Coğrafiya elminin böyük strateqi

 

Son illər Azərbaycan milli coğrafiya elminin qloballaşması, onun bir çox yeni istiqamətlər üzrə əsası qoyulmuş müasir-konstruktiv və məqsədyönlü elmi-tədqiqat işləri uğurla davam etdirilir. Bu tədqiqat sahələrinin elmi-metodoloji və təcrübi dəyərlərinin əsasını hələ yaxın keçmişlərdə tanınmış akademiklərimiz Həsən Əliyev və Budaq Budaqov işləmişlər.

Azərbaycan coğrafiya elminin ayrı-ayrı tədqiqat sahələrində uzun illər səmərəli çalışmaq, o sahələrin əsasını qoyanlardan biri olmaq xoşbəxtliyi akademik Budaq Budaqova nəsib olmuşdur. Akademik Budaq Budaqovun elmə istedadlı alim, yorulmaz tədqiqatçı kimi gəlməsində və ensiklopedik biliyə malik formalaşmasında böyük rus alimi, beynəlxalq elm aləmində yaxşı tanınan, Rusiya coğrafiya məktəbinin banilərindən sayılan Nataliya Dimitraşkonun əvəzsiz xidmətləri olmuşdur. Budaq Budaqov bütün elmi yaradıcılığı boyu bu görkəmli alimin tükənməz və dəyərli əməyini yüksək qiymətləndirmiş, ona öz dərin məhəbbətini, minnətdarlığını bildirmişdir. Akademik Budaq Budaqov bütünlüklə elmi yaradıcılığı naminə həmişə öz üzərində məsuliyyətlə işləyən, çöl tədqiqatlarında topladığı zəngin materialları ümumiləşdirərək son elmi nəticəyə çatmaq bacarığına malik tədqiqatçı kimi tanınırdı.

Budaq Budaqov coğrafiya elminin ayrılmaz hissəsi olan çöl tədqiqatları zamanı günün 14-16 saatını işləyirdi. O, çox yaxşı bilirdi ki, çöl şəraitində topladığı coğrafi materiallar onun gələcək elmi yaradıcılığının və yeni ideyalarının meydana gəlməsinin canıdır. Daha doğrusu, hər bir tədqiqatçı yaxşı bilir ki, çöl şəraitində topladığı ekspedisiya materialları alimin ömürlük istifadə edə biləcəyi bilik xəzinəsidir.

Akademik Budaq Budaqovun çoxillik elmi yaradıcılıq salnaməsinin başlanğıcını 1950-ci illərin əvvəllərində Azərbaycanda ilk dəfə apardığı geomorfoloji tədqiqatlar təşkil edirdi. Həmin illərdə Azərbaycanda istər geomorfologiya ixtisası və istərsə də ümumi coğrafiya elmi üzrə mütəxəssisləri barmaqla saymaq olardı. Artıq 1955-ci ildə Budaq Budaqov “Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib ilk azərbaycanlı alim kimi Moskvadan doğma Bakıya qayıdır. O, aspirantura illərində topladığı çöl materiallarını yenidən işləyərək “Azərbaycanın geomorfologiyası” mövzusunda ilk fundamental monoqrafiyanın müəlliflərindən biri kimi tanınır. Artıq Azərbaycanın elm aləmində gənc Budaqovun ilk töhfəsi, xüsusilə coğrafiya elminin inkişafındakı xidməti yavaş-yavaş görünürdü.

Akademik Budaq Budaqovun elmi yaradıcılıq dairəsinin əsas hissəsini müasir geotektonika, paleogeomorfologiya, fiziki coğrafiya, landşaftşünaslıq, ekocoğrafiya, coğrafi fikir tarixi, toponomika hətta milli poeziya sahələrinin coğrafiya ilə sintezi əhatə edirdi.

