Ağsu: inkişaf və tərəqqinin yeni mərhələsində

 

Ağsu Rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev geniş hesabat məruzəsi ilə çıxış edərək demişdir ki, 2013-cü ildə respublikanın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da inkişaf və tərəqqi meyilləri davam etdirilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur.

Həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri sayəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinə qoyulan investisiyanın məbləği 2003-cü illə müqayisədə 158 dəfə artaraq ötən il 44,4 milyon manata çatmışdır.

2013-cü ildə yeni obyektlərin tikilməsinə və istifadəyə verilməsinə diqqət artırılmışdır. Təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin inşası hər il olduğu kimi nəzarətdə saxlanmışdır. Qəşəd və Rəhimli kənd tam orta məktəbləri üçün 180 şagird yerlik müasir binalar tikilib istifadəyə verilmiş, Dilman, Muradlı kənd tam orta, Keşdiməz kənd ümumi orta məktəbləri üçün binalarda tikinti-quraşdırma işləri davam etdirilmişdir. Regional Dövlət Proqramlarının icra olunduğu müddətdə dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondu tərəfindən şagird yerlərinin ümumi sayı 4244 olan 19 yeni məktəb binası inşa olunmuşdur.

Hesabat ilində rayonun Çiyni kəndində 60 yerlik müasir bağça binası inşa olunmuşdur.

Son illərdə Kalva kənd sahə xəstəxanası üçün 15 çarpayı yerlik yeni bina inşa olunmuş, Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Padar kəndində Həkim məntəqəsi binası tikilib, Çaparlı kəndində isə əsaslı təmir olunaraq istifadəyə verilmiş, Yaponiya Hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” əsasında Ərəbmehdibəy kəndində Həkim məntəqəsi binası əsaslı təmir edilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin 2011-ci ildə rayonumuza səfərindən sonra onun müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına rayon Mərkəzi xəstəxanası üçün 145 çarpayı yerlik müasir tipli binada ötən il tikinti-quraşdırma işləri davam etdirilmişdir.

Yol infrastrukturunun təzələnməsi sahəsində işlər də diqqət mərkəzindədir. 2012-ci ildən inşasına başlanan rayonun 15 kəndinin əhalisinin istifadə etdiyi uzunluğu 25,6 kilometr olan Ağsu-Çaparlı-Göylər avtomobil yolunda əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır.

Natiq daha sonra qeyd etdi ki, 2013-cü ildə Ağsu şəhərində abadlaşdırma işləri geniş vüsət almış, təmir-tikinti işlərinə 1 milyon 358 min manat vəsait yönəldilmişdir. Heydər Əliyev, Ü.Hacıbəyov, Azərbaycan, M.Ə.Rəsulzadə, Nizami, Natəvan, S.Vurğun, Vidadi, T.İsmayılov küçələrində, Qəhrəmanlar parkında piyada səkiləri yenidən qurulmuş və küçə hasarlarında dekorativ tərtibat işləri aparılmış, avtomobil yollarına 65,5 min kvadratmetr asfalt örtük salınmışdır.

Müəssisə və təşkilatlarda çalışanların iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmişdir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin “Aqroservis” filialı üçün istehsalat bazasının tikintisi başa çatmış, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün yeni inzibati binaların inşasında son tamamlama işləri görülür.

Gənclərin və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və idmanın müxtəlif növləri ilə məşğul olmalarına imkan verən İdman Kompleksində tikinti-quraşdırma işləri hesabat ilində davam etdirilmişdir.

2013-cü ildə Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun 13 kəndində yolların, səhiyyə müəssisəsinin təmiri və abadlaşdırma işləri görülmüşdür.

Son illərdə rayonda miqyasına görə ən böyük layihə Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən 50 milyon ABŞ dolları dəyərində “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılmasıdır.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda məhsul buraxılışının ümumi həcmi 2012-ci illə müqayisədə 3,2 faiz artaraq ötən il 150,4 milyon manata çatmışdır. Məhsulun ümumi buraxılışının artmasına baxmayaraq, rayon iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatının potensialından tam şəkildə istifadə olunmur. Torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması, əkin zamanı mütərəqqi üsulların tətbiqi, mövcud texnika parkından səmərəli istifadə sahəsində hələ də bir sıra nöqsanlar mövcuddur. Bütün bunlar isə məhsuldarlığın aşağı düşməsinə və istehsalın azalmasına səbəb olur. Kənd təsərrüfatı müəssisə və təşkilatlarının, fərdi sahibkar müəssisələrin sayı aşağı olaraq qalır. Hazırda rayonda cəmi 5 kənd təsərrüfatı, 17 fərdi sahibkarlıq müəssisəsi fəaliyyət göstərir.

