LƏNKƏRANDA GƏNCLƏRİN BAYRAM ŞƏNLİYİ

 

  Gənclər Günü münasibətilə şəhərin Gənclər Mərkəzində tədbir keçirilmişdir. Rayon gənclərinin nümayəndələri əvvəl mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə gül dəstələri düzmüşlər.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tədbiri açaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından,  lənkəranlı gənclərin rayonun ictimai-siyasi həyatında fəal rolundan, gənclərin sosial problemlərinin həlli istiqamətində görülmüş işlərdən danışmışdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gəncləri salamlamış, əlamətdar gün münasibətilə onlara ən xoş arzularını söyləmişdir.

İcra başçısı bildirmişdir ki, ölkəmizdə 2 Fevral — Gənclər Gününün bayram edilməsi ümummilli liderin adı ilə bağlıdır. Məhz ulu öndərin 1997-ci ildə imzaladığı fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü qeyd olunmağa başlanmışdır. Əlbəttə, bu, müdrik rəhbərin gənclərə göstərdiyi yüksək etimaddanmisilsiz qayğıdan irəli gəlirdi. Ulu öndər gənclərə dövlət dəstəyinin artırılmasına daim diqqət yetirirdi.

İcra başçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin müasir tələblər səviyyəsində təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil olunmaları üçün geniş imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin rəhbər vəzifələrə irəli çəkildiyini bildirmişdir. Bugünkü bayram tədbirinin cənab Prezidentin ötən il sentyabrın 5-də Lənkərana növbəti səfəri zamanı açılışını etdiyi Gənclər Mərkəzində keçirilməsi rayon gənclərinə göstərilən dövlət qayğısının parlaq nümunəsidir.

Gənclər siyasətindən və gənclərin sosial vəziyyətindən danışan icra başçısı lənkəranlı gənclərin rayonun və ölkənin ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirdiyini qeyd etmişdir. İcra başçısı gənclərə xalqımızın milli-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmağı, vətənpərvərlik duyğusunu uca tutmağı tövsiyə etmişdir.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə Fəxri fərmanlar təqdim etmişdir.

Bayram tədbirində gəncliyə həsr olunmuş şeirlər və musiqi nömrələri səslənmişdir.

 

Ə.Həsənov,

Respublika.-2014.- 4 fevral.- S.9.