3500 İLLİK TARİXƏ MALİK GƏDƏBƏY

 

Bir neçə gün öncə yerimdə mənə bir dəvətnamə çatdırdılar dedilər ki, Gədəbəydəndir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun imzası ilə mənə ünvanlanmış bu dəvətnamənin məzmunu ilə tanış olduqda bəlli oldu ki, bu günlərdə Gədəbəydən olan digər ziyalılarla birgə mən də Gədəbəyin 3500 illik tarixi ilə bağlı çox mötəbər bir tədbirə dəvət olunuram. Düzü o anda çox sevindim. Bu da səbəbsiz deyildi, əvvəla ona görə ki, təmiz havasını udduğum, saf suyunu içdiyim, qoynunda boya-başa çatdığım və mənə çox doğma olan bir yurdun – Gədəbəy rayonunun çox qədim və tarixi kökləri olan bir bölgə olduğu artıq elmi surətdə rəsmən təsdiqlənmiş və bu fakt dövlət və elmi ictimaiyyət vasitəsilə nəinki respublikamıza, bütün dünyaya yayılmaqdadır. İkincisi isə əslən Gədəbəydən olan millət vəkilləri, generallar, alimlər, şairlər, rayonun adlı-sanlı ziyalıları sırasında mən də sayılıb-seçilmiş və rayon rəhbərliyi tərəfindən tədbirə dəvət almışdım.

İki ilə yaxın idi ki, çox cəhd etsəm də, müxtəlif səbəblərdən doğulub boya-başa çatdığım Gədəbəyə gedə bilmirdim. İndi isə rayonun ərazisinə daxil olduqda bütün bunları əyani şəkildə öz gözlərimlə görürdüm və eşitdiklərimin hələ gördüklərimin yanında çox cüzi olduğunun şahidi olurdum. Son iki ildə Gədəbəy nə dərəcədə yaxşılığa doğru dəyişmiş, nə qədər gözəlləşmiş, abadlaşmış, inkişaf baş vermişdi... Ulu Tanrı onsuz da Gədəbəyi gözəl xəlq etmiş, sanki ona öz mübarək qələmini çəkmişdir... Zirvəsi qarlı dağları, güllü-çiçəkli çəmənlikləri, quşları cəh-cəh vuran meşələri, şırhaşırla axan çayları, buz bulaqları, sərin havası, bir də təbiəti kimi gözəl və saf olan, dosta sevgisində, düşmənə nifrətində mərd-mərdanə olan insanları–gədəbəyliləri. Gözlərimə inanmırdım, bütün bu müsbət aurası ilə, kompleksdə insan əqli və zəhməti ilə başa gələn yenilikləri ilə Gədəbəy sanki bir harmoniya təşkil edib, cazibədarlığı birə min artmışdı. Həyata keçirilmiş quruculuq işləri onu daha da möhtəşəm etmişdi.

Rayon rəhbərliyi və tədbirə təşrif buyurmuş ziyalılarla ilk görüşümüz Gədəbəy şəhərinin gözəl guşələrindən olan “Heydər Əliyev parkı”nda baş verdi. Səmimi qarşılanmadan sonra tədbir ulu öndərin heykəli önünə tər güllər qoyulması və əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı. Tədbirin rəsmi hissəsinin davam edəcəyi rayon Mədəniyyət evinin binasına qədər bir neçə dəqiqəlik yol boyu qonaqların da qısa vaxtda görülən işlərdən çox məmnun qaldıqlarının, bəzilərinin mənim kimi hətta heyrətlərini belə gizlədə bilmədiklərinin şahidi oldum. Rayon Məhkəməsinin, Polisin, Yangından Mühafizə İdarəsinin yeni və yaraşıqlı inzibati binaları, özü bir memarlıq abidəsi hesab oluna biləcək “Aşıqlar evi”, mindən artıq tamaşaçı tutumu olan “Yaşıl teatr”, görkəmli oftalmoloq alimimiz Zərifə xanım Əliyevanın adını daşıyan Mərkəzi Xəstəxana, yüksək səviyyədə abadlaşdırılmış Heydər Əliyev prospekti, Çolpan çayı üzərində yeni salınmış körpü, keyfiyyətli yollar, daha nələr, nələr... Hamımız fürsətdən istifadə edib başda möhtərəm Prezidentimiz olmaqla dövlətimizə, o cümlədən bu işləri təşkil və ona rəhbərlik edən rayon İH-nin başçısı Ramiz Yediyarova öz dərin minnətdarlığımızı bildirdik.

