Dünyaya sülh, insanlara rifah
Sosial-iqtisadi işbirliyi
adlandırılan Avrasiya İqtisadi
Zirvələrinin 17-ci toplantısı keçirilir
Hər il yazın ikinci ayında
dünyanın dörd bir yanından dəvət olunmuş
qonaqlara qucaq açan İstanbul ölkədəki seçkilər
səbəbindən Mərmərə Qrupu Strateji və Sosial
Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya
İqtisadi Zirvələrinin 17-ci toplantısına fevralın
ilk həftəsində ev sahibliyi edəcəkdir. Az qala iki onillik
ənənəsinə sadiq qalaraq Azərbaycanın da
geniş və nüfuzlu
bir heyətlə qatıldığı həmin
tədbirin nəinki Avrasiya hövzəsi
ölkələri, eləcə də Qərb, Afrika
və Yeni Dünya üçün əhəmiyyətini nəzərə
alaraq Vəqfin sədri Dr.
Akkan Suverdən forumun
işi ilə bağlı “Respublika” qəzeti üçün
müsahibə aldıq.
–
İlk öncə, oxucularımıza, bütövlükdə
Avrasiya İqtisadi Zirvələrinin günümüzədək
keçib gəldiyi yolda önəm
verdiyi mühüm dəyərlər və 17-ci Zirvə
toplantısının əsas hədəfləri barədə
məlumat verməyinizi xahiş edirik.
– Yəqin razılaşarsınız ki, bir sivil toplum cəmiyyəti üçün 17 ildən bəri beynəlxalq səviyyəli bir tədbiri yüksək səviyyədə təşkil edib keçirmək az və asan sayıla biləcək bir iş deyil. Geridə buraxdığımız illərdə dünyanın bəlli vətəndaş cəmiyyəti topluluqlarının, eləcə də rəsmi hakimiyyət orqanlarının sosial-iqtisadi işbirliyi kimi dəyərləndirdikləri Avrasiya İqtisadi Zirvələri həm də bir dialoq və sülh layihəsi olaraq qəbul edilməkdədir. Sözügedən kontekstdə ötən 17 ildə həm regional, həm də qlobal miqyasda mühüm sayıla biləcək uğurlara imza atılmışdır. Nəticə olaraq Mərmərə Qrupu Vəqfi Asiyadan Avropaya, Amerikadan Afrikayadək uzanan qlobal bir perspektivdə əməkdaşlıq təşəbbüslərini sürətlə artırmaqdadır.
Bizlər
Mərmərə Qrupu olaraq Avrasiya İqtisadi Zirvələrində
qlobal anlamda birqütblü deyil, çoxqütblü bir
dünya modelini dəstəkləməkdəyik. Əlbəttə, dünyanın ən təsirli dəyərlər
sistemi və ən böyük
iqtisadi güclərindən biri olan Avropa
Birliyi bizim üçün hər bir
zaman prioritetini qoruyub saxlayacaqdır.
Yenə
də Avropa Birliyi dəyərlərinə sadiq qalaraq Çin
və Hindistan kimi dünya miqyasında önə
çıxan iqtisadi aktorlarla da əməkdaşlıq əlaqələrinə
önəm verməkdəyik. Artıq inanırıq ki, karbohidrogen iqtisadiyyatı
ilə yanaşı yüksək texnologiyalara,
elm və innovasiyaya
söykənən bilik iqtisadiyyatına haqq etdiyi əhəmiyyəti
vermək vaxtıdır.
Bu
cür dəyərlərin işığında 17-ci Avrasiya
İqtisadi Zirvəsində maliyyə bazarlarının tənzimlənməsindən
iqlim dəyişikliyinə, enerji təhlükəsizliyindən rəqəmsal bilik toplumunun
inkişafı perspektivlərinədək etibarlı əməkdaşlıq,
faydalı ticarət tərəfdaşlığı və
digər məsələləri gündəliyə
çıxaracağıq. Müasir
dünyanın utancverici
reallıqlarından olan və bəzilərinin
məcburi köç, bəzilərininsə
insan alveri
adlandırdığı köləlik sistemi
ilə bağlı məsələləri də müzakirə
edəcəyik. Sülhdən söhbət
açacağıq. Ünsiyyəti gündəmə gətirəcəyik.
