Yazıçının arxivindən: BƏNZƏRSİZ ÖMÜR YOLU

 

 

“Respublika” qəzeti redaksiyasına.

Müasir milli ədəbiyyatın yaradılmasında görkəmli ədib Qılman İlkinin (Musayevin) xidmətləri danılmazdır. O, yaradıcılıq aləminə XX əsrin 30-cu illərində gəlmişdir. Qılman İlkin müasir nəsrin müxtəlif janrlarında yazıb yaratmış sənətkardır.  Yazıçının “Küləkqıran”, “Yolquzad”, “Bir parça səma”, “Fırtına”, “İnsan və vaxt”, “Qatil” hekayələri və eləcə də “Bakı və bakılılar”, “Qalada üsyan”, “Şimal küləyi” romanları geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır.

Milli ədəbiyyatın inkişafında Qılman İlkinin xidmətləri təqdirəlayiqdir. Əsrin yaşıdı olan yazıçı ömrünün sonunadək əsərlərini yazıb kitab şəklində nəşr etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yazıçının 100 illiyi təntənəli keçiriləcəkdir. Bu münasibətlə Qılman İlkinin həyatı və yaradıcılığı haqqında mətbuatda silsilə məqalələrin dərc olunması nəzərdə tutulmuşdur.

Görkəmli yazıçı, naşir və redaktor Qılman İlkin haqqında 2005-ci ildə çəkilmiş sənədli filmin ssenarisini yazmışdım. Eyni zamanda onunla apardığım, indiyədək dərc olunmamış müsahibəni də hazırlamışdım. Güman edirəm ki, bu müsahibənin “Respublika”da bu gün dərc olunması yazıçının xatirəsinin yad edilməsi baxımından düşərli olardı.

—Mən istərdim ki, elə söhbətimizin əvvəlində bir qədər Qılman müəllimin gənclik illərinə qayıdaq. Necə keçdi o gənclik illəri? Nələr qaldı yadda?

—Mənim gəncliyim çox ağır keçib.  Atamı erkən itirmişəm. İbtidai təhsilimi Mərdəkanda Zeynalabdin Tağıyevin Bağbançılıq məktəbində almışam.  Sonra da 1925-ci ildə gəlmişəm şəhərə, Bakıda “Ruşdiyyə” məktəbi adlandırılan 18 saylı məktəbdə oxumuşam. Hər gün mən Mərdəkandan Bakıya gəlirdim. Təsəvvür edirsiz, yay aylarında mən Mərdəkandan Suraxanıya piyada gəlirdim. Oradan da şəhərə gəlməli olurdum. Maddi cəhətdən çox çətin idi. Qış aylarında isə şəhərdə, zirzəmi kimi yerdə kirayə qalırdım. Gəncliyim mənim çox ağrılı, əzablı, üzüntülü keçib.  Ona görə mən gənclərimizə üzümü tutub deyirəm ki, yaşadıqları bu həyatın, firavanlığın qədrini bilsinlər.

—Qılman müəllim, yazıçılıqda ilk dəfə qələminizi harada sınadınız? Yəqin ki, yüzlərlə qələm əhli olmaq istəyənlərə himayədar olan Qılman müəllimin özünə də bir himayədar tapıldı.

—Mən həyatda nəyə nail olmuşamsa, öz sayəmdə olmuşam. Mənim heç bir himayədarım olmayıb. Nəcəf bəy Vəzirovun gəncliyi, uşaqlığı haqqında kitabım da çıxıb. Onun həyatı ilə maraqlananda öz həyatımı gördüm. İlk kitabım 1938-ci ildə çap olunub.

—Qılman müəllim, sizin həyatınızda, eləcə də gənclərin həyatında çox mühüm bir rol oynayan əsəriniz var. “Şimal küləyi” bir məktəbli üçün həyat dərsliyidir desək, bəlkə də yanılmarıq.

