Uluxanlıdan başlayan yol

 

Onu həyatda ilk dəfə idi ki, görürdüm. Bəyaz paltarı zərif qamətinə çox yaraşırdı. Mehriban çöhrəsi ilə ciddi görkəmi gözəl bir vəhdət yaratmışdı. Üzünü mənimlə birgə gedən fotomüxbirə tutub: “Siz hazırlaşanadək, özümə bir əl gəzdirsəm olarmı?”- deyə nəzakətlə soruşdu. Yan otağa keçib qayıtmağı isə çox çəkmədi. Kresloya əyləşib işləmək üçün fotomüxbirə şərait yaratdı. O, bir neçə məqamı lentə köçürüb işini bitirdi və sağollaşıb çıxdı.

Bu yazımızın qəhrəmanı üçün heç nə təsadüfi olmayıb. Böyük zəhmət çəkib, heç kimə arxalanmayıb, heç kəsin kölgəsində daldalanmayıb. Bəlkə elə ona görə də tutduğu vəzifələrlə öyünməyən, sadəcə daxilində sevinc, qürur hissi yaşayan bu insan cəmiyyətdə kifayət qədər tanına bilib, özünə hörmət qazanıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, əməkdar memar, professor, millət vəkili Gülçöhrə Məmmədovanı yəqin ki, çoxları tanıyır...

... Qış imtahan sessiyasının qızğın çağı olsa da, nə vaxtının azlığından, nə də işinin çoxluğundan gileyləndi, söhbət üçün vaxt məhdudiyyəti də qoymadı. Bu ilk təəssürat  söhbətimizin səmimi keçəcəyinə bir əminlik yaratdı.

...Əslən İrəvan quberniyasının Uluxanlı bölgəsindəndir. Atası Hüseyn Məmmədov  Sovet dövründə Moskvada Ali Partiya məktəbini bitirmiş, bütün həyatı boyu məsul vəzifələrdə çalışmışdı. Evləri düz İrəvanın mərkəzində yerləşirdi. O, doğulanda isə Hüseyn müəllim Vedidə məsul vəzifədə idi. O zaman indiki Ermənistanda azərbaycanlılar çoxluq təşkil edirdi. Azərbaycanlıların yaşadığı kəndlərdə adət-ənənələr, milli ruh çətinliklə də olsa, qorunub saxlanılırdı. Bu yerlərin gözəlliyinə uşaqlıqdan vurulmuşdu. Laləli, yovşanlı, kəklikotulu düzlər, şırıltı ilə axıb gedən, buz kimi suyu diş sızladan Zəngi çayı, qohumlarının məskən saldığı Zəngibasar kəndi. Uşaqlıq xəyalının əlçatmaz zirvələrində ilişib qalan xoş xatirələr: Novruz tonqalları, igidlərin qara zurnanın “Cəngi”si altında qurşaq tutub güləşməsi, yallı getməsi, qız-gəlinlərin biş-düşü, nənələrin şirin-şəkər nağılları indi bir yuxu kimi gəlir. O yerlərin insanları da fərqli görünürdü ona - saflığı, təmizliyi, əməksevərliyi ilə. Torpağa çox bağlı idilər. Bütün bunları hələ uşaq ağlı ilə o vaxt çox gözəl dərk edirdi Gülçöhrə xanım. Onların nə vaxtsa torpaqdan, işdən-gücdən ayrı düşəcəklərini, doğma yurdlarına həsrət qalacaqlarını ağlına belə gətirmirdi. Təəssüf ki, bəzən ağlına gəlməyən başına gəlir insanın. 1988-ci ilin son deportasiyası çoxları kimi Gülçöhrə xanımı da qayğısız uşaqlığının, yeniyetməliyinin keçdiyi, indi doğmalarının ruhu dolaşan yerlərə həsrət qoydu...

Gülçöhrə xanım aramla, zərif təbiətinə uyğun xanımlıqla danışırdı. Xatirə xatirəni, söhbət söhbəti çəkirdi. Həyatının mənalı, maraqlı, qayğısız günlərini, anlarını xatırlayırdı. Əlçatmaz uşaqlığından, torpaq nisgilindən, Vətən həsrətindən danışırdı.

- Qohumlarım yaşayan kəndlərdə çox olmuşdum, demək olar ki, bütün kəndləri gəzmişdim. Çox sevirdim kənd həyatını, həmişə ailəlikcə gedər, orada özümüzü çox rahat hiss edərdik, çünki doğma bir mühit vardı. İndi düşünəndə ki, o yerlər düşmən əlindədir... Bu ağrını valideynlərim daha çox hiss edirdi. Asan deyildi, orada doğulmuş, böyümüş, həyatlarının çox hissəsini yaşamışdılar. O yerdə doğmalarının qəbirləri qalmışdı. Acılı-şirinli xatirələr qalmışdı o yerlərdə. Torpaq müqəddəsdir, onun böyük cazibə qüvvəsi var, insanı harada olsa özünə çəkir. Hərdən doğulduğum o yerlərə dönmək istəyirəm, yeniləşmək, torpaqdan qüvvə almaq üçün. Bu boşluğu doldurmaq üçün isə tez-tez bölgələrimizə gedir, insanlarla görüşürəm. Bu, mənə mənəvi güc verir.

