“Gənclər Evi”nin rəsmi internet saytının və yeni
layihələrin təqdimat mərasimi
Fevralın 6-da Park İNN Hotelində “Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (“Gənclər Evi”) Layihəsinin rəsmi internet saytı və “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyinin Gənclər Evi ilə birgə həyata keçirdiyi “Distant Təlim: Paytaxtdan Regionlara” adlı layihəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə millət vəkilləri, hökumət nümayəndələri və layihənin rəhbərləri ilə yanaşı, Cənibi Koreyadan gələn rəsmi qonaqlar və Azərbaycanın müxtəlif gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Tədbiri “Gənclər Evi” Layihəsinin rəhbəri Elşad Abdullayev açaraq Azərbaycanda gənclər siyasətinin əsasının ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin son 10 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini önə çəkmiş, bu istiqamətdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq müxtəlif uğurlu layihələrin reallaşmasından danışmışdır. Qeyd olunmuşdur ki, “Gənclər Evi” layihəsinin rəsmi internet saytının işə başlaması bunun davamıdır. “Gənclər Evi”nin internet saytında bir çox məlumatlar və layihələrin mahiyyəti ilə yanaşı, işğal olunmuş torpaqların tarixləri də qeyd olunub. Bu, gənclərimizdə vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət edəcəkdir.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirdi ki, bu gün “Gənclər Evi” yeni, çox səmərəli bir layihənin reallaşdırılmasına başlayır. “Distant Təlim: Paytaxtdan Regionlara” adlı bu layihənin əsas məqsədi gənclərin sosial inkişafını dəstəkləmək, onların respublikamızın inkişaf prosesində iştirakını təşviq etmək, real aləmdə kurslara gedə bilməyən regionlardakı gənclərin paytaxtdakı kurslardan virtual aləmdə faydalanmalarını təmin edərək “paytaxt-region” fərqlərini azaltmaqdan ibarətdir. Gənclər və İdman Nazirliyinin dəstək verdiyi bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə köməyi ilə “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyi tərəfindən həyata keçirilir.
Nazir müavini İntiqam Babayev Cənubi Koreyadan gələn qonaqları salamlamış, onların gənclərin keçirdiyi bir çox layihələrə, xüsusən də “Gənclər Evi”nin pilot seçildiyi “Smart Class” sisteminə dəstəyini yüksək dəyərləndirmişdir. Layihənin qurucuları Cənubi Koreyanın ən iri şırkəti və dünyada məşhur olan “SK Telecom”dur. Nazir müavini əmin olduğunu bildirmişdir ki, gənclər siyasəti sahəsində bu layihənin reallaşması iki ölkə gəncləri arasında tələbə, təcrübə və informasiya mübadiləsini genişləndirəcək və ölkələrimizarası əməkdaşlığın daha da möhkəmlənməsinə güclü təkan verəcəkdir.
Tədbirdə Koreya Respublikasının keçmiş təhsil nazirinin müavini professor Kyunq Kim, Halli Universitetinin professoru Sojunq Canq çıxış edərək yeni layihə barədə danışmışlar. Sonra “Smart Class” layihəsi ilə bağlı Azərbaycan tərəfi ilə Koreyanın “SK Telecom” şirkəti arasında Memorandum imzalanmışdır.
“Smart Class” layihəsinə texniki dəstək “SK Telecom” şirkəti tərərfindən, tədris məsələləri üzrə dəstək isə Sungshin Universiteti tərəfindən həyata keçiriləcək.
“Smart Class” - bu, müasir avadanlıqlarla - kompyuter, planşetlər, xüsusi proqram təminatı ilə bir-biri ilə əlaqəli olan interaktiv lövhə və printer ilə təchiz olunmuş xüsusi bir sinifdir. “Smart Class” ayrı-ayrı tədris proqramlarının səmərəliliyini, eləcə də məktəblilərin kompyuter savadını əhəmiyyətli dərəcədə artırmağa kömək edəcəkdir.
Mərasimdə həmçinin “Distant Təlim: Paytaxtdan Regionlara” layihəsinin rəhbəri Adil Rəfili çıxış edərək reallaşan layihələrin əhəmiyyətindən, gələcəkdə həyata keçiriləcək işlərdən ətraflı bəhs etmişdir. Gənclərin iş həyatına hazırlığı, rəqabət əsaslı iqtisadi sistemdə peşə-sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edərək peşəkar vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən layihənin məqsədi həm də gənclərin məşğulluq problemlərinin həllinə yardım etməkdir. Ümumilikdə “Gənclər Evi”nin həyata keçirdiyi layihələrin hədəfi gənclərin hərtərəfli inkişafını sürətləndirmək, onların sosial problemlərinin həllinə kömək etmək, dünya birliyinə inteqrasiya prosesini gücləndirməkdir.
Tədbirdə “Gənclər Evi”nə dəstək olan KİV-lər, eləcə də “Respublika” qəzeti “Gənclər Evinin Dostu” adına layiq görülüb.
Xəlil CABBAROV,
Respublika.-2014.- 7 fevral.- S.3.