Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir

 

Vaxtilə ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu sözlər bu gün öz aktuallığını saxlamaqdadır. Ölkəmiz iqtisadi cəhətdən inkişaf edib gücləndikcə bütün sahələrdə olduğu kimi yol infrastruktur layihələri də uğurla həyata keçirilir, dünya standartlarına uyğun yollar salınır, körpülər və yol qovşaqları inşa edilir.

Məhz yol-tikinti layihələrinin uğurla icra olunmasının ölkənin iqtisadi-sosial həyatında önəmli rol oynadığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevral ayının 5-də Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda demişdir:

...“Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir. Burada əyləşən bütün rayonların icra başçıları bu işlərə fəal şəkildə cəlb edilmişlər. Mən hər bir rayonda olarkən onlardan daha yeni təkliflər alıram. Həm Dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Növbəti beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır”.

Ölkəmizin bütün bölgələrində olduğu kimi Qobustan rayonunda da son illərdə yol infrastrukturunun yeniləşdirilməsi, xüsusən rayondaxili və kəndlərarası yolların tikintisi və istismarı sahəsində xeyli işlər görülmüşdür. Respublika Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin 8 saylı Qobustan Yol İstismar İdarəsində həyata keçirilən tədbirlər nəticəsində bu dağ rayonunun yolları əvvəlki illərlə müqayisədə ölçüyəgəlməz şəkildə yaxşılaşdırılmış, rayon əhalisinin bu sahədəki uzun illərdən bəri davam edən çətinliklərinə son qoyulmuşdur.

8 saylı Yol İstismar İdarəsinə təcrübəli yol mühəndisi, ömrünün xeyli hissəsini bu xeyirxah işə həsr etmiş Əlikram Cavadov rəhbərlik edir.

Onunla söhbət zamanı öyrəndik ki, idarənin kollektivi tərəfindən hər ildə olduğu kimi cari ilin də qış mövsümündə yollarda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xeyli əvvəldən hazırlıq işləri görülmüş, işçilərin sutkalıq növbətçilik cədvəli tərtib olunaraq Qobustan Rayon İcra Hakimiyyətinə və “Azəryolservis” ASC-yə təqdim olunmuşdur. Payız-qış mövsümünə başlananadan bu günədək idarənin əhatə etdiyi istər respublika əhəmiyyətli və istərsə də rayondaxili və kəndarası yollarda hərəkətin təhlükəsizliyi ilə bağlı problemlər olmamış, yollar bağlanmamışdır.

Həmsöhbətimiz onu da bildirdi ki, 8 saylı Yol İstismar İdarəsi 50 kilometr uzunluğunda respublika əhəmiyyətli yola xidmət edir. Doğrudur, bu yol dünya standartlarına uyğun olaraq yeni salınsa da, yolun Qobustan rayonundan keçən hissəsində sürücülərin hər hansı bir problemlə üzləşməməsi üçün kollektivin hər bir üzvü öz səyini əsirgəmir.

Rayonda son illərdə İcra Hakimiyyəti rəhbərliyinin apardığı məqsədyönlü işlərin nəticəsində Qobustan-Xilmilli avtomobil yolunun çəkilişi əhali tərəfindən böyük razılıqla qarşılanmış, uzun illərdən bəri kənd sakinlərini narahat edən problemin öz həllini tapması xoş ovqat yaratmışdır. Cari ilin qış mövsümünü uğurla başa vurmaqdan ötrü bu gün öz səyini əsirgəməyən 8 saylı Yol İstismar İdarəsində əvvəldən ehtiyat görülmüş 80 ton duz, 50 kubmetr qum və 300 kubmetr doğranmış çınqılın hesabına qışın sərt keçdiyi günlərdə də heç bir problem olmamışdır. Qış mövsümünün qalan günlərində də yol təsərrüfatının nümunəvi işini təmin etmək üçün kollektiv öz səyini əsirgəmir, xeyirxah əməllərini davam etdirir.

 

İlham PƏNAHOV,

Respublika.-2014.- 12 fevral.- S.6.