1970-ci ildə Məmmədovlar ailəsi İrəvandan Bakıya köçəndə Gülçöhrə orta məktəbin onuncu sinfində oxuyurdu. O, təhsilini burada başa vurdu, tələbə oldu. Sonralar elmi işlərə daha çox vaxt ayırdı.

Zaman, mühit, geridə qalan illər istəsək də, istəməsək də insanı çox dəyişir. O da dəyişdi: daha da ciddiləşdi, zəhmətə qatlaşmağa öyrəşdi, məqsədinə çatmaq üçün bir çox şeylərdən imtina etməyi bacardı, ən əsası insanlara münasibəti başqalaşdı, hər şeyi daha dərindən dərk etməyə başladı. Əlbəttə, bir qədər sərtləşdi də...

1999-cu ildə doktorluq dissertasiyasını uğurla müdafiə edən Gülçöhrə Məmmədovaya böyük etimad göstərildi. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinə rektor təyin edildi. Daha sonra millət vəkili seçildi. Beləliklə də onun zərif qadın çiyinlərinin üzərinə düşən yükün çəkisi bir az da artdı. Bununla bərabər məsuliyyəti də çoxaldı. Çalışdı ki, işləri həmişə rəvan getsin, eyni zamanda ailəsi onun işləməyinin əziyyətini çəkməsin. Xeyir-şərdən qalmadı. Ətrafdakılardan qayğısını əsirgəmədi. Hərdən teatra, konsertə getməyə də vaxt tapdı, istədi ki, həyatı darıxdırıcı, cansıxıcı, mənasız yox, rəngarəng olsun.

Gülçöhrə xanım böyük bir kollektivə rəhbərlik edir. O, novator rəhbərlərdəndir, yenilikdən qorxmur, çəkinmir. Təbii ki, hər şeyi düşünülmüş şəkildə edir. Təhlillər, müqayisələr aparır. Deyir ki, bugünkü gənclər 90-cı illərin gənclərindən çox fərqlənir, onların dünyagörüşü daha genişdir, dünyanı daha yaxşı başa düşürlər, məlumatlıdırlar, praqmatikdirlər, nə istədiklərini yaxşı bilirlər, kor-koranə hərəkət etmirlər. Ali savad almaq, yaxşı işdə işləmək, yaxşı yaşamaq istəyir, buna can atırlar. Bəziləri hətta təhsilini xaricdə davam etdirir. Təəssüf ki, onların bir qismi bütün bunlara daha tez, zəhmət çəkmədən, əziyyətsiz nail olmaq istəyir. Bəlkə, bu da həyatın diqtəsidir.

O, təhsilimizin səviyyəsindən də danışdı, uğurlarla yanaşı, çatışmayan cəhətləri də təəssüf hissi ilə qeyd etdi. Bütün bu halların səbəbini isə təhsilə münasibətin yanlışlığında gördüyünü dedi: Doğrudur, təhsil strukturunda çox şey etmək lazımdır, ancaq ilk növbədə ona münasibəti dəyişməliyik. İndi hamı təhsildən danışır, kütləvi informasiya vasitələri bu sahənin yalnız və yalnız mənfi cəhətlərini qabardır. Bununla biz müəllimə, milli təhsilimizə inamımızı, hörmətimizi itirmiş olur, onu nüfuzdan salırıq. Təhsil cəmiyyətin böyük hissəsini təşkil edir. Hər bir ailədə uşağa, məktəbə, təhsilə, müəllimə hörmət hissi aşılanmalıdır. Bəzi neqativ halları isə bu qədər də şişirtmək lazım deyil. Biz yaxşıları nümunə gətirməklə, yaxşılardan, yaxşı işlərdən danışmaqla daha çox şeyə nail ola bilərik.”

