CƏLİLABAD: SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ

 

Cəlilabad rayonunda iqtisadi sosial quruculuğu inkişaf etdirmək  sahəsində məqsədyönlü layihələr həyata keçirilir. Bu günlərdə rayonun 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında bu barədə ətraflı bəhs olundu.

Yığıncaq iştirakçıları tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, rayonun iqtisadi və mədəni həyatını əks etdirən sərgiyə baxdılar. Sonra rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Cəlilabad rayonunun 2013-cü ildə iqtisadisosial inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi.

Qeyd olundu ki, 2013-cü il Azərbaycanın xarici siyasətində, iqtisadi, sosial və mədəni sahələrdə qazanılmış nailiyyətlər baxımından uğurlu olmuşdur. Bu gün ölkəmiz regionda həlledici mövqeyə malik lider dövlətə  çevrilmişdir. Dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olmuş, regionalqlobal əhəmiyyətli sənədlərə imza atmışdır. Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda qeyd etdiyi kimi Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır.

2013-cü il ölkənin bütün bölgələrində olduğu kimi, Cəlilabad rayonu üçünuğurlu olmuşdur. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələr rayonda ardıcıl surətdə yerinə yetirilmiş, çoxlu əmək qələbəsinə imza atılmışdır. Son vaxtlar rayonda bütün sahələr intensiv surətdə inkişaf etdirilmiş, tikinti-abadlıq işlərinə xüsusi fikir verilmiş, yaşayış məntəqələri öz simasını yaxşılığa doğru xeyli dəyişmiş, vətəndaşların həyat səviyyəsi yüksəlmişdir.

Prezident İlham Əliyev ötən il Cəlilabad rayonuna səfəri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündə demişdi: “Çox şadam ki, Cəlilabadın inkişafı sürətlidir. Rayon simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir, köhnə binalar bərpa edilir. Bir sözlə inkişaf, dinamika varbu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir”.

Bu sözlər real vəziyyəti, əsl həqiqəti əks etdirir, indi  rayonda inkişaf tendensiyası yüksək sürətlə davam edir. Ötən il ərzində tikinti-abadlıq işləri geniş vüsətlə davam etdirilmiş, şəhər və kəndlər bütünlükdə abadlaşan  diyara çevrilmişdir. Əsas kapitala yönəldilən investisiyalar 52 milyon manata çatmışdır ki, bu da əvvəlki ildəkindən 36 dəfə çoxdur. Heydər Parkı əsaslı şəkildə yenidən qurulmuş, burada ulu öndərin yeni əzəmətli abidəsi ucaldılmış, 120 çarpayılıq yeni xəstəxana, 120 yerlik uşaq bağçası, 640 şagirdlik 2 saylı Cəlilabad şəhər orta məktəbi istifadəyə verilmişdir. Hazırda Cəlilabad şəhərində Heydər Əliyev Mərkəzinin, Göytəpə şəhərində Heydər Əliyev parkının və mədəniyyət evinin tikintisinə başlanılmışdır. Bir sıra kənd məktəbləri, Cəlilabad şəhər məscidi əsaslı təmir olunur, yaşayış məntəqələri müasir üslubda abadlaşdırılır.

Yolların yenidən qurulması istiqamətində çox böyük miqyasda aparılmışdır. Ələt-Astara magistral yolunun rayonun ərazisindən keçən hissəsində bir sıra təmir işləri aparılmış, yolun kənarlarına 1500 ədəd ağac əkilmişdir. 24 min əhalisi olan 14 yaşayış məntəqəsini əhatə edən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı, 33 min nəfərlik əhalinin yaşadığı 21 kəndi birləşdirən 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Boyxanlı yolunun tikintisi başa çatdırılmış,  45 kəndi əhatə edən 72 kilometrlik Cəlilabad-Yardımlı yolunun çəkilişi sürətlə davam etdirilir. Hazırda Cəlilabad şəhərində sukanalizasiya sistemlərinin yenidən qurulması işləri gedir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində ötən il sənayenin inkişafı artan dinamika ilə getmiş, ümumi daxili məhsulun və istehsal olunan sənaye məhsulunun həcmi artmışdır. Son illərdə fəaliyyətə başlayan “Cəlilabad-şərab-2” ASC-nin, “KristalMMC-nin, “Voodpeçker” və “Namiq-94” mebel fabriklərinin, “AvanqardMMC-nin istehsal etdikləri şərab, konserv, mebelun məmulatlarına təkcə respublikada deyil, MDB məkanında da tələbat getdikcə artır.

