SAMUX İNKİŞAF VƏ TƏRƏQQİ DÖVRÜNÜ YAŞAYIR

 

Respublikamızın bütün bölgələrində olduğu kimi, qabaqcıl aqrar rayonlarından olan Samux rayonunda da 2013-cü ilin göstəricilərinə nəzər saldıqda sosial-iqtisadi sahədə ürəkaçan, böyük uğurlar əldə edildiyi bir daha təsdiqlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Samux rayonuna daim diqqət və qayğısı sayəsində, samuxluların qurub-yaratmaq əzmini daha da gücləndirmiş, bu isə öz bəhrəsini vermişdir.

Samux rayonunun bir illik hesabatını təhlil edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ötən il başa çatdı.

Dövlət Proqramının uğurlu icrası rayonumuzda sosial-iqtisadi inkişafın bütün sahələrində əsaslı dönüş yaratmış və nəticədə yüksək nailiyyətlər əldə olunmuşdur. Əldə olunmuş uğurlar statistik göstəricilərdə də öz əksini tapmışdır. Belə ki, rayonun inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici — ümumi məhsul buraxılışının həcmi ötən illə müqayisədə 7,6 faiz artaraq 91,2 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətdə 5,3 dəfə artmışdır ki, bu da son on ildə rayonumuzun əsas inkişaf göstəricisidir. Ümumi məhsul buraxılışının adambaşına düşən həcmi 1640 manat olmuşdur. ümumi məhsul buraxılışının 82,7 faizi qeyri-dövlət sektorunun payına düşür.

Hesabat ilində rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı məhsullarının istehsalı ötən illə müqayisədə 15,0 faiz artaraq 49,4 milyon manat, ticarət dövriyyəsi 16,3 faiz artaraq 23,3 milyon manat təşkil etmişdir, pərakəndə əmtəə dövriyyəsi 18,0 faiz, əhalinin gəlirləri 5,9 faiz artmışdır.

Cari ildə rayon iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 235,0 manat təşkil etmişdir.

Hesabat ilində tikinti-quraşdırma və abadlıq işlərinə geniş yer verilmişdir. İlk növbədə qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2013-cü il tarixli sərəncamı ilə Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Samux Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılmasından sonra bu işlər daha da sürətlənmişdir. Belə ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında yenidənqurma işləri yüksək sürətlə həyata keçirilmiş və müvəffəqiyyətlə başa çatdırılmışdır. Parkda ümumi sahəsi 1400 kv.m. olan ikimərtəbəli Heydər Əliyev mərkəzi inşa edilmişdir. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponat zalı, 3D formatlı kinoteatr, rəsm qalereyası, dil öyrənmə kursu, fotostudiya, rəqs dərnəyi, elektron kitabxana və internet klub fəaliyyət göstərəcəkdir. Heydər Əliyev parkında sakinlərin rahat istirahəti üçün bütün şərait yaradılmışdır. Burada kafe, çay evi, rayon tarix-diyarşünaslıq muzeyi üçün bina, 7 ədəd istirahət köşkü inşa edilmiş, böyük monitor quraşdırılmışdır. Ümummilli liderin abidəsinin hər iki tərəfində müasir tipli iki ədəd işıqlandırılmış fəvvarə qurulmuşdur. Uzun illərdən sonra hər bir samuxlunun arzusu olan tarix-diyarşünaslıq muzeyinin yaradılması təmin olunmuşdur. Muzeydə rayonumuzun tarixini əks etdirən çoxlu eksponatlar yerləşdirilmişdir. Ümumi sahəsi 242 kv. metr olan muzeydə arxeologiya, etnoqrafiya, mədəniyyət bölmələri fəaliyyət göstərəcəkdir.

İyun ayında Heydər Əliyev parkının artırılmış hissəsinin müasir layihə əsasında yenidən qurulmasına və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni binasının inşasına başlanmış və qısa müddət ərzində başa çatmışdır.

Rayonun giriş hissəsində ad göstəricisi kompleksi yenidən qurulmuş, Kolayır prospektində və Samux-Gəncə yolunda dekorativ yamaclar yaradılmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binasında işlər tam başa çatdırılmış və istifadəyə verilmişdir. 2013-cü ildə Seyidlər kəndində 180 şagird yerlik və Qarabağlar kəndində 220 şagird yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. Eyni zamanda Qırmızı Samux və Alabaşlı qəsəbə və Zazalı kənd tam orta məktəblərinin binaları əsaslı təmirdən sonra şagirdlərin istifadəsinə verilmişdir. Qırmızı Samux qəsəbəsində həkim məntəqəsinin və Bağbanlar kəndində kitabxana binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Rayon telekommunikasiya qovşağının yeni inzibati binasının tikintisinə başlanmışdır.

