Azərbaycanla Çin arasında mehriban, işgüzar münasibətlər mövcuddur

 

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən, hökumətlərarası əlaqələr yüksək səviyyədədir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına rəsmi səfərə gedib. Səfər çərçivəsində nazir E.Məmmədyarovun çinli həmkarı Van İ və digər yüksək vəzifəli rəsmi şəxslərlə keçirəcəyi görüşlərdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə, habelə tərəfləri maraqlandıran digər məsələlərə dair müzakirələr aparılacağı gözlənilir. Çin xarici işlər nazirinin dəvəti əsasında həyata keçirilən səfər iyulun 2-dək davam edəcək.

Ümumiyyətlə, vurğulamaq lazımdır ki, Azərbaycan-Çin əlaqələri müstəqilliyimizin ilk illərindən formalaşmağa başlayıb. Belə ki, Çin 27 dekabr 1991-ci ildə ölkəmizin müstəqilliyini tanıyıb. Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulub. Həmin ilin avqust ayında Çinin respublikamızda səfirliyi açılıb, 1993-cü il dekabr ayının 1-də isə ilk səfir təyin edilib. 1993-cü ilin 3 sentyabr tarixində Milli Məclis Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılması barədə qərar qəbul edib. Həmin tarixdən etibarən Azərbaycan Respublikasının Çin Xalq Respublikasında ilk səfiri təyin edilib.

Azərbaycan ilə Çin arasında müxtəlif illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub. Bu baxımdan, 7-10 mart 1994-cü il tarixində Ümummilli lider Heydər Əliyevin Çinə rəsmi səfəri münasibətlərin inkişafına çox böyük təkan verib. Prezident İlham Əliyev isə Çinə iki dəfə - 17-19 mart 2005-ci ildə və XXIX Pekin Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə 8 avqust 2008-ci ildə səfər edib.

İki ölkə əlaqələri parlamentlər səviyyəsində də inkişaf edir. Belə ki, Azərbaycan-Çin parlamentlərarası işçi qrupu fəaliyyət göstərir.

Azərbaycan-Çin əlaqələrinin genişlənməsində indiyədək 4 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətli rol oynayır.

Ümumiyyətlə, Azərbaycan ilə Çin arasında 40-dan çox sənəd imzalanıb. Tərəflər arasında iqtisadi əlaqələri tənzimləmək məqsədilə iqtisadi və ticarət sahəsində əməkdaşlığa dair xüsusi Komitə yaradılıb. İki ölkənin prokurorluqları qarşılıqlı təslimetmə haqqında müqavilə imzalayaraq ikitərəfli əməkdaşlıq sahəsində bir çox razılıqlar əldə ediblər. Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri və Milli Olimpiya Komitəsi ilə Çinin müvafiq qurumları arasında da əməkdaşlıq və qarşılıqlı yardım sahəsində razılaşmalar və müqavilələr imzalanıb.

Bu məqamda qeyd edək ki, Azərbaycanın Çin ilə münasibətlərində rəsmi Pekinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti də xüsusi önəm daşıyır. Məlum olduğu kimi, Çin Xalq Respublikası dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və müdafiə etdiyini bəyan edib. Eyni zamanda, Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi beynəlxalq münasibətlərdə mühüm rolu olan ölkələrdəndir. Həmin qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsinin qəbul olunmasında digər üzvlərlə yanaşı, Çininöz rolu olub. Ölkəmizin ərazi bütövlüyünün hər zaman Çin tərəfdən birmənalı şəkildə dəstəklənməsi münasibətlərin davamlı inkişafına stimuldur.

Azərbaycan ilə Çin arasında iqtisadiyyatenergetika sahələrində də sıx əməkdaşlıq mövcuddur. Hazırda, Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edir, böyük həcmdə sərmayələr yatırırlar. Çin Milli Neft Korporasiyasının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin 2004-cü il iyul ayında Azərbaycana səfər etməsi Çinin energetika sahəsində əməkdaşlıq üzrə ölkəmizə verdiyi önəmi göstərir.