—Mənə yaşlı nəslin nümayəndəsi olan bir kişi yaxınlaşıb dedi ki, Qılman müəllim, mən sizin əsərinizi cavanlıqda oxumuşam. Bəziləri isə mənə deyirdi: Siz gərək bu əsərdən imtina edərdiniz. Mən cavab verdim ki, niyə imtina etməliydim? Dedi ki,  siz əsərdə Müsavat hökumətini tənqid eləmisiniz. Mən o əsəri yenidən yazsaydım, yenə də o cür yazardım. Hökumətin özündə xalqa xəyanət edən adamlar da var idi. Müsavat hökuməti demokratik hökumət idi.  Lakin mən ayrı-ayrı şəxslər haqqında danışırdım. Bir də mənim vəzifəm o deyildi, mənim vəzifəm iki gəncin inqilab hərəkatı içərisində necə yetişmələri, necə tərbiyə tapmaları, necə mübariz olmaları haqqında yazmaq idi. Mən başqa heç bir siyasi məqsəd güdməmişəm.  Mənim “Şimal küləyi” əsərim hamının xoşuna gələn əsərlərdən biridir.

—Bir məsələ də var, indi bu gənclər bir necə illər əvvəl yaranmış ədəbiyyata bəzən görürsən barmaqarası baxmağa başlayıblar. Ümumiyyətlə, ədəbiyyatda atalar-oğullar problemi həmişə olub. Bax siz buna necə baxırsınız?

—Çox pis baxıram, əvvəla, deyim sizə ki, cavanlar var ki, onlar biz yaşlıları bəyənmirlər. Hətta onlar deyirlər ki, öz əsərlərinizdə siz, ruslara qulluq eləmisiniz. Rus tərkibində olmusunuz. Azərbaycan millətini satmısınız. Əlbəttə, bu boş-boş söhbətdir. Məsələn: Cahan müharibəsində iştirak edən qəhrəmanlar var. Onları da inkar edirlər ki, siz rusları müdafiə etmisiniz. Axı rus torpağını qorumaqla biz Azərbaycanı qorumuşuq. Rusları da qoymamışıq Azərbaycana gəlsin. Biz öz vətənimizi, həm də Azərbaycanı qorumuşuq. Bunu başa düşmək lazımdır ki, bu  belə deyil. İndiki gənclərdə o da yaxşıdır ki, bir məğrurluq var, bir qürurluq var. Bəzən elə də olur ki, ərizəbazlıq edilir.  Onunla ədəbiyyata gəlmək mümkün deyil. Ədəbiyyata yalnız öz qabiliyyəti, istedadı ilə gəlmək mümkündür.

—Qılman müəllim, siz gözəl bədii əsərlərdən savayı həm də tarixi materialların, tarixi yazıların da müəllifisiniz. Bu tarixi materialları tapmaq üçün, yəqin ki, çox vaxt sərf etməli olmusunuz.

—Əlbəttə, mən arxivlərimizdə, eləcə də Tiflis arxivində də çox işləməli olmuşam. Bakının tarixi kitabını 10 ilə işləmişəm. Ədəbi yaradıcılıqla yanaşı, eyni zamanda Bakının tarixi ilə maraqlanmışam. Bakıda elə bir nöqtə yoxdur ki, mən onu öyrənməmiş olum. Məsələn, elə şeylər var ki, hamı təəccüblənir. Bakının qulaqları varmı? Mən deyirəm var! Salyan rayonundan Bakıya yaxınlaşanda 2 təpə var, bir-birinə yaxın o təpələr Bakının qulaqları adlanırdı. Tarixçilərin bəyənmədiyi, nəzərdən qaçırdıqları mövzuları mən axtarıb tapmışam. Bizim bir tarixçi alimimiz var idi. Professor Mahmud İsmayılov. O, bir məqaləsində yazırdı ki, mən Qılman İlkinin Bakının tarixindən verdiyi tarixi materialları indiyədək bilmirdim. İndi bilirəm. Bilirsiz, bu alimlər böyük mövzudan yapışırlar, mən ancaq onların bir süfrədən yerə tökülənləri (məcazı mənada desək) onları araşdırıb tapmışam və onlarda bir məna axtarmışam. Kiçik hadisələrdə böyük mənanı mən həmişə axtarmışam və tapmışam.

