Dövlət Sosial Müdafiə Fondunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

 

Dünən Dövlət Sosial Müdafiə Fondunda ermənilərin xalqımıza qarşı törətdikləri Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələrin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığını vurğulayıb. Bildirib ki, o gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmişonun dinc əhalisinə amansızcasına divan tutmuşlar. Soyqırım qurbanlarının  xatirəsi xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulur. Xocalıda əlil olan, ailə başçısını itirən soydaşlarımız dövlətimizin hərtərəfli sosial qayğısı ilə əhatə olunub. Onlara verilən pensiya və müavinətlərin məbləği ilbəil artırılır.

Tədbirlə bağlı Fonddan verilən məlumata görə, Elman Mehdiyev Xocalı soyqırımının qanlı statistikası barədə də açıqlama veribqeyd edib ki, hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyildir. 8 ailə tamamilə məhv edilib. “Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə–azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər. Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılmış və yeganə bir məqsədlə törədilmişdir - dinc sakinləri milli mənsubiyyətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırım” adlanır. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günüelan edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev bildirmişdir ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Toplantıda Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, həmçinin  2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanımış və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırmışdır. PakistanMeksika parlamentləri də bu qırğının soyqırım aktı kimi tanınması haqqında qətnamələr qəbul etmişlər. Xalqımız əmindir ki, Azərbaycanın haqq səsi tezliklə bütün dünyada eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı qırğınının təqsirkarları haqlı cəzalarına çatacaq. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün torpaqlarımızı düşməndən azad edəcəkdir.

Anım mərasimi Xocalı soyqırımından bəhs edən “Sözün bitdiyi zaman” sənədli filminin nümayişi ilə başa çatıb.

 

Mustafa Kamal,

Respublika.-2014.- 25 fevral.- S.11.