Mədəniyyət evinin təmtəraqlı salonunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tədbir iştirakçılarını salamladıqdan sonra, əvvəlcə Azərbaycanın bugünkü siyasi, iqtisadi və mədəni inkişafı, sonra isə son illərdə Gədəbəy rayonunda həyata keçirilən quruculuq-abadlıq işləri haqqında müfəssəl məlumat verdi. Bu dərin çıxışla yanaşı, əvvəlcədən salonun skamyaları üzərinə düzülmüşson zamanlar Gədəbəydə həyata keçirilən quruculuq-abadlıq işlərinin qısa statistikası haqqında elə rayon İH-nin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, illüstrativ tərtibatlı “Gədəbəy 2003-2013: hədəflər, inkişaf və nəticələr” kitabından da yığcam şəkildə məlumatlar əldə edə bildik. Burada qeyd olunurdu ki, rayonda ümumi daxili məhsul istehsalı 2,4 dəfə, sənaye məhsulu istehsalı 80 dəfə, kənd təsərrüfatı istehsalı 1,7 dəfə, pərakəndə ticarət dövriyyəsi 2,4 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,2 dəfə, iaşə dövriyyəsinin həcmi 9,3 dəfə artmışdır. Sahibkarlıq subyektlərinin sayı 3,4 dəfə, o cümlədən fərdi sahibkarların sayı 3,5 dəfə çoxalmışdır. Fərəhləndirici haldır ki, orta aylıq əməkhaqqı 6,7 dəfə, pensiyaların orta məbləği 5,7 dəfə yüksəlmiş, 4364-ü daimi olmaqla 9182 yeni yeri açılmışdır.

Digər statistik məlumatalr da ürəkaçandir: Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 59 sahibkara 5,8 milyon manat məbləğində güzəştli kredit verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 730 min manat məbləğində yardım edilmişdir. Mənzil fondunun ümumi sahəsi 48,5 faiz artmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 40 mənzilli 2 yaşayış binası, rayonun Novosaratovka və Gərgər kəndlərində iki Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikilmiş, ümumi sahəsi 431 min kvadratmetrlik fərdi evlər istifadəyə verilmişdir.

59 min əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən 56 kilometr uzunluqda Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolu əsaslı şəkildə yenidən qurulmuşdur. Fındıqlı çayı üzərində tikilmiş yeni körpüdən 33 yaşayış məntəqəsinin əhalisi istifadə edir. Gədəbəyin girişində, Çolpan çayı üzərində tikilmiş yeni nəhəng körpü bu dağ şəhərinin nəqliyyat infrastrukturunun inkişafına töhfədir.

İstirahət otağı, rahat gözləmə zalı, yeməkxanası, satış köşkləri, mehmanxanası olan, hər gün 450 sərnişini qəbul edib yola salmaq imkanına malik müasir avtovağzal binası istifadəyə verilmişdir. Müasir tibbi avadanlıqla təchiz edilmiş, cərrahiyyə, reanimasiya, terapiya, yoluxucu xəstəliklər, təcili tibbi yardım, şüa-diaqnostika şöbələri və uşaq xəstəlikləri şöbələri fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Gədəbəy Rayon Mərkəzi Xəstəxanası əsaslı surətdə yenidən qurulmuşdur. Rayonun Düz Rəsullu kəndində yeni həkim ambulatoriyası tikilmişmüasir tibbi avadanlıqlarla təchiz edilmişdir.

