Ərzaq məhsullarının
təhlükəsizliyinə və keyfiyyətinə nəzarət
sistemi təkmilləşdirilir
“Kənd
təsərrüfatı və ərzaq məhsulları
bazarının fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 16 yanvar 2014-cü il
tarixli 221 nömrəli sərəncamı ərzaq məhsullarının
təhlükəsizliyinə və keyfiyyətinə nəzarət
sisteminin müasir tələblərə
uyğunlaşdırılması üçün
yaxşı hüquqi baza yaratmışdır.
Dünya üzrə demoqrafik artım dinamikası beynəlxalq bazarda ərzaq məhsullarına tələbatı kəskin surətdə artırmışdır. Lakin ərzaq məhsullarına olan tələbat ilə istehsal resurslarının tərs mütənasibliyi qlobal miqyasda bu sahədə vəziyyətin heç də qənaətbəxş olmadığını göstərir. Tələbatın getdikcə artmasına rəğmən ərzaq istehsalı üçün zəruri olan resursların təbii və antropogen səbəblərdən azalması dünya əhalisinin təhlükəsiz və keyfiyyətli ərzaqla yetərli səviyyədə, o cümlədən balanslaşdırılmış təminatında ciddi çətinliklər yaradır. Bir sıra ölkələrdə, xüsusən də Afrika, Şərqi Asiya və Cənub-Şərqi Asiya ölkələrində insanların kifayət dərəcədə ərzaq ilə təminatında böyük sıxıntılar yaşanır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son məlumatlarına əsasən, dünyada hələ də 827 milyondan çox insan aclıqdan əziyyət çəkir.
Ərzaq məhsullarına olan yüksək tələbat bazara heç də həmişə təhlükəsiz, insan sağlamlığı üçün zərərli olmayan ərzaq məhsullarının daxil olmasına təminat vermir. Tələbatın yüksək olması səbəbindən insan sağlamlığı üçün ciddi təhlükə yaradan ərzaq məhsullarının dövriyyəsi də daim artmaqdadır. Belə məhsullar nəinki inkişaf etməmiş və ya inkişaf etməkdə olan ölkələrin, o cümlədən inkişaf etmiş ölkələrin də bazarlarında geniş yer alaraq, istehlakçıların həyat və sağlamlığı üçün ciddi təhlükələr törədir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatlarına əsasən, ərzaq mənşəli xəstəliklər dünyada sürətlə yayılmaqdadır və onlar geniş spektrli təhlükəli xəstəliklər olmaqla ağır fəsadlarla nəticələnir.
Ərzaq məhsullarının təhlükəsizliyinin çox ciddi məsələ olmasına baxmayaraq, bəzən buna qeyri-ciddi münasibət göstərilir və ya onu arxa plana keçirirlər. Müşahidələr göstərir ki, bəzi hallarda ərzaq təhlükəsizliyi, ərzaq məhsullarının təhlükəsizli və ərzaq məhsullarının keyfiyyəti kriteriyaları səhv salınır, yaxud da onları eyniləşdirirlər. Bu, əsasən postsovet respublikalarında baş verir. Odur ki, qeyd olunan kriteriyaların fərqini aydınlaşdırmaq məqsədilə onların aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş təriflərinə qısa nəzər salmaq yerinə düşərdi:
ərzaq təhlükəsizliyi — aktiv və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə bütün insanların hər zaman, yetərincə və onların qidalanma rasionuna, ehtiyaclarına və istəklərinə cavab verən, təhlükəsiz və qidalı ərzaq əldə etmək üçün fiziki və iqtisadi imkanlara malik olması deməkdir;
ərzaq məhsullarının təhlükəsizliyi — ərzaq məhsullarının tərkibində insan və heyvan sağlamlığı, habelə ətraf mühit üçün zərərli olan hər hansı bir bioloji, kimyəvi və fiziki təhlükəli faktorun istisnası, ərzağın insan və heyvan sağlamlığı, ətrafmühit üçün tam təhlükəsiz (zərərsiz) olması deməkdir;
ərzaq məhsullarının keyfiyyəti — ərzağın istehlakçı üçün dəyərliliyi deməkdir. Keyfiyyət ərzağın təhlükəsizliyinə aid olmayan mənşə, növ, rəng, dad, emal üsulu və s. kimi müsbət və zədələnmə, torpaq və ya palçıqla çirkləndirilmə, rəngin və dadın dəyişməsi və s. kimi mənfi atributları özündə ehtiva edir. Keyfiyyət ərzaq məhsulunun istehlakçı tərəfindən dəyərləndirilməsinə təsir edən göstəricidir.