Aqrar sahənin inkişafı, xüsusilə də taxıl, pambıq və üzüm istehsalının artırılması ilə bağlı qanunların və Dövlət Proqramlarının icrası sahəsində ardıcıl iş aparılmadığından məhsul istehsalında ötən il 2012-ci illə müqayisədə 2,8 milyon manat, yaxud 4,4 faiz geriliyə yol verilmişdir.

Rayonda sənaye sahəsinin, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı sənayesinin maddi-texniki bazası möhkəmləndirilmişdir. 2011-ci il oktyabr ayının 30-da açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda ötən il 3 milyon 468 min manatlıqdan çox şirələr və şərab istehsal olunmuşdur ki, bu, 2012-ci illə müqayisədə 1 milyon 834 min manat çox olmaqla ümumi sənaye məhsulunun 65,6 faizini təşkil edir.

Regional Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 2013-cü ildə rayonda 385 yeni iş yeri açılmışdır. Muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2012-ci illə müqayisədə 4,7 faiz artaraq 248,5 manata, əhalinin hər nəfərinə 2161 manat gəlir əldə edilmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dövlət tərəfindən hərtərəfli dəstək verilir. Təkcə 2013-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 81 sahibkara 955,5 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Həyata keçirilmiş layihələrdən sonra rayonda əlavə olaraq 135 yeni iş yeri yaradılacaqdır. Kreditlərin verilməsi 2012-ci illə müqayisədə 174,2 min manat, yaxud 22,3 faiz artmışdır. Ümumilikdə sahibkarlıq subyektlərinə indiyədək 4 milyon 852 min manat güzəştli kreditlər verilmişdir.

Hesabat ilində buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 2 milyon 463 min manat məbləğində yardımın verilməsi təmin edilmişdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş 05 fevral 2014-cü il tarixdə keçirilmiş konfransda dövlət başçısı cənab İlham Əliyev yekun nitqində subsidiyaların verilməsi sahəsindəki vəziyyətlə bağlı qeyd etmişdir ki, “Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir, burada biz şəffaflığa nail olmamışıq, bu mənim son xəbərdarlığımdır, subsidiyaların verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır”. Ölkə Prezidentinin tapşırıq və tövsiyələri rəhbər tutularaq cari ildə bu məqsədlə əkin sahələrinin uçotunun aparılmasında və müvafiq sənədlərin hazırlanmasında şəffaflıq təmin edilməli, qanun pozuntularına yol verilməməli və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına yardım edilməlidir.

Yerli əhəmiyyətli problemlərin həllində bələdiyyələrin gücündən hələ də səmərəli istifadə olunmur. Bələdiyyələr öz maliyyələrini yaxşılaşdırmaq üçün əsaslı tədbirlər görmədiklərindən yerli büdcənin gəlirləri azalmaqda davam edir. Ötən il bələdiyyələrin büdcəsinə ümumilikdə 281,7 min manat pul daxil olmuş və proqnoz 46,2 faiz yerinə yetirilmişdir. Yerli büdcəyə daxilolmaların 48,1 min manatını, yaxud 17,1 faizini dövlət tərəfindən verilmiş dotasiya təşkil edir. Mədaxilin ümumi məbləğində torpaq vergisindən və torpaq icarəsindən daxilolmaların xüsusi çəkisi cəmi 25,1 faiz təşkil etmişdir.

2012-ci illə müqayisədə hesabat ilində rayon büdcəsinin mədaxili 36,8 faiz artaraq proqnoz tapşırığı 100,6 faiz yerinə yetirilmişdir. Yerli gəlirlər üzrə proqnozda yerinə yetirilmiş, rayon büdcəsinə 3 milyon manat, yaxud nəzərdə tutulduğundan 6,7 faiz çox pul daxil olmuşdur. Yerli gəlirlər 2012-ci ildəkindən 17,7 faiz artmışdır. Bununla yanaşı, gəlirləri artırmaq üçün heç də imkanlardan tam və səmərəli istifadə olunmamışdır. Təkcə hüquqi şəxslərdən mənfəət vergisi, aksiz, mədən vergisi və dövlət rüsumu üzrə tapşırıqların pozulması yerli gəlirlərin 364,9 min manat azalmasına gətirib çıxarmışdır. 5 vergi tədiyələri üzrə proqnozlar 2012-ci illə müqayisədə aşağı düşmüşdür.

Əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan işlər 2013-cü ildə diqqət mərkəzində saxlanmışdır. İl ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 1861 ailə müraciət etmiş və onlardan 1586-nın sənədləri qeydə alınmışdır. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq 7457 nəfəri əhatə edən 1579 ailəyə ünvanlı dövlət yardımı təyin edilmişdir.

