NEFTÇALA: QURUCULUQ İŞLƏRİ HƏR SAHƏDƏ ÖZÜNÜ GÖSTƏRİR

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin iqtisadi inkişafı, vətəndaşların sosial rifahı naminə həyata keçirdiyi tədbirlər Neftçalada da dərin razılıq hissi ilə qarşılanır. Bu günlərdə rayonda keçirilmiş hesabat yığıncağında məhz bu məsələ ətrafında qızğın müzakirələr getdi.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr barəsində məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev  göstərdi ki, 2013-cü il Neftçala rayonunun sosial-iqtisadi və mədəni həyatında mühüm hadisələrlə zəngin olmuşdur. İqtisadiyyatda uğurlu nəticələr əldə olunmuş, əhalinin rifahının yüksəldilməsi sahəsində səmərəli tədbirlər həyata keçirilmişdir. Gündən-günə gözəlləşən kəndlərdə hər şey müasir görkəmə salınıb, abadlıq, quruculuq işləri aparılıb. Əhali hər cür sosial xidmətlərlə əhatə olunmuş, onların arzu  və istəklərinə müvafiq olaraq yeni xidmət və istehsal obyektləri yaradılmış, insanların məşğulluğu təmin edilmişdir.

2013-cü ildə  əsas makroiqtisadi göstərici olan ümumi məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə 9,7 faiz artmışdır. Bu dövrdə ümumi məhsul istehsalı 191,9 milyon manat olmuşdur ki, bu da 2012-ci ilin eyni dövründəkindən 16,9 milyon manat çoxdur. Rayonda 5 yeni müəssisə işə salınmış, 601 fiziki şəxs fəaliyyətə başlamışdır. 12 sənaye müəssisəsində 27,4 milyon manatlıq məhsul istehsal edilmişdir.

Aqrar sahənin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. 2013-cü ildə  kənd təsərrüfatının ümumi məhsulu artaraq 80 milyon 686 min manata çatmışdır. Ölkə başçısının xüsusi sərəncamı ilə aqrar sahədə əkin və becərmə işlərini aparmaqdan ötrü yardımların verilməsi kənd əməkçilərinin işə münasibətini xeyli yüksəltmişdir. Fermerlərə güzəştli şərtlərlə mineral gübrələr, buğda toxumu satılmışdır. Bu tədbirlərin faydası çox böyük olmuşdur. 2013-cü ilin məhsulu üçün taxıl əkinləri xeyli artırılaraq 42944  hektara çatdırılmış, sahələrdən 111 min ton məhsul götürülmüşdür.

Rayonun heyvandarları da yaxşı işləmişlər. İribuynuzlu mal-qaranın, qoyun və keçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə çoxalmışdır. Həmin dövrdə 10767 ton ət, 23734 ton süd, 253,3 ton yun, 4  milyon 205 min ədəd yumurta istehsal olunmuş, müvafiq olaraq 4476 ton ət, 865 ton süd, 16,7 ton yun, 189 min ədəd yumurta əldə edilmişdir.

“Aqrolizinq” ASC-nin 2006-cı ildə yaradılmış  rayon filialı kənd təsərrüfatı işçilərinin yaxın köməkçisinə çevrilmişdir. Burada inzibati bina, gübrə anbarları, kənd təsərrüfatı texnikalarını saxlamaq üçün talvar və təmir emalatxanası fəaliyyət göstərir. Aqrolizinq xətti ilə rayona yeni kombayn və traktor gətirilmişdir.

Əkinlərin məhsuldarlığını artırmaq məqsədilə meliorativ  sistemlərinin fəaliyyətinə diqqət artırılmışdır. 511  kilometr suvarma kanallarında, 172 kilometr kollektorlarda lildən təmizləmə, 136 hidrotexniki qurğuda təmir işləri aparılmışdır. Rayonun Kür çayı ətrafındakı kəndlərində sahilbərkitmə və torpaqtökmə işləri görülmüş, mühafizə bəndləri möhkəmləndirilmişdir. Hazırda Kür çayından rayonun Xol zonasına 25 kilometrlik kanalın çəkilməsi reallaşdırılır. Artıq kanalın çəkilməsinə 10 milyon manat vəsait sərf olunmuşdur.

