Taras Şevçenko irsinin tədqiqi

 

Vaxtilə akademik Məmməd Arif Dadaşzadə yazırdı: “Hər xalqın elə bir şairi vardır ki, xalq həyatının ən səciyyəvi cəhətləri onun əsərlərində fövqəladə bir dolğunluq aydınlıqla öz əksini tapır. Elə bil ki, xalq öz ürək sözünü, öz arzu və istəklərini, hiss və duyğularını, mənəvi aləmini bu şairlərin dili ilə ifadə edir. Belə şairlərin adını çəkəndə bütün bir xalq gəlib gözümüzün qabağında durur. Taras Şevçenko Ukrayna xalqı üçün belə şairdir”.

47 il ömür sürmüş, onun yalnız on üç ilini azadlıqda yaşamış (iyirmi dörd il təhkimçilikdə, on üç il sürgündə) Ukraynanın ən milli və vətənpərvər şairi T.Q.Şevçenko doğma vətənindən uzaqlardaSankt-Peterburqda vəfat etmiş (10 mart 1861), iki gün sonra Sankt-Peterburqun Smolensk qəbiristanlığında dəfn edilmişdir. İki ay sonra isə görkəmli ədibin nəşi onun vəsiyyətinə uyğun olaraq Ukraynaya gətirilmiş, Dnepr çayının sahilindəki yüksəklikdə (Kaneva) basdırılmışdır.

Maraqlıdır ki, T.Q.Şevçenko irsinə dərin rəğbət və hörmət bəsləyən dünya şöhrətli azərbaycanlı alim, görkəmli şərqşünas Mirzə Kazım bəy də 1861-ci ildə dahi şairin Smolenskdə (Sankt-Peterburq) dəfn mərasimində iştirak etmişdir.

T.Q.Şevçenkonun həyat və yaradıcılığı haqqında Azərbaycanda ilk məlumatlar və faktlar hələ onun ədəbi irsindən ilk nümunələrin Azərbaycan dilinə tərcümə edilməsindən xeyli əvvəl yayılmağa başlamışdır. Bu işlər Bakıda “Prosvita” cəmiyyətinin fəaliyyəti və Gəncədə, eləcə də Bakıda yaşamış, elmipedaqoji fəaliyyət göstərmiş ukraynalı (mənşəcə) alimlərin araşdırmaları ilə bağlıdır.

Hələ 1906-cı ildə Bakıda T.Şevçenkonun vəfatının 45-ci ildönümü münasibətilə ukraynalıların dərnəyi “Şevçenko gecəsi”ni təşkil etmişlər. Sonralar hər ilProsvita” cəmiyyəti müntəzəm olaraq T.Q.Şevçenko gecələri keçirmişdir.

Belə gecələr haqqında 1906-1908-ci illərdə “Kaspi” və “Baku” qəzetlərində məlumatlar, məqalələr verilmişdir. Hətta 1908-ci ildə “Prosvita” cəmiyyətinin təşkil etdiyiŞevçenko gecəsi”ndə görkəmli ədib haqqında məruzə və məlumatlar dinlənilmiş (A.A.Semyonov, P.M.Mişon), onun “Kölə” əsəri səhnələşdirilmiş, şeirləri oxunmuşdur.

1911-ci ildə Bakıda T.Q.Şevçenkonun vəfatının 50 illiyi münasibətilə geniş tədbir keçirilmişdir. Bakıda yaşayan ukraynalıların təşkil etdiyi bu yubiley tədbirində “Nicat” müsəlman cəmiyyətinin üzvü M.B.Hacinski geniş məruzə ilə çıxış etmiş, şairin təkcə Ukrayna poeziyasında deyil, digər xalqların ədəbiyyatının inkişafında rolundan da danışmışdır.

Xatırladaq ki, Bakıda təşkil olunmuş yubiley gecəsi T.Q.Şevçenkonun məşhur “Vəsiyyət” şeirinə yazılmış mahnı ilə açılmışdır.

Bakıda ukraynalı və azərbaycanlı ziyalıların T.Şevçenkoya həsr etdikləri möhtəşəm tədbirlərdən biri ədibin anadan olmasının yüz illiyi münasibəti ilə (1914) keçirilmişdir.