Göründüyü kimi, bu üç meyar bir-birindən tamamilə fərqli olduğu kimi, həm də bir-biri ilə sıx əlaqəlidir. Əgər ərzaq təhlükəsizliyi insanların ərzağa olan tələbatının yetərincə ödənilməsidirsə, ərzaq məhsullarının təhlükəsizliyi tələb olunan ərzağın zərərsizliyi, keyfiyyət isə onun dəyər göstəricisidir. Təminat zəruridirsə, zərərsizlik ondan da zəruridir. Həyat və sağlamlıq üçün təhlükəli olan ərzaq məhsulu onun olmamasıdan daha da mənfi təsirlidir. Yəni zərərli ərzaq məhsulu ilə qidalanmadan əziyyət çəkən insanın həyat və sağlamlığına yaranan risk aclıqdan əziyyət çəkən insanın həyat və sağlamlığı üçün yaranan riskdən daha da böyükdür. Odur ki, ərzaq təhlükəsizliyinin ən vacib tələblərindən biri ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsidir. Keyfiyyət isə bir növ üstqurum rolunu oynayır. Ərzaq təhlükəzisliyində zərərsizlik bazis, keyfiyyət isə üstqurumdur.
Ərzaq məhsullarının təhlükəsizliyi hər bir dövlət üçün böyük əhəmiyyət daşıyır. Məlum olduğu kimi, insanın həyat və sağlamlığı qidalanma ilə sıx bağlıdır. İstehlak olunan ərzaq məhsulu nəinki ani və ya birbaşa, ən vacibi odur ki, uzunmüddətli və akkumulyativ təsir imkanlarına malikdir. Ərzaq məhsulu milli genefonda, millətin sağlam nəsil artımına, əqli və fiziki inkişaf dinamikasına təsir edən əvəzolunmaz substansiyadır. Odur ki, hər bir ölkədə ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsi dövlətin prioritet sahələrindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə milli nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılmasının vacibliyi nəzərə alınaraq, “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli 221 nömrəli sərəncamında bu məsələyə xüsusi diqqət yetirilmişdir. Beynəlxalq təcrübəni nəzərə almaqla ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin institusional baxımdan təkmilləşdirilməsi və bu sahədə paralelliyin aradan qaldırılması üçün həmin sərəncamla aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilmişdir.
Qabaqcıl beynəlxalq təcrübə göstərir ki, ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sistemi bir neçə vacib sahəni əhatə edən, eyni zamanda bir-birini tamamlayan komponentlərdən ibarət işlək bir mexanizm olmalıdır. Bu sistemin əsas komponentləri aşağıdakılardır:
- ərzağa dair normativ hüquqi baza;
- ərzağa dövlət nəzarəti -
institusional tədbirlər;
- risk
analizi və ərzağa nəzarətin elmi əsaslarla
planlaşdırılması;
- laboratoriya xidməti;
- informasiya, təhsil, əlaqələndirmə
və təlim.
Ərzağa nəzarət sistemində normativ hüquqi
baza mühüm əhəmiyyət kəsb edir. Normativ
hüquqi baza ərzağa nəzarətin səmərəli təşkili,
insan, bitki və heyvan sağlamlığının,
istehlakçıların hüquqlarının və ətraf
mühitin qorunması, ərzaq məhsullarının zərərsizliyinin
təmin edilməsi və keyfiyyətinin saxlanılması kimi
məsələləri tənzimləməlidir. Normativ
hüquqi baza:
- ərzaq məhsullarının təhlükəsizliyinə
dair qanunvericiliyin prinsiplərini, o cümlədən elmi
yanaşmaya əsaslanan qərar qəbulu mexanizmini, habelə
risk analizinə əsaslanan təhlili və təşkilati
prosedurları;
- ərzaq məhsullarının təhlükəsizliyinin
idarə edilməsi üzrə məsuliyyətləri;
- ərzaq zənciri iştirakçıları
üçün nəzarət və uyğunluq çərçivəsini
müəyyən etməlidir.
