Mirzə Şəfi Vazehin 220 illik yubileyi qarşısında

 

Ölkə Prezidentinin sərəncamı diqqət və qayğının daha bir bariz nümunəsi olmaqla Mirzə Şəfi Vazehin məhz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu və Azərbaycan xalqının öz tarixinə və mədəniyyətinə böyük hörmətini əks etdirir.

2014-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama görə Mirzə Şəfi Vazehin 220 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Sərəncamda deyildiyi kimi, Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.

Mirzə Şəfi Sadıq oğlu Vazeh 1794-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Onun atası Kərbəlayı Sadıq Gəncə hakimi Cavad xanın sarayında memar-bənna işləmişdir. Çox dindar bir kişi olmuşdur. Gənc yaşlarında Kərbəlaya gedib, oranı ziyarət etdikdən sonra ömrünün axırına qədər oruc tutub namaz qılmağı unutmamışdır. Kərbəlayı Sadığın iki oğlu varmış: Əbdüləli və Məhəmmədşəfi. Böyük oğlunun bənnalıq işlərinə həvəsli olduğundan atası ona öz sənətini öyrətmiş, kiçik oğlu Məhəmmədşəfini isə ruhani etmək məqsədilə Gəncədə Şah Abbas məscidi yanındakı mədrəsəyə qoymuşdur.

Qısa müddət ərzində sərbəst oxuyub yazmağa başlayan zehinli Şəfi burada həmçinin ərəb və fars dillərini öyrənir, bu dillərdə yaranmış böyük ədəbiyyatın klassik nümayəndələrindən (Sədi, Xəyyam, Nizami) yaradıcıllığı ilə tanış olur. 1804-cü ilin başlanğıcında çar Rusiyasının qəsbkar qoşunları ilə döyüşdə Cavad xan öldürüldükdən sonra istilaçılar Gəncəni ələ keçirirlər. Şəhərdə başlanan qarmaqarışıqlıq döyüşdən çıxmış əhalinin vəziyyətini daha da ağırlaşdırır. Güclü zərər çəkənlərdən biri də Kərbalayı Sadığın ailəsi olur.

Tamam var-yoxdan çıxan bu adam ağır iztirablar içərisində xəstələnir və az sonra vəfat edir. Çox keçmir ki, Şəfi anasını və qardaşını da itirir. O, təhsilini yarımçıq qoyur və mədrəsədən uzaqlaşır. Gəncə məscidinin bir hücrəsində məskunlaşır və müxtəlif kitabların üzünü köçürməklə məşğul olur.

Bu məşğuliyyəti ona Mirzə adını qazandırır. Mirzəlik etdiyi zamanlar Şəfi, kitab üzü köçürmək üçün onunla sıx görüşən sufi məsləkli ziyalı Hacı Abdulla ilə tanış olur. Hacı Abdulla ilə söhbətlər Şəfinin onunla möhkəm dostluğuna çevrilir. Hacı Abdulla Şəfini oğulluğa götürürona təhsilini davam etdirmək üçün şərait yaratsa da, az keçmir ki, Şəfinin görüşlərində tam dəyişiklik əmələ gəlir. Ruhanilərə inamsızlıq mədrəsə üləmalarında və Gəncə mollalarında ona qarşı kin, nifrət əmələ gətirir. Mirzə Şəfi tezliklə mədrəsədən uzaqlaşdırılır.

