Səbail—paytaxtın intellektual və mədəni mərkəzi

 

Azərbaycanın iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlərdə paytaxt Bakı şəhərinin, eləcə də onun rayonlarının müstəsna rolu vardır. Bu sırada Bakının paytaxtı adlandırılan Səbail rayonu xüsusi yer tutur.

Səbail rayonunu mübaliğə etmədən tarixi və memarlıq abidələrinin əsl xəzinəsi adlandırmaq olar. Rayon ərazisində qədim dövrə, orta əsrlərə aid bir çox abidələrlə yanaşı, müasir memarlıq abidələri də yerləşir.

Azərbaycan Respublikasının əsas idarəetmə orqanları, 8 nazirlik və bir neçə Dövlət Komitələri, 13 xarici səfirlik və bir sıra beynəlxalq təşkilatlar məhz Səbail rayonunun ərazisində yerləşir.

Bakılıların və şəhərimizin çoxsaylı qonaqlarının əsas ziyarət yeri olan xiyabanlar, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park, YUNESKO-nun dünya irsi siyahısına salınmış Şirvanşahlar sarayı Kompleksi və qədim dövrlərin yadigarı olan Qız qalası məhz Səbail rayonundadır. Qız qalası həm də Səbail rayonunun rəmzi sayılır.

Bakı şəhəri, Səbail rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2014-cü il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş, 2013-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.

Qeyd olunmuşdur ki, 2013-cü ildə Səbail rayonunda nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 23 milyard 342,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 1,2 faiz çox məhsul istehsal edilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 561,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox nəqliyyat xidmətləri göstərilmişdir.

Rayonda 4 ərazi nümayəndəliyi və 3 bələdiyyə fəaliyyət göstərir.

İqtisadiyyat sahəsi üzrə 1140 dövlət və qeyri-dövlət müəssisələri, firma və kiçik müəssisə rayonun iqtisadi potensialının əsasını təşkil edir.

Rayonda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 18 orta təhsil müəssisəsi, 18 məktəbəqədər müəssisə, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 24 səhiyyə müəssisəsi yerləşir.

Şəhərimizin və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən 7 teatr, filarmoniya, 1 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi Səbail rayonunda fəaliyyət göstərir. Rayonda 14 istirahət parkı vardır.

Rayondakı rabitə müəssisələri tərəfindən 637,8  milyon manatlıq və ya əvvəlki ilə nisbətən 0,8 faiz çox rabitə xidmətləri göstərilmişdir. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiya 4 milyard 217,9 milyon manat olmuşdur və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz artmışdır. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.617,5 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işləri 2,5 dəfə artmışdır.

Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 224,0 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,6 faiz çox istehlak malları satılmış, əhaliyə 74,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 faiz çox iaşə xidmətləri göstərilmişdir.

2013-cü ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114.056 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 1004,2 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 4,7 faiz çoxdur.

Keçən il ərzində Səbail rayonunda hamısı daimi olmaqla 2220 yeni iş yeri açılmışdır.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Alov qüllələri” Kompleksindəki “Fairmont Baku” otelinin, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, kütləvi informasiya vasitələri işçiləri üçün yeni yaşayış binasının, Neftçilər prospektində yeni yeraltı avtomobil dayanacağının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış, konservasiya işlərindən sonra Qız qalasının, əsaslı təmir və yenidənqurmadan sonra Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Dağüstü parkın, Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasının istifadəyə verilmə və Su İdmanı Sarayının təməlqoyma mərasimləri keçirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 7 ünvanında yerləşən 1969-cu ildə tikilmiş 150-dən çox uşağın tərbiyə aldığı 136 saylı uşaq bağçası əsaslı təmir olunmuş, bağçanın istifadəyə verilmə mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak etmişlər.

Ötən il “Fəvvarələr Meydanı”nda 263 avtomobil yerlik yeni yerüstü avtomobil dayanacağı istifadəyə verilmiş, Azadlıq Meydanının təmiri başa çatdırılmış, meydana yeni asfalt örtüyü çəkilmişdir.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı 20-ci sahədə 35 kilovoltluq 2 yeni yarımstansiya inşa olunmuş, 7 və 163 saylı orta məktəblərin binaları, 190 saylı orta məktəbin akt və idman zalı, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxana binası, 44 saylı uşaq bağçası, 1 saylı şəhər poliklinikası və 33 saylı poliklinikanın 1 saylı şöbəsi əsaslı təmir olunmuş, 70 saylı uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilmiş və bağçanın köhnə binası əsaslı təmir olunmuş, C.Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən tikilmiş, 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası və Bibiheybət qəsəbəsində poçt məntəqəsi yaradılmışdır.

Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi, 20-ci sahədə “Turac” uşaq bağçasında əsaslı təmir-möhkəmləndirmə işləri və 35 kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çatmaq üzrədir.

Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bəzi obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün Parlament prospektində “Alov qüllələri” kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Əhəd Yaqubov küçəsində Səbail Rayon Prokurorluğu üçün 3 mərtəbəli yeni inzibati binanın, Badamdar qəsəbəsində 70 çarpayılıq Mərkəzi Xəstəxananın və yeni İdman Kompleksinin, Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana kompleksinin, Səbail Rayon İcra Hakimiyyətinin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni 6 mərtəbəli binanın tikintisi, 2 saylı Şəhər Poliklinikasının əsaslı təmiri aparılır.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Neftçilər prospektindəki İdman Oyunları Sarayında əsaslı təmir aparılır.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Salyan yolu boyunca “Şıx” ərazisində “Dostluq parkı”ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı salınmış, 10000 kvadratmetr sahəyə yaşıl ot qatı salınmış, 15000 ədəd yeni ağac, 2000 ədəd dekorativ kollar əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır. Bu ərazilərdə mütəmadi olaraq iməciliklər keçirilir və yaşıllıqlara qulluq göstərilir.

Rayon icra hakimiyyəti tərəfindən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının, 20 Yanvar cəmiyyətinin qərargahlarının, eləcə də Şəhidlər Xiyabanı kompleksinə xidmət göstərən qurumlar və həmçinin yeni yaradılmış Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçün bir mərtəbəli inzibati bina tikilmiş, RİH tərəfindən binadakı təşkilat və xidmət sahələri hər cür lazımi inventarla təmin olunmuşdur.

Xiyabanda çalışan xidmət sahələri işçilərinin xahişi nəzərə alınaraq onlar üçün Badamdar qəsəbəsində 2 mərtəbəli, 10 mənzilli xidməti yaşayış binası tikilmiş, Badamdar qəsəbəsindəki qəbiristanlıqda dini ayinlərin yerinə yetirilməsi üçün tikili inşa olunmuş, buraya kommunikasiya xətləri çəkilmiş, tələb olunan ləvazimatla təmin olunmuşdur.

Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Badamdar qəsəbəsində yerləşən 7 yaşayış binasının və Neftçilər prospekti 121 ünvandakı binanın üzlənməsi başa çatdırılmış, daha 10 binanın üzlənməsi davam edir. Bibiheybət yolunda hasarların rənglənməsi aparılmış, Salyan şosesi boyunca istinad divarlarına aqlay daş döşənərək üzlənmişdir.

2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirmiş, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 119 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. 

2012-2013-cü təhsil ilinin yekununa görə  19 məzun qızıl medala layiq görülmüşdür. Məlumat üçün bildirək ki, keçən tədris ili 11 nəfər qızıl, 2011-ci ildə 6 nəfər qızıl və 1 məzun isə gümüş medal qazanmışdı. Ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.

2012-2013-cü təhsil ilinin yekununa görə “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində - 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya artıq ikinci dəfədir ki, qaliblər sırasında olmuşlar. Artıq 6-cı ildir ki, keçirilən bu müsabiqədə rayonun 18 orta məktəbinin 12-si, onlardan isə 2-si 2 dəfə qaliblər sırasında olmuşdur. “İlin ən yaxşı müəllimi” müsabiqəsində isə rayonun orta məktəblərinin 6 müəllimi qaliblər sırasında olmuşlar. Ümumilikdə isə, 6 il ərzində Səbail rayon məktəblərində çalışan müəllimlərdən 52 nəfəri müsabiqədə qaliblər sırasında olmuşlar. Beynəlxalq Müəllim Günü ərəfəsində ölkə başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 2 nəfəri - “Əməkdar müəllim” fəxri adına və 4 nəfər isə “Tərəqqi” medalına layiq görülmüşlər.

2013-cü il ərzində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlər və təşkil olunan görüşlər zamanı hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 18500 nəfər olmuşdur.