Hazırda Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyini
tənzimləyən mükəmməl və beynəlxalq tələblərə
cavab verən xüsusi bir qanun mövcud deyildir. Bu məsələ
bir neçə müxtəlif qanunlarla tənzimlənir ki, bu
da müasir tələblərə və
çağırışlara adekvat deyildir. Odur ki, “Ərzaq məhsullarının təhlükəsizliyi
haqqında” yeni qanunun qəbul edilməsinə böyük
ehtiyac vardır. Məlumat olaraq qeyd etmək
lazımdır ki, FAO-nun “Ərzaq məhsullarının təhlükəsizliyi
sahəsində imkanların gücləndirilməsi üzrə
texniki yardım” layihəsi çərçivəsində,
beynəlxalq ekspertlərin iştirakı ilə Avropa
İttifaqının ərzağa dair qanunvericiliyinin təhlili
nəticəsində əldə edilən biliklər və təcrübələr
əsasında belə bir mükəmməl qanun layihəsi
hazırlanaraq, razılaşdırılmaq üçün Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti
dövlət orqanlarına göndərilmişdir. Lakin təəssüflər olsun ki, həmin qanun layihəsi
bəzi dövlət orqanları tərəfindən müsbət
qarşılanmamışdır.
Ərzağa dövlət nəzarəti - institusional tədbirlər
ərzaq məhsullarının təhlükəsizliyinin və
keyfiyyətinin idarə edilməsi sistemində olduqca vacib rol
oynayır.
Dövlət nəzarətinin əsas məqsədi insanların
həyat və sağlamlığını, ətraf
mühitin mühafizəsini təmin etmək, ərzaq
istehsalında və ticarətində saxtakarlıqların, bu
sahədə qeyri-qanuni əməllərin
qarşısını almaq, habelə təhlükəsiz ərzaq
məhsullarının istehsalına və satışına əlverişli
şərait yaratmaq, eyni zamanda istehlakçıların
hüquqlarını müdafiə etməkdən ibarətdir.
Beynəlxalq
təcrübənin təhlili göstərir ki, ərzaq məhsullarının
təhlükəsizliyinə və keyfiyyətinə nəzarət
sistemi institusional baxımdan üç formada ola
bilər:
- qarışıq (müxtəlif dövlət
orqanları cəlb edilmiş) nəzarət sistemi;
- vahid dövlət orqanı tərəfindən
nəzarət həyat keçirilən (inteqrə edilmiş)
sistem;
- pilləli nəzarət sistemi.
Bu nəzarət sistemlərindən birincisi əsasən
sabiq Sovet respublikalarında tətbiq olunur. Belə sistem vəzifə və
funksiyaların təkrarlanması, səlahiyyətlərin
üst-üstə düşməsi, paralellik, məsuliyyətlərin
qeyri-dəqiqliyi və s. kimi çatışmazlıqlarla
müşayiət olunmaqla yanaşı, iqtisadi baxımdan da
israfçıdır. Pilləli nəzarət
sisteminə isə təsadüfi hallarda rast gəlmək olur
ki, bu da onun mürəkkəb və çoxpilləli
olması, çoxsaylı orqanların, böyük məbləğdə
maliyyə ehtiyatlarının və işçi heyətin cəlb
edilməsi ilə izah olunur.
Müasir dünyada ən geniş yayılan nəzarət
sistemi inteqrə edilmiş - vahid dövlət orqanı tərəfindən
nəzarət həyata keçirilən sistemdir. Avropanın
inkişaf etmiş əksər ölkələrində məhz
belə nəzarət mexanizmi tətbiq olunur. Bu sistemin üstünlüyü ondan ibarətdir ki,
bütün nəzarət tədbirləri vahid dövlət
orqanı tərəfindən aparıldığına görə
səlahiyyətlər, funksiyalar və məsuliyyət
(cavabdehlik) bir orqanda birləşir və həmin orqan nəzarət
etmək üçün nə qədər səlahiyyətli
olsa da, o qədər də məsuliyyət daşıyır.