Rayonda ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Əhmədbəyli kəndində 360 şagird yerlik üçmərtəbəli yeni məktəb binasının tikintisi başa çatdırılmışdır və yaxın günlərdə istifadəyə verilməsi gözlənilir.

2013-cü ildə bütün istiqamətlərdə yolların çiyin hissələri plana salınmış, keçid boruların giriş-çıxış hissələri təmizlənmişdir. Rayonun Gəncə-Samux, Samux-Çobanabdallı-İnstitut, Samux-Lək və Samux-Yenikənd-Poylu yollarında təmir işləri aparılmışdır. Eyni zamanda Qırmızı Samux qəsəbəsində, Kəsəmən və Burunqovaq kəndlərində giriş yolları hamarlanmışdır. Samux şəhərinin ümumi uzunluğu 1300 metr olan Tofiq İsmayılov və Həzi Aslanov küçələrində yenidənqurma işləri başa çatmışdır. Heydər Əliyev prospektinin genişləndirilməsinə başlanmışdır.

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan sahibkarlığın inkişafına xüsusi diqqət verilmişdir. Hazırda ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun payı 82,7 faiz təşkil edir. Sərkar kəndi ərazisində “Samux Quşçuluq” MMC yenidənqurmadan sonra ilkin mərhələdə istehsala başlamışdır. Ümumi sahəsi 3 hektar olan müəssisədə il ərzində 2520 ton diri çəkidə quş əti istehsal ediləcəkdir. Quşçuluq təsərrüfatı qərb bölgəsinin quş ətinə olan tələbatının 20 faizini təmin edəcəkdir. Müəssisənin yaradılmasına ümumilikdə 3,7 milyon manat vəsait istifadə olunmuşdur. Müəssisədə istifadə edilən avadanlıqların bir qismi Almaniya və Hollandiya istehsalıdır. İlin əvvəlində yeni yaradılmış “Aqrikola” MMC istixana kombinatında faraş tərəvəz məhsullarının istehsalına başlanmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən yaradılacaq “Aqroenerji” kompleksində işlərə artıq başlanmışdır. İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 82 layihə üzrə 11,1 milyon manat güzəştli kredit verilmiş və bunun hesabına 171 yeni iş yeri yaradılmışdır. 2009-2013-cü il illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 211 layihə üzrə 20,6 milyon manat güzəştli kredit verilmişdir ki, bu da öz növbəsində 696 yeni iş yerinin açılmasına imkan vermişdir.

Keçən il əhalinin rifah halının göstəricilərində də müsbət dinamika müşahidə olunmuşdur. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əmək haqqının 2013-cü ildə ən mühüm sosial məsələlərdən olan işsizliklə də bağlı problemlər öz həllini tapmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması prioritet məsələlərdən olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu sahədə müsbət nəticələr əldə olunmuşdur. Hesabat dövründə rayonda 685 yeni iş yeri yaradılmışdır ki, onlardan da 480 iş yeri daimidir. Ümumilikdə son on ildə rayonda 4947-i daimi olmaqla 16075 yeni iş yeri yaradılmışdır.

İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonda cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi aqrotexniki tədbirlər həyata keçirilmişdir. 2013-cü ilin məhsulu üçün 9540 hektar sahədə payızlıq səpinlər aparılmışdır. Aparılmış səpinin 5210 hektarı buğda, 3889 hektarı dən üçün arpa, 441 hektarı isə xəsil məqsədi ilə əkilmişdir. 4961 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Onlardan 724,5 hektarı kartof, 909 hektarı tərəvəz, 1757 hektar sahədə günəbaxan, 465 hektarı bostan, 192 hektar şəkər çuğunduru, 234 hektar qarğıdalı və s. olmuşdur. 01.11.2014- cü il tarixə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 9225 hektar sahədə taxıl biçini aparılmışdır. Müvafiq olaraq həmin sahələrdən 30480 ton taxıl məhsulu yığılmışdır. Taxıl üzrə məhsuldarlıq 33,1 sentner olmuşdur. Bundan başqa sahələrdən 8202 ton kartof, 10195 ton tərəvəz, 5514 ton bostan bitkiləri, 3463 ton günəbaxan, 806 ton qarğıdalı məhsulu yığılmışdır. Hesabat dövründə 14384 ton meyvə, 7110 ton üzüm istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə bütün kateqoriyalar üzrə hesabat ilində artım qeydə alınmışdır.

