“Azərbaycanın vergi sistemi: reallıqlar və
perspektivlər” mövzusunda III Vergi Forumu
Fevral ayının 7-də Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumunun plenar iclası keçirilmişdir. Forumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Türkiyənin, Gürcüstan və Qazaxıstanın vergi xidməti orqanlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin və kütləvi informasiya vasitələri nümayəndələri və iş adamları iştirak etmişlər.
Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov forum iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əsaslı modernizasiya prosesindən keçmişdir. Azərbaycanda sahibkarlıq subyektlərinin sayının artması, ölkənin iqtisadi baxımdan aktiv inkişaf fazasına keçməsi vergi xidmətinin fəaliyyətinin də, faktiki olaraq, müasir əsaslarda yenidən qurulmasını zəruri etmiş, son bir neçə il ərzində vergi sisteminin geniş diapazonlu texniki imkanlara malik texnoloji bazası qurulmuşdur. Hazırda Vergilər Nazirliyinin vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərdiyini vurğulayan nazir 2013-cü, “İnformasiya texnologiyaları ili”ndə elektron hökumət proqramı çərçivəsində həyata keçirilən bir çox layihələrin davamı olaraq “Asan imza” layihəsinin də reallaşdırdığını qeyd etmişdir. Bildirilmişdir ki, vergi və digər sahələrdə xidmətlərin elektronlaşdırılması prosesinin davam etdirilməsi və bir sıra yeni xidmətlərin ölkəmizdə tətbiqi nəticəsində Dünya Bankının hazırladığı “Doing Business-2014” hesabatında “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan ilk onluğa daxil olmuşdur.
Ötən il vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarla qurulmasına başlandığını qeyd edən nazir, artıq sahibkarlarla ilk partnyorluq sazişlərinin bağlandığını, bunun qarşılıqlı etimada əsaslanan, biznesin öz vergi öhdəliklərinə, vergi orqanlarının isə yeni nəzarət mexanizmlərinin tətbiqinə daha məsuliyyətli bir yanaşma forması olduğunu bildirmişdir.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının milli vergi sistemi üçün yeni hədəflər müəyyən etdiyini diqqətə çatdıran F.Məmmədov demişdir ki, bunun üçün vergi sistemi iqtisadiyyatın artan tələblərinə cavab verməli, yeni yaranan iqtisadi situasiyalara və bazarın tələblərinə çevik reaksiya verə bilməlidir.
Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşçenko, Türkiyə Gəlirlər Administrasiyası rəhbəri Mehmet Kilci ölkəmizin vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirmiş, əldə olunan uğurlardan məmnunluqlarını ifadə etmişlər.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Aktiv vergi siyasəti dinamik və keyfiyyətli inkişafın strateji amilidir”, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova “Azərbaycan 2020: vergi siyasəti iqtisadi inkişafın amili kimi”, Qazaxıstan Vergi Komitəsinin sədr müavini Arqın Kıpşakov “Vergi inzibatçılığında aparılan islahatlara müasir baxış”, Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva “Mobil hökumətin yaradılmasına doğru: Mobil İmza”, Dünya Bankının vergi islahatları üzrə baş əlaqələndiricisi Munaver Khvaja “Risklərin idarə edilməsi”, Türkiyə Gəlirlər Administrasiyasının qrup rəhbəri Ahmet Kurt “Transfert qiymətqoyma”, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev “Biznes cəmiyyəti ilə vergi orqanları arasında əməkdaşlığın perspektivləri”, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasında vergi sisteminin inkişaf perspektivləri” mövzusunda təqdimatlarla çıxış etmişlər.
Vergilər nazirinin müşavirləri Akif Musayev və Asəf Əsədov forumun fevralın 6-da keçirilmiş “Vergi inzibatçılığında partnyorluq münasibətləri” və “Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu” adlı sessiyalardakı müzakirələrin nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, iclaslarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılmış, vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilmişdir.
Tədbirin sonunda yekun nitqi ilə çıxış edən vergilər naziri Fazil Məmmədov vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni keyfiyyət müstəvisinə yüksəlməsində belə tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Vergilər Nazirliyi yeni ideyalara və innovasiyalara açıqdır və beynəlxalq qurumlarla, işgüzar dairələrlə dialoq və partnyorluq münasibətlərinin genişləndirilməsinə və buna xidmət edən hər bir addımı və ideyanı dəstəkləməyə hazırdır. Daha sonra o, yaxın perspektivdə vergi orqanları qarşısında duran konkret vəzifələrə də toxunmuşdur.
Forum çərçivəsində cənab F.Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirmiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Müşfiq MİRZƏ,
Respublika.-2014.- 8 fevral.- S.2.