Son illərdə 2060 şagird yerlik 15 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 110 şagird yerlik 2 məktəb binası tikilmişdir. 54 məktəb binası əsaslı təmir olunmuşdur. Gədəbəy şəhərində müasir avadanlıqla təchiz edilmiş şahmat məktəbi inşa olunmuşdur. Bunlar hələ hamısı deyil. Bu illər ərzində Gədəbəy şəhər Mədəniyyət evi əsaslı şəkildə təmir edilmişdir. Gədəbəy şəhər stadionuidman məktəbi əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə Gədəbəyə səfəri zamanı təməli qoyulmuş “Aşıqlar evi” artıq istifadəyə verilmişdir. Bu mədəniyyət ocağında müasir tələblərə cavab verən səsyazma studiyası, iclas zalı, tədris otaqları vardır. Ərazidə abadlıq işləri aparılmış, Aşıq Ələsgərin heykəli ucaldılmışdır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan park əsaslı şəkildə yenidən qurulmuş və abadlaşdırılmışdır. Novosaratovka kəndində istirahət parkı salınmışdır.

Təbii ki, yuxarıda sadalananlar rayonda görülmüş işlərin heç də hamısını əhatə etmirbu siyahını qat-qat artırmaq da olardı. Ən vacibi odur ki, Ermənistanla xeyli uzun sərhədə malik olmalarına, mənfur qonşuları ilə müharibə şəraitində yaşamalarına baxmayaraq rayon əhalisində ruh yüksəkliyi, nikbinlik, dövlətinə, Prezidentinə, o cümlədən yerli icra hakimiyyətinə böyük inam vardır. Çünki bu hakimiyyət daim onların qayğıları ilə yaşayır, onların görüşünə gedir, yerindəcə onları dinləyir və maksimal dərəcədə arzu və istəklərini yerinə yetirməyə çalışır. Çox vaxt da yerinə yetirir. Rayon İH-in başçısı Ramiz Yediyarov biz ziyalılarla səmimi söhbəti zamanı dedi: “Rayon sakinləri ilə həm yerimdə qəbul günlərimdə, həm də qrafik üzrə müxtəlif kəndlərdə tez-tez görüşlər keçirirəm. Və hər zaman əvvəlcədən öz işçilərimə və digər aidiyyəti şəxslərə ciddi tapşırıram, heç kimə maneçilik etməyin, qoy kim nə istəklə gəlir-gəlsin, hətta əsəbi gələnlər də ola bilər, fərqi yoxdur, qoy gəlib öz dərdini desin, öz fikriniarzusunu bildirsin, nə əlimizdən gəlir o köməyi edərik, edə bilmərik heç olmazsa izah edərik, səmərəli yola dəvət edərik. Əgər kiminsə vətəndaşa qəbuluma gəlməyə maneçilik etdiyini eşitsəm o adamla mən işləməyəcəm, bunu bilin”.

Daha sonra çıxış edən natiqlər də tədbirin mahiyyətindən və əhəmiyyətindən ətraflı bəhs etdilər. Xüsusən çox tanınmış tarixçi alimlərimiz Gədəbəyin qədim tarixi ilə bağlı qeyd etdilər ki, Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşən, meşə və dərələrində heyvanatbitki aləmi çox zəngin olan və hazırda ərazisi 1294 kvadratkilometr təşkil edən, 1 şəhər, 108 kənd, 47 inzibati ərazi dairəsi, 31 bələdiyyəsi, 96,2 min nəfər əhalisi olan Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri olub, mədəniyyət abidələri eramizdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. Rayon ərazisində Yura, Tabaşir, PaleogenAntropogen çöküntüləri yayılmışdır. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. “Gədəbəy dəfinələri” adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılmışdır. Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu.

Xüsusən XIX əsrdə Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edildikdən sonraAlmaniyaninSimens” şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikildikdən sonra, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 kilometr olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmiş, Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Həmin dövrdə Avropanın mərkəzi şəhərləri olan London, Paris, Sankt-Peterburqda kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. O dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmış və qazıntının nəticələri AlmaniyaninFolker Şpiselmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmiş və hazırda da Berlin Dövlət Muzeyində saxlanılır.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bayram konsertiçox möhtəşəm və maraqlı keçdi. Sakinlərlə birgə konsertə dəvət olunmuş istedadlı sənət adamlarının ifalarını dinlədik. Konsertin sonunda Gədəbəyin səmasını bəzəyən al-əlvan fişənglər tədbirə əlavə gözəllik qatdı.

 

Nizami Namazov,

Sumqayıt Dövlət Universitetinin

prorektoru.

Respublika.-2014.- 26 avqust.- S.4.