1959-cu ildə alim Kiş çayının sellərinin öyrənilməsi ilə əlaqədar apardığı ilk çöl-tədqiqat işlərinin nəticəsi bir geomorfoloq kimi ilk dəfə olaraq Azərbaycanda sellərin formalaşmasının coğrafi qanunauyğunluqlarını və sel çöküntülərinin genetik təsnifatını müəyyənləşdirməyə imkan verdi.

Həmçinin Kiş çayı hövzəsində və ona qonşu olan ərazilərdə apardığı coğrafi tədqiqatlar paleogeomorfologiya elminin bir neçə müasir probleminin həllinə, o cümlədən bəzi ekocoğrafi məsələlərin aşkar edilməsində yardımçı oldu.

Budaq Budaqovun bu sahədə apardığı başlıca elmi uğurlardan biri bir sıra alimlərin Böyük Qafqaz regionunda sellərin sönməyə doğru getməsi proqnozunu elmi dəlillərlə inkar etməsi idi. Yəni coğrafiya elmində sellərin inkişaf tendensiyası proqnozuna dair uzun müddət hakim olmuş bu yanlış fikri akademik Budaq Budaqov yeniləşdirdi.

Bundan başqa, Budaq Budaqovun Cənubi Qafqaz regionunda qədim buzlaşma dövrünün tarixi nişanələrindən olan “Kəm Moreninin ilk kəşfi geocoğrafiya elmində yenilik oldu. Alim ilk dəfə olaraq onun xronoloji baxımdan üst Pliosen yaşlı olduğunu müəyyənləşdirdi. Tədqiqatçı həmçinin “Kəm Moreninin tərkibindəki cilalanmış qədim çay daşlarına əsaslanaraq müasir çayların mənbəyinin indikindən xeyli yüksəkdə, yəni Samur çay hövzəsində yerləşməsi fikrini də söyləmişdir.

Bununla da Budaq Budaqov ilk dəfə olaraq bütünlüklə Böyük Qafqaz regionunda paleogeoloji təkamüllə müasir orocoğrafi örtüyün qarşılıqlı inkişaf tarixi arasındakı asılılığın elmi əsasını izah etdi.

Əldə edilmiş geocoğrafi elmi nəticələrə əsaslanaraq Budaq Budaqov ilk dəfə olaraq coğrafiya elmində Böyük Qafqazın dağlıq relyefinin Sarmat əsrindən sonrakı, son doqquz milyon il ərzində yaranması fikrini söylədi. Bu yeni elmi fikir bütün müasir Qafqazşünas geoloqcoğrafiyaşünas tədqiqatçılar tərəfindən bəyənildi və bütünlüklə Qafqazın geotektonik mərhələsinin tərkib hissəsi kimi qəbul olundu.

Akademik Budaq Budaqov Böyük Qafqazın müasir relyefinin tarixi təkamül mərhələsində və formalaşmasında yer qabığında indibaş verən geotektonik hərəkətlərin əsas rol oynadığını göstərməklə yanaşı, müəyyən geoloji əsrlər üzrə bu hərəkətlərin baş verməsinin coğrafi qanunauyğunluqlarını, çoxillik dinamikasını, onların müşayiət olunduğu təbii fəlakətlərin kəmiyyət və keyfiyyət göstəricilərini öyrənmişdir. Alimin əldə etdiyi yeni elmi uğurların nəticələri və kompleks ekocoğrafi regional xəritə materialları müasir coğrafiya elminin tətbiqi cəhətdən yeniləşməsində mürəkkəb texnogenekocoğrafi problemlərin, fövqəladə hadisələrin həllində istifadə olunur. Onun Dördüncü Dövr geologiyası və paleocoğrafiyasına dair apardığı kompleks coğrafi tədqiqatları Böyük Qafqazın yüksək dağlıq zonasında Dördüncü Dövr buzlaşmalarının paleogeomorfologiyasının hərtərəfli öyrənilməsini asanlaşdırdı. Budaq müəllim bu paleotəbii proseslərin əsas səbəbini paleoiqlimin qlobal quraqlaşmasoyuqlaşma istiqamətində mərhələli tendensiyası ilə əlaqələndirmişdir. Bununla da o, Azərbaycanda müasir relyefin çoxəsrlik inkişaf dinamikasına və orogeoloji təkamülünə dair deyilmiş bir çox qaranlıq elmi fikirlərə ilk dəfə coğrafi aydınlıq gətirmişdir.