Ərzaq məhsullarının təhlükəsizliyi
və keyfiyyəti ilə əlaqədar hər hansı bir
problem yaşanarsa, məhz nəzarətedici orqan buna cavabdeh
olur. Odur ki, bu amil nəzarət
funksiyalarının lazımi səviyyədə həyata
keçirilməsi üçün güclü arqument rolunu
oynayır. Bununla yanaşı, paralelliyin və
təkrarlamaların aradan qalxması nəticəsində
külli miqdarda dövlət vəsaitlərinə qənaət
edilməsi də inteqrə edilmiş sistemin
üstünlüyünün göstəricisidir.
Avropa İttifaqında dərin inteqrə edilmiş
institusional sistem mövcuddur. Burada nəzarət
funksiyaları Ərzaq Məhsullarının Təhlükəsizliyi
üzrə Səlahiyyətli Orqan (EFSA) tərəfindən həyata
keçirilir. Bu tamamilə müstəqil
qurumdur və birbaşa Avropa İttifaqının büdcəsindən
maliyyələşdirilir. EFSA Avropa
Komissiyasından, Avropa Parlamentindən, habelə üzv
dövlətlərdən asılı olmadan fəaliyyət
göstərir. EFSA-nın əsas məqsədi
Avropa İttifaqının hüdudlarında, bütün ərzaq
zənciri boyunca, ərzaq məhsullarının təhlükəsizliyinin
və keyfiyyətinin, habelə heyvanların
sağlamlığının və onların saxlanma şəraitinin,
eyni zamanda bitkilərin sağlamlığının yüksək
səviyyədə təmin edilməsindən və ərzaq bazarının
səmərəli fəaliyyətinə şərait
yaradılmasından ibarətdir.
Amerika Birləşmiş Ştatlarında ərzağa
nəzarət funksiyaları Dövlət Kənd Təsərrüfatı
Departamenti (USDA) və Ərzaq və Dərman
Administrasiyası (FDA) tərəfindən icra olunur. Bundan əlavə,
bütün ölkə ərazisində yerli və federal səviyyədə
ərzaq mənşəli xəstəliklərin başvermə
səbəblərinin tədqiqatı üzrə Xəstəliklərə
Nəzarət Mərkəzi də fəaliyyət göstərir.
Müşahidələr göstərir ki, bəzi hallarda USDA
və FDA-nın funksiyaları inspeksiya, təlimlər, tədqiqatlar,
normativ hüquqi sənədlərin hazırlanması və
s. sahələrdə üst-üstə düşür. Odur ki, ABŞ-da da ərzağa nəzarət
sisteminin təkmilləşdirilməməsi öz
aktuallığı ilə gündəmdədir.
Azərbaycanda
ərzaq məhsullarının təhlükəsizliyinə və
keyfiyyətinə nəzarət bir neçə dövlət
orqanı — Kənd Təsərrüfatı, İqtisadiyyat və
Sənaye, Səhiyyə nazirlikləri, Dövlət
Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi tərəfindən
həyata keçirilir. Ancaq məlumdur ki, bu
orqanların hər birinin sahəvi xüsusiyyətləri və
həmin xüsusiyyətlərə müvafiq əsas vəzifə
və funksiyaları vardır. O da məlumdur ki, bu
dövlət orqanları arasında ərzaq məsələləri
ilə yaxından məşğul olan və bilavasitə
ölkənin ərzaq təhlükəsizliyinə cavabdeh olan
məhz Kənd Təsərrüfatı Nazirliyidir. Odur ki, ərzaq məhsullarının təhlükəsizliyinin
və keyfiyyətinin təmin edilməsi göstərilən
digər orqanlar üçün bir növ ikinci dərəcəli,
əlavə funksiya mahiyyətini daşıyır. Aydın məsələdir ki, hər bir dövlət
orqanı üçün onun fəaliyyətinin əsas
istiqaməti birinci dərəcəli, təbii ki, əlavə
funksiyalar isə ikinci dərəcəli əhəmiyyət kəsb
edir. Belə olan halda, əlbəttə,
ikinci dərəcəli, qeyri-sahəvi məsələlər
üzrə görülən işlər heç də həmişə
yüksək peşəkarlıqla icra oluna bilmir və
qarşıda duran tələblərə cavab vermir.