Neftçala rayonu gündən-günə abadlaşır, öz simasını dəyişir. Burada tikinti işləri geniş miqyas almışdır. 2013-cü ildə  təmir-tikinti işlərinin həcmi 11  milyon 45 min manat olmuşdur ki, bu da ötən ildəkindən 5 milyon 583 min manat çoxdur. Hazırda rayon mərkəzində Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca abadlaşdırma işləri davam etdirilir. Əvvəllər mövcud olmuş qanunsuz tikililər sökülərək yerində milli memarlıq üslubunda obyektlər inşa olunur. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, “Şəhidlər kompleksi”, Kür çayı sahilində bulvar, yeni saat qülləsi, “Axmaz-göl” istirahət kompleksi, Bankə idman meydanı sürətlə tikilməkdədir. Rayon icra hakimiyyətinin inzibati binasında tamamlama işləri aparılır. Vətən müharibəsi iştirakçıları və əlilləri üçün 90 mənzilli yaşayış binası, idman kompleksi tikilir, Kürkənd, Yuxarı Qaramanlı, Aşağı Surra kəndlərində məktəb binaları əsaslı təmir olunur, bir sıra təhsil ocaqlarında əlavə sinif otaqları inşa edilir. Hüseyn Cavid parkında müasir futbol meydançası, Xəzər kəndində yeni məktəb tikilib istifadəyə verilmişdir.

Rayon ərazisində olan magistral və daxili yolların çəkilişi, bərpası və yenidən qurulması, yol kənarlarında piyada səkilərinin təzələnməsi, yol nişanlarının qurulması, bu səpkidə olan bütün işlər yüksək səviyyədə icra edilmişdir. Şəhərin küçələrində, qəsəbələrində, kəndlərin bir çoxunda yolların asfaltlaşdırılması tədbirləri həyata keçirilmişdir. Şorsulu-Xolqarabucaq-Xəzərkənd yolu istifadəyə verilmişdir. Neftçala-Xəzərkənd  avtomobil yolunun tikilməsinə 5 milyon manat vəsait sərf etmək nəzərdə tutulmuşdur.

Şəhərdə sakinlərin ekoloji cəhətdən təmiz suya tələbatını ödəmək üçün yeni su xətləri çəkilmiş, nasosxanalar və su anbarları işlək vəziyyətə salınmış, çoxşaxəli kanalizasiya sistemi yaradılmışdır. Ötən il sanitar təmizliyə 185 min manat, yaşıllaşdırma işlərinə 91 min manat sərf olunmuşdur.

Rayonda istehsal olunmuş ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 95 faizə çatmışdır. Bütün sahələrdə sahibkarlığın inkişaf etdirilməsi rayon icra hakimiyyətinin diqqət mərkəzində durmuş, bunun üçün hər cür şərait yaradılmışdır. “Vahid pəncərə” sistemi uğurla tətbiq olunur. Sahibkarlığın inkişafına maliyyə yardımı göstərmək məqsədilə fiziki və hüquqi şəxslərə 6 milyon 372 min manat məbləğində bank kreditləri verilmişdir. Onlarca kiçik sahibkarlıq obyekti tikilmiş, istehsal sexləri, ticarət və xidmət obyektləri fəaliyyətə başlamışdır.

Rayon rəhbərliyi 2013-cü ildə xidmət sahələrinin inkişaf etdirilməsinə və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirmişdir. Əhalinin rabitə sistemlərindən istifadəsini yaxşılaşdırmaqdan ötrü xeyli iş görülmüş, kənd və qəsəbələrdə elektron ATS-lər, peyk avadanlıqları quraşdırılmış, fiber-optik şəbəkəyə qoşulmaqdan ötrü tədbirlər görülmüşdür. Vətəndaşlara əvvəlki ildəkindən xeyli artıq istehlak malları satılmış, məişət  xidmətləri göstərilmişdir. Pullu xidmətlərin həcmi 8,6 faiz çoxalaraq 21,6 milyon manata, iaşə xidmətlərinin həcmi isə 6,9 faiz çoxalaraq 2,6 milyon manata çatmışdır. Nəqliyyatda 614 min ton yük, 6,8 milyon nəfər sərnişin daşınmış, rabitə xidmətlərinin həcmi 17,3 faiz artmışdır.

