Səhrada möcüzə yaradan ərəblər

 

Ərəb şərqində özünəməxsus yeri olan Küveyt dövləti yarım əsrdən çoxdur ki, sürətli inkişaf xətti götürmüşdür. Beynəlxalq münasibətlər sistemində öz yeri, öz xüsusi çəkisi olan bu dövlət fevralın 25-də özünün milli bayramını qeyd edir. Bu bayram 1961-ci ildə Küveyt dövlətinin yaradılması və Küveyt əmiri Abdulla əs-Salem əs-Sabahın məhz həmin gündə tacqoyma mərasimi şərəfinə müəyyən olunmuşdu. Qısa zaman kəsiyində daxilixarici siyasət sahəsində bir sıra uğurlar əldə edildi. Lakin müstəqilliyin əldə edilməsi və bugünkü firavan həyatın qurulması asanlıqla baş verməmiş və xalq bir sıra çətin sınaqlardan keçməli olmuşdur.

Xatırladaq ki, Küveytin əsası XVIII əsrdə Nəcd və Qətər yarımadasından Körfəz sahillərinə köçmüş bədəvi Anaiza tayfasının qəbilə qrupları tərəfindən qoyulmuşdu. Ayrı-ayrı qəbilələr Banu Utub tayfasında birləşmişdi. Orada onlar Dəclə çayının mənsəbindən cənubda ilk Banu Xalid qəsəbəsinin əsasını qoymuşdular. Onun başında isə Küveytin ilk əmiri I Sabah durdu.

Vaxtilə Küveyt dövləti Osmanlı və İran dövlətləri ilə əhatə olunsa da, Hollandiyanın, sonralar isə Böyük Britaniya və Fransanın təsirini də ciddi hiss etmişdir. Bununla əlaqədar olaraq, özünü müstəqil birlik kimi qoruyub saxlamaq üçün həmişə dəqiq düşünülmüş siyasət yeritməli olmuşdur. Küveytin həm Osmanlı, həm də Böyük Britaniya imperiyaları ilə münasibətlərinin bir çox cəhətlərini bununla izah etmək olar. Təsadüfi deyil ki, sonralar ölkə ərazisinə nəzarət uğrunda Osmanlı-Britaniya rəqabət mübarizəsi gücləndi. Nəticədə ingilislər təşəbbüsü ələ keçirə bildilər.

Belə ki, 1899-cu ildə Küveyt ilə Böyük Britaniya arasında bağlanmış müqaviləyə əsasən Britaniya Küveytin xarici siyasətinə və təhlükəsizliyinə nəzarət etməyi öz öhdəsinə götürmüşdü. Bu cəhətdən ölkə üzərində ingilis protektoratlığı sistemi 1961-ci ilədək davam etmişdi.  Həmin il Britaniya Küveytə tam azadlıq vermək qərarına  gəldi. Ancaq azadlıq aldıqdan dərhal sonra Küveyt yeni problemlə toqquşdu. Belə ki, İraq Küveyt  üzərində nəzarət hüququ almağa cəhd göstərdi. Amma İraqın iddiaları həm Britaniya, həm də Ərəb Ölkələri Liqası tərəfindən qəti surətdə rədd olundu.

1961-ci il iyunun 19-da müstəqil dövlətə çevrilən Küveyt konstitusiyalı monarxiyadır. Onun qanunlar külliyatı tərtib olundu. O, körfəzə söykənən yeganə ölkədir ki, seçkili qanunverici orqanlara malikdir. Ölkənin ictimai-siyasi həyatında qadınların rolu artmışdır. Təsadüfi deyil ki, 2009-cu ilin mayında ərəb ölkələri tarixində ilk dəfə olaraq dörd qadın milli qanunverici orqana seçildi. Hazırda küveytli qadınların ali təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Həm xüsusi, həm də ictimai məktəblər fəaliyyət göstərir ki, onların da dinləyiciləri arasında qadınların sayı getdikcə artmaqdadır. Qadınlar elm, təhsil və səhiyyə sahələrində mühüm rol oynayırlar.

Ərəbistan yarımadasının ayrılmaz  hissəsi olan Küveyt ərazisində yerli mənşəyə malik olanlar ölkə əhalisinin 45 faizini təşkil edirlər. Küveytli ərəblər o şəxslər hesab olunurlar ki, onlar özlərinin 1920-ci ilədək yerli mənşəyə malik olduqlarını sübut edə biliblər. Ölkə sakinlərinin yerdə qalan hissəsini isə digər ərəb ölkələrindən, İran, Əfqanıstan, PakistanHindistandan çıxma şəxslər təşkil edirlər. Onlar ölkədə yaşasalar da, yerli vətəndaşlığa malik deyillər.

