Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar xarici ölkələrdə də anma mərasimləri keçirilmişdir

 

Türkiyə

Bakı, 25 fevral (AzərTAc). Fevralın 25-də Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları və iş adamları iştirak etmişlər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimində TRT kanalının Xocalı soyqırımı ilə bağlı hazırladığı sənədli film nümayiş olunmuşdur.

Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirmişdir ki, dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən Türkiyənin bir çox şəhərlərində, universitetlərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilir. Şəhidlərin əziz xatirəsini yad etmək, Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətləri dünyaya yaymaq bizim borcumuzdur. Səfir Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqda qardaş Türkiyənin daim Azərbaycana dəstək olduğunu vurğulamışdır.

Diplomat diqqətə çatdırmışdır ki, fevralın 26-sı təkcə Azərbaycan üçün deyil, Türkiyə, ümumiyyətlə, insanlıq üçün də kədərli gündür. İyirmi iki il əvvəl Xocalıda ermənilərin vəhşicəsinə qətlə yetirdikləri dinc insanların xatirəsini anırıq. Bu, insan olaraq hamımızın borcudur. Həm də məqsədimiz odur ki, dünya ictimaiyyəti bu vəhşilikləri törədən erməniləri daha yaxşı tanısın.

Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sadəddin Topukçu demişdir ki, 22 il əvvəl Xocalıda baş verən bu qanlı günləri tez-tez xatırlamaq lazımdır. Bildirilmişdir ki, ermənilər tarix boyu türklərə qarşı terror aktları törətmişlər. Kipr türkləri azərbaycanlı qardaşlarının bu kədərini bölüşür.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirmişdir ki, Dağlıq Qarabağın işğalında cinayətin ən yüksək zirvəsi olan Xocalı soyqırımı bütün türk dünyasının faciəsidir. Bu soyqırımının törədilməsində əli olanlar cinayət əməllərinə görə cavab verməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov Xocalı faciəsinin tarixi haqqında danışmışdır. O demişdir ki, biz Xocalıda bu qətliamı törədənləri unutmamalıyıq, həmin hadisələrdən ibrət dərsi götürməliyik. Ermənilər tarix boyu türklərə qarşı silsilə cinayətlər törətmişlər. Bu hadisələr ermənilərin Azərbaycan xalqına qarşı hərbi təcavüzünü bir daha göstərdi. Vaxtilə Azərbaycan xalqına qarşı cinayət törətmiş Serj Sarkisyan hazırda Ermənistanın prezidentidir. Ədalətdən, insan haqlarından danışan dünya dövlətləri Xocalı hadisələrindən məlumatlı olsalar da, bu ədalətsizliyə hələ də son qoyulmur, beynəlxalq miqyasda soyqırımına lazımi siyasi-hüquqi qiymət verilmir. Əminəm ki, Azərbaycan və Türkiyə bununla bağlı  birgə səyləri daha da artıracaqdır.

Böyük Britaniya

London, 25 fevral (AzərTAc). Böyük Britaniyanın Aberdin Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş nümayiş keçirilmişdir.

İki saata yaxın davam edən aksiyada azərbaycanlı tələbələr Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar nümayiş etdirmişlər.

Nümayiş çərçivəsində soyqırımla maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşürlər paylanmışdır.

Almaniya

Bielefeld, 25 fevral (AzərTAc). Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş izdihamlı yürüş-mitinq keçirilmişdir.

Aksiya Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunmuşdur.

Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi yazılmış Xocalı faciəsinin anım mərasimində Bielefeld, Hannover, Hamburq və Almaniyanın digər şəhərlərindən gəlmiş 350-dən çox həmvətənlimiz, türk diaspor təşkilatlarının təmsilçiləri, iş adamları, ictimai-siyasi xadimlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycan, Türkiyə və Almaniyanın bayraqlarının dalğalandığı Bielefeld şəhərinin mərkəzi meydanında mitinq ilə başlanmışdır.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan mitinqdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva çıxış edərək XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat vermiş, Almaniyanın müxtəlif bölgələrindən Azərbaycan diaspor cəmiyyətlərinin mitinq-yürüşə qatıldığını bildirmişdir.

Hannover şəhərindəki “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının tanıdılması istiqamətində daha geniş miqyaslı işlərin görülməsinin vacibliyindən danışmış, soydaşlarımızı bu işdə daha fəal olmağa çağırmışdır.

Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı çıxış edərək qeyri-sabit hava şəraitinə baxmayaraq, Almaniyanın mərkəzi şəhərlərindən birində yüzlərlə azərbaycanlının və türk diaspor təşkilatlarının təmsilçilərinin iştirak etməsini xüsusi dəyərləndirmiş, belə bir anım mərasiminin təşkilatçısına, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinə minnətdarlığını bildirmişdir.