Regional inkişafa dair Dövlət Proqramı ilə bağlı əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə xeyli tədbir həyata keçirilmişdir. Rayonun yaşayış məntəqələrinə 140 milyon kilovatdan çox elektrik enerjisi verilmişdir. Sakinlərin təbii qazla təchizatı gündən-günə yaxşılaşır, abonentlərin, demək olar ki, hamısı sayğaclaşdırılmış, 5830 metr boru xətləri çəkilmişdir. 2013-cü ildə əhaliyə və müəssisələrə 9 milyon 864 min kubmetr həcmində təbii qaz çatdırılmışdır. Hazırda yaşayış məntəqələrin qazlaşdırılması  sürətlə davam etdirilir.

Toplantıda qeyd edildi ki, Neftçalada da sosial problemlərin ardıcıllıqla həll olunması təxirəsalınmaz hesab edilir. 2013-cü ildə də əsas diqqət əhalinin maddi güzəranının yaxşılaşdırılmasına, yoxsulluğun ləğvinə yönəldilmişdir. Əhalinin nominal pul gəlirləri 54 milyon 147 min manat olmuş, 2012-ci illə müqayisədə 8,9 faiz artmışdır. Adambaşına düşən pul gəlirləri isə çoxalaraq 655  manatı ötmüşdür. Hər bir işçinin orta aylıq əmək haqqı 260  manata yaxınlaşmışdır ki, bu, əvvəlki ildəkindən 2,4 faiz çoxdur. Aztəminatlı ailələrə sosial yardımların verilməsi tam nizama düşmüşdür. Ötən ilin sonuna ünvanlı sosial müavinət alan ailələrin sayı 1369  olmuşdur. Şəhid ailələri, əlillər, qocalar və tənha insanlar hər cür qayğı ilə əhatə olunmuşlar. 144 kimsəsiz, ahıl və əlil şəxslərə sosial-məişət xidməti göstərilmişdir, Böyük Vətən müharibəsi və Qarabağ əlillərinə pulsuz avtomaşınlar verilmiş, xeyli vətəndaşa birdəfəlik yardımlar göstərilmişdir.

Neftçalada son illərdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilir. Hazırda rayonda 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi, 4 tibb məntəqəsi fəaliyyət göstərir. 926 nəfər səhiyyə işçisi insanların cansağlığının keşiyində dayanmışdır. Tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılır, ana və uşaqların mühafizəsi sahəsində tədbirlər görülür, tibbi-profilaktika işləri, dərman və avadanlıq təminatı yaxşılaşdırılır. Yoluxucu xəstəliklərin meydana gəlməsinə yol verilməmişdir. Sosial cəhətdən aztəminatlı insanlara xidmət tədbirləri həyata keçirilir, imtiyazlı xəstələrə nümunəvi xidmət təşkil olunmuşdur. Səhiyyə müəssisələrinin təmiri və yeni tibbi avadanlıqlarla təchizatı, yeni tibb ocaqlarının açılması diqqət mərkəzində durmuşdur. Rayon Sanitar-Gigiyena Mərkəzi tərəfindən bir sıra əks-epidemik tədbirlər görülmüşdür.

