2013-cü İLDƏ ÖLKƏNİN SOSİAL, İQTİSADİ İNKİŞAFI

 

Ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı əhalinin rifah halının daha da yüksəlməsi, dövlət tərəfindən bütün sosial və iqtisadi öhdəliklərin tam yerinə yetirilməsi, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizlik və yoxsulluq səviyyəsinin endirilməsi, əmək haqlarının və pensiyaların artırılması və digər amillər onu deməyə əsas verir ki, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan dinamik inkişaf 2013-cü ildə də davam etmişdir.

Ölkənin inkişafını xarakterizə edən əsas makro göstərici-ümumi daxili məhsul istehsalı 5,8 faiz artaraq 57,7 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 6207,3 manat (7912,5 ABŞ dolları) olmuşdur. Son 10 ildə Ümumi Daxili Məhsul istehsalı hər il orta hesabla 12,4 faiz artmışdır.

Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektoru 10,0 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlmişdir. ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 1,0 faiz artmışdır.

2013-cü ildə sənayenin qeyri-neft sahələrində əlavə dəyər 4,2 faiz,  tikintidə 23,0 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 16,0 faiz, informasiya və rabitədə 10,7 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 6,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, sosial və digər xidmətlər sahələrinin hər birində 4,9 faiz artmışdır.

üDM-in 46,3 faizi sənayedə, 11,8 faizi tikintidə, 7,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitədə, 14,7 faizi sosial və digər xidmət sahələrində istehsal olunmuş, məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı 6,4 faiz təşkil etmişdir.

2013-cü ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8 faiz çox olmuşdur. Sənayenin bütün bölmələrində - mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı - 2012-ci illə müqayisədə istehsalın artımı qeydə alınmışdır. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Son 10 ildə sənaye istehsalı hər il orta hesabla 10,3 faiz artmışdır.

Sənayenin qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin və sənaye məhsulu istehsal edən fiziki şəxslərin-fərdi sahibkarların səyi nəticəsində 2012-ci illə müqayisədə 2013-cü ildə qeyri-neft sənayesi istehsalında 4,8 faiz artım müşahidə olunmuşdur. Neft sektorunda isə məhsul istehsalı 1,1 faiz yüksəlmişdir.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,4 faizini təşkil etmiş, ümumi istehsalın 93,1 faizi sənaye mallarının (əmtəələrin), 6,9 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.

Mədənçıxarma bölməsində istehsalın həcmi 24,9 milyard manat olmaqla əvvəlki ilin səviyyəsindən 0,7 faiz yüksək olmuşdur.

Sahənin əsas məhsulu olan xam neft hasilatı 43,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,9 milyard kub-metr təşkil etmiş, qaz hasilatı 3,6 faiz, neft hasilatı isə 0,2 faiz artmışdır. Bu məhsullardan başqa bölmədə  21,8 min ton bentonit, 380,6 min ton inşaat üçün əhəng daşı, 1,6 ton qızıl, 630,0 kq gümüş və s. istehsal edilmişdir.

Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 6,8 milyard manat dəyərində və ya əvvəlki ilə nisbətən 5,8 faiz çox məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

Qida və içki istehsalı müəssisələri tərəfindən 2,8 milyard manat həcmində məhsul istehsal edilmiş, əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 4,8 faiz, içki istehsalında isə 12,5 faiz artım müşahidə olunmuşdur. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 16,4 faiz, üzlü süd istehsalı 1,2 faiz, pendir və kəsmik istehsalı 5,1 faiz, pivə istehsalı 9,8 faiz, alkoqolsuz içkilərin istehsalı 1,9 faiz artmışdır.

Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələri üzrə ixtisaslaşan müəssisələr tərəfindən 94,3 milyon manatlıq məhsul, o cümlədən sahənin əsas məhsullarından 11,8 min ton pambıq lifi, 15,5 min ton pambıq iplik, 0,7 min kv. metr xalça və xalça

məmulatları, 4,5 milyon cüt corab məmulatları, 269,9 min ədəd pambıq yataq ağları və s. məhsullar istehsal edilmişdir.

Neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 2,1 milyard manat olmaqla əvvəlki illə müqayisədə 6,1 faiz  artmışdır. Əsas neft məhsullarından  avtomobil benzininin istehsalı 8,5 faiz, ağ neftin istehsalı 12,2 faiz, dizel yanacağının istehsalı 5,3 faiz , neft bitumunun istehsalı isə 8,5 faiz artmışdır. Bununla yanaşı, sürtkü yağlarının istehsalı 25,9 faiz azalmışdır.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 267,1 milyon manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki illə müqayisədə kimya sənayesində 19,5 faiz, əczaçılıq məhsullarının istehsalında 12,7 faiz, rezin və plastmas məmulatların istehsalında isə 5,7 faiz artım müşahidə olunmuşdur. Əsas kimya məhsullarından  propilenin istehsalı 7,0 faiz , lak-boya məmulatlarının istehsalı 18,8 faiz, polietilenin istehsalı 13,1 faiz, izopropil spirtinin istehsalı isə 91,7 faiz artmışdır. Rezin və plastmas məmulatlarından bərk polipropilen boruların istehsalı 58,2 faiz, məsaməli poliuretan lövhələrin istehsalı 2,6 faiz artmışdır.