Dr. Ruslan Ceferi çıxış edərək Xocalı faciəsi ilə bağlı Azərbaycan-Alman Dostluq Cəmiyyətinin hazırladığı bəyanatı iştirakçıların diqqətinə çatdırmış, bəşər tarixinin ən qanlı cinayətlərindən biri olan bu qətliama dünya ictimaiyyətinin siyasi-hüquqi qiymət verməsinin zəruriliyini vurğulamışdır.

Sonra yürüş olmuş, iştirakçılar nizamlı şəkildə Bielefeld şəhərinin mərkəzi küçələrindən keçərək Xocalı faciəsinin soyqırımı kimi dünya ictimaiyyəti tərəfindən tanınmasını və erməni qəsbkarlarının Dağlıq Qarabağı tərk etmələrini tələb etmişlər. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı bu yürüş zamanı şəhər sakinlərinə soyqırımı barədə vəsaitlər, broşürlər və digər məlumat kitabçaları paylanmışdır.

Yürüşdə Azərbaycan diasporunun fəal üzvləri meqafon vasitəsilə şəhər sakinlərinə və qonaqlara Xocalı faciəsi haqda məlumat vermiş, onları yürüşün məqsədi və mahiyyəti ilə tanış etmişlər. Əllərində Xocalı dəhşətlərini əks etdirən fotoşəkilləri, plakatları, Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları alman və Azərbaycan dillərində “Qarabağa azadlıq”, “Xocalıya ədalət!”, “Ermənistan qəsbkarları Azərbaycan ərazisindən rədd olsun” və digər şüarlar səsləndirmişlər.

Yürüş-mitinq şəhərin Jahn-Platz meydanında başa çatdıqdan sonra Bielefeld şəhərinin mərkəzi akt zallarının birində “Xocalı həqiqətləri” mövzusunda konfrans keçirilmişdir.

Hər iki tədbir yerli və xarici KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.

Argentina

Bakı, 25 fevral (AzərTAc). Fevralın 24-də Azərbaycanın Argentinadakı səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri” mövzusunda seminar keçirilmişdir.

Xarici  İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Argentinanın dövlət qurumlarının, diplomatik korpusun, akademik dairələrin, müxtəlif dini və milli icma təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində Xocalı hadisələri barədə məlumat verilmiş və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra La Plata Universitetinin azərbaycanşünaslıq kafedrası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri - Rosario Universitetindən Alexandro Cardenas və Kordoba Universitetindən Clara Trillini müvafiq olaraq “Dağlıq Qarabağ məsələsi” və “Ermənistan-Azərbaycan münaqişəsi və BMT” mövzularında hazırladıqları yazılar əsasında çıxış etmişlər. Onlar Azərbaycana səfərləri zamanı bu ölkənin dinamik inkişafının, çoxmədəniyyətliliyinin, gənclərə və təhsilin inkişafına verilən önəmin şahidi olduqlarını bildirmiş, Dağlıq Qarabağın erməni icmasının bu məqamları nəzərə almalarının vacibliyini vurğulamışlar.

Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi, professor Paulo Botta Cənubi Qafqazdakı geosiyasi vəziyyətdən, Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən strateji əhəmiyyətli enerji, infrastruktur və nəqliyyat layihələrindən, Azərbaycan ərazilərini işğal etməsi səbəbindən Ermənistanın bu layihələrdən kənarda qalmasından danışmışdır. Güc tətbiq etməklə bir dövlət tərəfindən digər dövlətin ərazilərinin işğalının yolverilməz olduğunu vurğulayan P.Botta Ermənistanın inkişafı üçün ən optimal yolun Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına qoşulması olduğunu qeyd etmişdir. Bunun üçün isə əvvəlcə Ermənistanın öz hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarmasının vacibliyi diqqətə çatdırılmışdır.

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlər, rəsmi Bakının münaqişənin nizamlanmasına dair mövqeyi barədə danışmışdır. Azərbaycanın regionun inkişafına verdiyi töhfələr və ölkəmizin təşəbbüskarı olduğu strateji layihələr barədə məlumat verən M.Əhmədzadə müxtəlif iqtisadi-sosial göstəricilərin qarşılıqlı müqayisəsini verməklə qısa müddət ərzində Azərbaycan ilə Ermənistan arasında ölkəmizin xeyrinə formalaşmış böyük fərqi diqqətə çatdırmışdır. Səfir bu fərqin getdikcə daha da dərinləşəcəyini bildirərək, münaqişənin tezliklə nizamlanmasının Ermənistana və ümumilikdə regiona gətirəcəyi faydalardan bəhs etmişdir.