Bundan sonra o, heç bir təhsil almadan şəxsi mütaliə yolu ilə savadını artırır. Hacı Abdulla mərhum Cavad xanın qızı Püstə xanımın yanında idarə işinə girməkdə Şəfiyə kömək edir. Beləliklə, gənc oğlan özünə dolanışıq yolu tapır. Mirzə Şəfi Cavad xanın qızı Püstə xanımın mülkünə köçüb, onun idarə və yazı işləri ilə məşğul olmağa başlayır. Ancaq bu dəfə də bəxti üzünə gülmür. 1826-cı ildə Cavad xanın İran ordusunda döyüşən böyük oğlu Uğurlu xan məğlub sərbazlarla İrana qayıdarkən Püstə xanımı da özü ilə aparır. Mirzə Şəfi yenidən Gəncə məscidinə köçərək köhnə işinə qayıdır. O, kitab üzü köçürməklə yanaşı müəllimliklə də məşğul olur və fərdi surətdə dərs deməyə başlayır. 1840-cı ildə Mirzə Şəfi Tiflisə köçüb, keçmiş şagirdi M.F.Axundzadənin köməyi ilə qəza məktəbində müəllim kimi işə düzəlir. Burada qaynar mühitə düşən şair 1844-cü ildə “Divani-hikmət” adlı ədəbi məclis düzəldir. Bu məclisdə azərbaycanlı şair və yazıçılarla bərabər, başqa millətdən olan şairlər, yazıçılar, alimlər, səyyahlar və jurnalistlər də iştirak edirdilər. 1846-cı ildə Vazeh Gəncəyə qayıdır və qəza məktəbində ana dili və şəriət müəllimi təyin olunur. Şair Gəncədə 3 il qaldıqdan sonra yenidən Tiflisə qayıdır və şəhər gimnaziyasında türk dili üzrə kiçik müəllim vəzifəsində işləyir.

Ömrünün Tiflis dövründə onun bəxtinə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, şairlərdən Nəcmi, Naseh, Şölə, Mirzə Həsən, Molla Abdulla, Hacı Abdulla, Mirzə Yusif Vidadi, Hacı Yusif Qane və başqaları ilə ünsiyyətdə olmaq şərəfi düşür. Onların hamısı “Divani-hikmət”in üzvləri idilər. Məclisin əhatə dairəsinə Azərbaycan və fars dillərini bilən rusgürcü ədib və şərqşünasları da daxil olurlar. Tiflisdə o zaman yaşayan çoxsaylı Avropa alim və şairləri də Mirzə Şəfinin məclislərində fəal iştirak edirdilər. Alman şairi Fridrix Bodenştedt də məclislərə gəlib-getməyə başlayır.

Təcrübəli pedaqoq olan Mirzə Şəfi Vazeh Tiflis gimnaziyasının baş müəllimi İvan Qriqoriyevlə birlikdə “Kitabi-Türki” adlı dərslik kitabı hazırlayır. Kitab nəşr olunmaqdan ötrü Təbrizə göndərilir. Mətbəə şəraitinin çətinliyi üzündən dərsliyin nəşri uzanır.

O, yalnız şairin ölümündən sonra işıq üzü görür. “Divani-hikmət” ədəbi məclisinin üzvlərindən birio zaman Şərqdə səyahətdə olan alman şairi Fridrix Bodenştedt idi. Bodenştedt Vazehin yaradıcılığı ilə yaxından maraqlanmağa başlayır və ondan Azərbaycan və fars dillərini öyrənir. Bu müddətdə Bodenştedt Vazehin şeirlərini heç vaxt qələmə almadığını görüb onun əsərlərini özü yazmağa qərar verir. Şərqə səyahətini başa vurub Almaniyaya qayıtdığı vaxt səyahətnaməsində Vazehin çap oluna biləcək kifayət sayda əsərinin olduğunu müəyyən edir. Və Mirzə Şəfinin şeirləri 1851-ci ildə özündən də xəbərsiz Avropada “Mirzə Şəfinin nəğmələri” adı altında alman dilində çap olunur. Şairimizn nəğmələri Avropada geniş əks-səda doğurur və dəfələrlə, özü də artıq Avropanın digər dillərinə də tərcümə olunur. M.Ş.Vazeh alman alimi Fridrix Bodenştedt tərəfindən çap olunan “Mirzə Şəfinin nəğmələri” adlı kitabdan sonra Avropada böyük şöhrət qazanmışdır. Kitab fransız, ingilis, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərində də nəşr olunnuşdur. “Nəğmələr”dən bir neçəsi hətta qədim yəhudi dilinə də tərcümə edilmişdir. Yalnız Almaniyada həmin kitab 1922-ci ilə qədər 169 dəfə çap edilmişdir. Məşhur şair haqqında hətta “Die lideq des Miqza Sshaffu” adlı operetta yazılmışdır ki, onun da premyerası 1887-ci ildə olmuşdur.