Azərbaycan-Çin iqtisadi əlaqələri 2013-cü ildə də genişlənib. Belə ki, aprel ayında İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çin biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida, tikinti, yük avtomobillərinin istehsalı, İKT, infrastruktur, enerji, emal, logistika, turizm, daşınmaz əmlak və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

İş adamlarının iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından işgüzar görüşün iki ölkə arasında mövcud əlaqələrin genişlənməsində, yeni əməkdaşlıq imkanlarının yaranmasında faydalı olacağını bildirərək, adamlarını fəal əməkdaşlığa dəvət edib.

Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (SSPİT) sədr müavini Zhanq Vey hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, adamları arasında əməkdaşlığın genişləndirilməsinin Çin-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Biznes forum çərçivəsində AZPROMO ilə Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu ilin fevral ayında Çin nümayəndələrinin ölkəmizə səfəri baş tutub. Ölkəmizə səfər edən Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq Departamentinin nazir müavini Cjoy Linin başçılıq etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədovla görüşüb. Görüşdə YAP İcra katibinin müavinləri Siyavuş NovruzovMübariz Qurbanlı Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak ediblər. Çin tərəfdən isə nümayəndə heyətinin tərkibində Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin 6-cı idarəsinin direktoru Lu Syaçzyun, idarənin direktor müavinləri Çyan NayçenÇyan Xaybo, Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin 6-cı idarəsinin 3-cü katibi Yao Lan və idarənin əməkdaşı Yan Syaotun görüşdə iştirak ediblər.

Qəbul zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən YAP-ın Sədr müavininin sözlərinə görə, iki partiya arasında səmərəli əməkdaşlıq mövcuddur, münasibətlərin inkişaf etdirilməsi də hər iki partiyanın maraqlarına cavab verir. Əli Əhmədov, həmçinin, qeyd edib ki, məhz bu səbəbdən də səfər iki partiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı YAP və ÇKP-nin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərdə aparılan müzakirələrin əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığı da bildirilib. YAP Sədrinin müavini ölkədə aparıcı siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının uğurlarından da geniş bəhs edərək qeyd edib ki, bu inkişaf beynəlxalq əlaqələrdə də özünü əyani şəkildə nümayiş etdirir.

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Departamentinin nazir müavini Çjoy Li Azərbaycana səfərindən və ölkəmizin inkişafından məmnunluğunu bildirib. Çin ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Çjoy Li bu əlaqələrin daha da inkişaf etdiyini qeyd edib: “Azərbaycanla Çin arasında mehriban dostluq münasibətləri var. İqtisadi və mədəni sahədə əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Ölkə rəsmilərinin qarşılıqlı səfərləri münasibətlərin daha da inkişafında mühüm rol oynayır”.

Görüşdə ikitərəfli münasibətlərin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da Çin Kommunist Partiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Z.Əsgərov görüşdə Azərbaycan-Çin əlaqələrinin qədim tarixindən danışaraq bildirib ki, Mərkəzi Asiyanın böyük dövləti Çin ən qədim dövrlərdən dünya miqyasında öz yeri, mövqeyi olan bir ölkə kimi tanınıb. Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin tarixi çox qədim zamanlara təsadüf edir. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələr dinamik inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir.

Z.Əsgərov Azərbaycanın qısa müddətdə keçdiyi inkişaf yolundan, əldə edilən uğurlardan, həyata keçirilən layihələrdən, o cümlədən, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisindən danışıb. Milli Məclis sədrinin birinci müavini, həmçinin, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Z.Əsgərov qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Rəsmi Yerevan BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur. Milli Məclis sədrinin birinci müavini Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə, Çin tərəfinə təşəkkür edib.

Qeyd edək ki, hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, rabitə, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində 70-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir. Beləliklə, geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və dünya siyasətində mühüm yeri olan Çin arasında münasibətlərin inkişaf perspektivləri böyükdür və tərəflər mövcud potensialı reallaşdırmaq üçün yüksək qətiyyət nümayiş etdirirlər.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 1 iyul.- S. 8.