XOCALI SOYQIRIMI BƏŞƏRİYYƏTƏ QARŞI CİNAYƏTDİR

 

  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri 7 min nəfər əhalisi olan Azərbaycanın qədim yaşayış məskəni   Xocalı şəhərinə vəhşicəsinə hücum etdilər, heç kimə aman vermədən dinc sakinləri kütləvi şəkildə məhv etdilər, şəhərə od vurub yandırdılar, ağlasığmaz qəddarlıqlar, amansız qırğınlar törətdilər.

Xocalı soyqırımı erməni qatilləri tərəfindən törədilən bəşəri cinayətdir, Azərbaycan və türk xalqlarına qarşı çevrilmişdir.  BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiyasının, 1949-cu il  və 1954-cü il Cenevrə konvensiyalarının maddələrini kobud şəkildə pozan erməni quldurlarının qanlı cinayətləri və əməlləri nəticəsində Xocalı şəhəri yerlə-yeksan edildi, əhalisi amansızcasına öldürüldü və məhv edildi, sözün əsl mənasında azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirildi.  Beynəlxalq hüquq normalarını kobudcasına pozan erməni quldurlarının cinayətkar əməllərinə, hesab edirik ki, beynəlxalq məhkəmə baxmalıdır.  Bu məhkəmədə sübut olunar ki, etnik təmizləmə siyasətinə və soyqırımına məruz qalan azərbaycanlılardır. Özü də bu soyqırımını ermənilər törədiblər. Bunun üçün faktlar, rəqəmlər və tarixi həqiqətlər çoxdur. İnanırıq ki, zəka, ağıl və müdriklik qalib gələcək, haqq, ədalət qələbə çalacaq.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə azğınlaşmış erməni silahlı cəlladları keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Xankəndidə yerləşən, tərkibi əsasən erməni zabitlərindən və praporşiklərindən təşkil edilən 366-cı motoatıcı alayının iştirakı ilə  Xocalı şəhərinə 5 istiqamətdən güclü hücum etdilər və dəhşətli cinayət aktı törətdilər. Vəhşiləşmiş erməni cinayətkarları 7 min nəfərlik Xocalı şəhərini yerlə-yeksan etdilər, yüzlərlə köməksiz və günahsız insanları amansızcasına qətlə yetirdilər, uşaqlara, qocalara, xəstələrə, hamilə qadınlara belə aman vermədilər, dinc mülki əhalini ucdantutma qırdılar, şəhəri yandırdılar. Ermənilər öz alçaq və yaramaz hərəkətləri və qanlı cinayətləri ilə bəşər tarixində növbəti cinayət aksiyasını  — Xocalı soyqırımını törətdilər. Xocalı müsibəti ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi genosiddir  — soyqırımıdır. Cinayətkar erməni hərbi quldurlarının vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini şəhid oldu, 1275 nəfər dinc sakin əsir götürüldü, 100-dən artıq dinc sakin yaralandı və  şikəst oldu. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar və qızlar idi.

Ermənilərin törətdiyi bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Meyitlər üzərində dilə gətiriləsi mümkün olmayan təhqiramiz həqarətlər edilmişdir. Bu qeyri-insani əməllər XX əsrin sonunda dünyanın gözü qarşısında özünü dünyaya “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan erməni quldurları tərəfindən törədilmişdir.

Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olan acı bir kədər, dərin bir uzüntüdür. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən ümummilli lider Heydər Əliyev hadisələrə beynəlxalq müstəvidə əsl hüquqi-siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində qəti addımlar atmışdır. Xocalı faciəsinin xalqımız üçün dərin kədər və böyük dərd olmasını deməklə yanaşı, eyni zamanda xalqımızın bu kədər içərisində özünün azadlıq və müstəqillik uğrunda qətiyyətli mübarizə yolunun möhkəm və uğurlu sonluğunu da göstərmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirlərdə çıxışlar etmiş və bu çıxışlarında hər hansı bir faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini bildirmişdir. Hələ 1995-ci ildə Xocalı soyqırımının 3-cü ildönümü zamanı Heydər Əliyev demişdir: “...Biz kədər içindəyik, qəm içindəyik, üç ildir ki, qəm-dərd çəkirik. Xocalı faciəsinin nə qədər dəhşətli faciə olduğunu və Azərbaycan xalqına nə qədər böyük zərbə vurduğunu bir daha dərk edirik... Xalqımız çox əsrlik tarixində belə bəlalardan çox keçibdir. Ancaq heç vaxt başımızı aşağı salmamalıyıq.., gücümüzü toplamalıyıq. Azərbaycan xalqının haqq işi qələbə çalacaq. Azərbaycan xalqı bütün ərazisinin sahibi olacaq, müstəqilliyini bərqərar edəcək...” Prezident Administrasiyasının İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin göstərişi ilə Xocalı faciəsinin 22-ci ildönümünün geniş qeyd edilməsi tövsiyə edilmişdir.

