Xocalının harayı
dünyanı haqq-ədalətə səsləyir
Tarix Azərbaycanı bir çox sınaqlara məruz qoymuş, xalqımız ağır və dəhşətli faciələrin ağrı-acısını yaşamışdır. Zaman-zaman qövr edən, hələ də qaysaqlanmayan yaralarımızdan biri də Xocalı soyqırımıdır. 22 il əvvəl məşum bir qış gecəsində erməni quldurların öz himayədarlarının yardımı ilə törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə millətimizə qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət kimi tarix səhifəsinə yazılmışdır.
Azərbaycanlıları tarixi torpaqlarından qovub çıxarmaq, bu ərazilərdə “böyük Ermənistan” yaratmaq xülyası erməni millətçilərinin yüz ildən artıq bir dövr ərzində həyata keçirdikləri təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur. Bu siyasət 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə yüz minlərlə soydaşımızın zorla öz dədə-baba torpaqlarından didərgin salınması ilə nəticələnmiş, 1988-1993-cü illərdə genişmiqyaslı təcavüz və işğala çevrilmiş, xalqımıza görünməmiş maddi-mənəvi zərər vurmuş, 1 milyondan çox insanı məşəqqətli qaçqın və köçkün həyatı yaşamaq məcburiyyətində qoymuşdur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət isə istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə bənzəri olmayan hadisələrdəndir.
Ulu öndər Heydər Əliyev bu hadisədən bir neçə il sonra xocalılılarla görüşərkən demişdir: “...Xocalı soyqırımı Ermənistan, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımıdır. Bu, bizim tariximizdə belə də həkk olmalıdır. Bu soyqırımın nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyətdən kənar bir hadisə olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq, dünya ictimaiyyətinə anladaq, Bu faciəni heç vaxt unutmaq olmaz. Və zaman keçdikcə, əksinə, bu faciəni biz dünyaya daha da kəskin göstərməliyik, xalqımıza göstərməliyik, gənc nəsillərə göstərməliyik, hamı bilsin ki, xalqımızın başına nə kimi faciə gəlibdir və eyni zamanda xalqımız öz azadlığı, öz Vətəni, öz torpağı uğrunda nə qədər qurbanlar verib, nə qədər qəhrəmanlıq nümunələri göstəribdir”.
Həqiqətən də, xocalılılar doğma torpaq uğrunda qəhrəmanlıqla döyüşüb, çoxsaylı şəhidlər vermişlər. Lakin onların bu döyüşdə, bu mübarizədə düşmənlə qeyri-bərabər vəziyyətdə köməksiz qalmaları da faktdır və o dövrdə Azərbaycana rəhbərlik etmiş şəxslərin vicdanında qara ləkə kimi qalmaqdadır. Bu gün biz həmin dövrü ürək ağrısı ilə xatırlayırıq, yenicə müstəqillik qazanmış respublikamızın səriştəsiz adamların idarəçiliyində neçə ağır bəlalara düçar olduğu, müxtəlif qruplaşmaların törətdiyi anarxiya və başıpozuqluq, hakimiyyət davaları, bunların nəticəsində üzləşdiyimiz mərhumiyyətlər yaddaşımıza əbədi həkk olunub.
Fevralın 25-dən 26-na keçən gecə Xankəndidəki, şəxsi heyətində erməni zabitlərin də olduğu 366-cı alayın çoxsaylı ağır texnikası üç istiqamətdə şəhərə yeridildi, yaşayış evləri və şəhərin sosial infrastrukturu tamamilə dağıdıldı və yandırıldı. Erməni quldurlar qadınlara, qocalara, əlillərə, uşaqlara məhəl qoymadan hamını güllədən keçirdilər, misli görünməmiş qəddarlıqlar törətdlər. Adamları diri-diri yandırmaq, başlarının dərisini soymaq, gözlərini çıxarmaq... kimi vəhşilik və vandalizm halları onların çinayətkar xislətinə xas olan əməlləridi.
Təcavüzkarlar 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydular, 487 nəfəri şikəst etdilər, 1275 dinc sakini əsir götürdülər, 155 nəfər itkin düşdü. Bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi.