2013-cü ildə rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə xeyli  uğur qazanılmış, kənd təsərrüfatı məhsulları istehsalı 2012-ci illə müqayisədə 3,4 dəfə  artmışdır. İl ərzində 139 milyon 519 min manatlıq məhsul istehsal olunmuşdur ki, bunun da 90 milyon 546 min manatı və ya 47 faizi bitkiçiliyin, 102 milyon 973 min manatı və ya 53  faizi heyvandarlığın payına düşür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən kənd təsərrüfatı istehsalçılarına yanacaq almaqbuğda əkmək üçün dövlət yardımlarının verilməsi, güzəştli şərtlərlə gübrələrin və buğda toxumlarının satılması aqrar bölmənin inkişaf etdirilməsində güclü stimul yaratmışdır.

Ənənəvi sahə olan taxılçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmiş, torpaq mülkiyyətçilərinə 5 milyon 264 min manat məbləğində yardım verilmiş, onlara 2870 ton gübrə güzəştli şərtlərlə satılmışdır. Bunun nəticəsində 65550 hektar sahənin hər hektarından 20,1 sentner məhsul götürülməklə 127,5 min ton taxıl istehsal edilmişdir ki, bu da əvvəlki ildəkindən 11 min ton çoxdur. Ümumi məhsulun tərkibində buğdanın xüsusi çəkisi 90 faizdən çox olmuşdur. Moskva” dövlət  kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin bazasında özəl toxumçuluq təsərrüfatı yaradılmış və bu tədbir gələcəkdə taxılın məhsuldarlığını hər hektardan 50 sentnerə çatdırmağa imkan verəcəkdir.

Cəlilabadda üzümçülüyüninkişaf etdirilməsinə diqqət artırılmışdır. Üzümlüklərin genişləndirilməsi, müvafiq emal müəssisələrinin yaradılması sahəsində məqsədyönlü aparılır. Xaricdən gətirilən yüksək məhsuldar üzüm tingləri hesabına üzümlüklərin  5700 hektara çatdırılması nəzərdə tutulur.

Hazırda təsərrüfatlarda 100 min baş mal-qara, 122 min başdan çox davar bəslənilir. Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi sayəsində ötən il 19,7 min ton ət, 77,5 min ton süd, 39,8 milyon ədəd yumurta istehsal olunmuşdur ki, bu da 2012-ci ildəkindən müvafiq olaraq bütün növlər üzrə xeyli artıqdır. Süni mayalandırma tədbirlərinin vaxtlı-vaxtında  keçirilməsinin nəticəsində hər min baş ana inəkdən 785 baş sağlam bala alınmışdır. “Cəlilabad-broyler” ASC istehlakçılara diri və kəsilmiş quş əti satışında uğurla işləyir. Cəlilabad şəhərində qapalı ət satışı məntəqəsinin tikintisi başa çatmaq üzrədir. Yaxın vaxtlarda Göytəpə şəhərində, Üçtəpə, Günəşli, Allar kəndlərində də belə məntəqələrin yaradılması nəzərdə tutulmuşdur.

2013-cü ildə 82,8 min ton kartof, 1,3 min ton tərəvəz, 310   ton bostan məhsulları, 1,4 min ton meyvə və digər məhsullar tədarük edilmişdir. Yetişdirilmiş məhsulların saxlanılması üçün tədbirlər həyata keçirilmiş, taxıl anbarları, soyuducu kameralar tikilib istifadəyə verilmişdir. Bakı şəhərinin yarmarkalarına yerli sahibkarlar tərəfindən 35 adda kənd təsərrüfatı məhsulları çıxarılmışdır.