80-ci illərdə İranda islam inqilabının “ixracından” ehtiyat edən Küveyt, İraq-İran müharibəsində Bağdadı dəstəkləməyə məcbur oldu. Buna cavab olaraq İran silahlı qüvvələri Hörmüz boğazından keçən bütün Küveyt tankerlərini batırmağa başladı.

Küveytin İraqa göstərdiyi köməyə baxmayaraq, Səddam Heseyn İran ilə müharibə bitəndən az sonra 1990-ci il avqustun 2-də bu əmirliyi işğal edərək ilhaq etdi. Bu, Küveyt neftinin başlıca idxalçısı olan ABŞ-a neft göndərişinin tez-tez dayanmasına və ya ləngiməsinə səbəb oldu. Buna görə də Pentaqon beynəlxalq koalisiya yaradaraq  Küveyt ərazisini İraq qoşunlarından azad etdi və cənubi İraqda iri hərbi əməliyyat həyata keçirdi. Şimala doğru geri çəkilən İraq qoşunları “yandırılmış torpaq” taktikası tətbiq edərək bütün neft buruqlarını (300-ə yaxın) yandırdılar və neft kəmərlərini partlatdılar. Bunun nəticəsində nəhəng itkilər oldu. Ekoloji mühitə böyük ziyan dəydi.  Hərbi əməliyyat nəticəsində Küveytə 5 milyard dollardan çox ziyan dəydi.

Küveytin xarici siyasət xətti təmamilə balanslaşdırılmış bir siyasətdir. Ancaq ölkə rəhbərliyi körfəz regionunda cərəyan edən hadisələrin inkişafından ciddi surətdə narahat olur. Belə ki, İraqda qeyri-sabit vəziyyətin hökm sürməsi regionun bütün ölkələrinə birbaşa təsir göstərir.

Küveyt keyfiyyətli kənd təsərrüfatının inkişafı üçün böyük sahələrə malik deyildir. Ölkə iqtisadiyyatında 1-ci yerdə neft emalı durur. Becərilən torpaqlar isə ölkənin bütün ərazisinin yalnız 1 faizini tutur.

Küveyt elm sahəsinə özünün müasir inkişafının əsası kimi baxır. Ölkədə ixtisaslaşmış elmi təşkilatlar təsis edilmişdir. Onlar akademik tədqiqatlar sahəsində işləri öz üzərinə götürə bilir. Onun son məqsədi isə müasir Küveytin qurulmasıdır. Küveyt elmi tərəqqi fondu, Küveyt elmi-tədqiqat institutuElmi klub bu qəbildən olan təşkilatlardır. Bu təşkilatlar elmi tədqiqatları həvəsləndirir və dəstəkləyir. Onlar həmçinin beynəlxalq səviyyələrdə oxşar təşkilatlarla əməkdaşlıq edirlər.

Küveytdə təhsilin prioritet əhəmiyyət kəsb etməsi praktiki olaraq öz həllini tapmışdır. Məktəbə davamiyyət 6-14 yaşlarında uşaqların hamısı üçün məcburidir. Küveytli uşaqlar üçün ictimai təhsil pulsuzdur. 4-6 yaşlı körpələr üçün uşaq bağçaları da pulsuzdur. Həmçinin 2-4 yaşları arasında qaçqın və mühacir uşaqları üçün böyük sayda mühacir məktəbləri fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil yalnız küveytli uşaqlar üçün nəzərdə tutulmuşdur.

Küveyt universiteti körfəz zonasında ən iri təhsil ocağıdır. Onun qarşısında duran vəzifə ölkənin elmi və mədəni dəyərlərinin qorunması, insan ehtiyatlarının inkişaf etdirilməsi, məhsuldarlığın və səmərəliliyin dəstəklənməsi, ünsiyyət prosesində iştirak etmək, yerli, ərəb və dünya institutları ilə mədəni və elmi əlaqələrin inkişaf etdirilməsidir.