İqtisadiyyatın və enerjinin gələcəyindən
bəhs edəcəyik. Tərəqqi və innovasiyanın əhəmiyyətini
vurğulayacağıq.
Avrasiya İqtisadi Zirvələri Latın Amerikası ölkələrindən, Afrikadan dəvətlilərin qatıldığı bir fəaliyyətdir. Avropanın öndə gedən sivil düşüncə quruluşları da Zirvəmizdə yer almaqdadır. Aralarında BMT və UNESCO kimi beynəlxalq təşkilatların da olduğu regionda və dünyada tanınmış 27 təşkilat da fevralın ilk həftəsində İstanbulda bir araya gələcəkdir.
Yenə
də 17-ci forumda Bosniya-Herseqovina
və türk iş adamlarının, habelə Çindən
təşrif buyuracaq investorlarla türk sərmayəçilərinin bir
araya gəlib faydalı tərəfdaşlıq əlaqələri
qurmalarına yardımçı olacağıq.
– Zirvədə müzakirə olunacaq
məsələlərə keçməzdən öncə təmsilçilik
barədə məlumat almaq istərdik.
– Azərbaycan oxucuları bilirlər
ki, bizim Zirvələrdə təmsilçilik həmişə
yüksək səviyyədə olur. Bu dəfə də Makedoniya prezidenti Gyorge İvanov və Bosniya-Herseqovinanın baş naziri Vjekoslav Bevanda ilə
yanaşı, uzun illər
İtaliyanın baş naziri
olmuş və indi də
fəaliyyətini senator olaraq
davam etdirən Lamberto
Dini, Yunanıstanın sabiq
xarici işlər naziri
və hazırda millət vəkili
olan Dora Bakoyannis, Avstriya
Respublikasının sabiq vitse-kansleri Erhard Busek, tanınmış Polşa
iqtisadçısı, baş nazir müavini, professor Qreqorz Kolodko və başqalarının adını
çəkə bilərik.
Sivilizasiyalararası
dialoq, tolerantlıq həmişə məxsusi önəm
verdiyimiz aktual mövzular sırasındadır. Din xadimləri olaraq Qafqaz Müsəlmanlarının
Şeyxülislamı Allahşükür
Paşazadə, Patrik Bartolomey,
İstanbulda yerləşən dini icmaların rəhbərləri də
toplantımızı şərəfləndirəcəklər.
BMT-nin
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
Nasir Əbdüləziz əl-Naser, BMT Baş katibinin
müavini, BMT-nin Avropa iqtisadi komissiyasının
İcraçı katibi Sven Alkalaj və UNESCO-nun Beynəlxalq
Komissiyalar və Sivil Toplum Birlikləri direktoru Genc Seit
aramızda olacaqlar.
Etiraf
edək ki, müxtəlif ölkələrin hökumət
üzvlərinin, millət vəkillərinin, nüfuzlu iş
adamlarının qatılacağı bir tədbirə ev
sahibliyi etmək bir sivil toplum olaraq bizə qürur verir,
Türkiyədə, regionda və dünyada tutduğumuz
mövqeyin əhəmiyyətini bir daha bəlirləyir.
– Hər zamankı kimi gündəliyə daxil etdiyiniz məsələlər miqyası və aktuallığı ilə fərqlənir. Dünya insanlarını bu gün məşğul edən və sabah da düşündürəcək problemlər ətrafında məhsuldar müzakirələrin açılacağı gözlənilir.
– Demək olar ki, bu sarıdan ənənəmizə
sadiqik. Yalnız aktual,
dünyanın taleyi ilə həmahəng
məsələlərdən söz
açacağıq. 17-ci Avrasiya İqtisadi Zirvəsində beynəlxalq miqyasda iqtisadiyyat və
ticarət məsələlərinə İpək Yolu kontekstindən nüfuz
etməyə çalışacağıq. Hesab edirik ki,
iqtisadiyyat və ticarət sahəsindəki
inkişafa İpək Yolu
fəlsəfəsindən nəzər salmağın özü konkret perspektivlər
vəd edən yeni yanaşma
taktikasıdır. Düşüncəsini tarixin erkən çağlarından alan bu İpək Yolu bir fəlsəfə,
rifahı bölüşmə layihəsi olaraq
Sakit okeanın sahilləri ilə Baltik dənizini yan-yana gətirəcəkdir.