İş adamlarına əlverişli şəraitin yaradılması nəticəsində ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq 98 faizə çatmışdır. 2013-cü ildə  kənd təsərrüfatı və kommersiya fəaliyyətinə yönəldilən kreditlər yeni istehsal sahələrinin yaradılmasına və məhsul bolluğuna, eyni zamanda yeni yerlərinin yaradılmasına müsbət təsir göstərmişdir.

Yığıncaqda qeyd edildi ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi birinci dərəcəli vəzifədir. Rayon iqtisadiyyatının inkişafı işçilərin orta aylıq əmək haqqının yüksəlməsinə səbəb olmuşdur. Rayon rəhbərliyi, əlaqədar təşkilatlar aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, təqaüdçülərə, əmək və müharibə veteranlarına, ahıllara sosial yardımların göstərilməsi sahələrində öz təşkilatçılıq səylərini uğurla səfərbər edə bilmişlər. İl ərzində pensiyaçılara 40,3  milyon manat vəsait ödənilmişdir ki, bu da 2012-ci ildə olduğundan 1,4 milyon manat çoxdur. İşləyən sığorta olunanlara 713,3 min manat müavinət ödənilmişdir ki, bu da ötən ilin eyni dövründəkindən 46,7 min manat çoxdur. Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən aztəminatlı ailələrə, müharibə iştirakçılarına, əlillərə və  ahıllara xeyli müavinət verilmişdir, tənha şəxslərə sosial-məişət xidməti göstərilmişdir.

Sakinlərə müxtəlif xidmətlərin göstərilməsi yaxşılaşmışdır. 2012-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi, pullu xidmət, rabitə və məişət xidməti artmışdır. Vətəndaşlara və müəssisələrə nəqliyyat xidməti gücləndirilmiş, bir sıra yaşayış məntəqələrinə yeni avtobus marşrutları açılmışdır.

Rayon əhalisini elektrik enerjisi və təbii qazla təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Cəlilabad şəhərində, Uzuntəpə, Hasıllı, Qarazəncir, Abdullu kəndlərində 2 kilometrlik SİP kabelləri çəkilmiş, Göytəpə şəhərində, Əliqasımlı və Sərhədabad kəndlərində 5 kilometrlik yararsız naqillər yeni kabellərlə əvəz olunmuş, Uzuntəpə və Bəcirəvan kəndlərində yeni transformatorlar quraşdırılmış, Cəlilabad şəhərində və Allar kəndində 1688 ədəd SMART tipli sayğac quraşdırılmışdır. Digər yaşayış məntəqələrində 8,3 kilometrlik elektrik naqili, 139 elektrik dirəyi, 20 transformator əsaslı təmir olunmuşdur. Cəlilabad-Uzuntəpə yeraltı qaz kəmərinin 3,8  kilometrinin polietilen borularla əvəz olunması qurtarmış, yeni qazpaylayıcı stansiya istismara verilmiş, korroziyaya uğramış borular yenisi ilə əvəz edilmişdir. Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfəri zamanı verdiyi tapşırığa əsasən Göytəpə şəhərində qaz xətlərinin dəyişdirilməsinə, bir sıra kəndlərin qazlaşdırılmasına başlanılmışdır.

Təhsilin inkişaf etdirilməsi və yeni məktəb binalarının tikilməsi prioritet vəzifəyə çevrilmişdir. Hesabat ilində 5 məktəb binası istifadəyə verilmiş, 2 məktəb binasının inşasına başlanılmış, daha 2 məktəb binasının inşasına dair layihə-smeta sənədləri hazırlanmışdır. Hazırda Cəlilabad şəhər 2 saylı orta məktəb üçün 640 yerlik, Sabirabad kənd 1 saylı orta məktəbi üçün 180 yerlik, Zəhmətabad kənd orta məktəbi üçün 80 yerlik yeni binalar  şagirdlərin istifadəsinə verilmişdir. Həziabad kənd orta məktəbi üçün 360 yerlik tədris binası inşa olunur. Cari ildə Məmmədrzalı, İncilli, Cəfərli, Kövüzbulaq kəndlərində məktəblərin tikintisinə başlanacaq.

