“Əsrin müqaviləsi”: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı

 

Müasir Azərbaycan çox zəngin təbii sərvətlərə malikdir strateji cografi-iqtisadi məkanda yerləşir. Lakin uzun illər xalqımız bu əlverişli imkanlardan yararlana bilməmişdi və öz milli sərvətlərinin əsl sahibi deyildi. Məhz ulu öndər Heydər Əliyevin müdrikliyi, yeritdiyi düzgün siyasət nəticəsində bütün bu mühüm amillər Azərbaycanın və xalqımızın mənafelərinə yönəldildi. Ulu öndərimizin bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur. Milli neft strategiyası Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan özünü dünyaya təqdim edib, ilk dəfə olaraq dünyada nəhəng transmilli konsorsium yaradılıb və ölkəmizin sayəsində Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanı kimi tanınıb. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan qarşısında yeni imkanlar, yeni üfüqlər açmışdır.

Əvvəla, onu qeyd edək ki, 1994-cü il mayın 24-də Bakıda Xəzər dənizində neft-qaz hasilatına dair I Beynəlxalq sərginin keçirilməsi ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin strateji məqamlarının taktiki gedişləri idi. Belə ki, həmin beynəlxalq sərginin “Əsrin müqaviləsi” ərəfəsində həyata keçirilməsini ən uğurlu addım saymaq olar. Dünyanın 20 ölkəsinin 180-dək rəsmi nümayəndəsi sərgidə Azərbaycanın təbii sərvətlərinin zənginliyi ilə əyani şəkildə tanış olur. Məhz Heydər Əliyevin siyasəti nəticəsində ölkənin neft strategiyasının reallaşması qısa müddətdə müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində dünyəvi islahatların uğurla həyata keçirilməsinə münbit zəmin yaratdı. “Əsrin müqaviləsi” qədim neft-qaz ölkəsi olan Azərbaycana əvvəlki şan-şöhrətini qaytardı, dünyanın nəzər- diqqətini yenidən respublikamıza yönəltdi. Bu mühüm Saziş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Saziş ümummilli lider Heydər Əliyevin Azərbaycanın nurlu sabahına işıq saçan neft strategiyasının əzəmətli təntənəsinin başlanğıc nöqtəsi oldu. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından son dərəcə səmərəli istifadə edilməsini vacib sayaraq ilk günlərdən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışırdı. Azərbaycanın zəngin neft-qaz yataqlarının mənimsənilməsi, bu əvəzsiz təbii sərvətin dünya bazarına çıxarılması üçün o zaman imkanlar məhdud idi. Çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görən ulu öndər bənzərsiz siyasi iradəsi hesabına bu istiqamətdə aparılan danışıqları uğurla sona çatdırdı. Azərbaycan keçmiş sovet məkanında Qərb şirkətləri ilə iri neft müqaviləsi imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu baxımdan “Əsrin müqaviləsi”nin reallaşması təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyır. Bu müqavilə ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın, xüsusən də qeyri-neft sektorunun sürətli inkişafına, mədəni intibaha və əhalinin sosial rifahının yaxşılaşdırılmasına güclü təkan verib.

1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan respublikamız böyük iqtisadisiyasi çətinliklərlə rastlaşdı. İqtisadiyyatda artıq 1989-cu ildən başlanmış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşmişdi. 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye məhsulu istehsal edilmişdir. 1996-cı ildə sənayedə davam edən istehsalın həcminin azalması prosesinin qarşısı alındı və 1997-ci ildən başlayaraq bu sahədə inkişaf istiqamətində dönüş yarandı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin praktiki cəhətdən reallaşması, sənayenin bir çox sahələrinə investisiyaların yönəldilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsi, yeni sənaye müəssisələrinin istifadəyə verilməsi sənayedə dirçəlişin təməlini qoydu.

Ulu öndərimiz Heydər Əliyevin apardığı düzgün milli dirçəliş siyasəti nəticəsində ölkəmizdə yaradılan sağlam inkişaf, həyata keçirilən tədbirlər qeyri-neft sektoru ilə yanaşı, sənayenin də inkişafına zəmin yaratdı. Qeyd etmək olar ki, Azərbaycan sənayesinin sürətlə inkişafının təməlində “Əsrin müqaviləsi”nin çox böyük rolu vardır.

“Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadistrateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqlədi. Qlobal layihələrin gerçəkləşdirilməsi üçün müsbət təmayül yarandı, Azərbaycanın Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçdi. Bu gün artıq Azərbaycan regionun lider dövləti kimi beynəlxalq birliyin əsas partnyorudur. “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş yeni neft strategiyası ölkəmizə iqtisadi səmərə gətirməklə bərabər, həm də mühüm geosiyasi amildir.