Halbuki bu dəhşətli hadisə baş verdikdən sonra respublikanın rəsmi informasiya vasitələri Xocalıda cəmi 2 nəfərin həlak olması barədə məlumat yaymışdılar. Azərbaycanın ovaxtkı rəhbərliyinin baş vermiş faciənin miqyasını bu cür gizlətmək cəhdi sonralar Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında ciddi maneəyə çevrilmişdi. Ruslar və ermənilər artıq bütün dünyaya yaymışdılar ki, Azərbaycanın prezidenti özü Xocalıda cəmi 2 nəfərin öldüyünü bildirir.
Amma tezliklə məlum oldu ki, Xocalı yerlə-yeksan edilmiş, yüzlərlə soydaşımız öldürülmüş, yaralanmış, girov götürülmüş, ağır və dözülməz işgəncələrə məruz qalmışdır. Bu faciənin qarşısının alınması, təcavüzkarlara cavab verilməsi üçün respublika rəhbərliyi heç bir iş görməmiş, xocalılıları taleyin ümidinə buraxmışdılar. O vaxt Şuşada olan keçmiş müdafiə naziri Rəhim Qazıyev ermənilərin Xocalıya hücumuna reaksiya verməmiş, Xocalıya heç bir yerdən kömək göndərilməmiş, xocalılıların harayına səs verilməmişdi, Xocalıya sahib çıxılmamışdı...
Xocalı soyqırımı bizim hər birimiz üçün ağır bir dərddi. Əsir düşən qız-gəlinlərimizin imdad səsi hər zaman qulağımızda səslənəcək, itkinlərimizin hələ də erməni əsirliyində qul kimi işlədilməsi barədə məlumatlar qəlbimizi didib-parçalayacacaqdır. Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə apardığı videoçəkilişlərə həyəcansız, ağrısız baxmaq mümkünsüzdür. Yaxşı ki bu çəkilişlər aparılmış, erməni vandalizmi, xocalılıların məruz qaldığı soyqırımı sənədləşdirilərək tarixin yaddaşına yazılmışdır.
Beynəlxalq hüquqa görə, burada baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə, insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Bu vəhşilik və vandalizm aktı bütün dünyada rəsmən tanınan Xatın və Sonqmi faciələri kimi qiymətləndirilməli, insanlığa qarşı törədilən qanlı cinayət öz layiqli qiymətini almalıdır.
Xocalı həqiqətlərinin dünyaya bəyan edilməsi, bu soyqırımına hüquqi qiymət verilməsi ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rərbər gəldikdən sonra mümkün olmuşdur. Məhz bu dövrdə Xocalı soyqırımının əsl mahiyyəti açılmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermiş, 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı olmuşdur.
Həmin dövrdən etibarən dünya azərbaycanlıları və Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.
Möhtərəm Prezident cənab İlham Əliyev Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına nail olmuş, bu dövlətin Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal altında saxlaması faktı AŞPA-nın rəsmi sənədlərində öz əksini tapmışdır.
Xocalı soyqırımın 20-ci ildönümü ilə əlaqədar xalqa müraciətində möhtərəm Prezidentimiz demişdir: “Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədilib. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı səhifəsi idi. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür”.
Erməni faşistlərinin törətdiyi Xocalı f
aciəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq aləmdə onun soyqırımı kimi tanıdılmasına nail olmaq illərdir ki, Azərbaycan dövlətinin apardığı sistemli işin əsas məqsədidir.
Bu sistemli fəaliyyətdə Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın göstərdiyi təşəbbüslər xalqımızın və onun xaricdəki dostlarının dərin rəğbətini qazanmışdır. Fond yarandığı vaxtdan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiya kimi qiymətləndirilir. Diaspor təşkilatlarımız, xüsusən, vətənpərvər gənclərimiz, eləcə də xalqımızın dostları dünyanın hər yerində bu kampaniyaya qoşulmuşdur. Leyla xanımın ürəklə, cəsarətlə apardığı bu kampaniya əsl vətənpərvərlik nümunəsi olmaqla yanaşı həm də beynəlxalq miqyasda terrora qarşı humanizm dəyərlərinə əsaslanan mübarizənin yeni bir metodudur. Bu, kampaniya bütün dünya xalqlarına, demokratik institutlara terrora məruz qalmış insanlarımız və ayrı-ayrı yaşayış məntəqələrimiz haqqında dolğun məlumatlar çatdırılmasını təmin edir.