Başqa vacib bir məsələ ərzaq məhsullarının
təhlükəsizliyinin bitki və heyvan
sağlamlığı ilə sıx bağlı
olmasıdır. Ərzağa nəzarət tədbirlərinin
səmərəli olması üçün onların
fitosanitar və baytarlıq nəzarəti tədbirləri ilə
eyni kontekstdə baxılması, eyni mərkəzədən
planlaşdırılması və idarə olunması olduqca
önəmlidir. Ərzaq məhsullarının
təhlükəsizliyinə və keyfiyyətinə nəzarət
sisteminin institusional baxımdan təkmilləşdirilməsi
üçün bu xüsusiyyətlər, o cümlədən
məsələnin spesifikliyi mütləq nəzərə
alınmalı, mərkəzi icra hakimiyyətinin qolları
arasında vəzifə və funksiyaların
bölgüsü prinsipi əsas götürülməlidir.
FAO-nun yuxarıda qeyd olunan layihəsi çərçivəsində
beynəlxalq ekspertlər ilə birlikdə tərəfimizdən
aparılmış araşdırmalar və təhlillər
göstərir ki, Azərbaycan üçün ərzaq məhsullarının
təhlükəsizliyinə və keyfiyyətinə inteqrə
edilmiş vahid dövlət orqanı tərəfindən nəzarət
sisteminin qurulması ən optimal yanaşmadır. Mövcud
paralelliyin və təkrarçılığın, habelə
izafi xərclərin aradan qaldırılması və səmərəli
işlək bir mexanizmin yaradılması üçün
yuxarıda göstərilənlər nəzərə
alınmalı və ərzağa nəzarət üzrə
bütün funksiyalar Kənd Təsərrüfatı
Nazirliyinə həvalə edilməlidir. Digər
dövlət orqanlarında bu funksiyalara xitam verilməsi həm
təşkilati, institusional, iqtisadi, həm də nəzarət
fəaliyyətlərinin səmərəliliyi baxımından
dövlət üçün daha məqbuldur.
Ərzaq məhsullarının təhlükəsizliyinə
və keyfiyyətinə nəzarət funksiyaları geniş
spektrli və spesifik xarakterlidir. Ərzaq məhsullarının təhlükəsizliyinə
və keyfiyyətinə nəzarət üzrə modern sistem
qurmaq, bu sahədə operativliyi və peşəkarlığı
təmin etmək, eyni zamanda bütün ərzaq zənciri
boyunca beynəlxalq tələblərə cavab verən nəzarət
mexanizmi yaratmaq və çevik nəzarətedici dövlət
orqanının olmasını təmin etmək məqsədilə
Kənd Təsərrüfatı Nazirliyi yanında
Ərzağa Nəzarət üzrə Dövlət Agentliyinin
(ƏNDA) təsis edilməsi məqsədəmüvafiq
olardı. Ancaq burada vacib bir incəlik də
unudulmamalıdır. Dövlət Baytarlıq Xidməti
(DBX), Dövlət Fitosanitar Nəzarət Xidməti (DFNX) və
əgər yaradılmış olarsa, ƏNDA arasında əmək
bölgüsü prinsipinə əsaslanan vəzifə və
funksiyalar dəqiq müəyyən edilməlidir. DBX heyvan
sağlamlığı, onların mühafizəsi və
saxlanma şəraitinin müasir tələblərə
uyğunlaşdırılması, DFNX bitki mühafizəsi,
bitki sağlamlığı və ətraf mühit məsələləri,
ƏNDA isə ərzaq
məhsullarının təhlükəsizliyinin və
keyfiyyətinin təmin edilməsi məsələləri ilə
məşğul olmalıdır.
Ərzaq
məhsullarının təhlükəsizliyinə və
keyfiyyətinə nəzarət sistemində risk analizi və ərzağa
nəzarətin elmi əsaslarla planlaşdırılması;
laboratoriya xidməti; informasiya, təhsil, əlaqələndirmə
və təlim məsələləri barədə növbəti
məqalələrdə məlumatlar təqdim ediləcəkdir.
Köçəri İMANOV,
Kənd Təsərrüfatı
Nazirliyinin əməkdaşı,
texnika elmləri üzrə fəlsəfə doktoru.
Respublika.-2014.- 7 fevral.- S.5.