Akademik Budaq Budaqovun Böyük Qafqazın tədqiqində istifadə etdiyi orijinal tədqiqat üsulları və irəli sürdüyü yeni elmi-metodiki konsepsiyaları respublikamızın digər dağlıq bölgələrində də müvəffəqiyyətlə sınaqdan keçirilmişbu bölgələrin geomorfolojipaleocoğrafi problemlərinin kompleks həllində mühüm rol oynamışdır.

Alimin 1978-ci ildə nəşr etdirdiyi “Cənubi-Şərqi Azərbaycanın geomorfologiyası” adlı kitabı keçmiş sovetlər məkanında coğrafiya elmində böyük yenilik kimi əks-səda yaratmışdır. Həmin kitabdakı yeni elmi-metodoloji fikir və ideyaların əhəmiyyətinə görə Budaq Budaqov ilk dəfə Azərbaycanın coğrafiyaçı alimi olaraq SSRİ Coğrafiya Cəmiyyətinin qızıl medalına layiq görüldü. Elə həmin ildə Budaq BudaqovunCoğrafi problemlərin regional inkişafı və aqrar planlaşdırılması” mövzusunda Sovet-hind elmi simpoziumunda çıxışı isə Azərbaycanda müasir coğrafiya elminin inkişaf strategiyasının qalxan xətlə getdiyini bir daha təsdiq etdi.

Akademik Budaq Budaqovun bilavasitə təşəbbüsü ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda tamamilə yeni, landşaftşünaslıq və coğrafi fikir tarixi elminin yeni konsepsiyası işlənildi və müvafiq şöbələri yaradıldı. Hazırda coğrafi fikir tarixi şöbəsində Azərbaycanda coğrafiya elminin keçmişi, təkamül tarixi və Azərbaycanda coğrafi fikir və ideyaların zaman və məkan tarixi haqqında yeni elmi xülasələri hazırlanır. Hazırda Landşaftşünaslıq şöbəsində güclü elmi potensiala malik sanballı elmi məktəbin yaranması və formalaşması akademik Budaq Budaqovun adı ilə bağlıdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın bütün ərazisi üçün müxtəlif miqyaslı aqrar landşaftkosmoekocoğrafi xəritələri hazırlanmış, o cümlədən landşaftın struktur-ərazi diferensiasiyasında yeni tektonik hərəkətlərin rolu, landşaftın geokimyası, landşaftın ekoloji problemləri, antropogen landşaftşünaslığı və landşaftın ərazi struktur dayanıqlığı, aerokosmik xəritələrin deşifrlənməsi sahəsində mühüm elmi nailiyyətlər əldə edilmişdir.

Budaq Budaqovun rəhbərliyi altında yeni texnoloji, xüsusilə aerokosmik metodların və xəritə materiallarının coğrafiyaya, xüsusilə aqrar-landşaftın planlaşdırılması və ekogeomorfoloji tədqiqatlara tətbiqi müasir coğrafiya elminin prioritet strateji sahələrindən sayılır.

