Xocalı soyqırımından 22 il ötür

 

Bakı, 26 fevral (AzərTAc). Xalqımızın  böyük faciələrindən biri olan Xocalı soyqırımından 22 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmiş, sakinlərə amansızlıqla divan tutmuş, onları vəhşicəsinə, ağlasığmaz işgəncələrlə qətlə yetirmişlər.

Erməni təcavüzkarlarının xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın - Xocalı faciəsi 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşağın həyatına son qoymuşdur. 1275 dinc sakin əsir götürülmüş, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir. 487 nəfər şikəst olmuşdur. Səkkiz ailənin bütün üzvləri öldürülmüşdür. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir.

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.

Bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral - “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmişdir. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanır. Böyük Öndərin 1997-ci il 25 fevral tarixli Sərəncamına əsasən, hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1996-cı ildə xocalılılarla görüşən ümummilli lider Heydər Əliyev bu faciəsinin tarixin ən qanlı səhifələrindən biri olduğunu qeyd etmişdir.

Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmış, bu abidə Prezident İlham Əliyevin qayğısı ilə yenidən qurulmuşdur. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.

Prezidenti İlham Əliyev 2012-ci il yanvarın 17-də soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” xüsusi Sərəncam imzalamışdır.

2012-ci il fevralın 26-da Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ümumxalq yürüşü ilə yad edilmişdir. Yürüşdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər. Paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. Bu ümumxalq yürüşünü Xocalı soyqırımı ilə bağlı aparılan genişmiqyaslı işin kulminasiya nöqtəsi də hesab etmək olardı. Bu yürüş xalqımızın həmrəyliyini, öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

Bu gün Xocalıdan olan məcburi köçkünlər respublikamızın 50 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. Yaşayış şəraiti ağır olan Xocalı ailələri üçünyeni qəsəbələr salınmış, binalar tikilmişdir. Dövlətimizin başçısı onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması işini daim diqqətdə saxlayır.

Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun bu mövzuda çox sayda nəşrləri, filmləri demək olar ki, dünyanın bütün ölkələrinə çatdırılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın  təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyildir ki, 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul etmişdir.

“Xocalıya ədalət!” Beynəlxalq informasiya kampaniyası hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmişdir.

Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncam imzalamışdır.

Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır. Xocalı faciəsinin müxtəlif ölkələrin parlamentlərində və digər qanunverici orqanlarında tanıdılması istiqamətində ciddi addımlar atılır. Bu sistemli artıq nəticəsini verir.

2011-ci ildə Meksika Konqresinin Deputatlar Palatası da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmişdir. Qərarda Xocalıda erməni silahlı qüvvələrinin məhz soyqırımı törətdiyi qəti şəkildə pislənir, münaqişənin hələ də həll olunmamış qalması təəssüflə qeyd olunur.

2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının tanınması barədə qətnamə, Kolumbiya Senatı da Xocalı faciəsinin xalqımıza qarşı soyqırımı olduğunu qəbul etmişdir. Elə həmin ildə Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasında Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı keçirilən toplantıda bəyanat qəbul olunmuşdur. ABŞ-ın Texas ştatının Nümayəndələr Palatası da Xocalı qətliamının 20-ci ildönümü ilə bağlı qətnamə qəbul etmişdir. Bu qətnamə Texas qanunvericilərinin Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi ikinci sənəd idi. İlk sənəd isə 2011-ci ildə qəbul edilmişdir. ABŞ-ın MassaçusetsCorciya ştatları da Xocalı soyqırımı ilə bağlı Ermənistanı ittiham edən müvafiq sənədləri  qəbul etmişlər.

Ötən ilin ilk iki ayında ABŞ-ın bir neçə ştatı, o cümlədən Nyu- Cersi, Nyu-Meksiko, Arkanzas ştatlarının Nümayəndələr palataları da Xocalıda baş verənləri soyqırımı kimi tanımışlar.

ABŞ-da yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə evin rəsmi veb-səhifəsində “Biz xalqıq” bölməsində petisiya yerləşdirmişlər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atmışdır.

Ötən il Rumıniya Parlamenti Deputatlar Palatasındakı Demokratik Liberal Partiyasının Parlament Qrupu da “Dağlıq Qarabağ münaqişəsi”nə dair siyasi bəyanat qəbul etmişdir. Bəyanatda Rumıniya Parlamenti qətliamı təkcə tanımaqla kifayətlənmir, eyni zamanda, həm BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin, həm də Xocalıda günahsız mülki əhaliyə qarşı törədilən soyqırımının beynəlxalq cinayət kimi tanınmasını tələb edir. Ötən il Çex Respublikasının  Parlamenti də Xocalı soyqırımını rəsmən tanımışdır. Bununla da, Çex Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur. Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmasına çağıran BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl edilməsi tələb olunur.

Bu il Honduras Milli Konqresi də Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul etmişdir. Bu qərarı Honduras Respublikasının Prezidentixarici işlər naziri təsdiq etmişdir. Cari ildə Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında 53 dövlətin parlament nümayəndələri də Xocalı faciəsinin soyqırımı kimi tanınmasında həmrəylik ifadə etmişlər. Sessiyada “İƏT Parlamentlər İttifaqı və İslam Konfransı Gənclər Forumu arasında əməkdaşlıq” adlı qətnamədə növbəti dəfə Xocalı faciəsi “soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət” kimi qiymətləndirilmişdir.

Xocalı soyqırımından 22 il keçir. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda tam hüquqi qiymət verilməmişdir. Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi sənədlərdə XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə Ermənistanın təcavüzkar siyasətinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı kimi ağır cinayətə görə siyasi-hüquqi məsuliyyətin birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşdüyü qeyd olunur.

Prezident İlham Əliyevin bu məsələdəki qətiyyəti, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəkdir.

 

  Respublika.-2014.- 27 fevral.- S.3.