—Qılman müəllim siz uzun müddət redaktor kimi fəaliyyət göstərmisiniz. Yəni redaktor olmağın özü də böyük məsuliyyət tələb edən bir işdir. Redaktora müraciət edən hər bir kəsə onun dilində cavab vermək. Sizin xarakterdə olan bir insan üçün bu iş nə dərəcədə çətin, nə dərəcədə asan olub?

—Mən deyim ki, redaktorun qəribə taleyi var, məsələn, bir müəllif əsərlərini çapa verir. Müəllif təzə bir əsər gətirəndə əgər əsər zəifdirsə, xoşuna gəlmirsə, redaktor əsəri çapa buraxmır. Müəllif başlayır küsür, dava edir. Ona görə redaktor çox səbirli, savadlı olmalıdır, dözməlidir hər şeyə. “Azərbaycan” jurnalında mən işlədiyim zaman məndən heç kim inciməyib. Məni işləyənlərdən soruşsanız onlar deyərlər, mən çox təmkinli, hər şeyə dözümlü bir adam olmuşam. Bir haşiyə çıxım.  Bir dəfə Azərbaycan Yazıçılar İttifaqının Prezidiumunda məsələ qaldırdılar ki, Qılman müəllim bizim əsərlərimizi jurnalda çapa buraxmır. Mən də müraciət edənlərin əsərlərini götürüb Prezidiumun geniş iclasında oxudum. Dedim ki, kim bu əsəri çapa buraxa bilər? Mirzə İbrahimov dedi—heç kəs. Mən onda dedim bəs nə istəyir məndən bu adam? Belə hallar da olur. Ümumiyyətlə, redaktor səbirli, təmkinli olmalıdır. Öz tutduğu sakit yolu ilə getməlidir.  “Azərbaycan” jurnalında mən İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost  adlı bir əsərinə rast gəldim. Oxudum, çox gözəl bir əsərdir.  Xoşuma gəldi. Məsul katibi çağırdım, şair Əliağa Kürçaylı jurnalın katibi idi). Soruşdum ki, bu əsər nə üçün qalıb burada? Mənə dedi ki, Əbülhəsən deyib əsəri buraxmaq olmaz.  Əbülhəsənin sözünə görə əsər 3 ay donub qalmışdı redaksiyada. Mən oxudum əsəri və göstəriş verdim ki, əsər elə bu nömrədə çapa buraxılmalıdır. Elə oldu ki, İlyas da gəldi redaksiyaya, dedi ki, mənim bu əsərimi niyə buraxmırsınız? Əbülhəsən mane olurdu, indi kim istəmir? Mən dedim ki, İlyas, bu nömrədə əsərin çapa buraxılıb.

Yenə bir haişəyə çıxım. Mən “Azərnəşr”ə yeni təyin olunmuşdum, orada arxiv materiallarını araşdırmalı oldum. Bir əsərə rast gəldim: “Yeraltı çaylar dənizə axır”, Mehdi Hüseyn. Oxudum, gördüm çox gözəl əsərdi. Bunu da yenə çapa buraxdım. Yenə soruşdum, bu əsərin taleyi niyə belə olub? Dedilər Mərkəzi Komitədən göstəriş olub ki, bu əsəri buraxmaq olmaz. Lakin mən artıq əsəri çapa buraxmışdım. Mən həmişə yaxşı əsərlərə qiymət vermişəm. Müəllifi kim olur-olsun, yazılan yaxşı əsərə mən həmişə qiymət vermişəm və çalışmışam onu çap edim.

—Qılman müəllim çox sağ olun ki, belə əsərlərin yolunda siz yaşıl işıq yandırmısınız. Siz ictimai xadim kimi də fəaliyyət göstərmisiniz. Azərbaycanın düzdür, dövr başqa idi, ictimai-iqtisadi informasiya başqa idi, hansı yaddaqalan işləriniz olub?