Bütünlükdə Azərbaycan xalqının məhvinə yönəldilmiş Xocalı müsibəti erməni millətçilərinin məqsədyönlü soyqırımı siyasətinin davamıdır. Etnik təmizləmə siyasəti aparan erməni millətçi-şovinistləri zaman-zaman Azərbaycan xalqına qarşı amansız olmuş, dəhşətli qırğınlar törədərək bu torpaqları ələ keçirməyə çalışmış, “böyük Ermənistan” yaratmağa ciddi cəhdlər etmişlər. Ermənistanda yaşayan azərbaycanlıları tamamilə və zorakılıqla didərgin salandan sonra Azərbaycan torpaqlarının işğalına başlayan ermənilər ərazimizin 20 faizini zəbt etdilər, 1 milyon 200 mindən çox həmyerlimizi məcburi qaçqına, köçkünə və didərginə çevirdilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2014-cü il yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında özünün proqram əhəmiyyətli nitqində demişdir ki, ölkəmizdə aparılan dərin islahatlar nəticəsində əhalinin sosial müdafiəsi xeyli yaxşılaşmış, sosial-iqtisadi və mədəni sahədə yeni-yeni nailiyyətlər əldə edilmiş, müdafiə sənayemiz müasir standartlara uyğun qurulmuş, son illərdə 1 milyon 200 mindən artıq iş yeri açılmışdır. 2013-cü ildə dövlət büdcəmiz 19 milyard manatdan çox olmuşdur.  Bu il büdcə 20 milyarddan çoxdur. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Prezident İlham Əliyev demişdir: “Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik fəlakət yaşanır”.

Azərbaycan xalqının ümummilli lideri, dahi öndər Heydər Əliyevin dediyi kimi, dünya xalqlarının tarixinə, insanlığın tarixinə kütləvi terror aktı kimi daxil olan Xocalı soyqırımı “təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır”. Faciənin onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində ulu öndər Heydər Əliyev demişdi: “Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamıdır və ən qanlı səhifəsidir”. Xocalı soyqırımı təcavüzkar erməni  başkəsənlərinin və erməni millətçi şovinistlərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri növbəti qanlı aksiyası olmaqla etnik təmizləmə siyasətinin növbəti cinayəti idi.

İyirminci yüzilliyin ən qəddar və amansız cinayətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan dəhşətli soyqırımı idi. Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı bəşər övladına qarşı ağıla gətiriləsi mümkün olmayan ən qanlı cinayət aksiyası idi. XX əsrin ən dəhşətli faciələrindən hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri və kütləvi insan qırğınları sırasına 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı da əlavə edildi. 26 fevral günü XX əsrin ən böyük insan faciələrindən biri oldu.

Xocalı soyqırımına doğru gedən yolun mürəkkəb siyasi, hərbi və sosial-iqtisadi kökləri və səbəbləri vardır. Aparılan tədqiqatların və mövcud tarixi ədəbiyyatın araşdırılması nəticəsində məlum olmuşdur ki, erməni hərbçiləri müxtəlif yollarla keçmiş sovet ordusunun hərbi texnikasını və silahını ələ keçirmiş və Xocalı qətliamı ərəfəsində xeyli hərbi sursata sahib ola bilmişdi. Məlumdur ki, SSRi-nin süqutundan sonra Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi texnikası hələ də qalırdı. Bunu da ermənilər bilirdilər. Erməni siyasətçiləri əvvəlcədən hərbi silahlarını və həm də həmin silahların “dilini”bilən rus hərbçilərini gah pulla, gah rüşvətlə,  və gah da müxtəlif hiylələrlə ələ alırdılar. 366-cı alayın 13-cü və 53-cü bölməsinin hərbi qulluqçularının ermənilərlə bir milyon manatlıq alver etmələri barədə faktlar vardır. Bundan başqa, ermənilər 1990-1992-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin silah anbarına bir neçə dəfə hücum etmiş və çoxlu silah ələ keçirmişdilər.  Deyilənlərdən əlavə erməni hərbçiləri ilə sovet-rus hərbçiləri arasında silah alveri ilə razılaşmalar da olmuşdur. Bu barədə xeyli faktlar vardır.