Əgər bu gün həyata keçirilən maliyyə
tutumlu genişlənmə siyasətinin daimi olmayacağını, eləcə də dünya
iqtisadiyyatında yaxşılığa doğru
konkret addımlar atılmadan yüksələn
enerji qiymətlərinin yeni
böhranları səbəbləndirəcəyi
faktını qəbul etsək, o zaman İpək Yolunun əhəmiyyəti
özlüyündə ortaya
çıxmaqdadır.
Dünya
2013-cü ildə 2,9 faiz böyüdü. Proqnozlar bu göstəricinin
2014-cü ildə 3,6 faiz civarında qərar
tutacağını söyləməyə əsas verir. Belə bir müsbət
dinamika fonunda ötən
il Avropa Birliyi ölkələri 0,4 faiz
kiçilib. Gözləniləndir ki, Qərb bu il özünü
səfərbər edərək 1 faizlik
artım səviyyəsini yaxalaya bilsin. Ortadakı faktları nəzərdən
keçirdikdə, inkişaf etmiş iqtisadiyyatların 2014-cü ildə yeni və pozitiv bir yüksəliş mərhələsinə
girəcəyini təxmin etməyə əsas verdiyini
söyləyə bilərik.
Belə
bir tablo Çindən Londona uzanan yolda yerləşən və
inkişaf etməkdə olan ölkələrlə iqtisadi cəhətdən
inkişaf etmiş ölkələrin sahib olduqları
potensialı gündəmə gətirməyi
aktuallaşdırır.
Avrasiya
İqtisadi Zirvələrinin vazkeçilməz ana
mövzularından biri də enerjidir. Avrasiyanın
enerji müstəqilliyinin təminində öz sözünü deyəcək
və töhfəsini verə biləcək TANAP və TAP layihələrinin
yol xəritəsinin müzakirəsinə
Qərbin və çoxqütblü dünya düzəninin yeni
güc mərkəzlərini cəlb etməyi
düşünürük.
Mərmərə
Qrupu Vəqfi olaraq bölgənin enerji mənzərəsini dəyişdirə
biləcək “Şahdəniz” layihəsinə xüsusi önəm
verməkdəyik. Zira, bilirik ki,
Azərbaycanın “Şahdəniz” layihəsi ilə Cənubi Qafqaz boru xətti
genişlənəcək, TANAP və TAP-la
Yunanıstan və Albaniya üzərindən
İtaliyaya çatdırılacaq təbii
qazın daşınması Türkiyə və Azərbaycanı
böyük bir regionun enerji mərkəzi
və tranzit ölkəsi səviyyəsinə
qaldıracaqdır. Bu isə öz növbəsində hər bir dövlətin can
atdığı siyasi istiqrar
və iqtisadi rifaha yeni imkanlar
açacaqdır.
Aralarında
Türkiyənin də olduğu Avropa ölkələri enerji
idxalıyla bağlı mücadilə verməkdədir. Enerji idxalatları, enerji
sarıdan müstəqil ölkələrin potensial
yüksəlişini əngəlləməkdə,
yatırılması vacib
investisiyaların yatırılmasını əngəlləməkdədir.
Bütövlükdə
17-ci Avrasiya İqtisadi Zirvəsində TANAP və TAP layihələri
ilə “Şahdəniz-2” anlaşmasına böyük yer verəcəyik.
– Zirvənin elan olunmuş gündəliyindən
də görünür ki, toplantıda məcburi
köçkünlər və insan alveri məsələsindən
də bəhs ediləcəkdir. Günümüzün
ən ağır sosial problemlərindən
sayılan bu mövzu
ilə bağlı hansı məqamların
vurğulanacağını düşünürsünüz?
– Biz hər nə qədər
gözardı etməyə çalışsaq da, bu məsələlər
inkişafının çox yüksək mərhələsini
yaşayan bir cəmiyyətdə hələ də
aktuallığını qoruyub saxlamaqdadır. O üzdən
məcburi köçkün və insan alveri mövzusu
Zirvənin gündəliyində yer
almışdır.