—Mən sizə deyim ki, mənim yaradıcılığım iki istiqamətdə olub, bir yazıçılıq, bir də jurnalistika. Mən indiyə qədər jurnalistikanı davam etdirirəm. Oxuduğumuz qəzetlərdə — “Xalq qəzeti”, “Respublika” qəzetində fəaliyyətim olub. Heç vaxt müxalifət qəzetində çıxış etməmişəm. Bu iki istiqamətdə paralel olaraq işləyirəm. Bədii-ədəbi yaradıcılıqla məşğul oluram, o zaman ki yoruluram, onda keçirəm jurnalistikaya. Dövlət qəzetlərində tarixi materiallardan, eləcə də bizim keçmiş klassik yazıçılarımızın əsərləri haqqında məqalələrlə çıxışlar etmişəm. Bu günlərdə mənim yenə bir məqaləm çıxacaq “Respublika” qəzetində, qəhrəman şəhərlər haqqında —Leninqrad, Stalinqrad və s. Lakin Bakının adı yoxdur, niyə? Hansı ki, Bakı birinci növbədə qəhrəman şəhər olmalı idi. Jukovun tarixdən bir sözünü tapmışam.  Jukov deyib ki, “Əgər Bakı nefti olmasaydı, mən qələbə çala bilməyəcəkdim”. Bütün generallar belə deyib. Ancaq Bakının adı yoxdur.  Mən bu barədə məsələ qaldırmışam. Məqaləm də “Respublika” qəzetində çıxacaq. Mən hətta rəhbərliyə də zəng eləmişəm bu barədə. Dövlət özü bu işi qaldırmalı idi, qaldırmayıb vaxtında. İndi qələbənin 60 illiyi ilə bağlı əlimizə yaxşı fürsət düşüb. Bunu qaldırmaq lazımdır.  Deyirlər ki, sovet hökuməti dağılıb, bunu heç kəs həll edə bilməz.  Deyirəm sovet hökuməti dağılıb, SNQ  var. Onların iştirakı ilə məsələni qaldırın, həll edin. Rəhbərlərin köməyi ilə mən çox istərdim ki, Bakıya qəhrəman şəhər adı verilsin.

—Bəs Qılman müəllimin özü müharibə illərini neçə xatırlayır?