1991-ci ilin axırlarında Ermənistan ilə Rusiya Federasiyası arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” imzalandı. Müqavilədən sonra ermənilərə çoxlu silahın ötürülməsinə beynəlxalq ictimaiyyət göz yumdu və bundan istifadə edən erməni millətçi-şovinistləri daha da azğınlaşdılar və intensiv hücumlarını gücləndirdilər. Ermənilərin müasir silahlarla silahlandırılması bölgədə qüvvələr nisbətini kəskin şəkildə dəyişdirdi və erməni-rus hərbçilərinin güc potensialını xeyli artırdı. 1991-ci ilin sonu — 1992-ci ilin əvvəllərində isə Azərbaycanın ayrı-ayrı bölgələrində özünümüdafiə taburları yaranırdı. Belə taburların isə lazımi döyüş qabiliyyəti və təcrübəsi yox idi. Azərbaycanda güclü ordu və vahid komandanlığın olmaması ağır və faciəli nəticələrə səbəb oldu. Ayrı-ayrı könüllü hərbi

birləşmələrimiz isə düşmənin hərbi texnika ilə güclü hücumlarına duruş gətirə bilmir, cəbhə bölgələrində ağır məğlubiyyətlərə uğrayır və bir-birinin ardınca kəndlərimiz və strateji məntəqələrimiz ermənilər tərəfindən işğal olunurdu. 1991-ci ilin oktyabrından 1992-ci ilin yanvarınadək Xocalı rayonunun Cəmilli, Meşəli kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Ağdam rayonunun Qərvənd kəndi, Xocavənd rayonunun Xocavənd və Tuğ kəndləri, keçmiş Hadrut rayonunun Axullu, Salakətin kəndləri, Goranboy rayonunun Ballıqaya və Başqışlaq kəndləri ermənilər tərəfindən işğal edilmiş, yandırılmış və məhv edilmişdi. Erməni hərbçiləri 366-cı alayın nəzdində “Klukin erməni cəbhəsi” adlı rota yaratmışdılar. Bu rotanın özəyini Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmaları təşkil edirdi. Onların beyninə zəhərli təbliğat yeridərək “böyük Ermənistan” xəritəsini həyata keçirməyə çalışırdılar. Deyilənlərdən əlavə,  hələ 1988-ci ilin fevralından təşkilatlanmağa başlayan gənc qızlardan ibarət “Şuşanik” adlı erməni şovinist ruhlu snayperçilər dəstəsi də yaradılmağa başlandı və onlar 366-cı alayın tərkibində yerləşdirildi. Onların düşüncələrinə və beyninə türk düşmənçiliyi hopdurulmuşdu. İnsan idrakından uzaq olan bu qatillər Livandan gətirilmiş muzdlu döyüşçülər idi. Xocalı soyqırımını araşdırarkən məlum olmuşdur ki, erməni hərbçilərinə beynəlxalq erməni lobbisi tərəfindən xeyli vəsait və hərbi sursat verilmişdi. Xocalı soyqırımında ASALA və “Haydad” terrorçu təşkilatları da “fəal” iştirak etmiş və amansız qırğınlar törətmişlər.

1992-ci il yanvarın 25-26-da uğursuz Daşaltı əməliyyatı göstərdi ki, Azərbaycan ordusunda vahid komandanlıq yoxdur.

Erməni silahlı qüvvələri Azərbaycanda düşmənə qarşı müqavimət göstərə bilən güclü ordunun olmadığını bilərək çox böyük sürətlə torpaqlarımızı, kəndlərimizi və  strateji əhəmiyyətli məntəqələri işğal edir, Xocalıya doğru lap yaxınlaşmışdılar. Xocalı faciəsi ərəfəsində ermənilər Qaradağlı, Əmirallar, Umudlu, Malıbəyli və Quşçular kəndlərini mühasirəyə almışdılar. Ermənilər hərbi üstünlüklərindən istifadə edərək Xocalıya doğru sürətlə irəliləyirdilər.