Tikinti materialları istehsalı müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 21,0 faiz, o cümlədən sement istehsalı 7,9 faiz, tikinti gipsi istehsalı 66,2 faiz, hörmə üçün hazır beton qarışığı istehsalı 13,8 faiz artmışdır.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 399,6 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində 1,5 faiz artmış, hazır metal məmulatlarının istehsalı sahəsində isə 42,9 faiz azalmışdır. İl ərzində sahə üzrə 1,9 min ton və ya 49,7 faiz çox çuqun tökmə, 219,9 min ton polad tökmə məhsulları, 60,8 min ton polad borular istehsal edilmişdir.

Kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 238,0 milyon manat olmuşdur. Əvvəlki illə müqayisədə kompyuter və digər elektron avadanlıqlarının istehsalı 22,2 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,7 faiz azalmışdır. 2013-cü il ərzində 173 ədəd güc transformatoru, 6,7 min ədəd məişət soyuducusu, 24,5 min ədəd televizor istehsal edilmiş, əvvəlki illə müqayisədə məişət soyuducularının və televizorların istehsalı müvafiq olaraq 29,0 faiz və 2,2 faiz artmışdır.

Maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahələrində məhsul istehsalının həcmi 262,6 milyon manat olmaqla 246 ədəd yük avtomobili, 424 ədəd minik avtomobili, 739 ədəd traktor və s. məhsullar istehsal edilmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən il ərzində 1,8 milyard manat həcmində məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Əvvəlki illə müqayisədə bu sahədə 3,2 faizlik artım əldə olunmuşdur. Ölkədə 20,6 milyard kVt-saat elektrik enerjisi istehsal olunmuş, onun 6,6 faizi su elektrik stansiyalarının, 93,4 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində  məhsul və xidmətlərin istehsalı 11,6 faiz artmışdır.

2013-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17872,1 milyon manat vəsait yönəldilmiş, onun 66,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 15,1 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 25,0 faiz artmışdır. Dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar əsas kapitala 10326,3 milyon manat, qeyri-dövlət müəssisələri isə 7545,8 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 8635,7 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 9236,4 milyon manat vəsait istifadə edilmişdir.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki illə müqayisədə 11,9 faiz artaraq ümumi sərmayənin 76,7 faizini təşkil etmiş, onun 70,7 faizi dövlət, 29,3 faizi isə qeyri-dövlət  bölməsinin payına düşmüşdür.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 8012,1 milyon manat (ümumi vəsaitdə 44,8 faiz), bank kreditləri 860,6 milyon manat (4,8 faiz), büdcə vəsaitləri 7829,2 milyon manat (43,8 faiz), büdcədənkənar fondların vəsaitləri 558,7 milyon manat (3,2 faiz), əhalinin şəxsi vəsaitləri 469,1 milyon manat (2,6 faiz), sair vəsaitlər 142,4 milyon manat (0,8 faiz) təşkil etmişdir.

2013-cü ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 39,6 faizi sənaye sahələrinin inkişafına, 19,6 faizi nəqliyyat və anbar təsərrüfatına, 7,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara, 6,7 faizi dövlət idarəetməsinə, 5,5 faiz tikintiyə, 4,8 faizi istirahət, əyləncə və incəsənətə, 4,4 faizi təhsilə, 3,2 faizi kənd təsərrüfatına, 2,6 faizi ticarətə, 2,2 faizi səhiyyəyə, 2,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 1,1 faizi informasiya və rabitəyə, 0,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsinə, 0,1 faizi peşə, elmi və texniki fəaliyyətə sərf edilmişdir.

2013-cü ildə xarici mənbələrdən əsas kapitala 4167,2 milyon manat vəsait yönəldilmişdir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yönəldilmiş vəsaitin 3632,2 milyon manatı (87,2 faizi) Böyük Britaniya, ABŞ, Norveç, Yaponiya, Çexiya, Türkiyə və Fransa sərmayədarlarına məxsus olmuşdur.

Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni tikili və obyektlərin istifadəyə verilməsi davam etmişdir.

2013-cü ildə Bakı şəhərində Gəmi təmiri istehsalat bazası, Gəmiqayırma və Çörək zavodları, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə  Klinikası, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, “Qələbə Meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Yeraltı avtomobil dayanacağı, Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyası, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, Polad boru zavodu, “Sağlam qida” Aqrar Sənaye Kompleksi, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminqlər istehsalı və “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Mərkəzi Xəstəxana, Gənclər Mərkəzi, Ağstafa rayonunda Peyntbol və Atıcılıq Mərkəzi, Astara rayonunda Boks Mərkəzi, Balakən rayonunda Soyuducu anbar kompleksi, Cəlilabad rayonunda Mərkəzi Xəstəxana, Gədəbəy rayonunda Qızıl emalı zavodu, Aşıq musiqi məktəbi, Soyuducu anbar  kompleksi, Qazax rayonunda Sement zavodu, Qəbələ rayonunda üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Aqrar Sənaye Kompleksi, “Qafqaz Karvansaray” otel kompleksi, Qobustan rayonunda İdman Kompleksi, Quba rayonunda Milli Qolf Klubu, Gənclər Mərkəzi, “Rixos Quba Azerbaijan” oteli, Qusar rayonunda “Şahdağ” və “Pik Palas” otelləri, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Xaçmaz, Qax, Saatlı rayonlarında Olimpiya İdman kompleksləri, İsmayıllı rayonunda Tikiş fabriki, “İsmayıllı-1” Su Elektrik Stansiyası, Sabirabad rayonunda Kür çayı üzərində körpü, İstixana Kompleksi, Lənkəran, Siyəzən rayonlarında Gənclər Mərkəzi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Şəmkir rayonunda “Zəka” İntellektual Gənclər Mərkəzi, “Excelsior Hotel Shamkir” mehmanxanası, Tovuz rayonunda Hemodializ Mərkəzi, Yevlax rayonunda Hava Limanı, Mərkəzi Xəstəxana, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 2,3 milyon kvadrat metr olan yeni yaşayış evləri, 1338 çarpayılıq xəstəxana, növbədə 638 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 36062 şagird yerlik ümumtəhsil məktəbləri,  2466 yerlik məktəbəqədər təhsil müəssisələri, 1124 yerlik klub və s. obyektlər istifadəyə verilmişdir. Son 10 ildə əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi hər il orta hesabla 16,1 faiz, o cümlədən qeyri-neft sektoruna 28,4 faiz artmışdır.