—Mən hərbi komissarlığın xətti ilə getməmişəm müharibəyə. Mən getmişəm Mərkəzi Komitənin tapşırığı ilə. Əvvəla, müharibə başlayandan 3 ay sonra, 1941-ci ilin oktyabr ayında bizi—bir qrup ziyalıları, mütəxəssisləri yığdılar Mərkəzi Komitəyə—Mir Cəfər Bağırovun yanına, orda bizə dedilər: “Siz İrana gedirsiniz. Orda  sizin görəcəyiniz iş namus işidir, şərəf işidir.  Orada özünüzü doğrultmalısınız”. Orada jurnalistlər vardı, yazıçılar vardı.  Neftçi, aqronom, ümumiyyətlə, müxtəlif sahələrdən ziyalılar vardı.  İranın 3 şəhərində biz qəzet çıxarmalı idik—Təbriz, Maku, Xorasanın Məşəd şəhərində. Bizim redaksiyada qəzetin redaktoru Mirzə İbrahimov təyin olunmuşdu. Qəzetin adı “Vətən yolunda” adlı qəzet idi.  Mənimlə bir yerdə işləmək üçün düşmüşdü Osman Sarıvəlli, Məmməd Rahim, Süleyman Rüstəm, Ənvər Məmmədxanlı və başqaları. Biz Təbriz şəhərində qəzet çıxarırdıq. Ancaq belə oldu ki, qəzetimizi 4 aydan sonra bağladılar.  Biz qayıtdıq gəldik. Bu zaman Mərkəzi Komitə bizi göndərdi əsl cəbhəyə. Döyüş cəbhəsinə. Orada da getdik, bir cənub cəbhəsində qəzet çıxarırdıq. “Vətən uğrunda” qəzeti çıxarırdıq. O da çox pis vaxta düşmüşdü. Bizim müvəqqəti olaraq qoşunlarımız geri çəkilirdi, biz Xarkovun altında idik. Geri çəkilə-çəkilə gəldik Rostova. Rostovdan da iki qol ayrıldı, cənub cəbhəsi biri getdi Stalinqrad tərəfə, o birisi isə Çernomorskaya qrupu adlanırdı. Qara dəniz sahilində idik.  Orada qəzet çıxarırdıq.  Bir müddət keçdi, bizi Bakıya çağırdılar. Bu da Mir Cəfər Bağırovun əmri idi. Təzədən bizi göndərdilər İrana. Müharibə qurtarana qədər biz İranda olduq. İranın ümumi hərəkatının inkişafında bizim qəzet çox böyük rol oynadı.  İranlılar fars dilində yazırdı, biz Azərbaycan dilində. Ədəbiyyatda onlar əruz vəznində yazırdı, biz də heca vəznində yazırdıq. İran yazıçıları deyirdi ki, qəzetin köməyilə bizim ədəbiyyatımızda böyük bir inkişaf dövrü başlayır. Cəbhədə bu cür xidmət eləmişəm. Ancaq bu hadisələrdə mən üç dəfə ölümdən qurtarmışam. Əhvalat belə olmuşdur: Cəfər Xəndan bizim qəzetin redaktoru idi. Mən də ədəbi işçi idim.  Cəbhədə döyüş bir az səngimişdi. Biz də getmişdik səngərlərə, döyüşçülərlə söhbət etməyə, onlardan yazmağa. İşimizi qurtarıb qayıdanda birdən başımızın üstündə qırıcılar göründü. Cəfər Xəndan məndən qabaqda idi. O dedi ki, gəl günəbaxanların arasına girək, görünməyək. Bir də qara rəngli çəkmələrimiz var idi. Biz onları çıxarmalı olduq.  Çünki başımızın üstündən ayağımızdakı qara çəkmələri nişan alıb bizi vura bilərdilər. Biz gördük ki, güllələr bizə tərəf yox, çəkmələrimizi atdığımız yeri hədəfə almışdı. Sonra biz getdik çəkmələrimizi götürək, gördük çəkmələrimiz dəlik-dəlik olmuşdur.  Birinci ölümdən belə qurtardım.

Onu da deyim, mən pedaqoji məktəbi 1930-cu ildə bitirməli idim. Rayonlarda, kəndlərdə müəllim çatışmazlığı olduğundan biz pedaqoji məktəbi bir il qabaq, yəni 1929-cu ildə bitirməli olduq. Hərəmizi bir tərəfə saldılar, mən də düşdüm Xaçmaz rayonunun Əhmədoba kəndinə. Onda mənim 14 yaşım var idi. Mən həm müəllimlik etdim, həm də məktəb direktoru oldum. O vaxtı da məktəb bir balaca tövlə kimi yer idi. Məktəbdə də çox uşaq yox idi. 2-3 cərgə oturacaqlar var idi. O zaman kollektivləşmə dövrü idi.  Xaçmazın ətrafı da dağlıq, meşəlik idi.  Həmin illər sinfi mübarizə illəri idi. Sovet hakimiyyəti qurulandan sonra kəndin varlıları dağlara, meşələrə çəkilmişdilər. Hərdən də kəndə hücumlar edirdilər.  Mən də evləri gəzirdim qızları, oğlanları məktəbə cəlb edim.  Qaçaqlardan mənə xəbər çatmışdı ki, onunla varıq – ki, o bizim qızlarımızı güclə məktəbə cəlb edir. Mən də əhəmiyyət vermirdim.  Orada bir cavan oğlan var idi, komsomolçu idi, həm də kənd sovetinin sədri idi. Mən onun evində qalırdım. Belə oldu ki, mən Maarif Nazirliyindən çağırıldım Bakıya. Məktəbə əşyalar almaq üçün xeyli işlər görməli idim. Mən artıq kəndə qayıdanda gördüm ki, kənd əhalisi matəm içindədir. Soruşdum ki, nə olub? Sən demə, mənim otaq yoldaşım Şəmistanı gecə yatağında pəncərədən girib qaçaqlar öldürüblər. Mən bildim ki, onlar mənə görə gəlibmişlər ki, məni öldürsünlər. Bu da ikinci dəfə ölümdən qurtarmağım idi.