Xocalı şəhəri Dağlıq Qarabağın böyük şəhərlərindən biri, Şuşa şəhərinin strateji məntəqəsi, Xankəndiyə gedən yolun açarı idi. Hərbi və mülkü aeroport, Dağlıq Qarabağın hava limanı burada yerləşirdi. Xankəndiyə təyyarə ilə gələnlər Xocalı aeroportunda enməli idi. Xocalı Azərbaycan xalqının qədim yaşayış mərkəzlərindən biri, sivilizasiyaya yüksək maddi-mədəniyyət bəxş etmiş Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə. XIV-VIII əsrlər) mərkəzi idi. Xocalı çox böyük strateji əhəmiyyətə malik yaşayış məntəqəsi idi və 1991-ci ildə şəhər statusu almışdı. Son vaxtlardan şəhərdə böyük tikinti-quraşdırma və abadlaşdırma işləri aparılırdı. 7 min  əhalisi (digər faktlara görə 9 min əhalisi), 3 min hektardan çox əkin sahəsi, çoxlu məktəbləri və mədəniyyət evləri vardı.

Xocalıya hücum edərkən erməni silahlı qüvvələri bütün istiqamətlərdə şiddətli döyüş əməliyyatları aparırdılar. Bu hücumda erməni hərbçiləri, 366-cı hərbi alayın qüvvələri, 1000-dən artıq silahlı quldur dəstələri, xaricdən gətirilən və pulla ələ alınan muzdlu qatillər, terrorçu təşkilatların dəstələri, Dağlıq Qarabağın erməni bölmələri və bütün Ermənistan silahlı qüvvələri iştirak edirdi.

Ermənilərin Xocalı istiqamətində hücumları intensiv xarakter almasına baxmayaraq o zamankı Azərbaycan rəhbərliyi heç bir müdafiə və ya hazırlıq tədbirləri görmürdü. Ancaq Xocalı əhalisi özləri üçün müəyyən müdafiə tədbirləri görürdülər. Belə ki, yerli əhalidən ibarət könüllü və özünümüdafiə dəstələr yaradılırdı. Tofiq Hüseynovun komandanlığı ilə 100 nəfərdən ibarət qeyrətli gənclər müxtəlif yerlərdə müdafiə istehkamlarında qərar tutmuşdular. Bundan başqa 60 nəfərdən ibarət polis bölməsi yaradıldı. Xalqımızın qeyrətli oğlu, polis mayoru Əlif Hacıyevin rəhbərliyi ilə yaradılan 29 nəfərdən ibarət kiçik bir dəstə erməni hərbçilərinə lazımi və tutarlı zərbələr endirirdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Əlif Hacıyev Xocalı hava limanının komendantı təyin ediləndən sonra (1990-noyabr) ermənilərə hava yolu ilə silah daşınması qeyri-mümkün oldu. Əlif Hacıyev erməni quldurlarının hücumlarınada əsas hədəf idi. Ancaq Əlif Hacıyev sözün əsl mənasında xalqımızın vicdanlı və qəhrəman övladı idi, son nəfəsinə qədər yağı düşmənlə igid və cəsur bir insan kimi döyüşdü və qəhrəmancasına həlak oldu. Allah rəhmət eləsin.

Erməni hərbçiləri və erməni işbazları Xocalıya qarşı hücuma hazırlaşarkən özlərindən əlavə beynəlxalq aləmdə tanınan quldur terrorçu dəstələrdən də geniş istifadə etmişdilər. Ermənilər Fransada, Vyanada, Suriyada, Livanda, Rusiyada və başqa yerlərdə fəaliyyət göstərən terrorçu daşnakları və muzdlu qatilləri döyüşlərə cəlb etmişdilər ki, onlar da qanlı əməlləri ilə xocalılılara qarşı qanlı cinayətlər törətmişlər.