Eyni zamanda sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi heç də tam aşkarlıq şəraitində aparılmır. Lazımi izahat və qaneedici cavab almayan vətəndaşlardan il ərzində rayon icra hakimiyyətinə və respublika təşkilatlarına 19 ədəd müraciət daxil olmuşdur.

Vətəndaşlardan daxil olan 1 şikayət və 9 yazılı müraciət rayon icra hakimiyyəti başçısının Aparatı tərəfindən araşdırıldıqdan sonra müsbət həll edilmişdir.

Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 2013-cü ildə əvvəlki illə müqayisədə 145,4 min manat, yaxud 6 faiz çox sosial sığorta haqları toplansa da, proqnoz tapşırığı yerinə yetirilməmişdir. Sosial sığorta ödənişləri 2 milyon 568 min manat təşkil etmişdir ki, bu, tapşırığın 92 faizini təşkil edir.

Son illər rayonda elektrik və qaz təsərrüfatının, əhalinin su təchizatının, yol infrastrukturunun təzələnməsi sahəsində xeyli iş görülmüşdür. Ağsu şəhərində və Çiyni kəndində elektrik verilişi xətləri SİP markalı müasir kabellərlə əvəz olunmuş və Smart-Kart tipli sayğaclar quraşdırılmışdır.

Bununla yanaşı, kənd yaşayış məntəqələrində elektrik təsərrüfatının işində ciddi problemlər qalmaqdadır. Əksər yerlərdə elektrik enerjisinin ötürülməsi texniki norma və şərtlərin pozulması ilə aparılır. Enerji haqlarının toplanması sahəsində 2013-cü ildə xeyli dönüş olmuşdur. Belə ki, şəbəkə üzrə yığım 100 faiz, əhali qrupu üzrə isə 97,2 faiz yerinə yetirilmişdir.

Yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmişdir. Ötən il 14 kəndə təbii qaz verilişi bərpa olunmuş, 7 kənddə—Ərəbmehdibəy, Qasımbəyli, Dədəli, Xəlilli, Mustafalı, Çaparlı və Qiyaslı kəndlərində tikinti-quraşdırma işləri davam etdirilmişdir. 2014-cü il yanvar ayının 1-i vəziyyətinə Ağsu şəhərində və 33 kənddə əhali təbii qazdan istifadə edir.

İçməli su təchizatının yaxşılaşdırılması ilə bağlı son illərdə mühüm layihələr həyata keçirilməsinə baxmayaraq, hələ də 53 kənddə əhali təmizlənməmiş və zərərsizləşdirilməmiş sudan istifadə edir. Su mənbələri üzərində quraşdırılması nəzərdə tutulan 8 modul tipli sutəmizləyici qurğudan cəmi 2-nin tikintisi başa çatdırılmışdır. Su-Kanal İdarəsi tərəfindən istehlak edilmiş suyun haqqının toplanması lazımınca təşkil edilməmiş və bu göstərici 2013-cü ildə 83 faiz olmuşdur.

Rayon icra hakimiyyətinin təşkilatçılığı sayəsində son illərdə ümumtəhsil məktəblərinin göstəricilərində müəyyən irəliləyişlərə nail olunmuşdur. 2012-2013-cü dərs ilində 534 nəfər on birinci sinif məzununun hamısı buraxılış imtahanlarında iştirak etmiş və attestat almışdır. Onlardan 90 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Məzunlardan 2 nəfəri 600, 6-sı isə 500 baldan yuxarı nəticə göstərmişdir.

Hazırda görülmüş ışlərlə yanaşı, ümumtəhsıl məktəblərinin 64 faizi qəzalı vəziyyətdə olan, təmir tələb edən və yaxud uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir.

Səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin həcminin artmasına baxmayaraq, bu sahədə də bəzi nöqsanlar mövcuddur. Həkimlərlə və orta tibb işçiləri ilə təminat da qənaətbəxş deyildir. Hazırda rayonda pediatr, mama-ginekoloq, rentgenoloq və digər ixtisaslardan olan 54 həkimə və 71 orta tibb işçisinə ehtiyac vardır. Əhalinin hər 10000 nəfərinə 10,8 həkim və 36,6 orta tibb işçisi düşür ki, bu göstəricilər orta respublika göstəriciləri ilə müqayisədə xeyli aşağıdır.

Əvvəlki illərdə olduğu kimi, dərman-sarğı materiallarının alınması işində problemlər qalmaqdadır. Bu məqsədlə 2013-cü ildə faktiki olaraq 395,2 min manat vəsaitdən istifadə olunmuşdur. Bu, hər bir rayon sakininə orta hesabla 5,33 manat dərman xərci deməkdir.

2008-ci ildən başlayaraq əhaliyə mədəni xidmətin göstərilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə rayonda Heydər Parkı, Qəhrəmanlar Parkı Abidə Kompleksi, Heydər Əliyev Mərkəzi, Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzi, Heydər Əliyev Seyrəngahı tikilmiş, Ağsu şəhər Mədəniyyət və istirahət parkı, Tarix-Diyarşünaslıq Muzeyi və rayon Mədəniyyət sarayı yenidən qurulmuşdur.