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi hazırlanmış materiallar paylanmışdır.

Tədbir başlamamışdan əvvəl Argentinadakı erməni icmasının nümayəndələri səfirliyin qarşısına toplaşaraq tədbirə gələn şəxslərin binaya girişinə mane olmağa çalışmış, iştirakçıların ünvanına təhqiramiz ifadələr səsləndirmiş, habelə səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstərmişlər. Hüquq mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınmışdır. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri fevralın 26-da Azərbaycan səfirliyinin qarşısında növbəti aksiya keçirəcəklərini bəyan edərək səfirliyin qarşısından uzaqlaşmışlar.

İordaniya

Əmman, 25 fevral (AzərTAc). Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə İordaniyanın dövlət və hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, səfirliyin əməkdaşları iştirak etmişlər.

Səfir Sabir Ağabəyov tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmış, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini və bununla da bir milyondan artıq insanın öz yurdlarından didərgin düşdüyünü diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilik bütün bəşəriyyətə qarşı cinayətdir. S.Ağabəyov İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbul edildiyini xatırlatmış, yaxın vaxtlarda parlamentin aşağı palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirmişdir.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Kral II Abdullaha və İordaniya xalqına Azərbaycan rəhbərliyinin təşəkkürünü çatdırmışdır.

Bərpa Olunan Enerji üzrə Ərəb Komissiyasının baş katibi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü Saleh Ruşeydat Xocalı soyqırımının dünya tarixində ən kədərli səhifələrdən biri olduğunu bildirmişdir. Bildirilmişdir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Şurasının 9-cu iclasında qəbul edilmiş qətnamənin 3-cü bəndində Parlament İttifaqına üzv qanunverici orqanlar erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlıq əleyhinə cinayət kimi tanımışdır. Xocalı soyqırımının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş cinayətlərin ən dəhşətlisi olduğunu bildirən S.Ruşeydat münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini vurğulamışdır. S.Ruşeydat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırmışdır.

İordaniyanın tanınmış yazıçı-publisisti və jurnalisti, teleaparıcı Sultan Həttab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı faciəsindən və məhv edilmiş bu şəhərin əhalisinin qəddarlıqla qətlə yetirilməsindən danışmışdır.

İordaniyanın bələdiyyələrlə iş üzrə nazirinin müşaviri, BMT-nin İnkişaf Proqramının əlaqələndiricisi Salam Tval Xocalı soyqırımına ədalətli qiymət verilməsi üçün dünya ictimaiyyətinin daha çox məlumatlandırılmasının, bu faciənin törədilməsində rolu olanların cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulamışdır.

Filadelfiya Universitetinin professoru Amer Nizar 1982-1992-ci illərdə Azərbaycanda təhsil aldığını, Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrini öz gözləri ilə gördüyünü diqqətə çatdıraraq bu barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycanlı Qadınlar Komitəsinin sədri Zümrüd Dadaşova da Xocalı faciəsi barədə danışmışdır.

Sonda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı ingilis dilində hazırlanmış film nümayiş etdirilmişdir.

Qeyd edək ki, səfirliyin əsas zalında Xocalı faciəsi ilə bağlı sərgi təşkil edilmiş, iştirakçılara kitablar və digər materiallar paylanmışdır.

Rusiya

Moskva, 25 fevral (AzərTAc). Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğu və Ümumrusiya Azərbaycan Konqresinin “Azərbaycan” Sverdlovsk vilayət ictimai qurumunun təşkilatçılığı ilə Yekaterinburqda “Xocalıya ədalət” adlı konfrans keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü olduğu “Xocalıya ədalət!” beynəlxalq kompaniyası çərçivəsində təşkil edilmiş konfransda Rusiyanın bu regionunda yaşayan soydaşlarımız, vilayət və şəhər administrasiyasının, KİV-lərin nümayəndələri iştirak etmişlər.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciə haqqında film nümayiş etdirilmişdir.

Konfransda Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov çıxış edərək 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində erməni quldurları tərəfindən törədilmiş qanlı hadisələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan xalqına qarşı törədilmiş bu faciə XX əsrin ən qanlı hadisələrindən biridir. Erməni quldur dəstələrinin Xocalı şəhərinə basqını nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyildir. Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu qeyd edən baş konsul bu qanlı hadisələrin erməni millətçi-şovinistlərinin Azərbaycan xalqına qarşı 200 il ərzində davamlı olaraq həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu vurğulamışdır.