Xocalıya hücum ərəfəsində ermənilər ordu, texnika, müasir silah və canlı qüvvə cəhətdən xeyli üstünlüyə malik idilər. Eyni zamanda erməni hərbçiləri çox yaxşı  bilirdilər ki, ayrı-ayrı könüllü özünümüdafiə Azərbaycan hərbi birləşmələri düşmənə müqavimət göstərmək zorunda deyil. Hərbi-texniki üstünlüklərinə arxayın olan ermənilər 1992-ci il fevralın 12-də, 13-də və 19-da Xocalıya hücumlar etdilər. Kim bilir, bəlkə də bu hücumlar kəşfiyyat xarakterli idi. Çünki bəşər tarixində çox vaxt böyük və güclü hücumlar ərəfəsində ilk kəşfiyyat xarakterli hücumlar olmuşdu. Qarşı tərəfin hərbi cəhətdən zəif olduğunu bilən düşmən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə çox böyük hərbi qüvvə ilə, müasir silahlarla, güclü döyüş texnikası ilə bütün istiqamətlərdə Xocalı şəhərinə hücum etdi. Bu hücumda erməni hərbçilərilə yanaşı, 366-ci rus hərbi alayının qüvvələri, mindən artıq silahlı  quldurlar, Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağın erməni bölmələri, xaricdən gətirilən və pulla ələ alınan muzdlu qatillər və terrorçu dəstələr iştirak edirdi. Göründüyü kimi, təpədən dırnağa qədər silahlanmış erməni  hərbçiləri hər cəhətdən çox böyük üstünlüyə malik idilər.

Yeri gəlmişkən bir mühüm məsələni qeyd etmək lazımdır: tarixçi alimlərin son tədqiqatlarından aydın olmuşdur ki, ermənilərlə əlbir olan, düşmən hərbçilərinə hər vasitə ilə kömək edən, Xocalı faciəsinin ən fəal və əsas icraçısı olan, 366 motoatıcı alayın komandiri polkovnik Zaviqarova 1992-ci il fevralın 24-də general-mayor rütbəsi verilmişdi. Zaviqarov əslində rus zabitinin şərəf və ləyaqətini tapdalamış, erməniləri silahla təmin və təchiz etmiş, digər tərəfdən isə alayın əsgərləri qarşısında antiazərbaycan ruhlu çıxışlar edərək erməni hərbçilərini milli, dini hücumlara təhrik etmişdir. Bu baxımdan Zaviqarovun günahları daha böyükdür. 366-cı alayın əks-kəşfiyyat şöbəsinin rəisi Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Savelyev Kremlə və Baş Kəşfiyyat İradəsinə yazdığı məktubda soyqırımda iştirak edən 19 nəfər yüksək rütbəli zabitin və 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslərin adlarını göstərmişdir. Ermənilər hətta Zaviqarova 36 min ABŞ dolları “hədiyyə” vermişdilər. Bunu bilən ordu komandanlığı Zaviqarovu “zabit” şərəfinə xəyanət” üstündə ordudan qovulmasını tələb etmişdir.

Tarixi cinayətləri açmağa vicdanı məcbur edən V.Savelyev sonradan mərkəzə verdyi gizli sənəddə yazırdı: “...Mən bütün bunları yazmaya bilmərəm... Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaqların, hamilə qadınların kəsilmiş bədənlərini unuda bilmirəm... Biz rusların zabit şərəfi görün necə ləkələndi...”. Bəli, bu, soyqırımda iştirak edən komandirlərdən birininin acı etirafı idi.

Xocalı soyqırımı ərəfəsində erməni hərbçiləri dünyanın müxtəlif ölkələrində yaşayan erməni lobbisindən xeyli miqdarda vəsait və hərbi sursat almışdılar. Hətta Roma Papası II İohan 1992-ci il fevralın 4-də Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə və rus qoşun birləşmələrinin generallarına məxfi məktub göndərmişdi. Roma Papası erməni quldurlarına dua edərək bu vuruşmada “Allahdan aldığı gücü” göndərdi. Ruslara isə bu vuruşmanın “dini bir vuruşma” olduğunu xatırladır. Məktubda bildirilirdi ki, imkan olarsa, Dağlıq Qarabağa gələcək və Xocalıda həlak olan erməni qardaşlarının qarşısında baş əyəcək. Göründüyü kimi, dünyanın bir çox təbliğat və təşviqat maşını erməni lobbisinin xeyrinə işləyirdi.