İlkin məlumatlara görə, 2013-cü il ərzində iqtisadiyyatın inkişafına, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 22,0 milyard manat (28,0 milyard ABŞ dolları) həcmində investisiya yönəldilmişdir. İnvestisiyaların 62,4 faizi daxili mənbələr hesabına maliyyələşdirilmiş, 37,6 faizi isə xaricdən cəlb edilmişdir.

Bu dövr ərzində istifadə olunmuş investisiya vəsaitlərinin 5,6 milyard manatı (7,2 milyard ABŞ dolları) neft-qaz sektorunun inkişafına, 16,3 milyard manatı (20,8 milyard ABŞ dolları) iqtisadiyyatın qeyri-neft sahələrinin və maliyyə bazarının inkişaf etdirilməsinə yönəldilmişdir.

Əvvəlki illə müqayisədə ölkədə ümumi investisiya qoyuluşlarının həcmi 8,7 faiz, o cümlədən qeyri-neft sektoruna yönəldilmiş investisiyalar 7,0 faiz artmışdır. Son 10 ildə ölkə iqtisadiyyatına bütün mənbələrdən 155,6 milyard dollar investisiya qoyulmuş və hər il orta hesabla 20,5 faiz, o cümlədən qeyri-neft sektoruna yönəldilən sərmayələr 34,3 faiz artmışdır. İnvestisiyaları cəlb etməklə yanaşı, ölkəmiz investisiya ixracatçısı kimi də çıxış edir. 2013-cü ildə Azərbaycan tərəfindən digər ölkələrin iqtisadiyyatına 1,5 milyard dollar sərmayə yatırılmış və əvvəlki illə müqayisədə 35,6 faiz artmışdır. Son 10 ildə isə investisiyaların ixracı 8,0 milyard dollar olmuşdur.

Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyi (güzəştli kreditlərin verilməsi, emal müəssisələri və məhsul saxlama anbarlarının şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılması, cins mal-qaranın satışı və s.) ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz müsbət təsirini göstərmiş və nəticədə ölkənin aqrar bölməsi 2013-cü ili uğurla başa vurmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 5,2 milyard manat olmuş və 2012-ci ildəkinə nisbətən 4,9 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 4,2 faiz, heyvandarlıq məhsulları üzrə isə 5,5 faiz artmışdır.

Kənd təsərrüfatının ümumi məhsulunda bitkiçilik məhsullarının xüsusi çəkisi 50,1 faiz, heyvandarlıq məhsullarının isə müvafiq olaraq 49,9 faiz olmuşdur.

Bitkiçilik. 2013-cü ildə qarğıdalı da daxil olmaqla 1073,7 min hektar sahədən, hər hektardan orta hesabla 27,6 sentner olmaqla, ilkin çəkidə 2962,0 min ton taxıl məhsulu toplanmış və 2012-ci ilə nisbətən onun istehsalı 5,7 faiz və ya 159,8 min ton artmışdır.

Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 64,1 faizini və ya 1898,1 min tonunu buğda, 7,0 faizini və ya 208,2 min tonunu qarğıdalı təşkil etmişdir.

2013-cü ildə 45,2 min ton xam pambıq və 3,5 min ton tütün istehsal edilmişdir.

Ölkədə 5,5 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılmış və həmin sahələrdən 187,9 min ton məhsul götürülmüşdür.

2013-cü ildə sahələrdən 992,8 min ton kartof, 1236,3 min ton tərəvəz, 429,8 min ton bostan məhsulları toplanmış və əvvəlki ilin müvafiq dövrünə nisbətən kartofun istehsalı 2,5 faiz, tərəvəzin istehsalı 1,7 faiz, bostan məhsullarının istehsalı 0,4 faiz artmışdır.

Meyvə və giləmeyvə istehsalı 2012-ci ilə nisbətən 43,8 min ton (5,4 faiz), üzüm istehsalı 3,1 min ton (2,1 faiz) artaraq müvafiq olaraq 853,8 min tona və 154,1 min tona çatmış, çay yarpağı istehsalı isə təqribən keçən illə eyni səviyyədə (568 ton) olmuşdur.

Heyvandarlıq. Heyvandarlıq kənd təsərrüfatının vacib sahəsidir və son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər məhsuldarlığın yüksəldilməsinə və mal-qaranın baş sayının sabitləşdirilməsinə səbəb olmaqla yanaşı, məhsul istehsalına da öz müsbət təsirini göstərmişdir.