Qloballaşma özü ilə yeni fürsət və imkanlarla yanaşı, bəşər sivilizasiyası üçün ciddi başağrısına çevrilmiş problemlər də gətirdi. Başqa sözlə desək, insanların, maddi nemətlərin, sərmayənin və biliyin sərhədləri aşması ortaya cəmiyyətin, sabitliyin, rifahın taleyindən yana ciddi əndişələr, neqativ nəticələr qoydu.
Artıq problemlər ortaqdır! Maraq dairələri isə fərqlidir! Yoxsulluqla mücadilə, beynəlxalq maliyyə
sistemi, iqtisadi və sosial yüksəliş, cəmiyyətin sağlığı, enerji, rabitə və kommunikasiya
vasitələri, terrora qarşı işbirliyi, iqlim dəyişikliyi,
insan haqları, ədalət və demokratiya! Günümüzdə
Cənubdan Şimala və Qərbdən
Şərqə doğru işgəncə
üzündən, yoxsulluqdan və digər
sosial səbəblərdən sərhədləri
aşan böyük insan köçləri bir
reallıqdır. Öncəliklə, kasıb ölkələrdəki insanlara yaşam imkanı
tanıyan bazisi yaratmaq
üçün inkişaf
etmiş ölkələrin lazımi tədbirlər
görmədiyini etiraf etmək
lazımdır.
Qadın, kişi, uşaq, illeqal işçi, köçkün və qaçqınlarla başlayan insan ticarəti bu gün müasirliyi təhdid edən bir miqyasa çatmaqdadır. Bölgəmizdə təqribən 500.000 qadın və qız uşağının Uzaq Şərq, Orta Şərq və Müstəqil Dövlətlər Birliyi ölkələrindən gətirilərək satıldığı beynəlxalq məlumatlarla təsdiq olunmuş faktdır. Bu sahədə beynəlxalq hüquq normalarının, beynəlxalq əməkdaşlığın və sərhədlərarası koordinasiyanın yetərsizliyi, uşaq və qadınların istismarını əngəlləyəcək strategiya və önləyici tədbirlərin olmaması insan ticarətinə rəvac verən səbəblərdəndir.
Hesab edirik ki, qlobal miqyasda gəlirlərin bölüşdürülməsi siyasətinin hər il artaraq daha da pisləşməsi nəticə etibarilə köç dalğalarının qarşıdakı illərdə daha da intensivləşəcəyini söyləməyə əsas verir. Suriyada davam edən qarğaşa, Əfqanıstanda gözlənilən siyasi hərəkətlilik, Pakistanda daha da şiddətlənəcəyi təxmin edilən qarışıqlıqlar, tərəddüd edən ABŞ, İran, İsrail qarşıdurması belə bir humanitar fəlakəti qıcıqlandıra biləcək səbəblər sırasındadır. Eləcə də buraya dəniz səviyyəsinin artması, qlobal isinmə nəticəsində buzlaqların əriməsi ilə milyonlarla insanın sıx məskunlaşdığı məskənləri tərk edib yeni məkanlara üz tutacağı zərurətini də əlavə edə bilərik. Zirvənin işində tanınmış alim və mütəxəssislərin iştirakı ilə bu məsələlər müzakirə ediləcəkdir.
– Davamlı inkişaf və onun lokal
nəticələri adlanan bir iclasınız var. Söhbət nələrdən gedəcək?
– Bir ölkədə inkişafın qorunması ekoloji, iqtisadi və sosial varisliyin təmin olunması ilə gerçəkləşə bilər. Tərəqqi sadəcə iqtisadi böyümə demək deyildir. Demokratiya, insan haqları kimi göstəricilər də inkişaf anlayışı ilə ehtiva olunmalıdır.
Rəqabət
şərtlərinin getdikcə artdığı bir zamanda
qloballaşmaya paralel olaraq yerli inkişaf modellərinin önəmi
daha da artmaqda və yerli özünüidarəetmə
orqanlarının inkişaf prosesindəki rollarında idarəçilik fərqlilikləri gündəmə
gəlməkdədir.