S.Qasımov XX əsrin faciəsi olan Xocalı soyqırımının Ermənistan dövlətinin beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə həyata keçirdiyi təcavüzkar və cinayətkar siyasətin davamı olduğunu bildirmişdir. XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu və əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığı vurğulanmışdır.

Tədbirdə “Azərbaycan” Sverdlovsk vilayət ictimai təşkilatının sədri Şahin Şıxlinski, “Xocalıya ədalət!” kampaniyasının Moskva üzrə əlaqələndiricisi Kristina Mojayeva, Sverdlovsk vilayəti Azərbaycan Gənclər Təşkilatının sədri V.Vəliyev və Azərbaycanın Sverdlovsk vilayətində yaşayan fəalları iştirak etmişlər.

Tədbirin sonunda Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilmişdir.

İtaliya

Milan, 25 fevral (AzərTAc). Milanda Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) tərəfindən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar aksiya keçirilmişdir. Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətləri İtaliya ictimaiyyətinə çatdırmaq olmuşdur.

Duomo meydanında keçirilən aksiya zamanı yerli sakinlərə və turistlərə məlumat verilmişdir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu kütləvi qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 1275 dinc sakin əsir götürülmüşdür.

Tədbir çərçivəsində, həmçinin AİGA-nın fəalları, azərbaycanlı tələbələr və Milanda yaşayan soydaşlarımız tərəfindən Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən bukletlər paylanmışdır.

Xatırladaq ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.

Yaponiya

Tokio, 25 fevral (AzərTAc). Azərbaycanın Yaponiyadakı səfirliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirir.

Heydər Əliyev Fondunun dəstəyi ilə səfirlikdə Xocalı soyqırımının qurbanlarına həsr olunmuş fotosərgi təşkil edilmişdir. Sərgidə faciə ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyə göndərilmiş materiallar, o cümlədən “İRS-İsan” jurnalının ingilis və yapon dillərində nəşrləri, kitablar və broşürlər nümayiş etdirilir və ziyarətçilərə paylanılır. Azərbaycan xalqının qan yaddaşına yazılmış faciənin növbəti ildönümü ərəfəsində səfirliyə gələnlərə soyqırımı barədə geniş məlumat verilir.

Bildirilir ki, artıq 22 ildir Azərbaycan dövləti tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görülür. Artıq dünya dövlətləri Xocalı soyqırımını tanımağa başlamışlar. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü olduğu “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının böyük rolu vardır. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Bununla yanaşı, Yaponiya parlamentinə, digər dövlət və hökumət strukturlarına, bu gündoğar ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərə, ali təhsil ocaqlarına və kütləvi informasiya vasitələrinə soyqırımından bəhs edən mətbuat məlumatı və nəşrlər də göndərilir.

Çin

Pekin, 25 fevral (AzərTAc). Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

ÇXR-də yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən olan Xocalı soyqırımı haqqında danışan Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov bildirmişdir ki, “böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdur. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.

Səfir demişdir ki, Xocalıda törədilmiş vəhşiliklər təkcə bir xalqa qarşı yönəlmiş cinayət deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı olan bir qəddarlıq idi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Qeyd olunmuşdur ki, Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Elə bu siyasətin nəticəsidir ki, bir neçə ölkə və beynəlxalq təşkilat Xocalı hadisələrini soyqırımı aktı kimi tanımışdır.

Səfir Lətif Qəndilov Çin ictimaiyyətinin Xocalı hadisələri barədə məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində iki il əvvəl fəaliyyətə başlamış www.huojiali.com saytının səmərəli fəaliyyətini də qeyd etmişdir. Bu istiqamətdə Çində yaşayan və təhsil alan azərbaycanlıların daha fəal olmalarının əhəmiyyəti vurğulanmışdır.

Tədbirdə Qarabağ hadisələrinin şahidləri olanlar erməni millətçilərinin törətdikləri qırğınlar barədə danışmışlar. Qeyd olunmuşdur ki, heç bir cinayət cəzasız qalmadığı kimi, xalqımıza qarşı olan bu cür əməlləri törədənlər də gec-tez öz layiqli cəzalarını alacaqlar. Bu gün Azərbaycan rəhbərliyi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün məqsədyönlü siyasət aparır, sülh danışıqlarına sadiq olan ölkəmiz ordu quruculuğuna, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsinə böyük diqqət göstərir.

Sonda Xocalı hadisələrindən bəhs edən videofilm nümayiş olunmuşdur.

 

Respublika.-2014.-26 fevral.-S.13.