İl ərzində rayon kommunal xidmətləri tərəfindən rayonun abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli iş görülmüş, yeni qaz xətləri çəkilmiş, yarımstansiyalar, transformatorlar quraşdırılmış, sayğaclaşma aparılmış, bununla da rayon sakinlərinin elekrtik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş vermişdir.

2013-cü ildə ölkədə ən mühüm ictimai-siyasi hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı rayondakı hər iki seçki dairəsi üzrə seçkilərin Seçki Qanununa uyğun olaraq keçirilməsi təmin edilmiş, seçkilər tam şəffaf, ədalətli və demokratik keçirilmişdir. 21-dən çox xarici ölkədən gəlmiş, ATƏT-in, Avropa Şurasının, MDB ölkələrinin və bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin yerli müşahidəçilər rayonda seçkinin gedişatını izləmiş, heç bir qanun pozuntusu qeydə alınmamışdır.

Seçki günü Səbail rayonu üzrə çox yüksək - 71 faiz seçici fəallığı qeydə alınmış, seçkilərdə iştirak edənlərin 86 faizi öz səslərini İlham Heydər oğlu Əliyevə vermişlər.

2013-cü il ərzində Səbail Rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 567 cinayət hadisəsi qeydə alınmış, onlardan 417-nin və ya 78,8 faizinin açılması təmin olunmuşdur. Həyata keçirilən profilaktiki tədbirlər nəticəsində baş verən cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 fakt və ya 5 faiz azalmışdır.

Ağır və xüsusilə ağır cinayətlərin sayı əvvəlki illə müqayisədə 61-dən 111-ə kimi artsa da, onların 89-nun və ya 85,6 faizinin açılması təmin edilmiş, açılma faizi isə 74,0 faizdən 85,6 faizədək artaraq 11,6 faiz yaxşılaşmışdır.

2013-cü il ərzində narkotiklərlə mübarizə sahəsində rayon ərazisində ümumilikdə aşkar olunmuş faktların sayı əvvəlki illə müqayisədə 41-dən 78-dək artmışdır. Aşkar edilmiş faktların 23-ü satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul edilməsi ilə əlaqədar olmuşdur. Bunlardan 3 fakt üzrə külli miqdarda narkotik vasitələrin götürülməsi təmin edilmişdir.

Aşkar edilmiş faktlar üzrə ümumilikdə 6 kq 413 qram narkotik maddə götürülərək dövriyyədən çıxarılmışdır. Dövriyyədən çıxarılmış narkotik vasitələrin 13,8 qramı heroin, 5,32 qramı həşiş, 140,17 qramı tiryək və 6 kq 253 qramı isə qurudulmuş marixuana olmuşdur.

İl ərzində görülən tədbirlər nəticəsində 3 ədəd tapança, 1 ədəd pnevmatik tapança, 2 ədəd ov tüfəngi və 1 ədəd tank mərmisi aşkar edilib götürülmüşdür.

2013-cü ildə rayon ərazisində ümumilikdə 233 yol nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 21 nəfər ölmüş, 85 nəfər isə xəsarət almışdır.

Noyabr ayında “Aşura” mərasimi zamanı İçərişəhər “Cümə” məscidində və Bibiheybət məscidində müxtəlif irsi xəstəlikdən əziyyət çəkən vətəndaşların ehtiyacları üçün qanvermə aksiyası təşkil olunaraq, ümumilikdə 422 nəfər könüllü qan vermiş, RİH-in dəstəyi ilə 3 nəfər həcc ziyarətinə göndərilmişdir.

Azərbaycan hazırda çox sürətlə və dinamik inkişaf edir. Ölkəmiz günü-gündən daha da müasirləşir və gözəlləşir. İl ildən daha uğurlu gəlir. Biz bu möhtəşəm nailiyyətləri Bakının mərkəzi rayonu olan Səbail rayonunun inkişafının timsalında da aydın görürük. İndiyədək əldə olunan uğurlar tam əminlik yaradır ki, 2014-cü ildə də Səbail rayonu çox yüksək nəticələr əldə edəcəkdir. Bunun üçün hər cür potensial və şərait vardır.

Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, rayon icra hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2013-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr qazanmış 20 nəfər orta məktəb şagirdinə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Fuad Muradov, Ziyad Səmədzadə və Şəmsəddin Hacıyev iştirak etmişlər.

 

Məhəmməd VƏLİYEV

Respublika.-2014.- 4 fevral.- S.6.