T.Q.Şevçenko irsini Azərbaycanda öyrənən araşdırıcılardan biri mənşəcə ukraynalı, Bakı Dövlət Universitetinin professoru Aleksandr Vasilyeviç Baqri (1891-1949) olmuşdur. Otuz səkkiz illik elmi-pedaqoji fəaliyyətinin iyirmi altı ilini Bakıda keçirən və burada dünyasını dəyişən A.V.Baqri 1925-ci ildə Bakıda “T.Q.Şevçenkorus ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Ötən əsrin iyirmi-otuzuncu illərində A.V.Baqri Bakıda T.Q.Şevçenko ədəbi irsi ilə bağlı xeyli sayda elmi məqalələrlə yanaşı, görkəmli Ukrayna ədibinə həsr etdiyi bir neçə kitabını da nəşr etdirmişdir.

T.Q.Şevçenkonun xalqa, torpağa bağlılığı bir çox görkəmli şəxsiyyətlər — Qorki, Plexanov, Lunaçarski, Gertsen, Dobrolyubov tərəfindən yüksək qiymətləndirilmişdir.

Dünyanın bütün tərəqqipərvər xalqları kimi, Azərbaycan xalqı da T.Q.Şevçenkonun yaradıcılığını yüksək qiymətləndirir, onu alqışlayır, öyrənir və təbliğ edir.

Hələ XIX əsrdə Azərbaycanın ən görkəmli ədəbiyyat xadimləri, ziyalıları T.Q.Şevçenko ilə müəyyən dərəcədə tanış ola bilmişlər. Çünki o dövrdə “Otçestvennıye zapiski”, “Kolokol”, “Sovremennik” və başqa rus qəzet və jurnallarında T.Q.Şevçenko haqqında çap olunan yazılar Azərbaycan ədəbi ictimaiyyətinin diqqətindən yayına bilməzdi.

Şairin anadan olmasının 110 illiyi zamanı da respublika dövri mətbuatı bəzi materiallar çap edilmişdir. Lakin böyük Kobzarın anadan olmasının 120 illiyinə daha geniş hazırlıq işləri aparılmışdır. Bu zaman ilk dəfə Azərbaycan dilində T.Q.Şevçenkonun şeirlər kitabı çapdan çıxmışdır. 1934-cü ildə Azərnəşrin buraxdığı “Kobzar” adlı bu kitabda toplanılmış şeir və poemaları istedadlı şairlərimiz Mikayıl Müşfiq və Əhməd Cavad tərcümə etmişlər.

Kobzar” kitabı Məmməd ArifinTaras Şevçenko” adlı giriş məqaləsi ilə başlanır. Bu məqalə Azərbaycanda Şevçenko ədəbi irsinin öyrənilməsi və tədqiqi sahəsində ilk uğurlu addımlardan biridir.

1939-cu ildə şairin anadan olmasının 125 illiyi Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən xüsusi təntənə ilə qeyd edilmişdir. Bu əlamətdar hadisəyə xüsusi hazırlıq görülmüşdür. Hələ yubileydən bir il əvvəl Azərbaycan dövri mətbuatı T.Q.Şevçenkoya dair məqalələr çap etmiş, şairlərimiz isə yeni tərcümələr üzərində işləmişlər. Bu baxımdan, A.KorneyçukunTaras Şevçenko” məqaləsi, eləcə də, “Ədəbiyyat qəzeti”ndə çap olunanQorki Şevçenko haqqında”, “Taras Şevçenko haqqında yeni sənədlər”, “Yuxu” poeması (tərcümə M.Rzaquluzadənindir) və tərcümələr diqqəti cəlb edir.

1938-ci ilin oktyabr ayında Süleyman Rüstəm və Rəsul Rza Şevçenko yubileyinə hazırlıq işləri ilə əlaqədar Kiyevə getmişlər. Bu barədə Süleyman Rüstəm özününŞevçenkonun vətənində” adlı məqaləsində ətraflı məlumat vermişdir.

