dünya əhalisinin ərzaqla, elektrik enerjisi ilə sabit təminatı və onlara tibbi yardım göstərilməsi kimi ümumdünya miqyaslı vəzifələrin həllində aktiv iştirak edir.

Hazırda Cənubi Koreya informasiya texnologiyaları sahəsində dünya liderinə çevrilmişdir. Ölkə ixracatının həcminin 30 faizini kompyuter mikrosxemləri və mobil telefonlar kimi informasiya texnologiyaları məhsulları təşkil edir.

Ölkədə adambaşına düşən ümummilli məhsulun miqdarı ildə 23 min dollar təşkil edir.

Suveren demokratik dövlət olan Koreya Respublikası bir sıra beynəlxalq təşkilatların üzvüdür: ASEAN (dialoq tərəfdaşı), Avstraliya qrupu, UNESCO, Beynəlxalq Valyuta Fondu (İMF), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Ümumdünya Səhiyyə Təşkilatı, BMT, ATƏT (müşahidəçi kimi) və digərləri. O, 1991-ci ildə tamhüquqlu üzv kimi BMT-yə daxil olmuşdur. Respublika öz səlahiyyətləri hüdudlarında meydana çıxan beynəlxalq problemlərin həllinin hər hansı münaqişəli üsulları əleyhinə çıxış edir, narkotik maddələrin və silahların beynəlxalq səviyyədə qaçaqmalçılığına qarşı mübarizədə aktiv iştirak edir, həmçinin insan alverinə qarşı mübarizə siyasəti yeridir.

Koreyanın xarici siyasət kursunda Azərbaycana xüsusi əhəmiyyət verilir. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələr 1992-ci ilin martında qurulub. Hər iki ölkə Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri üzrə Müşavirə çərçivəsində münasibətləri inkişaf etdirir.

İki ölkə arasında münasibətlərin hərtərəfli inkişafında dövlət və hökumət başcıları, nazirlər səviyyəsində həyata keçirilmiş əlaqələr xüsusi yer tutur. Ümumiyyətlə, 1996-cı ildən başlayaraq ölkələrimiz arasında müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərləri reallaşmışdır.

2006-cı il mayın 10-12-də Koreya Respublikasının Prezidenti Roh Mu-Hyun ikitərəfli əlaqələr tarixində Azərbaycana ilk rəsmi dövlət səfəri etdi. Bu, qarşılıqlı münasibətlərin inkişafında xüsusi yer tutdu. Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Roh Mu-Hyun əməkdaşlıq və qarşılıqlı əlaqələrin prinsipləri haqqında bəyannamə imzaladılar. Koreya Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Birgə bəyannamədə qeyd edilib ki, hər iki tərəf BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Lissabon sammitinin üç prinsipinə diqqət yetirərək, münaqişənin sülh yolu ilə, suverenlik və ərazi bütövlüyünə hörmət əsasında həllini vacib hesab edir.

2008-ci il 18-20 may tarixlərində KR-in Baş naziri Han Seunq-sunun Azərbaycan Respublikasına rəsmi səfəri həyata keçirilmişdir. İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün cariperspektiv məsələlər müzakirə mövzusu olmuşdur.

Həmçinin 2007-ci ilin 23-25 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına etdiyi ilk rəsmi dövlət səfəri ilə bu münasibətlər yeni tarixi mərhələyə qədəm qoydu. Prezidentlər İlham Əliyev və Ro Mu-Hyun Azərbaycan Respublikası və Koreya Respublikası arasında birgə bəyannamə imzalayıblar. İki ölkə arasında rabitə, nəqliyyat, energetika, şəhərsalma, kənd təsərrüfatı, habelə mədəniyyət, təhsil və digər sahələrdə iri layihələr üzərində getdiyini məmnunluqla vurğulayan dövlət başçıları xüsusən qeyri-neft sahələrinin inkişafı istiqamətində əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Ümumiyyətlə, qarşılıqlı səfərlər zamanı geniş sayda sazişlər imzalanmışdır ki, bu da ilk növbədə iki ölkə arasında mövcud əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmaqla bərabər, iqtisadi-ticari əlaqələrin möhkəmlənməsi və investisiya qoyuluşu imkanlarının genişlənməsinə şərait yaratmışdır.

Həmin il Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Koreya Respublikasında rəsmi səfərdə olmuşdur.

Azərbaycan ilə Cənubi Koreya arasında ticarət dövriyyəsi durmadan inkişaf edir. Azərbaycanın idxalına əsasən siqaret, dərman preparatları, rentgen avadanlıqları, polietilen, propilen, neft-qaz kəmərləri üçün borular, məişət cihazları, radioelektronika, avtobus, minikyük avtomobilləri daxildir. Azərbaycan Cənubi Koreyaya alüminium ərintisi ixrac edir.

İki ölkə arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi hər iki respublikanın yüksələn xətlə inkişaf sürətinin təmin olunmasına kömək edir. Azərbaycan tərəfi də gənc bir dövlət kimi dost Koreya Respublikasının iqtisad tərəqqi sahəsindəki təcrübəsindən bəhrələnməkdə maraqlıdır.

Azərbaycan və Koreya dövlətlərini bir-birinə bağlayan dostluq əlaqələrinin kökündə hər iki xalqın bir-birinə mənəvi tellərlə sıx bağlılığı durur. Hər iki dövlətin malik olduğu potensiallardan maksimum istifadə edilməsi isə yaxın gələcəkdə qarşılıqlı münasibətlərin daha da yüksəldilməsinə imkan verəcəkdir.

 

Atamoğlan Məmmədli,

Respublika.-2014.- 19 avqust.- S.4.