Vergilər Nazirliyində mətbuat konfransı

 

Dünən Vergilər Nazirliyində 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov 2013-cü ildə nazirliyin fəaliyyətinin yekunları ilə bağlı ətraflı məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində qarşıda duran mühüm vəzifələrin uğurla həyata keçirilməsi üçün möhkəm və dayanıqlı zəmin yaradıldığını qeyd etmişdir.

Natiq bildirmişdir ki, 2013-cü il ərzində nazirlik tərəfindən dövlət büdcəsinə 6 mlrd. 663,6 mln. manat vəsaitin ödənilməsi təmin olunmuşdur. Bu da 2013-cü ilin dövlət büdcəsində müəyyənləşdirilmiş proqnozlara nisbətən 263,6 milyon manatya 4,1 faiz, 2012-ci illə müqayisədə isə 638,1 milyon manatya 10,6 faiz çoxdur. Qeyri-neft-qaz sektorundan daxil olan vergilərin məbləği 2012-ci ilə nisbətən 474,9 mln. manatya 14,4 faiz artaraq, 3 mlrd. 761,6 mln. manat təşkil etmişdir.

S.Məmmədxanov 2013-ci ildə vergi sistemində həyata keçirilən islahatlar, vergi nəzarətinin təkmilləşdirilməsi, vergi inzibatçılığı sahəsində reallaşdırılan yeni tədbirlər, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən danışaraq bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmişİnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı artırılaraq 51-ə çatdırılmışdır. Hazırkı vəziyyətdə bu, ölkədə dövlət strukturları tərəfindən tətbiq olunan ən geniş elektron xidmətlər toplusudur. Bu gün vergi ödəyicisi vergi orqanına gəlmədən, praktiki olaraq, qeydiyyatdan tutmuş bəyannamələrin göndərilməsi və vergilərin ödənişinə qədər dövlət qarşısında bütün vergi öhdəliklərini distant formatda yerinə yetirə bilir.

2013-cü ildə elektron hökumət proqramı çərçivəsində həyata keçirilən layihələrin davamı olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN” Xidmət) ilə birlikdə “Asan imza” layihəsinin reallaşdırılmasına, 2013-cü ildən isə elektronmobil imzaların tətbiqi məqsədilə Vergilər Nazirliyinin Sertifikat Xidməti Mərkəzinin fəaliyyətə başladığını bildirən nazir müavini artıq mobil rəqəmsal imza sahiblərinin sayının 23 min nəfəri, mobil elektron imzanın istifadəsi üzrə əməliyyatların ümumi sayının isə 2 milyonu ötdüyünü diqqətə çatdırmışdır. Bakı şəhərində yeni Vergi ödəyicilərinə xidmət mərkəzi və genişləndirilmiş 195 Çağrı Mərkəzi istifadəyə verilmişdir.

KİV nümayəndələrinə ötən il tətbiqinə başlanmış elektron audit layihəsi, vergi partnyorluğu sazişlərinin bağlanması, yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqini genişləndirmək məqsədi daşıyan “Bələdiyyələrin Vergi İnformasiya SistemiPilot layihəsi barədə məlumat verildi.

2013-cü ildə vergi nəzarəti tədbirləri sahəsində görülən işlərdən, o cümlədən operativ nəzarət tədbirləri, səyyar və kameral vergi yoxlamalarından, eləcə də vergi hüquqpozmaları ilə mübarizə sahəsində görülən işlərdən danışan nazir müavini qeyd etmişdir ki, vergi inzibatçılığında səmərəli mexanizmlərin tətbiqi sayəsində vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının məbləği 2013-cü il ərzində 9 faiz, borclu vergi ödəyicilərinin ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 3,4 faizə qədər azalmışdır.

S.Məmmədxanov ötən müddət ərzində nağdsız ödənişlərin stimullaşdırılması, muzdlu işlə əlaqədar əməkhaqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının və qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən kompleks tədbirlər, bu sahələrdə mövcud olan xarakterik nöqsanları KİV nümayəndələrinin diqqətinə çatdırmışdır.

Mətbuat konfransında media nümayəndələrini maraqlandıran sualları ətraflı cavablandıran S.Məmmədxanov bildirib ki, Azərbaycanda neft məhsulları üzrə aksiz dərəcələrinin azaldılmasından itkilər onların idxalının artımı hesabına ödəniləcək. Onun sözlərinə görə, dövlət büdcəsinə vergi daxilolmalarının proqnozları müntəzəm olaraq müəyyən edilir: “2014-cü il üzrə ARDNŞ-in xətti ilə büdcə ayırmaları 1,825 milyard manat məbləğində müəyyən edilib, eyni zamanda nazirlik üçün dövlət büdcəsinə daxilolmalar üzrə ümumi proqnoz 7,102 milyard manat təşkil edir”.

Daha sonra nazir müavini qeyd edib ki, 2013-cü ildə POS-terminallar vasitəsilə 330 milyon manat məbləğində nağdsız əməliyyat həyata keçirilib. Ümumi əməliyyatların sayı isə 3 milyon 500 min təşkil edib. Ötən il ölkə üzrə 7 min POS-terminal quraşdırılıb, bununla da ölkə üzrə quraşdırılan POS-terminalların sayı 33 minə çatdırılıb.

S.Məmmədxanov bu il də ölkə üzrə POS-terminalların quraşdırılmasının davam etdiriləcəyini vurğulayıb.

2014-cü ildə vergi orqanları qarşısında duran vəzifələrə toxunan nazir müavini dövlət büdcəsinə vergi daxilolmaları, qeyri-neft-qaz sektoru üzrə büdcə proqnozları, vergi orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr barədə də məlumat vermişdir.

 

  B.BƏYBALAYEV,

 Respublika.-2014.- 14 fevral.- S.10.