Üçüncü ölümdən qurtulmağım da oldu İranda. Biz Təbrizdə işləyirdik, ancaq başqa şəhərlərlə də əlaqələrimiz var idi. Ərdəbilə, Marağaya gedirdik. Həm material yığıb gətirirdik, həm də qəzeti yayırdıq. Bir dəfə də yolda maşınımız xarab oldu, baş redaktor da mənə tapşırıq verib ki, mən gərək Ərdəbilə gedim. Qəzet məsələsini həll edim. Mən də məcbur oldum bir iranlı yol maşını ilə Ərdəbilə gedim. Gecə çatdıq Ərdəbilin 15 kilometrliyində bir meşənin içində sürücünün təkidi ilə çayxanada çay içməli olduq. Gördüm içəridə papiros çəkirlər, tiryək çəkirlər.  Elə oturmuşduq mən baxdım gördüm ki, pəncərədən qara saqqalı bir kişi mənə diqqətlə baxır. Bir an keçdi, gördüm o keçdi, indi başqa birisi mənə diqqətlə baxır. Mən istər-istəməz vahiməyə düşdüm. Tapançanı yavaş-yavaş aşağıdan çıxarıb qoydum şinelimin cibinə. Sonra gördüm ki, çayçını bayıra çağırdılar. Çayçı bir 10 dəqiqədən sonra pəjmürdə halda qayıtdı. Mən bildim ki, mənim başımda bir hadisə var. Mən hərbçi bir adam idim, orada isə hamısı yerli adamlar idi. Mən sürücüyə dedim ki, olar, mənimlə çıxaq bayıra, mən buraları tanımıram. O da mənimlə çıxdı. Sürücünün böyrünə tapançanı çəkdim və dedim ki, səsini çıxarma, otur maşına. Dedi bəs çayçının pulu? Mən dedim, onun pulunu sonra verərik. Maşını sürdürdüm Təbrizə. Gecə saat 2 idi, getdim komendantın yanına əhvalatı ona danışdım. Mənə dedi ki, sənin sağ qalmağın üçün çox böyük qoçaqlıq eləmisən. Beləliklə, müharibə dövründə 3 dəfə ölümdən qurtarmışam.

—Qılman müəllim, siz canlı ensiklopediyasınız, Azərbaycanda baş verən bütün hadisələrin şahidisiniz. Bu memuarları yazmaq fikriniz varmı? Bəlkə yazmısınız?

—Mənim İran haqqında xatirələrim çıxıb. Təbriz xatirələri haqqında beş çap listi, onu mən daha da geniş hazırlamışam. Hazırlaşıram ki, onu çap etdirim. Onların hamısını çap etdirməyə, sadəcə olaraq, vaxt tapa bilməmişəm. Çünki o qədər jurnalistika ilə məşğul idim ki. Ancaq onları mütləq yazmalıyam.

—Mütləq yazmaq lazımdır. Çünki bunlar gələcək nəsillərə də ərməğandır. O qədər maraqlı hadisələr var ki sizin həyatınızda, müəyyən məqamlar var. Həyat yolunuzda maraqlı insanlar olub. Tarixi şəxsiyyətlər olub. Onların arasında ən yaxın dostlarınız kimlər olub? Onlarla ünsiyyətdə siz özünüz də zövq almısınızmı?

—Yazıçıların içərisində bir dostum olub—Ənvər Məmmədxanlı. Yaradıcılığımız da elə bir-birinə oxşayırdı. O, dünyasını dəyişəndə inanın, mən uşaq kimi ağlayırdım. O, çox bədbəxt bir adam idi. Mən belə bilirəm. Ölənə kimi o insan evlənmədi. Onu gözəl-gözəl qızlar istəyirdi. Onunla ailə qurmaq istəyən qızlar çox idi. Ənvər isə ölənə kimi heç kimə inanıb ailə qura bilmədi. Tək-tənha yaşayırdı. Çox əziyyət çəkirdi. Tənhalıq çox pis şeydir. Mənim bir hekayəm var, orada tənhalığın dəhşətlərini göstərmişəm.

