Bəşəriyyətə
qarşı yönəlmiş amansız cinayət
Ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin fəsadlı nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. “Dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar.
Ümumiyyətlə, 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatına 22 milyard ABŞ dollarından çox ziyan vurulmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı isə dünya tarixində bənzəri olmayan vəhşiliyin daha bir əyani nümunəsi olmuşdur. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.
Həmin gün azğınlaşmış erməni quldur birləşmələri 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə saldılar: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər.
Xocalının işğalına dair istintaq materialları göstərir ki, hücumda mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriysayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak etmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda çalın-çarpaz atəşlə qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar imzaladığı sərəncamda deyildiyi kimi, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Xocalıda mülki əhalinin planlı şəkıldə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Şəhərdən çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar həm də ermənilərin 22 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.
BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş bu Konvensiyada ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırımı adlandırılmışdur. Eyni zamanda bu Konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyulmuşdur. Konvensiyanın 2-ci maddəsinə görə, soyqırımı hər hansı milli, etnik, irqi və dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqasına verilməsi.
Konvensiyanın 3-cü maddəsinə görə, soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı törətməyə birbaşa iştirak və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımda iştirak cəzalandırılan əməllər sırasındadır. Bu kriteriyalar baxımından Xocalı qətliamının soyqırımı kimi tövsif olunmasına ciddi hüquqi əsaslar mövcuddur. Ümumən Azərbaycan hakimiyyəti bu məsələdə həm də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin “Xocalı soyqırımı günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 104-cü maddələrini əldə əsas tutur. Azərbaycanlılara qarşı tarixən tətbiq olunan soyqırımı, deportasiya, işgəncələr və qeyri-insani rəftar eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasının, İşgəncələrə qarşı BMT və Avropa Şurası konvensiyalarının və digər aktların kobud şəkildə pozulması deməkdir.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə əsasında diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur.
Azərbaycan 1996-cı il 31 may tarixdə BMT-nin 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyasını ratifikasiya etmiş, milli qanunvericiliyini bu sənədə uyğunlaşdırmaq istiqamətində tədbirlər görmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsində VII bölmənin fəsillərə bölünməsində bu konvensiyanın tələbləri nəzərə alınmış, 16-cı fəsil “sülh və insanlıq əleyhinə cinayətlər”, 17-ci fəsil “müharibə cinayətləri” adlandırılmışdır. Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Soyqırım” (maddə 103), “Soyqırımın törədilməsinə təhrik etmə” (maddə 104) maddələri daxil edilmişdir.
Erməni silahlı qüvvələri və Dağlıq Qarabağın silahlı separatçı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndinə dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə Xocalıda törətdikləri qətliamda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalar kobud surətdə pozulmuşdur.
Xatırlatmaq lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində hər il dövlət səviyyəsində digər tədbirlər də həyata keçirilir. Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər daha da genişləndirilməli, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları öz tərəfindən bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanın—internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər. Türk və Azərbaycan diasporlarının bu istiqamətdə birgə fəaliyyətini də yeni dövrün siyasi reallıqları tələb edir.
Hazırda çoxsaylı faktlar, canlı şahid ifadələri, foto və videomateriallar Azərbaycanın bütün dünyada Xocalı soyqırımı ilə bağlı geniş təbliğat aparmaq imkanlarını genişləndirir. Bu baxımdan dövlət başçısının tapşırıq və tövsiyələri əsasında son illər Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır. Hər il Prezident Administrasiyası tərəfindən xüsusi tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə paylanılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarının elektron variantları Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində təşkilatın təşəbbüsü ilə xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanıb. Zəngin fakt və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırıb.
İslam Konfransı Təşkilatının gənclər forumu ilə “Xocalıya ədalət!” Beynəlxalq kampaniyasına start verilməsi də Fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş kordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət!” beynəlxalq məlumat təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır.
2010-cu il dekabrın 15-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasının online fəaliyyətlərinin təqdimatına həsr olunmuş tanıtma tədbiri keçiriblər. 10 dekabr—İnsan Hüquqları Günü həftəsinə həsr olunmuş tədbir çərçivəsində “Xocalıya ədalət!” kampaniyasının yeni internet saytı ictimaiyyətə təqdim edilmiş, kampaniyanın “Facebook”, “Twitter” və “YouTube” kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə məlumat verilmişdir.
Həyata keçirilən bu və digər tədbirlər tədricən müsbət nəticələrini göstərir. Xocalı soyqırımının son illər Pakistan, Meksika və Uruqvay parlamentləri tərəfindən soyqırımı kimi tanınması, habelə bu qətliamla bağlı bir sıra dövlətlərin parlamentlərində dinləmələrin keçirilməsi deyilənlərin təsdiqidir. Bundan başqa, Xocalı soyqırımının İslam Konfransı Təşkilatının üzvü olan, eləcə də türkdilli dövlətlərdə tanıdılması istiqamətində aparılan işlər daha da gücləndirilmişdir. Çünki Xocalı soyqırımı, ilk növbədə, türk dünyasının faciəsidir. Bu səbəbdən də təkcə Azərbaycan deyil, həm də qardaş Türkiyə, habelə türkdilli ölkələr bu sahədə fəal iş aparmalıdırlar. Xüsusən də türkdilli ölkələrin qanunverici orqanlarının bu sahədə fəal iş aparması zəruridir.
Şübhəsiz, Azərbaycan haqlı təbliğatında bədnam ermənilərin istifadə etdikləri iyrənc vasitələri qəbul etmir. İrəvandan fərqli olaraq rəsmi Bakı yalnız sübuta yetirə biləcəyi məsələ ətrafında hökm verir və təbliğatını aparır. Söhbət, əslində konkret fakt və sübutlarla təsdiqlənmiş, sübuta xüsusi ehtiyacı olmayan soyqırımı faktının tanınmasından gedir. Şahid ifadələri, istintaq materialları və beynəlxalq hüquq normaları Xocalıda baş verənlərin soyqırımı olduğuna hansısa şübhə yeri qoymur. Unutmayaq ki, ötən əsrin əvvəllərindən fərqli olaraq, Xocalı faciəsi müasir dünyanın gözü qarşısında baş vermişdir. Dünyanın ən müxtəlif nüfuzlu kütləvi informasiya vasitələri hələ 1992-ci ildə faciə ilə bağlı geniş reportajlar vermişdir. Ən müxtəlif ölkələrdən gəlmiş jurnalistlər Xocalı dəhşətlərini öz gözləri ilə görmüş, sənədləşdirmişlər. Eyni zamanda, hazırladıqları reportajlarda faciədən sarsıldıqlarını gizlətməmişlər.
Bəli, təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir.
Halbuki ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquq normalarına əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır.Son illərdə bir çox dünya dövlətləri Xocalı həqiqətlərini qəbul etməyə başlamışlar. Deməli, Xocalı soyqırımının dünyada tanıdılması bir-iki ilin işi deyildir və bu istiqamətdə hələ uzun illər ərzində fəal iş aparmaq lazımdır. Əminik ki, dövlət başçısı İlham Əliyevin hücumçu diplomatiyası nəticəsində biz öz həqiqətlərimizi dünyaya qəbul etdirə biləcəyik.
Abbas ƏLİYEV,
Nərimanov Rayon Məhkəməsinin hakimi.
Respublika.-2014.- 18 fevral.- S.5.