Oktyabr ayının 17-də (1938) Azərbaycan Sovet Yazıçıları İttifaqı idarə heyətinin T.Q.Şevçenkoya həsr edilmiş xüsusi iclası olmuşdur. Bu iclasda R.Rza bildirmişdir ki, “T.Q.Şevçenkodan edilmiş əvvəlki tərcümələrdən fərqli olaraq, indiki tərcümələr bilavasitə Ukrayna dilindən ediləcəkdir. Biz Ukraynadan bu materialları gətirmişik”.

Azərbaycan Yazıçılar İttifaqı o zaman Şevçenkonun əsərlərini dilimizə tərcümə etmək üçün S.Rüstəmin rəhbərliyi altında M.Rahim, R.Rza, A.Faruq, N.Rəfibəyli, M.Dilbazi, B.Qasımzadədən ibarət şairlər briqadası təşkil etmişdir.

1938-ci ildə S.Vurğun ilə R.Rza isə T.Q.Şevçenkonun anadan olmasının125 illiyini keçirən Ümumittifaq yubiley komitəsinin tərkibinə seçilmişlər.

1938-ci ilin yanvar ayında Azərbaycan Sovet Yazıçıları İttifaqı T.Q.Şevçenkoya həsr olunan ən yaxşı hekayə və şeirlər üçün müsabiqə elan etmişdir.

Ədəbiyyatşünas Mikayıl Rəfilinin yubiley ərəfəsində “Taras Şevçenko”adlı kütləvi oçerki kitab şəklində çapdan buraxılmışdır. M.Rəfilinin  bu  oçerki Azərbaycan ədəbiyyatşünaslığında Ukrayna şairinə həsr edilən ilk monoqrafik tədqiqat kimi böyük əhəmiyyət kəsb edir. On iki bölməli bu oçerk Azərbaycan oxucusunda T.Q.Şevçenkonun həyat və yaradıcılığı haqqında tam və ətraflı təsəvvür yaratmaq qüdrətinə malikdir.

T.Q.Şevçenkonun 125 illik yubileyi ərəfəsində Azərbaycan dilində onun iki şeirlər kitabı nəşr olunmuşdur. Həmin kitabların hər ikisiSeçilmiş əsərlər” adlanır, lakin onlardan birincini”Azərnəşr” (redaktorları M.ArifR.Rza), ikincisini “Ədəbiyyat nəşriyyatı” (redaktoru M. Arif) çapdan buraxmışdır.

Göstərdiyimiz əsərlərdəki müqəddimələrdən başqa 1939-cu ildə Cəfər Cəfərovun “Ukrayna xalqının böyük şairi”, Hüseyn MehdininDahi xalq şairi” və bir sıra başqa məqalələr də böyük Kobzarın həyat və yaradıcılığını öyrənmək sahəsində ədəbiyyatşünaslığın yeni nailiyyəti sayıla bilər.

Yubiley günlərində Azərbaycan Sovet Yazıçıları İttifaqı T.Q.Şevçenko haqqında yazılan ən yaxşı bədii əsərlərin müsabiqəsini yekunlaşdırmışdır. Müsabiqə komissiyasına 45 poema, şeir və hekayə göndərilmişdir. Bütün bu əsərlər nəzərdən keçirildikdən sonra birinci mükafatTaras” poemasını yazmış şair Zeynal Xəlilə verilmişdir.

T.Q.Şevçenkonun yaradıcılığı Azərbaycan xalqına həmişə doğma və əziz olmuşdur. Şair R.Rza T.Q.Şevçenkonun ilk şeirlər kitabının Azərbaycan dilində 8 nəşri münasibətilə yazdığı “Böyük aşıq” şeirində dahi Kobzarın Azərbaycan oxucuları ilə görüşünü alqışlamışdır.