1980-ci ilin yanvarında Küveytdə keçirilən islam dövlətləri başçılarının və rəhbərlərinin 5-ci görüşündən etibarən Küveyt 3 il müddətinə İslam Konfransı Təşkilatına rəhbərlik etməyə başladı. Küveyt əmirinin qızğın fəaliyyəti nəticəsində islam dövlətlərinin və müsəlmanların şöhrəti və nüfuzu bütün beynəlxalq və regional forumlarda yüksək səviyyələrdə təmsil edilmişdir.

Küveyt əmiri İKT-nin sədri səlahiyyətlərini yerinə yetirən zaman müsəlmanların bütün ağrılı problemlərini kollektiv surətdə həll etməyə çalışmış və dəfələrlə bu məqsədlə məhdud çərçivədə belə yüksək səviyyəli konfranslar təşkil etmişdir. İKT-nin katibliyinin daimi komissiyalarının rəhbərləri məsləhətləşmələr üçün  Küveytə dəvət olunmuşlar.

Küveyt əmiri bu dövr ərzində bir çox dövlətlərin liderlərinə və beynəlxalq təşkilatların rəhbərlərinə, o cümlədən iki böyük dövlətin (ABŞ və Rusiyanın) başçılarına bir sıra məktublar göndərərək problemlərin sülh yolu ilə çözülməsini tələb etmişdir.

Küveyt əmiri başda olmaqla bu dövlət özünün həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşdur. Təsadüfi deyil ki, London və Qahirədə qeydə alınmış və Ərəb regionunda  beş milyon vətəndaşın iştirakı ilə həyata keçirilmiş ən böyük rəy sorğusuna görə, Küveyt əmiri əs-Sabah yekdilliklə 1995-ci ilin ən xeyriyyəçi adamı seçilmişdi. Məhz belə bir siyasət nəticəsində regiondadünyada Küveytin nüfuzu xeyli yüksəlmişdir. Təsadüfi deyil ki, Küveyt 2013-cü ilin iyununda Misirin yeni hökümətinə  4 milyard dollar yardım ayırmışdı.

Küveyt dövləti İraq təcavüzünün qurbanlarına, şəhid və əsir düşmüş ərəblərin ailələrinə, uşaqlarına xüsusi diqqət və hörmət bəsləyir. Onlar Küveyt əmiri əs-Sabahın xüsusi qayğısı ilə əhatə olunmuşlar. Hətta Küveyt əmiri xarici səfərlərə gedərkən küveytli hərbi əsirlərin uşaqlarını da özü ilə həmin ölkələrə  aparır ki, dünya ictimaiyyətinin diqqətini bu problemlərin mövcudluğuna yönəltsin. Küveytli əsirlər və şəhid ailələri problemlərinin həll edilməsi dövlətin qarşısında duran birinci dərəcəli vəzifələr sırasındadır.

Əmir müharibə qurbanı olan uşaqları xüsusi qayğı ilə əhatə etmişdir. O, uşaqlara və onalrın yaxınlarına layiqli bir həyat şəraiti yaratmağa çalışmış və bütün bunlara uğurla nail olmuşdur.  Yüksəkixtisaslı mütəxəssislər, pedaqoqlar və psixoloqların rəhbərliyi altında şəhid uşaqları üçün keyfiyyətli təlim-tərbiyə və təhsil prosesi təşkil olunmuşdur.

Ölkəni tərəqqi yolu ilə aparan Əmir, öz təcrübə və fəaliyyətinə əsaslanaraq belə bir şüar irəli sürmüşdü ki, “, sözdən min dəfə yüksəkdir”. Belə bir şəraitdə ərəb dövlətlərinin birliyi məsələsi aktual əhəmiyyət kəsb etmişdir. Əməkdaşlıq şürasının yaradılması ideyası meydana çıxmışdır. Bu şura körfəz ətrafı altı ərəb dövlətini əhatə edirdi. Məhz Küveyt lideri şeyx Caber-əl-Əhməd əs-Sabahın irəli sürdüyü bu ideya tezliklə reallığa çevrildi. Körfəzsahili ərəb dövlətlərinin əməkdaşlıq şurası yaradıldı.

Küveyt-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Həyatın müxtəlif sahələrini əhatə edən bu əlaqələr hər iki dost dövlətin qarşılıqlı maraqlarına xidmət edir. Tərəqqi edən Küveyt iqtisadiyyatı üçün qardaş Azərbaycan iqtisadiyyatı geniş əməkdaşlıq üfüqləri açır.

 

Atamoğlan MƏmmƏdli,

BDU-nun dosenti.

 Respublika.-2014.- 25 fevral.- S.9.