2014-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2735,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1316,2 min baş inək və camış,  8733,6 min baş qoyun və keçi mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil etmişdir.

2013-cü ildə diri çəkidə 514,4 min ton ət, 1820,5 min ton süd, 1401,5 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal edilmişdir. Ət istehsalı 2012-ci illə müqayisədə 4,3 faiz, süd istehsalı 5,9 faiz, yumurta istehsalı 14,2 faiz, yun istehsalı isə 1,9 faiz artmışdır.

Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektoru da dayanıqlı inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, dəmir yolunun, hava nəqliyyatının yenilənməsi, yeni avtomobil yollarının çəkilişi, yenidənqurulması, iri layihələrin icrası sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.

2013-cü ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 218,0 milyon ton və ya əvvəlki illə müqayisədə 3,4 faiz çox yük daşınmış, qeyri-neft yüklərinin həcmi isə 7,0 faiz artmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 57,4 faizi avtonəqliyyat, 26,6 faizi boru kəməri, 10,7 faizi dəmir yolu, 5,3 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir.

Ötən ildə qeyri-dövlət bölməsində yük daşınması 5,0 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 75,0 faiz təşkil etmişdir.

İl ərzində nəqliyyatçılar 1746,1 milyon nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,0 faiz çox sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,9 faizi avtomobil, 11,8 faizi metro nəqliyyatının xidmətlərindən istifadə etmişlər.

Dəmir yolu nəqliyyatı ilə yük daşınması 23,2 milyon ton olmuş və əvvəlki illə müqayisədə 0,5 faiz artmışdır. Orta hesabla sutkada 662 vaqon yüklənmiş, 585 vaqon boşaldılmışdır.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 25,0 min ton, Qərb istiqaməti üzrə 6,4 min ton, Cənub istiqaməti üzrə isə 5,8 min ton yüklənmə işi yerinə yetirilmişdir.

Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 11,5 milyon ton təşkil etmişdir. Yüklərin 56,4 faizini neft yükləri, 43,6 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir. Dəniz limanlarında 12,4 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmişdir. İşlənmiş yüklərin 85,0 faizini beynəlxalq tranzit yüklər təşkil etmişdir.

Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 125,2 milyon ton yük, 1535,2 milyon sərnişin daşınmış və 2012-ci illə müqayisədə müvafiq olaraq 6,0 faiz və 8,3 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər. Yük dövriyyəsi 6,1 faiz, sərnişin dövriyyəsi isə 9,2 faiz artmışdır.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 206,7 milyon nəfər olmaqla 5,6 faiz artmışdır.

Hava nəqliyyatı ilə 1665,6 min və ya 4,2 faiz çox sərnişin daşınmış, daşınmanın 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilmişdir. Bu nəqliyyat növü ilə yükdaşıma 1,5 dəfə artaraq 121,9 min tona çatmışdır.

Magistral neft kəmərləri ilə 43,5 milyon ton neft nəql edilmişdir. Nəqletmənin dördə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və ötən il ərzində bu kəmər vasitəsilə 33,0 milyon ton neft ötürülmüşdür. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,3 milyon ton tranzit Türkmənistan nefti nəql edilmişdir.

Magistral qaz kəmərləri ilə 20,0 milyard kubmetr qaz nəql edilmiş və 3,9 faiz artım qeydə alınmışdır. Nəql edilmiş qazın 23,6 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 4,7 milyard kub-metr qaz ötürülmüşdür.

2013-cü ildə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 59,0 milyon ton və ya 3,8 faiz çox yük, 285,1 milyon nəfər və ya 9,3 faiz çox sərnişin daşınmışdır. Yüklərin 27,4 milyon tonu və ya 46,5 faizi avtomobil nəqliyyatı, 21,4 milyon tonu və ya 36,2 faizi dəmir yolu nəqliyyatı, 10,2 milyon tonu və ya 17,3 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Yük daşımaları fəaliyyətindən 476,3 milyon manat, sərnişin daşınmasından isə 106,5 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 7,5 faiz və 15,8 faiz artmışdır.

İnformasiya və rabitə sektoru öz inkişaf sürətinə görə iqtisadiyyatın digər sahələrini qabaqlamışdır. Son 10 ildə bu sektor 8,1 dəfə və ya hər il orta hesabla 23,3 faiz irəliləmişdir. Ötən ildə təsərrüfat subyektlərinə və əhaliyə 1528,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,7 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,4 faiz təşkil etmişdir.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,1 faizi mobil telefon rabitəsindən yaranmış və 2012-ci illə müqayisədə bu xidmətlərin həcmi 17,4 faiz artaraq 902,5 milyon manat təşkil etmişdir.

2013-cü ildə əmtəə bazarının dinamik inkişafı davam etmiş, pərakəndə ticarət şəbəkəsində satılmış əmtəələrin  həcmi 2012-ci ilin səviyyəsini 9,9 faiz üstələyərək 19,7 milyard manat olmuş,  real artımın 3,8 faizi  hüquqi şəxslərin, 75,1 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində, 21,1 faizi isə əmtəə bazarlarında yaranmışdır. İstehlak bazarından alınmış məhsulların 51,7 faizini ərzaq məhsulları, 48,3 faizini qeyri-ərzaq malları təşkil etmiş, ərzaq məhsullarının satışı 2,3 faiz, qeyri-ərzaq mallarının satışı isə 20,2 faiz artmışdır. İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 51,7 faizi qida məhsulları və içkilərin, 1,7 faizi tütün məmulatlarının, 19,3 faizi toxuculuq malları, geyim və ayaqqabının, 4,4 faizi elektrik malları və mebelin, 1,2 faizi kompyuter avadanlıqları, kitab və digər çap məmulatlarının, 1,2 faizi əczaçılıq və tibbi malların, 6,4 faizi benzin və digər neft məhsullarının, 14,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2013-cü il ərzində əhalinin  alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunmuş, pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakini orta hesabla ayda 176,2 manatlıq və ya 2012-ci illə müqayisədə 16,7 manat çox əmtəə almışdır.