T.Q.Şevçenkonun vəfatının 90 illiyi zamanı onun ayrıca şeirlər məcmuəsi çap olunmuşdur. Bu məcmuəyə yeni tərcümələr daxil edilmişona ədəbiyyatşünas Əkbər Ağayev müqəddimə yazmışdır. Şairin seçilmiş əsərlərinin bu nəşri bədii tərcümənin keyfiyyəti baxımından bir qədər uğursuz olsa da, bütünlükdə Azərbaycan Şevçenkoşünaslığı sahəsində irəliyə atılan qiymətli addım kimi qəbul edilə bilər. Həmin günlərdə Azərbaycan Yazıçıları İttifaqında T.Q.Şevçenkoya həsr edilmiş gecə keçirilmişburada M. Rəfili məruzə etmişdir. O zaman Azərbaycan dövri mətbuatında T.Q.Şevçenkoya dair bir sıra məqalələr çap edilmişdir ki, bunların içərisində xüsusilə tənqidçi Hidayət Əfəndiyevin “Taras Şevçenko” məqaləsi yeniorijinal təsir bağışlayır.

T.Q.Şevçenkonun vəfatının 100 illiyi ərəfəsində də Azərbaycanda yubiley komissiyası yaradılmış, bir sıra tədbirlər görülmüş,  respublikamızın bütün rayonlarında və Bakıda təntənəli yubiley yığıncaqları keçirilmişdir.

“Mənim həyatımın tarixi Vətənimin tarixinin bir hissəsidir”, deyən sənətkarın ölümünün 100 illiyi günlərində Azərbaycan dövri mətbuatında xeyli ədəbi-bədii materiallar çap olunmuşdur.

1961-ci ilin mart günlərində böyük Kobzara həsr olunan ən layiqli və qiymətli məqalələrdən biri “Yüksək ideallar ənənəsi” xalq şairimiz R.Rzaya məxsusdur. Həmin məqalə T.Q.Şevçenko ilə Azərbaycan ədəbiyyatının bağlılığına dair maraqlı qeydlər baxımından xüsusilə diqqəti cəlb edir.

R.Rza T.Q.Şevçenko yaradıcılığının bədii vüsətindən, onun təsir qüvvəsindən də danışır. Şəxsən onun özünün bir şair kimi böyük Kobzardan xeyli bəhrələndiyini bildirir. Bunu R.Rza çox təbii, həm də çox inandırıcı şəkildə etiraf edir.

T.Q.Şevçenkonun anadan olmasının 150 illiyi Azərbaycanda olduqca yüksək səviyyədə qeyd olunmuşdur. Qardaş xalqın böyük sənətkarına Azərbaycanda bəslənən hörmət və məhəbbət yubiley ilində öz gözəl ifadəsini tapmışdır. Yubiley günlərində respublikamızda böyük sənətkarın həyat və yaradıcılığına maraq daha da artmış, qəzet və jurnallarımız ölməz şairin əsərlərinin yeni tərcümələrini çap etmiş, öz səhifələrində onun ədəbi irsini, rəsm əsərlərini təhlil edən məqalələr vermişdir. Həmin günlərdə Respublika Radio verilişləri və Televiziya Komitəsi “Şevçenko həftəsi” keçirmişdir.

Yubiley ərəfəsində T.Q.Şevçenkonun seçilmiş əsərlərindən ibarət yeni kitabKobzar” nəşr olunmuşdur. M.Arif, P.Xəlilov, Ə.Ağayev, Ə.Qarabağlı və başqa tanınmış ədəbiyyatşünaslarımızın məqalələri T.Q.Şevçenkonun həyat və yaradıcılığına, bədii irsinə dair yeni və qiymətli fikirlərlə zəngindir. Bu baxımdan, akademik M.ArifinBöyük Kobzar” məqaləsi xüsusilə diqqətəlayiqdir.

1964-cü ildə T.Q.Şevçenkoya həsr edilmiş ayrıca iki kitab da nəşr olunmuşdur. Bunlar akademik M.Cəfərin “T.Q.Şevçenko” (həyat və yaradıcılığı)və professor P.Xəlilovun “Ukraynanın böyük Kobzarı” əsərləridir.

Azərbaycanda T.Q.Şevçenkonun anadan olmasının 150 illiyi Bakıda keçirilən təntənəli yubiley gecəsi ilə yekunlaşdırılmışdır.