2014-cü ilin 01 yanvar tarixinə iribuynuzlu mal-qaranın sayı 21094 baş olmuşdur. Bundan ana inək və camışların sayı 10164 baş, qoyun və keçilərin sayı 167266 baş təşkil edir. Hesabat dövründə 3979 ton diri çəkidə ət, 14041 ton süd, 5608 min ədəd yumurta, 329 ton yun istehsal olunmuşdur.

Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair” müvafiq qərarına əsasən  2013-cü ildə rayonun 23 ərazi komissiyası üzrə 7799 nəfər istehsalçıya 797463 manat yardım “Kapital Bank” ASC-nin Samux filialı tərəfindən plastik kartlarla ödənilmişdir. Məhsul istehsalçılarına rayon “Aqroservis” filialı tərəfindən güzəştli şərtlərlə 416 ton gübrə verilmişdir.

Kənd təsərrüfatında yüksək məhsul əldə etməyin əsas şərtlərindən biri əkin sahələrinin suvarma suyu ilə tam və vaxtında təmin olunmasıdır. Rayonda suvarma suyu kimi əsasən subartezian quyularından istifadə olunur. Kənd təsərrüfatının digər sahələri kimi suvarma suyu ilə təminatda daim ölkə başçısının diqqətində saxlanılır. Cənab Prezidentin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 15 may 2013-cü il tarixli Sərəncamı ilə digər rayonlarla bərabər Samux rayonu ərazisində 6 subartezian quyusunun qazılması təsbit olunmuş və yerinə yetirilmişdir. Məlumat üçün bildirirəm ki, ölkə başçısının növbəti 29 yanvar 2014-cü il tarixli Sərəncamı ilə rayonumuzda daha 13 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Bununla bərabər, rayonda mövcud suvarma qurğu və avadanlıqlarının daim saz vəziyyətdə saxlanması üçün lazımi tədbirlər görülmüşdür. Hesabat dövrü ərzində 273 ədəd nasos, 48 ədəd elektrik avadanlıqları, 21 ədəd quyuda isə güc transformatorları təmir edilmişdir. Suvarmaya xidmət göstərən subartezian quyuları tam işlək vəziyyətdə saxlanılmış və nəzərdə tutulmuş işlər bütövlükdə yerinə yetirilmişdir.

Bakı şəhərində əhalinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının daha yaxşı təmin olunması məqsədi ilə keçirilən yarmarkalarda rayonumuzun təmsili qrafik üzrə təmin olunmuşdur. İl ərzində yarmarkalara hər həftə olmaqla, ümumilikdə 105,0 ton meyvə, tərəvəz, üzüm və süd məhsulları göndərilmişdir.

2013-cü ildə rayon əhalisinin gəlirləri 119 milyon 522 min manat təşkil etmişdir. Adambaşına düşən gəlirlər 2122,9 manat olmuşdur. Rayon üzrə pensiyaçıların ümumi sayı 7 min 781 nəfər təşkil etmiş, Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsi tərəfindən 3661 nəfər fiziki və hüquqi şəxs məcburi dövlət sosial sığortasına cəlb olunmuşlar. Rayon üzrə orta aylıq pensiyanın məbləği 155,69 manat təşkil etmişdir. Təqaüd və müavinətlərin vaxtında verilməsi təmin olunmuşdur. Hesabat dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilmiş, nəticədə fiziki şəxslər üzrə daxilolmalar 5,0 faiz artmışdır.

2013-cü ildə 1390 ailə ünvanlı sosial yardımı almaq üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir. Bunlardan 1390 ailəyə sosial yardım təyin olunmuşdur ki, bu da aztəminatlı 6394 nəfərin yaşayışına əhəmiyyətli dərəcədə kömək göstərir. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 122,52 manat təşkil etmişdir. Bu, ünvanlı sosial yardımın tətbiqinin ilk ili 2006-cı illə müqayisədə 3 dəfə artım deməkdir.