Xocalı soyqırımını ilk dəfə lentə alan cəsur və igid jurnalist Çingiz Mustafayev olmuşdur. Acı göz yaşları ilə faciəli olayı kameraya çəkərkən kamerası da ermənilər tərəfindən “yaralanmışdı”. Çingiz Mustafayev bu qanlı olayı belə xatırlayırdı: “İlk dəfə fevralın 28-də iki hərbi vertolyotun müşayiəti ilə hadisə yerinə gəldik. Havadan gördük ki, bütün bir sahə insan meyitləri ilə doludur. Təyyarəçilər vertolyotu yerə endirməyə qorxurdular. Çünki həmin ərazi artıq ermənilərin nəzarəti altında idi. Buna baxmayaraq, biz vertolyotdan çıxdıq və bu zaman güclü atəşə məruz qaldıq. Bizimlə olan milis əməkdaşları meyitləri vertolyota götürməli idilər ki, onlar qohumlarına verilsin. Gördüyümüz vəziyyətdən şoka düşdük. İki nəfər isə huşunu itirmişdi. Martın 2-də xarici jurnalistlərlə hadisə yerinə gəlmişdik. O zaman meyitlər dəhşətli hala salınmışdı. Bir neçə sutka ərzində onların üzərində təhqiredici hərəkətlər edilmişdi”.

İnsanı dəhşətə gətirən bu açıqlama, soyqırımı ilk dəfə lentə alan Çingiz Mustafayevin fikirləridir. Erməni dəhşətlərindən, vandalizmdən yaxa qurtarmaq üçün üzü Ağdama tərəf qaçan, əliyalın əhali vəhşicəsinə güllələrə tuş gəlmişdi. Ahıllara, körpələrə belə aman verilməyib. İnsanları bir-birlərinə bağlayaraq, üzərilərinə neft tökərək yandırıb, uşaqları diri-diri süngüyə keçirib faşistlərin törətdiklərindən betər faciəni bəşəriyyətə “bəxş etdilər”. Qətlə yetirilənlərin cəsədləri üzərində vəhşicəsinə davranaraq dilə gətiriləsi mümkün olmayan əməliyyatlar aparmışlar.

XX yüzilliyin əvvəllərində olduğu kimi, əsrin sonunda da Azərbaycan xalqının başına gətirilən belə qanlı faciələr bir daha onu göstərir ki, erməni cəlladları özlərinin avantürist planlarını və aksiyasını həyata keçirməyə əlverişli bir məqam axtarır və dərhal onu fırıldaq yolu ilə reallaşdırırlar.

Xocalı soyqırımına ümummilli lider Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildi və 1994-cü il fevralın 24-də Azərbaycanın Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı (genosidi) və “Milli Matəm günü” elan olunmuşdur. Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən hər il fevralın 26-da saat 17:00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkəmizin ərazisində dərin üzüntü və sükut dəqiqəsi ilə qeyd edilir. Azərbaycan xalqı hər ilin bu gününü dərin hüzn və kədər içində keçirir, günahsız şəhidlərimizin ruhu və xatirəsi hörmət və ehtiramla yad edilir. Qərar və bəyanat dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərilmişdir. Ulu öndərin apardığı uğurlu diplomatiya Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük müvəffəqiyyətlə davam və inkişaf etdirilir və Azərbaycanın xeyrinə bir çox beynəlxalq əhəmiyyətli sənədlərin qəbul edilməsinə nail olundu. Məhz bu uğurlu siyasətin məntiqi davamı kimi 2005-ci il yanvarın 25-də Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasında Dağlıq Qarabağ üzrə xüsusi məruzəçisi Devid Atkinsonun hazırladığı məruzə əsasında qətnamə qəbul edildi. Həmin qətnamədə Azərbaycan ərazisinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi Dağlıq Qarabağ bölgəsinin separatçı qüvvələrin nəzarəti altında olması və bu ərazidə etnik təmizləmələrin aparılması faktları öz əksini tapmışdır. Sənəddə deyilir ki, SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağ erməniləri Azərbaycan ərazisində “dövlət” yaratmaq ideyasına düşmüş, 7 Azərbaycan rayonunu işğal etmişdir. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə müdafiə edildi.