2013-cü ildə pərakəndə elektron ticarət dövriyyəsinin real həcmi 1,6 dəfə artaraq 2586,0 min manat olmuşdur. Elektron ticarət üzrə istehlak mallarının satışının 82,6 faizi hüquqi şəxslər, 17,4 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.

2013-cü ildə elektron ticarət dövriyyəsinin 89,7 faizini təşkil edən qeyri-ərzaq mallarının satışı 2012-ci il ilə müqayisədə 1,5 dəfə artaraq 2319,0 min manata bərabər olmuşdur. Elektron ticarət əsasında istehlakçılara 267,0 min manatlıq və ya 2012-ci il ilə müqayisədə 2,4 dəfə çox ərzaq malları satılmışdır.

2013-cü ildə ictimai iaşə dövriyyəsinin həcmi 2012-ci illə müqayisədə 16,0 faiz artaraq 800,1 milyon manata çatmışdır.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 47,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2012-ci illə müqayisədə 17,0 faiz artaraq  372,3 milyon manat təşkil etmişdir.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 6527,3 milyon manat olmuşdur. Artımın  64,1 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə 4879,8 milyon manatlıq və ya 7,0 faiz çox pullu xidmətlər göstərilmiş, hər bir ölkə sakini hər ay orta hesabla 58,5 manatlıq və ya 5,6 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.

2013-cü ildə  Azərbaycan Respublikasının rezidentləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə əmtəə ixrac olunmuş, 141 ölkədən idxal olunmuşdur.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2013-cü ildə xarici ölkələrlə 34,7 milyard ABŞ dolları məbləğində ticarət, o cümlədən 24,0 milyard dollarlıq ixrac və 10,7 milyard dollarlıq idxal əməliyyatları aparılmış, 13,3 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2012-ci ilə nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 6,3 faiz, o cümlədən ixracın həcmi 5,1 faiz, idxalın həcmi isə 9,1 faiz artmışdır.

Xarici ticarət dövriyyəsinin beşdə dörd hissəsindən çoxu (83,9 faizi) İtaliya, İndoneziya, Rusiya, Almaniya,  Türkiyə, Böyük Britaniya, Tailand, Fransa, Amerika Birləşmiş Ştatları, İsrail, Hindistan, Ukrayna, Yunanıstan, Çin, Gürcüstan, Portuqaliya, Avstriya və Tayvan (Çinin əyaləti) dövlətlərinin hesabına formalaşmışdır.

Ölkəmizə idxal olunmuş malların ümumi həcminin 14,1 faizi Rusiyanın, 13,7 faizi Türkiyənin, 12,5 faizi Böyük Britaniyanın, 7,7 faizi Almaniyanın, 5,5 faizi Ukraynanın, 5,3 faizi Çinin, 4,0 faizi Fransanın, hər birində 3,5 faiz olmaqla Amerika Birləşmiş Ştatları və Braziliyanın, 2,9 faizi Qazaxıstanın, 2,7 faizi Yaponiyanın, 2,3 faizi  İtaliyanın, 2,1 faizi Koreyanın, 1,9 faizi İranın, 1,7 faizi Niderlandın, 1,5 faizi İsveçrənin, 1,2 faizi Gürcüstanın, 13,9 faizi isə digər ölkələrin  payına düşür.

İxrac  olunmuş  malların 25,0 faizi İtaliyaya, 11,6 faizi  İndoneziyaya, 6,9 faizi Tailanda, 5,7 faizi Almaniyaya, 5,3 faizi İsrailə, 4,7 faizi Fransaya, 4,6 faizi Hindistana, 4,5 faizi Rusiyaya, 4,1 faizi Amerika Birləşmiş Ştatlarına, 3,4 faizi Yunanıstana, hər birində 2,2 faiz olmaqla Türkiyə, Portuqaliya və Gürcüstana, 2,0 faizi  Böyük Britaniyaya,  1,9 faizi Tayvana (Çinin əyaləti), 1,7 faizi Avstriyaya, 1,5 faizi İraqa, 1,3 faizi Vyetnama, qalan 9,2 faizi isə digər ölkələrə göndərilmişdir.İxrac olunmuş, lakin 2013-cü ildə məlumatları rəsmiləşdirilməyən  xam neft və təbii qazın həcmi də nəzərə alınmaqla, statistik məlumatlara əsasən xarici ticarət dövriyyəsinin həcmi 43,5 milyard ABŞ dollarına bərabər olmuş və 2012-ci illə müqayisədə 2,7 faiz artmışdır. Əmtəə dövriyyəsinin ümumi həcminin 75,4 faizini, yaxud 32,8 milyard dollarını ölkədən ixrac olunmuş mallar təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 39,5 milyard dolları, yaxud 90,7 faizi, o cümlədən ixracın 31,3 milyard dolları (95,4 faizi) MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərin payına düşmüşdür. Bu ölkələrlə ticarət dövriyyəsi 2,4 faiz, ixrac olunan malların həcmi isə 0,2 faiz artmışdır. Qeyri-neft məhsullarının ixracı ilbəil artaraq 2013-cü ildə 1773 milyon dollara çatmış və son 10 il ərzində hər il orta hesabla 10,6 faiz artmışdır.