Akademik Budaq Budaqov hazırda bütün dünya ictimaiyyətini narahat edən qlobal ekocoğrafi problemlər, o cümlədən səhralaşma, dünyəvi istiləşmə və təbiəti mühafizə sahələrində də mühüm tədqiqatlar aparmış, yeni perspektli və dərin elmi fikirlər söyləmişdir. Xüsusilə ilk dəfə olaraq respublikamız üçün böyük coğrafi elmi məlumata və təcrübi əhəmiyyətə malik regional ekoloji-coğrafi rayonlaşdırma xəritəsini tərtib etmişdir. Onun “Azərbaycanın təbiət abidələri” əsəri xalqımızın coğrafiekoloji mədəniyyətinin yüksəlməsində, təbiətə vətənpərvərlik bağlılığının dərinləşməsində, ətraf mühitin qorunması və bərpası işinin ümummilli təbliğində mühüm rol oynamışdır. Azərbaycan coğrafiyasının qədim tarixi qaynaqlarının tədqiqi və milli dəyərləndirilməsi bir çox Azərbaycan şairlərinin, şeir və sənət dühalarının yazılarında təbiət gözəlliyinin tərənnümü, təbiətin poeziya işığında təsviri və onun gözəlliyi, zənginliyi, ən başlıcası isə ayrı-ayrı təbii komponentlərin timsalında tarixi obrazların daxili aləminin açılmasına təsiri məsələləri akademik Budaq Budaqovun elmi yaradıcılığında xüsusi yer tutmuşdur.

“Azərbaycan mənşəli topononimlərin izahlı lüğəti” adlı əsərində dünya ictimayyətinə çatdırdı ki, erməni şovinistləri indiki Ermənistanda olan türk dillərinə mənsub coğrafi adların əksəriyyətini dəyişməklə milli, toponimik genosid yaratmışlar.

O, tarixi keçmişlərə əsaslanaraq sübut etmişdi ki, Ermənistan ərazisində olan coğrafi adlardan biri də erməni mənşəli deyildir. Deməli, tarixi-coğrafiyanın qədim milli nişanələri bir daha göstərdi ki, indiki Ermənistan ərazisi erməni xalqına yox, məhz Azərbaycan xalqına məxsusdur.

Budaq müəllim milli coğrafiya elminin böyük strateqi olmaqla doğma Azərbaycanın, dövlətimizin gələcəyi naminə siyasi perspektivlərimiz haqqında daim düşünürdü. Onun Heydər Əliyev qüdrətini təbliğ edən “Heydər Əliyev fenomeni” adlı kitabı xalqımızın bu dahi şəxsiyyətin ətrafında daha sıx birləşməsinə mənəvi qürur verdi.

Akademik Budaq Budaqov məktəbinin uğurlarının sorağı indi respublikamızın sərhədlərindən çox-çox uzaqlardan gəlir. Zaqafqaziya, Orta və Mərkəzi Asiya, Sibir, Çin, İran, Türkiyə, Hindistanbaşqa ölkələr arasında Azərbaycanla həmin məktəbin davamlı elmi körpüsü yaranmışdır. Akademik Budaq Budaqovun rəhbərliyi altında 50-dən çox yüksək ixtisaslı coğrafiya elmləri namizədi və elmlər doktorları hazırlanmışdır. Bunlar Azərbaycanın müasir coğrafiya elminin konstruktivinkişaf strategiyasında olduqca böyük elmi potensial hesab olunur.

Hazırda akademik Budaq Budaqovun coğrafiya elminin inkişaf strategiyasına dair fikir və ideyaları, dünyəvi səhralaşma və istiləşmə problemlərinə, həmçinin müasir landşaftların aqro-texnogen planlaşdırılmasına dair elmi mülahizələri mərhələ-mərhələ araşdırılıb öyrənilir. Onun elmi-yaradıcılıq salnaməsinə xüsusi dissertasiyalar həsr olunmuşdur. Çünki bu fikir və ideyaların öyrənilməsi Azərbaycanda müasir coğrafiya elminin inkişaf strategiyasını elmi-nəzəri və metodoloji cəhətdən daha da təkmilləşdirir və onun müasir dünya coğrafiya elminə inteqrasiyasını təmin edir.

 

Ramiz MƏMMƏDOV,

AMEA akademik H.Əliyev adına Coğrafiya

İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü,

texnika elmləri doktoru,

professor.

Habil HAQVERDİYEV,

İnstitut Həmkarlar İttifaqının sədri,

coğrafiya elmləri namizədi.

 

Respublika.-2014.- 19 fevral.- S.5.