Lakin Bodenştedt bu əsərlərin ona məxsus olduğunu bütün Avropaya inandırmağa çalışır. Kitabın adını Mirzə Şəfi qoymasını isə, sadəcə, avropalıların diqqətini cəlb etmək məqsədilə bir Şərq elementi kimi izah edir.

Mirzə Şəfi Vazeh 1852-ci ildə Tiflisdə vəfat edir və şəhərin müsəlman qəbiristanlığında dəfn edilir. Sağlığında unudulmuş və haqqı əlindən alınmış şair öləndən sonra da qarət olunur. Tiflisdəki Botanika bağının arxasında yerləşən Azərbaycan qəbiristanlığı müharibədən sonra köçürülərkən onun həmvətənlərindən heç kim bu böyük şairin ruhunun incidilməsinə etirazını bildirmir.

Və yalnız ulu öndər Heydər Əliyevin qayğısı sayəsində tariximiz bərpa olunmuşdur. Belə ki, ümummilli lider Heydər Əliyev Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü, Tbilisinin fəxri vətəndaşı, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Aslan Aslanova verdiyi xüsusi tapşırıqla unudulmaz şairimiz Mirzə Şəfi Vazehin məzarı abadlaşdırılaraq qəbirüstü abidəsi yaradılmışdır. Qəbirüstü abidənin açılışında Azərbaycan Yazıçılar İttifaqının sədri Anar, Gürcüstan Yazıçılar İttifaqının sədri Quram Pançıxıdze, tanınmış gürcü sairi Zezua Meduaşvili, Gürcüstanın fəxri vətəndaşı, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü Aslan Aslanov, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli, Azərbaycanın xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Gürcüstanın millət vəkili Cansuk Sarkviani və digər dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar iştirak etmişlər. 1995-ci ildən başlayaraq həmçinin Tbilisidəki səfalı Nəbatat bağında 200 kvadratmetrdən çox ərazi abadlaşdırılmış, Azərbaycanın dahi şəxsiyyətlərinin əbədiyyətə qovuşduğu bu müqəddəs yer əsl ziyarətgaha çevrilmişdir. 1996-cı ildə Fətəli xan Xoyskinin qəbirüstü abidəsinin açılışında ulu öndər Heydər Əliyev bu yeri Azərbaycanın bir hissəsi adlandırmışdır.

Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev xalqımızın tarixinin də qayğısına qalmağı bacarmışdır. Buna ulu öndərin tariximizlə bağlı imzaladığı sərəncamları, saysız-hesabsız tədbirləri, verdiyi tapşırıqları misal göstərmək kifayətdir. Ümummilli lider Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin adlarının əbədiləşdirilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi.

Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində respublikamızın hər yerində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin ev-muzeyləri yaradılmışdır.

Nəriman Nərimanovun və Cəlil Məmmədquluzadənin ev-muzeylərinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə keçirilməsi tarixi bir hadisədir. Mədəniyyətimizin inkişafı və tərəqqisinə, tarixi irsimizə böyük hörmət nəticəsində Nəriman Nərimanovun və Mirzə Cəlilin Tbilisidəki ev-muzeyləri Aslan Aslanov tərəfindən evlərin sahibləri olan ermənilərdən alınaraq özəlləşdirilmiş, yüksək səviyyədə təmir edilmiş, eksponatlar, texniki avadanlıq müasirləşdirilmiş, maliyyə məsələləri həll edilmişdir.

Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev irsinə sadiq olaraq Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Fətəli Xan Xoyskinin qəbirüstü abidələrinin rekonstruksiyası və orada xiyabanın yaradılması barədə irəli sürdüyü təşəbbüs təqdirəlayiqdir.

Diqqət və qayğı siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinin keçirilməsi barədə ölkə Prezidentinin sərəncamı diqqət və qayğının daha bir bariz nümunəsi olmaqla Mirzə Şəfi Vazehin məhz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu və Azərbaycanın öz tarixinə və mədəniyyətinə böyük hörmətini əks etdirir.

 

Samir Zeynalov,

Respublika.-2014.- 18 fevral.- S.3.