TƏHSİL STRATEGİYASI UĞURLA HƏYATA KEÇİRİLİR

 

Təhsil sistemi əsaslı islahatlar inkişaf dövrünu yaşayır. Zamanın tələblərinə uyğun olaraq təhsilin forma və məzmunu dəyişir, yeniləşir. Təhsil müəssisələri kamil insan hazırlamaq kimi ümdə, vacib vəzifəni uğurla həyata keçirirlər.

Son illər respublikamızın ucqar dağ rayonu olan Lerikdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində xeyli görülmüşdür. Müsahibimiz təcrübəli təhsil işçisi, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov təhsilə göstərilən dövlət qayğısından, qazanılmış uğurlardan söhbət açaraq dedi:

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə təhsilin inkişafına xüsüsi diqqət yetirmiş, təhsilə və təhsil işçilərinə müstəsna qayğı göstərmişdir.

Müdrik rəhbərin layiqli siyasi varisi və davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev əsası ulu öndər tərəfindən qoyulmuş təhsil strategiyasını uğurla davam etdirir. Keçən dərs ilində bu sahənin inkişafı ilə əlaqədar mühüm dövlət sənədləri qəbul edilmişdir.

Möhtərəm Prezidentimizin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul olunmuş, qarşıya yeni texnologiyalara əsaslanan, müasir infrastruktura malik təhsil sistemi yaratmaq kimi vacib vəzifə qoyulmuşdur.

Təhsil naziri hörmətli Mikayıl Cabbarovun rəhbərliyilə təhsilin məzmunu, tədris resurslarının hazırlanması və digər istiqamətlərdə aparılan islahatlar səmərəli nəticələr verir.

Lerik dağlıq rayondur. Son illər dövlət qayğısı sayəsində rayonda 50-yə yaxın yeni məktəb binası tikilmiş və əsaslı şəkildə təmir edimişdir. Təkcə keçən dərs ilində 15 yeni məktəbin qapıları şagirdlərin üzünə açılmışdır.

Yeni dərs ilində isə Nücü, Vizəzəmin və Mastail kəndlərində müasir tələblərə cavab verən məktəb binaları istifadəyə veriləcəkdir. Hazırda daha iki kənddə - Ambu və Boykəndil kəndlərində 180 şagird yerlik məktəb binaları inşa olunur. Bununla yanaşı, rayonun 40 məktəbi hələ də uyğunlaşdırılmış, bəziləri isə hətta qəzalı vəziyyətdə olan binalarda yerləşir. Həmin tədris ocaqları üçün yeni binaların tikilməsinə ehtiyac vardır.

Rayonun təhsil müəssisələrində 600-dən çox kompyuter, yeni inventar və avadanlıqlar quraşdırılmışdır. Əvvəllər hər 29 şagirdə bir kompyuter düşürdüsə, indi hər 13 şagirdə bir kompyuter düşür. Keçən tədris ilində internet şəbəkəsinə qoşulan məktəblərin sayı artaraq 18-ə çatmışdır.

–Təhsildə keyfiyyət dəyişiklikləri və istedadlı uşaqların aşkar edilib üzə çıxarılması sahəsində hansı işlər görülmüşdür?

Rayonda 108 ümumtəhsil məktəbi, o cümlədən 37 tam orta, 48 ümumi orta, 23 ibtidai məktəb və 4 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Pedaqoji işçilərin səyləri, qüvvə və bacarıqları təhsilin keyfiyyətcə yüksəldilməsinə yönəldilmişdir. Buraxılış imtahanlarına hazırlıq yüksək səviyyədə təşkil olunmuşuğurlu nəticələr qazanılmışdır.

Əvvəlki tədris ili ilə müqayisədə XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri 6 faiz yüksələrək 69,8 faizə, IX siniflər üzrə 8 faiz artaraq 49 faizə çatmışdır.

Bu il ali məktəblərə qəbul imtahanlarında 250 nəfər iştirak etmişdir. İlkin məlumatlara görə, məzunlardan 120 nəfəri tələbə adına layiq görülmüşdür. Onlardan 32 nəfəri qızlardır. Məzunlardan 16 nəfər 500-dən yuxarı, o cümlədən 4 nəfər 600-dən yuxarı bal toplamışdır.