Xocalı faciəsi iyirminci əsrin ən dəhşətli soyqırımı kimi dünyanın bir sıra ölkələri tərəfindən qeyd edilir. Xocalı  soyqırımı Moskvada, Almaniyada, ABŞ-da, Türkiyədə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Küveyt və dünyanın bir çox digər ölkələrində qeyd olunmuşdur və indi də olunmaqadır.  2005-ci ilin fevralında və 2006-cı il fevralın 23-də və 2007-ci ilin fevralında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. Qardaş Türkiyə parlamentinin üzvləri erməni silahlı dəstələrinin Xocalıda mülki əhaliyə qarşı törətdikləri cinayətləri görünməmiş vəhşilik kimi qiymətləndirmiş, erməni cəlladlarının qanlı əməllərini pisləmişlər. Bunun Azərbaycan xalqına qarşı soyqırım olduğu vurğulanmışdır. 2006-cı il fevralın 24-də Ankarada Türkiyənin ictimai-siyasi xadimlərinin bu ölkədə akkreditə  olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Fondunun təşkil etdiyi “Xocalı soyqırımı” sənədli filmi göstərilib. Tədbirdə Fondun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın soyqırım ilə bağlı dünya ictimaiyyətinə müraciəti səsləndirilib.

Beləliklə, erməni quldur dəstələrinin Xocalıda törətdikləri qanlı cinayət bütün beynəlxalq hüquq sənədlərinə görə, miqyasına və mahiyyətinə görə soyqırımdır və Azərbaycan xalqına qarşı cinayət kimi qeyd olunmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, son illərdə artıq bütün dünya etiraf edib ki, bizim torpaqlarımız işğalçı Ermənistan tərəfindən zəbt edilib, azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Cənab İlham Əliyev demişdir: “... İnanmaq istəyirəm ki, Ermənistan rəhbərliyi, nəhayət, beynəlxalq hüquq prinsiplərinə riayət edəcək və işğal olunmuş torpaqlardan qoşunlarını öz xoşu ilə çıxaracaq.... əks təqdirdə Azərbaycan tam sərbəstdir ki, bütün imkanlardan istifadə etsin və öz doğma torpaqlarını azad etsin”.

2011-ci il yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında Prezident İlham Əliyev proqram əhəmiyyətli çıxışında demişdir: “...Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan torpağı kimi tanınır, BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır”. Möhtərəm Prezidentimizin dediyi kimi, son vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində daha yeni addımlar atılmışdır. Əvvəla, Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli qətnamə qəbul etmiş, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsdiq etmişdir. İkincisi, NATO-nun zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edilmişdir. Üçüncüsü, 2011-ci ilin yanvarın 13-də Avropa Komissiyasının sədri Avropa İttifaqının mövqeyini bildirmiş və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.

Bütün bu mühüm sənədlər bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətlidir, doğrudur və obyektivdir. Buna görə də dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın haqqını müdafiə edirlər. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi bu tarixi reallıqlarla nəinki hesablaşmır, hətta hər gün atəşkəs rejimini pozur, beynəlxalq qanunlara əməl etmir və beynəlxalq təşkilatların qərar-qətnamələrini tanımaq belə istəmir.  Prezident İlham Əliyev demişdir: “Azərbaycan öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir...” Ermənistan öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqdan çıxarmalıdır.

Beləliklə, cənab Prezidentimizin qətiyyətlə bildirdiyi kimi, biz ümid edirik ki, nəhayət, Ermənistan tərəfi reallıqla hesablaşmalı olacaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini tapacaq, tarixi həqiqət bərpa olunacaq.

Prezident İlham Əliyev beynəlxalq görüşlərdə dəfələrlə demişdir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti itirilməsi ilə heç vaxt barışmayacaq və beynəlxalq hüququn təsdiq etdiyi kimi, öz torpaqlarımızı azad etmək üçün bizim tam haqqımız vardır.

Bu gün bütün dünya birliyi, dünyanın iri və beynəlxalq təşkilatları, o cümlədən BMT və onun Təhlükəsizlik Şurası aydın şəkildə bilir və təsdiq edirlər ki, təcavüzə məruz qalan Azərbaycandır. Buna görə də düşünmək olar ki, Ermənistan tərəfi tezliklə konstruktiv addımlar atacaq və işğal etdiyi Azərbaycan torpaqlarını boşaldacaq, beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.  İnşallah, gələcək o gün.

 

Azad RZAYEV,

BDU-nun Tarix fakültəsinin dekanı, dosent,

Nuru MƏMMƏDOV,

professor.

Respublika.-2014.-26 fevral.-S.8.