İmtiyazlı təbəqəyə aid olan şəxslərin rayon üzrə yaradılmış imtiyazlı mənzil növbəsinə götürülməsi hesabat ilində də davam etdirilmişdir. İl ərzində 3 nəfər imtiyazlı mənzil növbəsinə daxil edilmişdir. 2013-cü ildə 36 nəfər mənzillə təmin edilmişdir. Ümumilikdə son 10 ildə 55 Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdur. 2 nəfər Böyük Vətən Müharibəsi əlili və 1 nəfər Qarabağ müharibəsi əlili fərdi minik avtomobili ilə təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon Məşğulluq Mərkəzi tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir. 2013-cü ildə rayonda iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı 28,6 nəfər təşkil etmişdir. Onlardan 4679 nəfəri və ya 16,4 faizi iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olur. Məşğulluq Mərkəzinə iş axtaran kimi müraciət edən 283 nəfər vətəndaşdan 218 nəfəri və ya 77,0 faizi müxtəlif sahələrdə işlə təmin edilmişdir. İş axtaranlardan 5 nəfəri işsiz kimi qeydiyyata alınmış, onların hər birinə işsizlik müavinəti ödənilmişdir.

Rayon əhalisinin elektrik enerjisinə, mavi yanacağa və içməli suya tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün hesabat dövründə 46 ədəd müxtəlif güclü transformator əsaslı, 28 ədədi isə cari təmir edilərək istismara verilmişdir.

Hesabat ilində əhali təbii qazla fasiləsiz olaraq əsasən təmin olunmuşdur. Bu məqsədlə yüksək və aşağı təzyiqli xətlərdə təmir-bərpa işləri aparılmışdır. 794 yeni abonent qeydiyyata alınmış və hər bir abonent məişət qaz sayğacları ilə təmin edilmişdir. İstismar müddətini başa vurması səbəbindən 2535 qaz sayğacı yenisi ilə əvəz edilmişdir.

Rayon ərazisində mövcud su xətlərində baş verən bütün yeraltı sızmaların və digər neqativ halların qarşısı vaxtında alınmış, əhalinin içməli suya olan tələbatını tam təmin etmək üçün dərinlik nasosları cari təmir edilərək istehsal gücləri artırılmışdır. Samux şəhərinin Elçin Məmmədov və Məmməd Əsədov küçələrinə 260 metr məsafədə yeni su xətti çəkilmiş, küçə sakinlərinin su problemi tamamilə həll edilmişdir. Bunun üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. Hesabat dövründə əsas telefon aparatlarının sayı 86 ədəd artırılaraq 8275-ə çatdırılmışdır.

Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı da daim diqqətdə saxlanılmışdır. Son illərdə rayonda inşa edilən məktəblər, onların maddi texniki bazasının yaxşılaşdırılması və informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması rayonun təhsil sisteminə müsbət təsir göstərmişdir. Son 10 ildə rayonda 15 yeni məktəb binası inşa edilmiş, 14 məktəbdə, 4 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Bu baxımdan ötən il də uğurlu olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi 2013-ci ildə rayonda 3 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 3 məktəb binası isə əsaslı təmir olunmuşdur.

2013-cü ildə 306 nəfər məzun ali məktəbə sənəd vermiş, 157 nəfər və ya 51,3 faizi ali məktəblərə qəbul olmuşdur. Bu ötən illə müqayisədə 40 nəfər çoxdur. 4 nəfər 600-dən yuxarı bal toplamışdır. Bu məzunlar Şəhər 1 və 3 saylı, Çobanabdallı, Sarıqamış kənd tam orta məktəblərinin məzunlarıdır. 8 nəfər 500-600 bal, 15 nəfər 400-500 bal toplamışdır. Orta ixtisas məktəblərinə 49 nəfər qəbul olmuşdur. Yüksək bal toplayan gənclərlə rayon rəhbərliyinin görüşü keçirilmiş, onlara qiymətli hədiyyələr verilmişdir.

2013-cü ildə rayon xəstəxanalarında ana ölümü olmamışdır. 116 nəfər şəkərli diabeti olan xəstə qeydiyyata götürülmüş, 25 nəfər müxtəlif səbəblərdən qeydiyyatdan çıxarılmışdır. Qeydiyyatda olan 851 nəfər şəkərli diabeti olan xəstələr vaxtaşırı olaraq müvafiq dərman preparatları ilə təmin olunmuşdur. Mərkəzi rayon xəstəxanası müasir tələblərə cavab verən flüoroqrafiya aparatı ilə təmin olunmuşdur.

Rayonda fəaliyyət göstərən mədəniyyət evləri, klublar və kitabxanalarda əhalinin səmərəli istirahətinin və gənclərin asudə vaxtlarının təşkili istiqamətində müəyyən işlər görülmüş, əvvəlki illərdə buraxılmış səhvlərin aradan qaldırılması istiqamətində işlər aparılmışdır.

Rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi və rayonda idmanın kütləviliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Tərtib edilmiş tədbirlər planı əsasında müxtəlif idman növləri üzrə rayon birincilikləri keçirilmişdir. Rayon birinciliklərinin qalibləri mükafatlandırılmış və onların respublika birinciliklərində iştirakı təmin edilmişdir.

Rayonda ideoloji işin təşkili, ictimai-siyasi vəziyyət daim diqqət mərkəzində saxlanılmışdır. 2007-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi hesabat ilində müasir tələblərə cavab verən yeni inşa edilmiş binada fəaliyyət göstərmişdir və mərkəzin işi daha da genişləndirilmişdir. 2013-cü il ərzində mərkəzə gələnlərin sayı 4822 nəfər olmuşdur. Mərkəzə gələnlər ümummilli liderin həyat və fəaliyyəti ilə yaxından tanış olmuş, kino filmlərə baxmışlar. Mərkəzdə fəaliyyət göstərən tədqiqat qrupları tərəfindən ulu öndərin rayona səfərləri tədqiq edilmiş, bu səfərlər zamanı onunla görüşüb ünsiyyətdə olmuş insanlarla gənclərin görüşləri təşkil edilmişdir. Mərkəzdə dil və rəqs kursları təşkil olunmuşdur.

2013-cü ildə şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr, inzibati ərazi dairələri üzrə nümayəndələrlə birgə yaxından iştirak etmişdir. İl ərzində bələdiyyələr tərəfindən “Bir bələdiyyə-azı bir layihə” çərçivəsində 23 layihə həyata keçirilmişdir. Bu layihələr əsasən ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, suvarma suyu ilə təchizatı, su arxlarının saxlanması, küçə və yolların təmiri, məişət tullantılarının yığılması və daşınması sahələrini əhatə etmişdir. Layihələrin həyata keçirilməsinə 82,2 min manat vəsait sərf edilmişdir

2013-cü ildə Samux Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 681 ərizə, təklif və şikayət daxil olmuşdur ki, bu da ötən illə müqayisədə 200 ərizə və ya 22,7 faiz azdır. Müraciətlərdən 371-i yerli sakinlərdən, 310-u isə respublikanın yuxarı təşkilatlarından daxil olmuşdur. İl ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.

Yerli icra hakimiyyətlərində operativ idarəetmənin təşkili üçün video müşavirə otaqları yaradılmışdır ki, bu da yerlərə operativ tapşırıqların verilməsini təmin edəcəkdir. Hazırda rayon icra hakimiyyətində və 5 inzibati ərazi dairəsində bu cür otaqlar yaradılmışdır. Eyni zamanda rayon icra hakimiyyətinin internet saytı yaradılmışdır. Burada vətəndaşlar onlayn müraciət etmək imkanına malikdirlər.

2013-ci ildə RİH tərəfindən rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birgə həftədə bir dəfə olmaqla rayonun bütün yaşayış məntəqələrində səyyar qəbul-görüşlər keçirilmişdir. İl ərzində keçirilən 44 səyyar qəbul-görüşlərdə 9136 nəfər iştirak etmişdir. Səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən 166 şikayət və təklif daxil olmuşdur ki, onlardan da 115-i və ya 69,3 faizi həll edilmiş, 51-i və ya 30,7 faizi hazırda icradadır.

Növbəti beş il ərzində qarşımızda duran vəzifələr müəyyənləşdirilmişdir. Qeyd etdiyimiz kimi, Samux rayonunun 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf istiqamətləri ilə bağlı illər üzrə geniş tədbirlər planı tərtib edilmişdir. Tədbirlər planı bütün sahələri əhatə etmişdir. Cari ilin əvvəllərində şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması işlərinə başlanması gözlənilir. Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisinin yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Rayonun qəsəbə və kəndlərində bir neçə uşaq bağçasının açılması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binasının, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri ilə bağlı işlər aparılır.

Qarşıda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir ki, bu istiqamətdə müvafiq işlər aparılır.

Ölkə başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi də qarşıda yeni vəzifələr qoymuşdur. Rayonda fəaliyyət göstərən sənaye müəssisələrinin genişləndirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü işlərin aparılmasına başlanmışdır.

Aparılan irimiqyaslı abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, 2014-cü ildə qarşıya qoyulan vəzifələrin icrası vaxtında təmin olunacaqdır. Bəli, Samux dinamik inkişafdadır: yeniləşir və müasirləşir, onun təkcə siması deyil, vətəndaşların sosial-iqtisadi və maddi rifahı yüksəlmişdir.

 

Zabit XƏLİLOV,

Respublika.-2014.- 28 fevral.- S.9.