Hazırda rayonda 53 ümumtəhsil məktəbi, 16 məktəbəqədər tərbiyə müəssisəsi  fəaliyyət göstərir. Qırmızıkənd, Həsənabad, Aşağı Surra, Mirqurbanlı, Kürkənd kənd məktəblərinin müəllim və şagird kollektivləri xeyli uğura imza atmışlar. Keçən il 733 nəfər on birinci sinif məzunu attestat, 1007 nəfər doqquzuncu sinif məzunu şəhadətnamə almış, rayon üzrə ali məktəblərə 204 nəfər qəbul olunmuşdur. 33 məzun 500-dən, 10 məzun 600 baldan yuxarı nəticə göstərmişdir. Neftçala şəhər 1 və 4 saylı, Ərəbqardaşbəyli, Mürsəqulu, Xıllı, Qədimkənd, Aşağı Surra, Qaçaqkənd orta məktəblərinin kollektivlərinin bu sahədə əməyi diqqətə layiqdir. Son illər ərzində Heydər Əliyev Fondu və rayonun büdcə vəsaiti, eyni zamanda daxili imkanlar hesabına yeni məktəb binaları, əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, məktəblərin təmirinə xeyli vəsait ayrılmışdır. Tədris ocaqlarına kifayət qədər inventar və avadanlıq alınmışdır.  11 məktəb sürətli internetə qoşulmuş, yaxın vaxtlarda daha 14 məktəbin internet xidmətindən istifadəsi üçün texniki tədbirlər görülməkdədir.

Hazırda rayonda yeni mədəniyyət xidməti müəssisələri istifadəyə verilir, onların maddi-texniki bazası getdikcə möhkəmləndirilir. Zəhmətkeşlərin asudə vaxtının mənalı və məzmunca dolğun təşkilində, gənclərin ata-babaların qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərin mühafizəsində, kütləvi  mədəni-maarif işinin aparılmasında  işlər əsasən uğurludur. Mədəniyyət və incəsənət sarayı, 14 mədəniyyət evi, 20 klub, 67 kitabxana, Heydər Əliyev Muzeyi, tarix-diyarşünaslıq muzeyi, rəsm qalereyası, uşaq-incəsənət məktəbi, mədəniyyət və istirahət parkları fəaliyyət göstərir, bu müəssisələrdə 500-ə qədər işçi  vətəndaşların asudə vaxtının təşkili, maddi-mədəni sərvətlərimizin mühafizəsi, tarixi abidələrin qorunması üçün fəallıqla çalışmaqdadır. Bankə qəsəbəsi şəhidlərinə, Xocalı soyqırımı qurbanlarına xatirə abidələri açılmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi tədbirləri uğurla keçmiş, digər əlamətdar və tarixi günlər, görkəmli insanların yubileyləri ardıcıllıqla yüksək səviyyədə qeyd olunmuşdur. Vaxtaşırı olaraq respublikanın mədəniyyət və incəsənət xadimlərinin və yerli bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə tədbirlər təşkil olunmuşdur. Hazırda rayon mərkəzi kitabxana sisteminin fondunda 450 min nüsxədən artıq ədəbiyyat vardır ki, onlardan 46 minə yaxın  oxucu istifadə edir. Son vaxtlar mədəniyyət müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Mərkəzi Kitabxana Sistemində, Mədəniyyət və İncəsənət Sarayında, Uşaq İncəsənət Məktəbində, Tarix-Diyarşünaslıq Muzeyində təmir işləri görülmüşdür. Rayon ərazisində 22 tarixi abidə mühafizə olunur ki, onların da turizmin inkişaf etdirilməsində əhəmiyyəti böyükdür.

Rayonda gənclərin idmanla məşğul olması, bədən tərbiyəsinin inkişafı da daimi diqqət mərkəzində saxlanılır, bədən tərbiyəsi və idman salnaməsinə imza atmış gənclərin sayı getdikcə artır. Ulu öndər Heydər Əliyevin  əziz xatirəsinə həsr olunmuş mini-futbol turnirində yeni idman istedadları üzə çıxmışdır. Rayonda yeni Olimpiya idman kompleksinin tikilməsinə start verilmişdir.

Toplantı iştirakçıları yekdilliklə bildirdilər  ki, Prezident İlham Əliyevin rəhbərliyi, yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək  sahəsində həyata keçirilən islahatlar 2014-cü ildə də öz gözəl bəhrəsini verəcək, neftçalalılar bu sahədə ön cərgələrdə addımlayacaqlar.                                                                                                  

 

Sabir MUSTAFAYEV,

Respublika.-2014.- 25 fevral.- S.10.