1997-ci ildə “Çıraq” yatağında ilk neft hasilatına başlanılması ilə neft strategiyasının uğurlarının başlanğıcı qoyuldu, “Əsrin müqaviləsi” çərçivəsində istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasına başlandı. İlk neftin hasil olunması buqara qızıl”ı ixrac etmək, onu dünya bazarlarına çıxarmaq məsələsini gündəmə gətirdi. 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verildi. Lakin hasil olunacaq böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud idi. 1997-ci ildə neftin Bakı-Supsa marşrutu ilə Qara dənizə çıxarılması haqqında Azərbaycanla Gürcüstan arasında sazişin imzalanması mühüm hadisə oldu. 1999-cu ildə isə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. Beləliklə də, bir əsrə yaxın fasilədən sonra ilk dəfə olaraq Azərbaycan nefti Şimala deyil, Qərbə istiqamət götürdü. Bununla belə, neft hasilatının artımı əsas ixrac boru kəmərinin qısa zamanda inşa olunmasını labüd edirdi. Belə olan halda Azərbaycan xalqının maraqlarını daim hər şeydən uca tutan ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan ideyasını irəli sürür və sonadək bu ideyanı dəstəkləyərək onun gerçəkləşməsinə nail olur. Nəhayət, 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına nəql olundu. Gerçəklik növbəti dəfə ulu öndər Heydər Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı ixrac strategiyasının əsaslı olduğunu bütün dünyaya sübut etdixarici tərəfdaşların təşəbbüsü ilə bu kəmərə ulu öndər Heydər Əliyevin adı verildi.

Hər kəs yaxşı bilir ki, Azərbaycan qədim neft ölkəsidir. İlk dəfə olaraq dünyada sənaye üsulu ilə neft məhz Azərbaycanda çıxarılmışdır. Həmçinin dünyada dənizdə neftilk dəfə ölkəmizin neftçiləri tərəfindən istehsal edilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkəmizin dirçəlməsinin və ən əsası, XXI əsrdə yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzinə çevrilmişdir.

Neft strategiyası, onun ölkəmizin inkişafında tarixi rolu haqqında danışarkən, ulu öndərin təşəbbüsü və qətiyyəti sayəsində yaradılmış Neft Fondunun fəaliyyətini qeyd etməmək mümkün deyil. Azərbaycanın ən böyük sərvəti olan neftin xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubluğunu bildirən ümummilli lider tarixi qərar qəbul edərək 29 dekabr 1999-cu ildə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman verdi. Fondun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edirdi. Belə ki, Neft Fondu bu gün neft sazişlərinin həyata keçirilməsi ilə əlaqədar əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsinin ən effektiv mexanizminə çevrilib. Ulu öndərin sərəncamı ilə Dövlət Neft Fondundan ilk ayrılmış vəsait ən ağır sosial vəziyyətdə olan soydaşlarımıza, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib.

Bu gün Azərbaycan sənayesi sürətlə inkişaf edir. Məhz bu müqavilənin bəhrəsidir ki, İmişlidə Şəkər zavodu, Naxçıvanda “Lifan” markalı minik avtomobilləri istehsal edən zavod, Sumqayıtda Azərbaycan kağız və karton istehsalat kombinatı, Mis Emalı zavodu, Biləsuvarda konserv zavodu, QaradağdaNormsement zavodu, Sumqayıtda TexnologiyalarTekstil parkları, bir sözlə, yüzlərlə sənaye və istehsal müəssisələri yaradılaraq istifadəyə verilmişdir. Birmənalı şəkildə demək lazımdır ki, müstəqil respublikamız son illər iqtisadi cəhətdən daha da güclənib, dünya birliyinin lider dövlətlərindən birinə çevrilib. Bütün bunlar isə Azərbaycana böyük siyasiiqtisadi dividendlər gətirən ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə, zərgər dəqiqliyi ilə işləyib hazırladığı, müəllifi olduğu yeni neft strategiyasından, “Əsrin müqaviləsi”ndən qaynaqlanır. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində qazandığı bir-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir.

Mübaliğəsiz demək olar ki, “Əsrin müqaviləsi” çox çətin mübarizə yolu keçib, Azərbaycanı bütün dünyaya tanıtdırıb, respublikamızın işğala məruz qalmasını dünyanın siyasi müstəvisində gündəmə gətirib. Ümummilli liderimiz Heydər Əliyev “Əsrin müqaviləsi”nə Azərbaycanın taleyi kimi baxırdı. Bu tarixi müqavilə də xalqın daha qüdrətli olmasını, torpaqların azad olacağını sübuta yetirəcək. Ona görə də ümummilli liderimizin ideyası, qətiyyəti, neft strategiyası bu gün də, sabah da uğurla davam etdiriləcəkdir. Çünki “Əsrin müqaviləsi”nə Azərbaycan xalqının, min illərin arzuları, istəyi bələnib.

 

Müşfiq CƏFƏROV

Respublika.-2014.- 28 avqust.- S.3.