Erməni ideoloqlarının yalan və saxtakarlıqları ifşa olunur və beynəlxalq ictimaiyyət Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı “insanlığa qarşı törədilmiş kütləvi cinayət” hadisəsi kimi tanımış və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanımışdır, ABŞ-ın 7 ştatı da bu soyqırımını tanımışdır. Dünyanın bir sıra dövlətlərinin parlamentlərində bu məsələ müzakirəyə çıxarılır, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpa olunması tələb olunur.
Çox təəssüf ki, ölkəmizə qarşı aparılan uzunmüddətli erməni təcavüzü, terror siyasəti, kütləvi şəkildə insan hüquqlarının pozulması hələ də davam edir. Bizim dünya birliyinə, tərəqqipərvər bəşəriyyətin dəstəyinə, münaqişənin sülh yolu ilə aradan qaldırılacağına bəslədiyimiz ümidlər hələ doğrulmur. Beynəlxalq təşkilatlar ikili standartlara yol verir, təcavüzkar Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunmur.
Tarixdən yaxşı məlumdur ki, hər bir müharibə sülhlə qurtarır. Biz də, bu Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının müsbət nəticəsini gözləməkdəyik. Bu gün Azərbaycan regionun lider dövləti kimi bütün sahələrdə Ermənistandan qat-qat üstün mövqedədir. Azərbaycanın siyasi iradəsi və iqtisadi qüdrəti qarşısında Ermənistanın acizliyi getdikcə dərinləşir. Ermənilər özləri belə öz ölkələrində yaşamaq istəmir, kütləvi şəkildə xaricə köçüb gedirlər. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanda müxtəlif millətlərin nümayəndələri rifah və qarşılıqlı etimad şəraitində yaşayırlar.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən biz nə qədər kədərlənsək də, gələcəyə nikbinliklə baxır, bu faciəni törədənlərin öz cəzalarını alacaqlarına inanır, torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün yaxınlaşdığını görürük. Haqq-ədalət mütləq qalib gələcəkdir!
Qarabağ ağrısı ilə yazdığım şeirin bir neçə bəndi ilə öz duyğularımı ifadə etmək istəyirəm:
Çoxdan dinləmirəm nə
kaman, nə tar,
Qəlbim
sızıldayır, edir
ahu-zar,
Sənətkarlar yurdu Qarabağ gedib,
İndi at oynadır, Ağdamımda
xar.
Şuşa ki alınmaz bir qala idi,
Yağı düşmənlərə bir bəla idi,
Verdilər satqınlar, uf da demədən,
Arif, bu qurulmuş bir tələ idi.
Xocalı
eləndi yer ilə yeksan,
Qalmadı bu yurdda bir nəfər insan,
Haraya getmədi nə dost, nə tanış,
Bəşər görməmişdi belə
bir divan.
Alındı Kəlbəcər, talandı
Laçın,
Müxalif qışqırdı: durmayın, qaçın!
Pərən-pərən düşdü
el igidləri,
Bir kəs söyləmədi:
od-alov saçın!
Cəbrayıl, Füzuli —qalmadı
nişan,
Getdi həm Qubadlı, həm də Zəngilan
Sadiq, çatar zaman, basılar düşmən,
Xainə, düşmənə tutular
divan.
Bu bir gerçəklikdir ki, Azərbaycanın azadlığı,
müstəqilliyi bizə
baha başa gəldi, itkilərimiz, mərhumiyyətlərimiz oldu,
lakin millətimizin bugünkü birliyi, mütəşəkkilliyi və
ən başlıcası,
möhtətəm Prezidentimizin,
Ali Baş Komandanımızın qətiyyəti bizi qəlbimizdəki bütün arzulara qovuşduracaqdır!
Xocalı soyqırımı qurbanlarının
xatirəsi daim qəlbimizdədir və bizi Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizəyə səsləyir!..
Tağı ƏHMƏDOV,
Bakı Metropoliteninin rəisi.
Respublika.-2014.-26 fevral.-S.9.