—Bəs Qılman müəllim özünə həyat yoldaşı kimi seçdi? Qısa tarixçəsi necə oldu?

—Qısa tarixi belə oldu ki, mənim bacım Tibb İnstitutunda oxuyurdu. Onun bir rəfiqəsi var idi. Tez-tez bizə gəlib gedirdilər. Belə oldu ki, mən bu qızla maraqlandım. İlk sevgim o oldu, elə onunla da evləndim. İki oğlum var, iki qızım. Beş nəvəm var, altı nəticəm. Nəticələrimdən biri Səudiyyə Ərəbistanında çalışır. Böyük oğlum Ayaz Musayev Bakı Dövlət Universitetində jurnalistikadan həm rus, həm Azərbaycan bölməsində dərs deyir.

—Qılman müəllim, soyadınız Musayev, əsərlərdə gedir Qılman İlkin. Bu nə ilə bağlıdır?

—Mənə bu sualı çox veriblər. Mənim böyük qardaşım var. Qurban Musayev. O da hərdən əsər yazırdı. Pyesləri vardı. O da Q.Musayev yazırdı. Mən də Q.Musayev yazırdım. Qonorarlarımız da mənimki ona gedirdi, onunku da mənə gəlirdi. Elə olurdu ki, mənim əsərim onun adına yazılırdı. Onun əsəri mənim adıma yazılırdı. Fikirləşdim ki, mən dəyişiklik etməliyəm, etdim. Qılman İlkin. Niyə İlkin oldum? Çünki bizim kənddən ilk yazıçı mən olmuşam. Ona görə də İlkin qoydum. Mənim ilk İlkin adı ilə çıxan əsərim Şıxlinski haqqında yazdığım “General” əsəridir.  Mənim 8 televiziya filmim var. Filmlərimin rejissoru Kazımovski olub.

—Bir ənənəvi sualımız var. Bu gün görkəmli yazıçımız hansı mövzular üzərində işləyir?

—Mən hazırda bir əsər üzərində işləyirəm. Keçən il mən Kürdəmir rayonuna getmişdim. Orada bir xəstəxana açılmışdı. Ayaqlarımdan əziyyət çəkirdim. Orada müalicəvi sularla müalicə alırdım. Orada rayonu gəzdim, rayondakı şərait və oranın insanları məndə qəribə bir təsəvvür yaratdı. O rayonun həyatından bir roman üzərində işləyirəm, bu yaxınlarda romanı başa çatdıracağam.

—Qılman müəllim, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayıram. Söhbətimizin sonunda gənclərimizə arzularınızı bildirmənizi istərdim.

—Gənclərimizə paklıq və təmizlik. Qafqaz Müsəlmanları İdarəsinin bir diplomu var. O idarənin mükafatını, yəni birinci “Paklıq” diplomunu ilk dəfə mən almışam. Mən deyim ki, ən böyük naqislik paxıllıqdır. Paxıllıq insanı daxilən çürüdür. Ona görə mənim ömrüm boyu prinsipim olub həyatda. Mənim başqalarına etdiyim yaxşılıqları, başqalarının mənə etdiyi pislikləri dərhal unudum. Çünki unutmasam, o mənim ürəyimdə kök salacaq. Bir prinsipim olub: yaxşılıqları da unudum, pislikləri də unudum.

—Çox yaxşı tövsiyədir. Axı hər adamın cavabı müxtəlifdir. Əsl yazıçı cavabı verdiniz. Əsl insan cavabı verdiniz. Ömrü boyu etdiyin yaxşılığı və sənə qarşı olunan pisliyi unut. Biz də gənclərimizə bu tövsiyələrinizlə sizdən ayrılırıq. Müsahibə üçün səmimi təşəkkürümüzü bildiririk.

 

Rəfiqə MƏSUD,

kinossenarist, publisist, Əməkdar mədəniyyət işçisi.

Aprel 2005-ci il.

Respublika.-2014.- 21 avqust.- S.4.