Ayrı-ayrı vaxtlarda bəzi Azərbaycan şair və ədəbiyyatşünaslarının T.Q.Şevçenkoya həsr olunmuş məqalə və şeirləri Ukraynada rusUkrayna dillərində çap olunmuşdur.

Ümumiyyətlə, T.Q.Şevçenkoya bədii əsər həsr edən Azərbaycan yazıçıları onun zəngin yaradıcılıq dünyasına pərəstiş etmiş, mübariz ruhuna heyran qalmış, sənət dünyasında atdığı uğurlu addımları ilə fəxr etmişlər. Adətən daha çox T.Q.Şevçenkoxalq, T.Q.Şevçenko və Vətən, T.Q.Şevçenko və azadlıq motivlərini əsas mövzu obyektinə çevirməklə, şair və yazıçılarımız qardaş Ukrayna xalqının şair oğlunu bir qəhrəman, bir mübariz, bir vətəndaş kimi, xalqlar dostluğunun alovlu carçısı kimi canlandırmağa cəhd göstərmişlər.

T.Q.Şevçenkonun irsi, onun sənətkar şəxsiyyəti bütün tərəqqipərvər dünya xalqları üçün olduğu kimi, azərbaycanlılar üçün də ölməz olub, ölməzdir və ölməz olacaqdır. Nəsillərdən-nəsillərə keçən bu məhəbbət, bu səmimiyyət, bu rəğbət əbədidir. T.Q.Şevçenkonun əbədiyyətə qovuşan sənətkar şəxsiyyətini Nazim Hikmət çox gözəl ifadə etmişdir: “Şevçenko”gözəl mübarizə nəğmələrindən biridir ki, onu müstəmləkə, yarımmüstəmləkə və geri qalmış ölkələrdə oxuyurlar; onu öz milli istiqlaliyyəti uğrunda, öz torpağı və demokratik hüquqları uğrunda qan tökən xalqlar oxuyurlar.

... Xalqlar öz milli istiqlaliyyəti və demokratik hüquqları uğrunda silaha qurşandıqca, Şevçenko şeirini müxtəlif dillərdə oxuyacaqlar. Bəs sonra? Yer üzərində istismar olunan heç bir xalq, istismar olunan heç bir insan qalmadıqdan sonra? Şevçenko nəğmələri o zamanda da səslənəcəkmi? Əlbəttə, səslənəcək; böyük Ukrayna şairinin alovlu nəğmələri adamlar üçün uzaq keçmiş haqqında bir xatirə olacaqdır”.

T.Q.Şevçenko irsinin Azərbaycanda öyrənilməsinin yeni mərhələsi ötən əsrin 60-70-ci illəri ilə bağlıdır. Bu sahədə Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin tarixini öyrənən Abbas Abdullanın, Tamara Şəriflinin, Vaqif Arzumanlının axtarışları uğurlu olmuş, bir sıra yeni məqalələr yazılmışdır. Bu araşdırıcıların bir neçə dəfə Ukraynada keçirilən “Şevçenko konfransları”nda məruzə və çıxış etmələri, həmin məruzələrin Ukrayna dilində nəşrləri ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Bir vacib məsələni də vurğulamaq istərdim ki, elə ötən əsrin altmış-yetmişinci illərindən başlayaraq T.Q.Şevçenko irsinin Azərbaycan dilinə birbaşa orijinaldan tərcüməsini xüsusilə diqqəti cəlb edir. Bu işdə ən böyük xidmətlər şair, tərcüməçi, ukraynaşünas Abbas Abdullaya məxsusdur. O ilk olaraq T.Q.Şevçenkonun şeirlərini və poemalarmı Ukrayna dilindən birbaşa dilimizə çevirmiş (həm də çox uğurlu şəkildə) və hətta bu tərcümələrindən ibarət ayrıca kitab da nəşr etdirmişdir (Taras Şevçenko. Fikirlərim, düşüncələrim. Bakı, “Yazıçı”, 1979. Tərtib edəni və ön sözün müəllifı Abbas Abdulla).

 

Vaqif ARZUMANLI,

filologiya elmləri doktoru,

professor.

 Respublika.-2014.- 23 fevral.- S.6.