2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının başa çatması nəticəsində ölkədə 471,0 min yeni, o cümlədən 358,2 min daimi iş yeri açılmışdır. Təkcə 2013-cü ildə 109,9 min, o cümlədən 83,0 mini daimi iş yerləri yaradılmışdır ki, bu da işsizlik və yoxsulluq səviyyəsinin aşağı salınmasını şərtləndirən əsas amillərdən biridir. Belə ki, işsizlik səviyyəsi 0,2 faiz bəndi azalaraq 5,0 faizə, yoxsulluq səviyyəsi isə 0,7 faiz bəndi azalaraq 5,3 faizə enmişdir.

2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19,5 milyard manat, xərcləri  19,1 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə müvafiq olaraq 12,8 faiz və 9,9 faiz artmışdır.

Daxilolmaların 13,9 faizi əlavə dəyər vergisi, 12,2 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,4 faizi fiziki şəxslərin gəlir vergisi, 3,0 faizi aksiz vergisi, 3,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 2,2 faizi digər vergilər, 60,8 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.

Büdcə vəsaitlərinin 8,2 milyard manatı (42,9 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 1,7 milyard manatı (9,2 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,4 milyard manatı (7,5 faizi) təhsilin, 618,9 milyon manatı (3,2 faizi) isə səhiyyənin maliyyələşdirilməsinə xərclənmişdir.

Büdcənin icrasında yaranmış 351,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6 faizini təşkil etmişdir.

2014-cü il yanvarın 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları tərəfindən 15,4 milyard manat həcmində və ya il ərzində 26,0 faiz çox kreditlər verilmişdir. Qüvvədə olan kreditlərin 34,4 faizi dövlət, 62,8 faizi özəl banklar, 2,8 faizi bank olmayan kredit təşkilatlarının payına düşmüşdür. ümumi kredit portfelinin 78,4 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,1 faizinin ödənilmə vaxtı keçmişdir.

2014-cü il yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 25,1 faiz artaraq 6,4 milyard manata çatmışdır.

Əmanətlərin 3888,3 milyon manatı və ya 60,8 faizi milli, 2507,5 milyon manatı xarici valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 31,2 və 16,6 faiz artmışdır.

2013-cü ildə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2012-ci ilə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,8 faiz, pullu xidmətlərin qiymət və tarifləri isə 3,5 faiz bahalaşmışdır.

Ərzaq məhsullarından “Yağ və piylər” qrupu məhsullarının qiymətləri 1,0 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu məhsullarının qiymətləri 1,4 faiz ucuzlaşmış, “Çörək məmulatları və yarmalar” qrupu məhsullarının qiymətləri 1,3 faiz, “Ət məhsulları” qrupu 0,5 faiz, “Balıq məhsulları” qrupu 0,2 faiz, “Meyvə” qrupu 5,2 faiz, “Tərəvəz” qrupu 4,1 faiz, “Qəhvə, çay və kakao” qrupu 1,6 faiz, “Spirtli içkilər” qrupu 0,1 faiz, “Tütün məmulatları” qrupu məhsullarının qiymətləri 11,5 faiz bahalaşmışdır.

Qeyri-ərzaq mallarından “İri alət və avadanlıqlar” qrupu  mallarının qiymətləri 2,4 faiz, “Minik avtomobilləri” qrupu 3,2 faiz, “Telefon faksimil cihazları” qrupu 0,9 faiz, “Fotoqrafiya, kinematoqrafiya avadanlıqları və optik cihazlar” qrupu 0,3 faiz, “Oyuncaqlar” qrupu 0,3 faiz, “Zərgərlik məmulatları” qrupu mallarının qiymətləri 0,3 faiz ucuzlaşmış, “Parçalar” qrupu mallarının qiymətləri 1,1 faiz, “Geyim” qrupu 0,9 faiz, “Ayaqqabı” qrupu 1,0 faiz, “İnşaat materialları” qrupu 0,4 faiz, “Duru yanacaq” qrupu 2,8 faiz, “Mebel və ev əşyaları” qrupu 1,0 faiz,  “Xalça və digər döşəmə örtükləri” qrupu 0,9 faiz, “Məişət cihazları” qrupu 0,1 faiz, “Kiçik alət və avadanlıqlar” qrupu 0,2 faiz, “Şüşə məmulatları, yemək qabları və əşyaları” qrupu 1,5 faiz, “Dərmanlar” qrupu 0,4 faiz, “Minik avtomobilləri üçün ehtiyat hissələri” qrupu 0,1 faiz, “Yanacaq və sürtkü materialları”  qrupu  2,5 faiz, “Məlumatın işlənməsi üçün avadanlıqlar” qrupu mallarının qiymətləri 0,1 faiz  bahalaşmışdır.