İstedadlı şagirdlərin aşkarlanıb üzə çıxarılması, onlarla aparılan işin təkmilləşdirilməsi rayon təhsil şöbəsinin daim diqqət mərkəzindədir. Bu sahədə fənn olimpiadalarının rolu böyükdür. Olimpiadaların məktəb və rayon mərhələsinin obyektiv keçirilməsinə, yüksək nəticələr qazanmış şagirdlərin respublika fənn olimpiadalarında iştirakına xüsusi diqqət və qayğı göstərilir.

Respublika Gələcəyə Doğru” Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi tərəfindən şagirdlərin kompyuter bilikləri üzrə keçirilən müsabiqədə IX-XI siniflərdə oxuyan 60 şagird iştirak etmişdir. Rayonumuzun komandası cənub bölgəsi üzrə ikinci yeri tutmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Təhsil Nazirliyinin təşəbbüsü və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyilə fevral-may aylarında XI sinif şagirdləri üçün müstəqil Azərbaycanın tarixinə aid dərslər keçirilmişdir. Dərslər Lerik şəhərinin Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur. Rayonun qabaqcıl tarix müəllimlərinin apardığı məşğələlərdə 37 tam orta məktəbin 479 nəfər şagirdi iştirak etmişdir. Məşğələlərdə ulu öndərin mənalı ömür yolundan, zəngin və çoxşaxəli dövlətçilik fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində müstəsna xidmətlərindən danışılmış, şagirdləri maraqlandıran suallara ətraflı cavablar verilmişdir.

–Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 iyul 2014-cü il tarixli sərəncamı təhsilin inkişafına göstərilən dövlət qayğısının əyani nümünəsidir. Bu mühüm dövlət sənədi təhsil işçiləri tərəfindən rəğbətlə qarşılanmışdır.

–Elədir. Cənab Prezidentin sərəncamına uyğun olaraq regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, digər təhsil pillələrinin inkişaf etdirilməsi, ölkənin təhsil sisteminin beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi üçün geniş imkanlar açacaqdır.

Struktur islahatları təhsilin keyfiyyət göstəricilərinin əsaslı şəkildə yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, pedaqoji kadrların peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin hüquqqanuni mənafelərinin təmin olunmasına xidmət edəcəkdir.

Lerik rayonunun təhsil işçiləri möhtərəm Prezidentimizin məlum sərəncamını ürəkdən bəyənir və bunu təhsilə göstərilən yüksək qayğı kimi qiymətləndirirlər.

Sözsüz ki, uğurlarla yanaşı problemləriniz də az deyil. Xüsusən Lerik kimi ucqar rayona müəllim işləməyə gələnlərin sayı kifayət qədər azdır. İxtisaslı müəllimlərə ehtiyacı aradan qaldırmaq üçünkimi tədbirlər görürsünüz?

–Həqiqətən rayonda fənn müəllimlərinə böyük ehtiyac vardır. Təhsil Nazirliyinə 237 vakant yer barədə məlumat vermişik. Lerikdə müəllim işləmək üçün 58 nəfər Təhsil Nazirliyinin işə qəbulla bağlı  test imtahanında iştirak edərək keçid balını toplamışdır. Rayonda gənc müəllimlərin yolunu səbirsizliklə gözləyirlər.

Onu da qeyd edim ki, Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 279 nömrəli qərarı ilə ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyənləşdirilmişdir.

Yeni dərs ilində yaşı 35-dək olan gənc müəllimlər kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində işə cəlb olunduqda kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün onlara 60 manat məbləğində kompensasiya ödəniləcək, yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən daimi məskunlaşmaq üçün onlara torpaq sahələri veriləcəkdir.

Rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində çalışan gənc mütəxəssislərə isə üç il müddətində hər ay əməkhaqqına 100 manat məbləğində əlavə vəsait ödəniləcəkdir. Gənc müəllim üçillik müddəti başa vurduqdan sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirərsə ona daha iki il müddətinə kompensasiya və əməkhaqqına əlavə ödəniləcəkdir. Əminəm ki, dövlətimizin göstərdiyi qayğı gənclərin ucqar dağ rayonlarında işləməsi üçün stimul yaradacaq və təhsil müəssisələrinin kadr problemi yaxın illərdə öz həllini tapacaqdır.

 

Müsahibəni qələmə aldı:

Əlisəfa HƏsƏnov,

Respublika.-2014.- 26 avqust.- S.5.