Qan-parazitar xəstəlikləri və onlara
qarşı mübarizə
Qan-parazitar xəstəlikləri respublika ərazisində aran, dağətəyi və dağlıq zonalarda iri və xırda buynuzlu heyvanlar arasında geniş yayılmışdır. Bu xəstəliklər mövsümi xarakter daşıyır və təbii iqlim şəraitindən asılı olaraq aprelin əvvəlindən oktyabrın axırlarına qədər rast gəlinir.
İribuynuzlu heyvanlar arasında 4 növ qan-parazitar xəstəlikləri – teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz müşahidə olunur. Bu xəstəliklər arasında ən ağır keçən və yüksək ölümlə nəticələnən teyleriozdur.
Teylerioz. Teylerioz əsasən yüksək hərarətli və quraqlıq ərazilərdə rast gəlinir, xəstəliklə yoluxmanın birinci piki yaz aylarında (aprel-may), ikinci piki isə yay aylarında (iyun-iyul), nadir hallarda isə qış aylarında (dekabr-yanvar) müşahidə edilir. İribuynuzlu heyvanlar arasında yaz mövsümündə baş verən teylerioz 15-20 %, yay mövsümündə isə 50-65 % təşkil edir.
Müalicəsi. Butaleks,
Bupajekt, Bupartek, Bupa-Smart 5 %-li, Buparvakvon preparatlarından
istifadə olunur. Bunlar teyleriozun müalicəsində
spesifik preparatlar hesab olunur və
heyvanın hər 20 kq diri çəkisinə
1 ml boyun nahiyəsinə
əzələ daxilinə
yeridilir. Xəstəliyin ağır gedişində
48 saatdan sonra müalicə təkrar olunur. Parazitotrop müalicə ilə
yanaşı, mütləq
simptomatik müalicə
də aparılmalıdır.
Simptomatik mülicəyə
aiddir: kofein, antibiotiklər, qlükoza ilə fizioloji məhlulun qarışığı
(40-50 qr, 40 %-li qlükoza + 300-350 ml fizioloji məhlul), qəbizlik olarsa 250-500 ml bitki yağı istifadə olunur.
Piroplazmoz və fransaielloz. Piroplazmoz və
fransaielloz əsasən
yaz-yay və payız fəslində müşahidə olunur.
Heyvanlar əsasən (60-80 %) yaz fəslində, yay və payız fəslində isə nadir
halda (5-10 %) rast gəlinir.
Müalicəsi. Bu xəstəliklərin
müalicəsində aşağıdakı
diminazin-aseturat tərkibli
preparatlardan istifadə
olunur: Neazidin, Veriben, Fatrubanil, Tryponil, Diminaze, Diminavet 5 %-li, Trypa-jekt.
Bu preparatlardan heyvanın hər 100 kq diri çəkisinə 5 ml əzələ daxili istifadə olunur. Müalicə 2-4 gün davam edir. Müalicə zamanı hər heyvana dəri altına 5 ml kofein yeridilir. Daha yüksək müalicə effekti almaq üçün məsləhət görürük ki, bu preparatların dozasını 1,5-2 dəfə artırmaqla birdəfəlik inyeksiya ilə xəstələri sağaltmaq mümkündür.
Anaplazmoz. Keçən əsrin 60-70-ci illərində alimlər anaplazmozun törədicisi A.marginale-nin quruluşunu elektron mikroskopda öyrənərkən onun qan parazitlərinə deyil, rikketsiyalara aid olduğunu qeyd etmişlər. Bunu nəzərə alaraq onun müaliəsi qan-parazitar xəstəliklərinin müalicəsindən fərqlənir.
Keçirici amil eyni olduğuna görə piroplazmoz və fransaiellozun mövsümünə uyğundur. Qeyd etmək lazımdır ki, respublikada anaplazmoza digər qan-parazitar xəstəliklərinə nisbətən az rast gəlinir.
Müalicəsi. Anaplazmozun müalicəsində malyariyaya qarşı istifadə olunan Delagil və antibiotiklərdən istifadə olunur. Delagil gündə iki dəfə daxilə 6-8 saat interval ilə 3 gün ərzində 100 kq diri çəkiyə 2,5-3,0 qr (25-30 mq/kq) istifadə olunur. Anaplazmozun müalicəsində ən yüksək effekt Delagillə yanaşı antibiotiklərdən istifadə olunduqda alınır. Antibiotiklərdən Biovetin 5-6 gün yem və ya su ilə birlikdə sutkada bir dəfə 60-80 mq/kq dozasında verilir.
Digər bir antibiotik oksitetrasiklin və tetrasiklin 0,5-2 %-li novokain məhlulunda 5-10 min vahid/kq dozada 12-24 saat interval ilə 5-6 dəfə əzələ daxilinə yeridilir.
Xırda buynuzlu heyvanlarda 5 növ qan-parazitar xəstəlik (teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz, babezioz) qeyd olunur. Bu xəstəliklər may-sentyabr aylarında, ən çox əsasən may-iyun aylarında müşahidə olunur. Bu beş xəstəliyin törədicilərini keçirən eyni bir növ gənə - Rh.bursa olduğuna görə xəstəliklər çox vaxt qarışıq invaziya kimi müşahidə olunur.
Müalicəsi. Bu xəstəliklərin müalicəsində iribuynuzlu heyvanların piroplazmozu, fransaiellozu, anaplazmozunda istifadə olunan preparatlardan heyvanların çəkilərinə uyğun olaraq istifadə olunur.
Respublika ərazisində iri və xırda buynuzlu heyvanların yuxarıda göstərilən xəstəliklərinin törədicilərini 6 cins iksodid gənələri keçirir. Hansılar ki, martın sonu, aprelin əvvəlindən başlayaraq oktyabr ayının axırına kimi heyvanlarda parazitlik edirlər. Bunlardan iri və xırda buynuzlu heyvanlar arasında yuxarıda göstərilən piroplazmidozların törədicilərini keçirən gənələr əsasən Hyalomma, Boophilus, Rhipicephalus cinslərinə aiddir.
Gənələrə qarşı respublikamızda Neosidol, Diazinon-15, Diazinon-60, Blotik preparatlarından geniş istifadə olunur. Qoyunlar üçün Neosidol, Diazinon-15, Diazinon-60, Ektavil çimdirmək üçün 0,1 %-li, qaramal üçün 0,2 %-li məhlul istifadə olunur.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və onun strukturları yuxarıda göstərilən xəstəlikləri daim diqqətdə saxlayır və onların baş verməməsi üçün ölkədə geniş profilaktiki tədbirlər həyata keçirir.
Klimen ƏSƏDOV,
Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət
Baytarlıq Xidmətinin sektor müdiri.
Respublika.-2014.- 26 avqust.- S.5.