Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

 

Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında üzləşdi. Sovet imperiyasının süqutu ilə yaranan mürəkkəb ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycanın ərazi itkisi ilə yanaşı, XX əsrin ən dəhşətli faciəsindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilmişdir. Dünya tarixində Xocalı faciəsi tarixin yaddaşlarından heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Xolokost kimi dəhşətli faciələrdən heçgeri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuşbütün dünyada geniş əks-səda doğurmuşdur.

Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törətməklə ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-rus birləşmiş silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssis və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi yandırılan və digər şəkilə salınanlar çoxluq təşkil edirdi.

Vurğulamaq lazımdır ki, bu soyqırım nəticəsində rəsmi rəqəmlərə görə 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst edilmişdir ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.

2002-ci il fevralın 25-də ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırıma əsl qiymət vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir.”

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də soyqırımına obyektiv qiymət verilməsi istiqamətində mühüm addımlar atılır.

Ölkəmizin hər yerində olduğu kimi, məktəbimizdə də Xocalı soyqırımının ildönümü ilə bağlı geniş hazırlıq işləri aparılmışdır. Tədbirlər planına əsasən Xocalı soyqırımını əks etdirən divar qəzetləri, rəsm əsərləri hazırlanmışdır. Həmçinin inşa müsabiqələri keçiriləcək, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriləcəkdir.

Anım günündə Xətai rayonu ərazisindəki “Ana harayı” abidə kompleksi ziyarət ediləcəkdir.

Xocalı soyqırımının ildönümünə geniş hazırlıq işlərinin aparılmasında məktəbin müəllimlərindən Şölə Zərgərova, Nazilə Əliyeva, Vəfa Abbasova və başqalarının səmərəli işi qeyd olunmalıdır.

Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız geri qaytarılacaq, Xocalı şəhəri erməni tapdağından xilas ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, köçkünlər ata-baba torpaqlarına dönəcəklər.

 

Nazilə MƏMMƏDOVA,

Nərimanov rayonundakı 45 saylı

tam orta məktəbin direktoru.

 Respublika.-2014.- 19 fevral.- S.3.