Onu da deyək ki, Gülçöhrə Məmmədova təkcə rəhbər işçi kimi deyil, millət vəkili kimi də cəmiyyətdə baş verən proseslərdən kənarda qalmır. Bu, hər şeydən öncə, ölkənin ali məclisində qanunların müzakirəsində və qəbul edilməsində özünü büruzə verir. İstər qanunların yazılmasında, hazırlanmasında, istərsə də onlara dəyişikliklərin edilməsində müəyyən qədər öz səlahiyyətləri çərçivəsində bu proseslərə təsir də edə bilir. Cəmiyyətdə münasibətlərin düzgün qurulması, dövlətin yaşaması, inkişafı üçün hüquqi əsasların yaradılmasına öz töhfəsini verməyə çalışır. Məsələ burasındadır ki, hər bir qanun gələcəyə hesablanır və bəzən onun nəticələrini görmək üçün illər lazım gəlir. Və yəqin ki, bu gün qəbul edilən bu qanunların sabah müsbət nəticəsini görəndə onun da öyünməyə haqqı olacaqdır. Millət vəkili kimi əməyinin real nəticəsini də görə bilir. Öz seçicilərinə kömək edəndə, hansısa prosesə qoşulub problemin həllinə nail olanda gördüyü işdən razı qalır, bir növ borcunu yerinə yetirmiş kimi sayır özünü: “Mən Goranboy-Tərtər bölgəsi üzrə millət vəkili seçilmişəm. Seçicilərlə mütəmadi görüşürəm. Bəzən fərdi müraciətlər olur. Təbii ki, kömək etməyə çalışıram. Elə məsələ var ki, onun həlli  bizdən asılı deyil. Məlumdur ki, təmsil etdiyim bölgədə suya olan tələbat Sərsəng su anbarının hesabına ödənilir. Ermənilər xüsusən yay aylarında suyun qarşısını kəsir və bununla da əhalini çətin vəziyyətə salırlar. Problemin həlli üçün müxtəlif yollar aramışıq. Vəziyyətdən çıxmaq üçün bu yerlərdə artezian quyularının sayının, lazımi avadanlıqların, ehtiyat hissələrin bir qədər artırılmasına nail olmuşuq. Doğrudur, bu, problemi tam həll etmir, ancaq hələ ki, real vəziyyətlə barışmaq məcburiyyətindəyik. Yaman günün ömrü az olur.”

İstər milli, istərsə də dini adət-ənənələrə hörmətlə yanaşmaq hər birimizin borcudur. Bu, insana digər vəzifəsini, borcunu anlamağa, dərk etməyə kömək edir. Gülçöhrə xanımın bununla bağlı fikirləri də maraqlıdır:

-Anam çox etiqadlı insan idi, mən tez-tez onu əllərini Haqqın dərgahına açıb dua edən görərdim: “Sənə olan sevgilərini balalarımın qəlbindən çıxarma” deyərdi. Bizimlə söhbətində tez-tez Tanrı sevgisindən danışardı: “Qəlbinizdə yaradana sevgi varsa, qalan bütün xoşbəxtlikləri o, özü verəcək sizə.” Dünyanı dərk etmək istəyimin ən qaynar çağlarında bu söhbətlər çox köməyimə gəlirdi. Anlayırdım ki, ürəyində Allah xofu olan yalan danışmaz, haram yeməz, böhtan atmaz, pis hisslərdən uzaq olar... Biz belə böyüyürdük: qəlbimizdə Tanrı sevgisi, içimizdə allah xofu. Həyat çox qəribədir. Bəzən varlı, imkanlı insanların bədbəxt, fərsiz övladlarını, kasıbçılıq  içində xoşbəxt yaşayan ailələri görmüşük. Yaxşı yaşamağa hər kəsin haqqı var, lakin var - dövlət hər şeyi həll etmir. Hər şey yerində və qədərində olanda daha gözəldir.

Onunla söhbət etmək maraqlı idi. Danışır, danışdıqca daxilindəki zəriflik, zənginlik açıqca duyulurdu. Nədənsə, həmişə idarəetmə sahələrində çalışan qadınları quru, ötkəm, bir az da ev-eşik qayğılarından uzaq təsəvvür edirik. Ancaq Gülçöhrə xanımı yaxından tanıdıqca, bu təsəvvürlərin yanlışlığına bir daha əmin olursan. Çünki ötən bu illərdə o qadın, ana, rəhbər işçi kimi üzərinə düşən hər bir vəzifəni layiqincə yerinə yetirməyə çalışdı, etimadı doğrultdu, evdəkiləri , işdəkiləri ev qayğıları ilə yükləmədi. Hər şeyin yerini bildi, hər şeyi qədərində etdi.

Həyatda pillə-pillə ucalanda, zəhmət, alın təri ilə yüksələndə uğurlar səni daha çox sevindirir. Doğrudur, hər kəsin həyat yollarında ona düzgün yol göstərən, onu istiqamətləndirən, büdrəyəndə qolundan tutan xeyirxahlar olur. Lakin çox şey insanın özündən asılıdır.

 

Zümrüd QURBANQIZI,

Respublika.-2014.- 28 fevral.- S.5.