2013-cü ildə Məşğulluq Mərkəzi tərəfindən rayonda 301 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. İl ərzində 232 nəfər vətəndaş işə göndəriş alaraq işlə təmin olunmuşdur. Onlardan 64 nəfərini qadınlar, 67 nəfərini isə gənclər təşkil etmişdir. 17 nəfərə işsiz statusu verilərək müavinət təyin olunmuşdur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı cənab İlham Əliyev yekun nitqində korrupsiya və rüşfətxorluqla mübarizə sahəsindəki vəziyyətlə bağlı bildirmişdir ki: “Dövlət məmuru xalqın xidmətçisidir. Ona görə mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.

Hesabat ilində rayonumuzda da korrupsiya və rüşfətxorluqla mübarizə tədbirləri diqqət mərkəzində saxlanılıb. Belə ki, 2013-cü ildə rayon ərazisində müəssisə, idarə və təşkilat rəhbərlərinin hüquq və vəzifələrinin izahına dair mütəmadi görüşlər keçirimiş, baş verə biləcək neqativ halların, rüşvətxorluğun və korrupsiyanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər gömülmüşdür.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə əlaqədar rayon Telekommunikasiya Qovşağında müəyyən işlər görülmüşdür. Tarif gəliri 357,4 min manat təşkil etmişdir ki, bu 7,4 min manat, 2012-ci illə müqayisədə isə 2,1 faiz çoxdur.

Bununla yanaşı, əvvəlki illərdə elektronlaşdırılmış ATS-lərin gücündən istifadə olunması və telefon şəbəkəsinin genişləndirilməsi sahəsində müəyyən nöqsanlara yol verilmiş, şəhər və kəndlərdə ATS-lərin montaj tutumundan səmərəli istifadə təmin edilməmişdir. Telefon rabitəsinin və sürətli internetin imkanlarından maksimum istifadə edilməli, müəssisənin texniki-istismar göstəricilərinin yüksəldilməsini təmin edən konkret tədbirlər həyata keçirilməlidir.

“Azərbaycan Respublikasında Hərbi Xidmətə Çağrışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2013-cü ildə rayonda gənclərin ordu sıralarına hazırlanması, onların təkrar tibbi müayinədən keçirilməsi işinə diqqət artırılmış, hərbiyə yararlı çağrış yaşlı gənclərin əsgəri xidmətə yola salınması sahəsində müvafiq idarə və təşkilatların fəaliyyəti rayon icra hakimiyyəti tərəfindən əlaqələndirilmişdir. Gənclərin ordu sıralarına yola salınması üzrə verilmiş tapşırıqlar bir qayda olaraq artıqlaması ilə yerinə yetirilmişdir.

Rayon icra hakimiyyətinin ötənilki fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili olmuşdur. 2013-cü ildə rayon icra hakimiyyətinə 880 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 97 ədəd, yaxud 12,4 faiz çoxdur. Müraciətlərin 94-nü, yaxud 10,7 faizini əmək və əhalinin sosial müdafiəsi ilə bağlı məsələlər təşkil edir. 213 müraciət müsbət həll edilmiş, 44 müraciətdə göstərilənlər qismən təsdiq olunmuş, 56 müraciət isə əsassız sayılmışdır. 539 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilmişdir, 27 ərizədə qaldırılan məsələlər regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş və 1 ərizə isə icra üçün aidiyyəti orqana göndərilmişdir.

Rayon icra hakimiyyəti başçısının yerlərdə keçirilən səyyar görüş-qəbullar əhali tərəfindən razılıqla qarşılanır, onların arzu və istəklərinin öyrənilməsində müstəsna rol oynayır. Ötən il təsdiq olunmuş qrafik əsasında ayrı-ayrı yaşayış məntəqələrində keçirilmiş 44 görüş-qəbulda 3274 vətəndaş iştirak etmiş, onlar tərəfindən 175 məsələ qaldırılmışdır.

2014-cü ildə qarşıda çox mühüm vəzifələr dayanır. Qarşıdakı illər üçün qəbul ediləcək üçüncü Dövlət Proqramına uyğun olaraq rayonda sosial-iqtisadi inkişaf tədbirlərinin sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial problemlərinin həllini nəzərdə tutan genişmiqyaslı işlər görüləcəkdir. Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün məqsədli proqramlar həyata keçiriləcəkdir.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Milli Məclisin üzvü Ərəstun Cavadov iştirak və çıxış etmişlər.

 

İlham PƏNAHOV

Respublika.-2014.- 16 fevral.- S.2.