BİR
GECƏNİN DƏHŞƏTLƏRİ
Artıq 22 ildir ki, xalqımız soyuq bir qış gecəsində törədilmiş insanlığa sığmayan, dəhşətli bir soyqırımın ağrısını yaşayır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ tarix belə müsibət, belə vəhşilik görməmişdi. Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağdakı ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalını zəbt edərək bu qədim Azərbaycan şəhərini yerlə-yeksan etdi. Qana susamış düşmən heç kimə - qadına, qocaya, uşağa, hətta südəmər körpəyə belə rəhm etmədi. O müdhiş gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 100 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, yüzlərlə insan əsir düşdü, girov götürüldü.
Yaddaşımıza qara hərflərlə yazılan Xocalı soyqırımı illər, əsrlər ötsə belə bu xalqın yaddaşından silinməyəcək. Bu gün ölkəmizin hər yerində Xocalı faciəsinin 22-ci ildönümü qeyd edilir. İdarə və təşkilatlarda, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində tədbirlər keçirilir, faciəni əks etdirən foto və rəsm sərgiləri təşkil olunur, məktəblilər arasında inşa yazı müsabiqələri aparılır, faciənin şahidləri, şəhid ailələri ilə görüşlər keçirilir.
Səbail rayonundakı 236 saylı tam orta məktəbdə də şagirdlərin, müəllim kollektivinin və valideynlərin iştirakı ilə bəşəri cinayət kimi tarixə yazılmış Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi. İlk olaraq Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə məktəbin direktor müavini Baba Bayramov açaraq dedi: “Xocalı faciəsi xalqımızın tarixində ən dəhşətli faciədir. Bu faciə ermənilərin xalqımıza qarşı 200 il ərzində həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Düşmənin bu faciəni törətməkdə məqsədi tarixi, əzəl torpaqlarımızı ələ keçirməklə yanaşı, həm də xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini də qırmaq idi. Doğrudur, bu gün dədə-baba yurd yerlərimizin bir hissəsi, o cümlədən də Xocalı düşmən tapdağı altındadır. Lakin mənfur düşmən bununla öz niyyətinə çatmadı və çatmayacaq. Xocalılılar o dəhşətli gecədə müasir silahlarla silahlanmış düşmən qarşısına əliyalın çıxaraq axır qanlarına qədər vuruşdular. Mənfur xislətli düşmən onların vətən məhəbbətini, mübarizə əzmini qıra bilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımını hər birimiz yaddaşımıza həkk etməli, düşmənə nifrət hissini özümüzdə yaratmalıyıq. Bu faciə bizim qan yaddaşımızdır”.
Məktəbin direktor müavini Yaqut İslamova da həmin gecə xalqımıza qarşı törədilən vəhşilikdən ürəkağrısı ilə danışdı. O dedi: “Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrünə qədər tarix və mədəniyyət ənənələrini özündə yaşadan Xocalı şəhəri bir gecədə yerlə-yeksan edildi. Belə ki, təkcə Azərbaycana deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş bu cinayət həm də dünya mədəniyyətinə edilən zorakılıq aktıdır. Burada maddi mədəniyyət abidələrinin və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsidir. Bu qanlı cinayət cəzasız qalmayacaq. Tez və ya gec tarix öz ədalətli hökmünü çıxaracaq. Bu işdə biz müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Biz gənc nəsli Vətən, xalq uğrunda canlarından keçənlərə məhəbbət, düşmənə isə nifrət hissi ilə tərbiyə etməliyik”.
Sonra Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəlalə Mustafayeva, musiqi müəllimi İlahə Quliyeva və sinif rəhbəri Mehparə Səlimovanın təşkilatçılığı ilə məktəbin V, VI, VII sinif şagirdlərinin hazırladıqları “Xocalı - qan yaddaşımızdır” adlı ədəbi-bədii kompozisiya yaddaşları bir daha təzələdi. Uşaqlar söylədikləri şeir, hazırladıqları səhnəciklərlə xalqımıza qarşı törədilən soyqırımın ağrı-acısını böyük kədər hissi ilə ifadə etdilər. Bu, həm də soyqırım qurbanlarının xatirəsinə ehtiramın təcəssümü idi.
Mehparə Əliyeva,
Respublika.-2014.- 28 fevral.- S.6.