– İnformasiya məsələsi
keçən il də yüksək səviyyədə təmsilçilik
auditoriyasında müzakirə edilən mövzulardan idi. Göründüyü kimi,
17-ci Zirvədə də informasiyanın inkişafdakı rolu aktual bir
problem səviyyəsində öyrəniləcəkdir.
Hədəfləriniz nədən ibarətdir?
– Yəqin razılaşarsınız ki, informasiya-kommunikasiya texnologiyaları bugünkü iqtisadiyyatın təməl daşıdır. Bu böyük və güclü mənbəyə istinad etməyən hər hansı bir inkişaf sabitqədəm və uğurlu ola bilməz. Təəssüf ki, inkişaf etməkdə olan ölkələrdə kompyuterdən istifadə nisbəti və internet inkişaf etmiş ölkələrdən çox geridədir. Məsələn, Şimali Amerika və Avropada əhalinin yarısından çoxu internetə giriş imkanına malikdir, ancaq Afrika qitəsində əhalinin yalnız 1 faizi kompyuter sahibidir. Afrikada təhsil alan tələbələrin 90 faizinin fərdi kompyuteri yoxdur. Ancaq informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatın hər bir seqmentinə təsir etmə imkanına malikdir. Məsələn, beynəlxalq məlumatlara görə, internetdən istifadə imkanına sahib fermerlər kənd təsərrüfatı bazarı haqqında daha ətraflı məlumat əldə edir və gəlirlərini artıra bilirlər. Bu səbəbdən, bütün cəmiyyətin informasiya-kommunikasiya texnologiyalarının təqdim etdiyi imkanlara nail olmasını təmin edəcək yollar aramaq lazımdır. Gerçək inkişafa çatmanın tək yolu isə informasiya-kommunikasiya texnologiyalarından keçməkdədir. Bu səbəbdən 17-ci Avrasiya İqtisadiyyat sammitində informasiya və kommunikasiya texnologiyalarına verdiyimiz əhəmiyyəti xüsusi bir oturumla qiymətləndirəcəyik.
– Mərmərə
Qrupu Vəqfinin Avrasiya İqtisadi Zirvələrinin 17 illik
keçmişində bir dialoq təşəbbüsü
vardır. Bu il də
dialoq mövzusunu
gündəminizdən əskik etməmisiniz.
İnanırıq ki, nəinki bölgəmizin,
bütövlükdə dünyanın sülhə olan böyük
ehtiyacına Zirvənin sülh və dialoq düşüncəsinin bir
faydası olacaqdır.
–
Əlbəttə, bölgəmizdə cərəyan edən gərgin
qarşıdurmalar hər keçən gün insanları
sülhdən uzaqlaşdırır. Dialoq
əskikliyinin qarşıdurma tərəfdarlarına ayrı bir dəstək
verdiyi də sübuta
ehtiyacı olmayan reallıqdır.
Anlaşılmazlıqların, qarşıdurmaların,
yadlaşmanın bir qaynağının da dialoq təşəbbüslərinin
olmadığını qəbul etsək, gələcəkdə
dialoqun əhəmiyyəti özünü bir daha sərgiləyəcəkdir. Buna görə də həm qlobal,
həm də məhəlli miqyasda sülhün əldə olunması üçün daha çox dialoqa, ünsiyyətə,
əməkdaşlığa ehtiyacımız var.
17-ci Avrasiya İqtisadi Sammitində sülh və dialoq mövzusunu dövlət adamlarının, din adamlarının və alimlərin düşüncələrindən dilə gətirəcəyik. Və 17 ildir usanmadan gündəmə gətirdiyimiz dialoqu bu dəfə qlobal miqyasdan regional-məhəlli hüdudlaradək səsləndirməyə çalışacağıq. Ümumiyyətlə, Zirvənin tək Avrasiya geosiyasi və geoiqtisadi coğrafiyasında yerləşən ölkələr deyil, söhbətimizin əvvəlində də söylədiyim kimi, bütün tərəqqipərvər dünya üçün faydalı olacağını düşünürük.
Müsahibəni təqdim etdi:
Xalid NİYAZOV
Respublika. - 2014.- 4 fevral.- S.9.