2013-cü ildə  “Tibbi xidmət” qrupu 0,1 faiz, “Mehmanxana xidməti” qrupu 0,3 faiz, “Kompleks istirahətin təşkili” qrupu 0,7 faiz, “Dəmiryol sərnişindaşıma nəqliyyatı” qrupu tarifləri 1,2 faiz ucuzlaşmış, “Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,8 faiz, “Ayaqqabıların təmiri” qrupu 3,8 faiz, “Məişət cihazlarının təmiri” qrupu 1,1 faiz, “Ali təhsil” qrupu 4,5 faiz, “Hava sərnişindaşıma nəqliyyatı” qrupu 10,1 faiz, “Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu tarifləri isə 76,1 faiz bahalaşmışdır.

2013-cü il ərzində müəssisə və təşkilatların sayı 8,9  faiz artaraq, 2014-cü il yanvarın 1-i vəziyyətinə 86010 olmuşdur.

 Artım əsasən iqtisadiyyatın “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Təhsil”, “İnformasiya və rabitə”, “Peşə, elmi və texniki fəaliyyət”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” bölmələrində daha nəzərəçarpacaq dərəcədə olmuşdur.

“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Emal sənayesi” bölmələrində  müəssisə və təşkilatların Dövlət registrindəki xüsusi çəkisi daha yüksək olmuşdur.

Xüsusi mülkiyyətə malik olan müəssisə və təşkilatların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30,2%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (17,4%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (12,3%), “Tikinti” (11,4%), “Emal sənayesi” (6,6%) və “Peşə, elmi və texniki fəaliyyət” (5,3%) bölmələrinin payına düşür.

Statistik vahidlərin Dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (34,0%), Böyük Britaniya (9,9%), Rusiya (7,3%), İran (5,8%), ABŞ (3,9%), Almaniya (2,4%) və digər ölkələrin (36,7%) sahibkarları tərəfindən yaradılmışdır.

2014-cü il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 454 mindən çox olmuşdur. Bu dövrdə fərdi sahibkarların çox hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (38,8%), “Nəqliyyat və anbar təsərrüfatı” (15,0%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (13,9%) və “Digər sahələrdə xidmətlərin göstərilməsi” (13,2%) bölmələrində qeydiyyatdan keçmişdir.

Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 82,1 faizini kişilər, 17,9 faizini isə qadınlar təşkil etmişdir.

2013-cü ildə əhalinin gəlirləri əvvəlki ilə nisbətən 8,0 faiz artaraq 37,6 milyard manata, hər nəfərə düşən gəlirlərin məbləği isə 6,6 faiz artaraq 4039,6  manata çatmışdır.

Bu dövr ərzində gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

Əhalinin sərəncamında qalan gəlirlər 34,5 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 8,0 faiz artmışdır.

2013-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 6,2 faiz artaraq 423,0 manat, neft sektorunda 1554,0 manat, qeyri-neft sektorunda 393,3 manat, dövlət bölməsində 344,6 manat, özəl bölmədə 542,3 manat təşkil etmişdir.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.

2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılmasını və sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir.

İlkin məlumatlara əsasən, 2014-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1276,2 min nəfər olmuş və ölkə əhalisinin 13,6 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 170,4 manata çatmış və orta əmək haqqının 40,3 faizini təşkil etmişdir.  

Cari ilin əvvəlinə 316,4 min nəfər sosial müavinət, 35,0 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 140,7 min ailənin 615,5  min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. 2013-cü il ərzində birdəfəlik müavinət alanların sayı 120,8 min nəfər olmuşdur.

Son zamanlar ölkəmizdə səhiyyə sistemində mühüm islahatlar həyata keçirilmişdir. Azərbaycanın dövlət büdcəsində səhiyyə sahəsinin inkişafına ayrılan vəsaitin məbləği artır, ölkədə yeni müasir müalicə ocaqları inşa edilir və yenidən qurulur.

Ötən il ərzində 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bütün müəssisələr ən müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz  olunmuşdur.

Əhaliyə göstərilən tibbi xidmətin həcminin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş və budcədən maliyyələşdirilən dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi,  böyrək çatışmazlığı və sair xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlmiş, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılmış, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Proqramların icrasına ayrılan vəsait ilbəil artırılır. Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80,1 milyon manat vəsait  sərf olunmuşdur. 2014-cü ilə isə 86,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

İlkin məlumatlara əsasən, 2014-cü ilin əvvəlinə ölkədə 33,3 min həkim və 58,2 min orta tibb işçisi çalışan 550 xəstəxana və 1734 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərmiş və əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim və 62 orta tibb işçisi düşmüşdür.

Ətraf mühitin mühafizəsi, ölkə vətəndaşlarının təhlükəsiz və sağlam mühitdə yaşamasının təmin edilməsi, təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması üçün səmərəli istifadə edilməsi, ekoloji problemlərin aradan qaldırılması istiqamətindəki işlər ötən ildə də davam etdirilmişdir.

2014-cü ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 361,2 min hektar olan 24 yasaqlıq mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2013-cü ildə 1879 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər dörd müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş hər beş müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınmışdır. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 842 nəfər vəzifəli şəxs və vətəndaşdan 1344,6 min manat məbləğində cərimə tutulmuşdur.

Təhsil sistemində aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 969-u ali, orta ixtisas və orta təhsilə malikdir.

İlkin məlumatlara əsasən, 2014-cü ilin yanvarın 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1637 dövlət və 40 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 112 min uşaq və ya 1-5 yaşlı uşaqların 15,0 faizi tərbiyə almışdır.