Görülən tədbirlərin sayəsində ümumtəhsil müəssisələrinin 43-ü beş günlük həftəsinə keçmişdir. Ötən il ali məktəblərə 343 nəfər məzun qəbul olunmuşdur. Bu isə təhsilin keyfiyyətinin yaxşılaşdırılması deməkdir. Diqqətəlayiq haldır ki, məzunlardan 82-si C.Naxçıvanski adına Hərbi liseyə, 18-i Heydər Əliyev adına Hərbi Akademiyaya, 7-si Dövlət Sərhəd Akademiyasına, 12-si Fövqəladə Hallar Akademiyasına, 9-u Ali Hərbi Tibb məktəbinə qəbul olunmuşlar.

Əhaliyə səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlmişdir. Profilaktiki tədbirlərin vaxtında görülməsi sayəsində infeksion xəstəliklər ləğv olunmuşdur, vərəmə qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Ana ölümünə yol verilməmiş, uşaq ölümü respublika səviyyəsindən az olmuşdur. İl ərzində imtiyazlı xəstələrə 256 min manatlıq pulsuz dərman preparatları verilmişdir. 27 həkim ixtisasartırma kurslarında olmuş, 17 həkim sertifikat almışdır. Xəstəxanalarda xeyli təmir işləri aparılmış, müasir avadanlıqlarla təchizat gücləndirilmişdir.

Mədəni xidmətin yaxşılaşdırılması sahəsində də xeyli irəliləyiş vardır. Heydər Əliyev Yaradıcılıq Mərkəzinin yaradılması rayonun mədəni həyatında mühüm hadisə olmuşdur. İncəsənət məktəbinin şagirdlərinin əl işləri Yaponiyada nümayiş etdirilmiş, həmin məktəbin muğam ifaçıları respublika yarışlarında layiqli yer tutmuşlar. Tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti xeyli yaxşılaşmışdır. Rayonda 8 turizm obyekti işləyir, mərkəzi kitabxanada kitabların sayı 563600 nüsxəyə çatdırılmışdır.

Gənclərlə işin səmərəsi artırılmış, idman yarışlarında diqqət çəkən uğurlar qazanılmışdır. Hazırda rayon gəncləri arasında yüzlərlə dərəcəli idmançı və 120 medalçı vardır, təcrübəli məşqçilər kontingenti fəaliyyət göstərir. İdmançılardan Etiqad Abdullayev, Məhəmməd Həsənzadə, İsmayıl Hüseynov, Münasib Məmmədov, Elmar İsmayılov və başqaları beynəlxalq və respublika yarışlarında yüksək nəticələr əldə etmişlər. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların ordu sıralarına göndərilməsi yaxşı təşkil olunmuşdur.

Rayon icra hakimiyyəti inzibati orqanlarla, bələdiyyələrlə, siyasi partiyaların yerli qurumları ilə işi yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlər görmüşdür. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndikcə vətəndaşların dövlət orqanlarına etimadı yüksəlir, neqativ halların qarşısının alınmasında və şəffafığın təmin olunmasında müsbət nəticələr qazanılır.

Toplantıda əhalinin ərizə, şikayət və müraciətlərinə münasibətdən daha geniş bəhs olundu, ona nəzarəti bir daha gücləndirmək, məmur özbaşınalığı təzahürlərinə son qoymaq, bu işləri respublika Prezidentinin son tapşırıqlarına müvafiq şəkildə qurmaq əlaqədar təşkilatların və onların rəhbərlərinin qarşısında ən mühüm vəzifə kimi qoyuldu.

Yığıncağın iştirakçıları yol verilmiş bir sıra nöqsanları da kəskin tənqid etdilər və onların ən qısa müddətdə aradan qaldırılması yolları barəsində mülahizələrini bildirdilər, xüsusilə aqrar sahənin problemlərini tezliklə həll etməyin vacib olduğunu göstərdilər. Onlar rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etdilər ki, həmişə olduğu kimi, 2014-cü ildə də qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək və daha böyük nailiyyətlər qazanmaq üçün var qüvvələrini sərf edəcəklər.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri Malik Həsənov, Fəzail İbrahimli iştirak və çıxış etmişlər.

 

Sabir MUSTAFAYEV,

Respublika.-2014.- 28 fevral.- S.8.