2013/2014-cü tədris ilinin əvvəlinə ölkənin 4477 dövlət və  28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil alır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6352 uşağın təhsil aldığı 17 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərir.

Son illər ikinci və üçüncü növbələrdə məşğul olan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, şəhər yerlərində yerləşən ümumi təhsil müəssisələrində bu göstərici 18,2 faizdən 17,0 faizə, kənd yerlərində isə 14,2 faizdən  12,6 faizə düşmüşdür.

Dövlət ümumi təhsil müəssisələrinin sayında lisey və gimnaziyalar şəbəkəsinin inkişafı davam edir. 2013/2014-cü tədris ilinin əvvəlinə şagirdlərinin sayı 49,9 min nəfərdən artıq olan 81 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərmişdir.

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 620 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 78 min nəfər şagird təhsil alır.

Dövlət Statistika Komitəsi tərəfindən 2013-cü ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 88,3 faizi, o cümlədən şəhər yerlərində 97,4 faizi, kənd yerlərində isə  85,0 faizi kompyuterlərlə təmin olunmuşdur.

Əvvəlki illə müqayisədə kompyuterlərin sayı 5,8 min ədəd və ya 12,6 faiz artaraq, 51,6 minə çatmışdır. Hazırda hər 25 şagirdə orta hesabla bir kompyuter düşür. Cari tədris ilinin əvvəlinə 79,9 faiz şəhər, 37,1 faiz kənd ümümi təhsil müəssisələrinin internetə çıxışı, 36,1 faiz şəhər, 6,3 faiz kənd ümümi təhsil müəssisələrinin isə elektron poçtu olmuşdur.

2013/2014-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 58 orta ixtisas təhsil müəssisəsində 63,3 min tələbə təhsil almış, onların üçdə iki hissəsini qızlar təşkil etmişdir.

Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 151,3 min nəfər olmuşdur ki, onların da 48,4 faizini qızlar təşkil edir.

2013-cü ildə ölkənin ali təhsil müəssisələrinə 35,4 min nəfər tələbə qəbul olunmuş və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilmişdir.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 36,4 faizi təqaüd alır. Tələbələrin aldığı təqaüdün orta məbləği bakalavr səviyyəsi üzrə 71 manat 50 qəpik, magistratura səviyyəsi üzrə 77 manat, əlacı qiymətlərlə oxuyanlar üçün müvafiq olaraq 88 manat və 93 manat 50 qəpik olmuşdur.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 54 xarici ölkənin 4374 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Çin Xalq Respublikası və İraq vətəndaşları üstünlük təşkil edirlər.

 2013/2014-  tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 3035 nəfər təşkil etmişdir. Xaricdə təhsil alan gənclərin 62,6 faizi Bakı, 37,4 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.

Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir. 2014-cü ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 140 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 21,6 minə yaxın mütəxəssis məşğul olur, onların da 71,1 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi vardır.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir, onların da yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

2014-cü ilin əvvəlinə Milli Elmlər Akademiyasının 52 akademiki və 100 müxbir üzvü olmuşdur.

Hazırda ölkədə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm nəticələrə nail olunmuşdur.

Bu gün Azərbaycanda 35 milyon kitabxana fondu olan  3389 kütləvi kitabxana, 2747 klub müəssisəsi, 227 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

2013-cü ildə muzeylərə gələnlərin sayı 2,1 milyon nəfər, teatrlara gələnlərin sayı 582 min nəfər olmuşdur. Teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir.

Hazırda Azərbaycanda 28 dövlət əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya  qoruqları mövcuddur.

2013-cü il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. İdmançılarımız Tələbələrin Yay Universiadasında böyük uğurlara imza atmış və 16 medal qazanaraq komanda hesabında 15-ci yerə layiq görülmüşlər. Ümumiyyətlə, müxtəlif beynəlxalq yarışlarda qazanılmış 782 medalın 280-i qızıl, 233-ü gümüş, 269-u isə bürünc əyarlıdır. Olimpiya  idman  növləri üzrə qazanılan medalların sayı  296-dır. Eyni zamanda, Olimpiya idman növləri üzrə dörd idmançımız dünya çempionu olmuşdur.

İlkin məlumatlara görə, 2014-cü ilin əvvəlinə ölkədə idman qurğularının sayı 10,3 minə çatmış, idmanla məşğul olanların sayı müntəzəm olaraq artmaqdadır. Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, dama, basketbol, sərbəst güləş, cüdo və stolüstü tennis kimi idman növlərinə daha çox maraq göstərilir.

Ölkə əhalisinin sayı 2013-cü ilin əvvəlinə nisbətən  120,6 min nəfər və yaxud 1,3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477,1min nəfər olmuşdur.

Əhalinin ümumi sayından 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinlərinin, 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların payına düşür.

2013-cü ildə ölkədə 172,6 min körpə doğulmuş, onların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil etmişdir. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulmuşdur.

2013-cü il ərzində ölkədə 86,9 min nikah və 11,7 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilə nisbətən nikahların sayı      8,6-dan 9,3-ə qədər, boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artmışdır.

2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3,1 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınmışdır. 2013-cü il ərzində Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 2012-ci illə müqayisədə 957 nəfər və ya 44,1 faiz artmışdır.

 

Dövlət Statistika Komitəsi.

 

 Respublika.-2014.- 22 fevral.- S.8-9.