Elmin yüksək zirvəsinə
doğru
2013 -cü il dekabr ayının əvvəllərində Bakıda aqrar tədqiqatlar sahəsində olduqca mötəbər bir tədbir - Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Himayədarlar Şurasının toplantısı və beynəlxalq əməkdaşlığa həsr olunmuş konfrans keçirilirdi. Burada dünyanın əksər bölgələrini təmsil edən tanınmış alimlər, görkəmli elm təşkilatçıları bitki genetik ehtiyatları və dənli bitkilərin seleksiyası sahələrində Azərbaycanda qazanılmış uğurlardan ürək dolusu danışır, heyranlıqlarını gizlətmirdilər. Azərbaycanın aqrar və biologiya elmlərinin nailiyyətləri və yüksəlişi ilə az-çox tanış olan hər bir şəxs üçün sirr deyildir ki, bütün bunların arxasında əldə etdiyi nəzəri və tətbiqi elmi nəticələri sayəsində dünyanın tanınmış elm korifeyləri ilə bir sırada dayanan, elmə qiymətli töhfələr vermiş Azərbaycan alimi akademik Cəlal Əliyev durur.
Bütün tarix ərzində bir çox bitkilərin ilkin mədəniləşdirmə mərkəzlərindən olan Azərbaycanın bərəkətli torpaqlarında məskən salmış əməksevər xalq əkinçilik mədəniyyətini daim inkişaf etdirərək, seçmə-seleksiya işləri apararaq kənd təsərrüfatı məhsulları ilə özünü əsasən təmin etmiş, yadlara möhtac olmamışdır. Lakin son yüzilliklər ərzində əhalinin sayının və ehtiyaclarının kəskin artımı, əkinəyararlı torpaq ehtiyatlarının əhəmiyyətli bir hissəsinin ən müxtəlif səbəblərdən, o cümlədən təbiətə antropogen təsirlərin, qlobal iqlim dəyişikliklərinin intensivləşməsi nəticəsində deqradasiyaya uğraması, bioloji ehtiyatların durmadan azalması ərzaq təhlükəsizliyinin təmin olunmasında elmin ciddi müdaxiləsi olmadan həll edilməsi mümkün olmayan problemlər yaratmışdır. Eyni zamanda bəşəriyyət tərəfindən dərk edilmişdir ki, bioloji müxtəlifliyin, xüsusən də bitkilər aləminin genetik zənginliyinin bütövlükdə, tam olaraq qorunması, tədqiq və mühafizə edilərək səmərəli, sabit istifadəsi bu problemlərin həllində, həyatın qorunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında ən mühüm vasitə olmalıdır. Kənd təsərrüfatı sistemlərində və ərzaq istehsalında istifadə baxımından real və potensial əhəmiyyət daşıyan bioloji müxtəlifliyin, xüsusən də mədəni bitkilərin və onların yabanı əcdadlarının qorunub-saxlanması vacibdir.
Bütün bu faktlar kənd təsərrüfatı sistemlərinə və genetik ehtiyatlara istiqamətlənmiş startegiyaların və fəaliyyət proqramlarının hazırlanması və həyata keçirilməsi sahəsində intensiv elmi tədqiqatların aparılmasını zəruri edir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da biologiya və aqrar elmlərin inkişafının əsasında yuxarıda qeyd edilən problemlər əhəmiyyətli, istiqamətverici rol oynamış və bu elmlər son 100 il ərzində çətin və mürəkkəb inkişaf yolu keçmişdir. Bu illər ərzində tədqiqatlara yanaşma üsulları və baxışlar dəyişmiş, bir-birini əvəz edən alim nəsilləri öz sələflərinin elmi irsini daha da inkişaf etdirmiş, bir sıra fundamental və tətbiqi nailiyyətlər əldə olunmuşdur.
Azərbaycanda biologiya və kənd təsərrüfatı elmlərinə aid olan bütün sahələrin istiqamətləndirilməsində, müvafiq tədqiqatlara müasir elm sahələrinin, o cümlədən, biotexnologiya və informasiya texnologiyalarının cəlb olunmasında və bu günə kimi əldə olunmuş nailiyyətlərdə ən görkəmli və müstəsna rol biologiya və aqrar elmlərinin dağ vüqarlı ağsaqqalı, dünya şöhrətli alim, elm fədaisi akademik Cəlal Əliyevə məxsusdur. Bu nəhəng elm patriarxının yaradıcılığı Azərbaycanda aqrar və biologiya elmlərinin inkişaf tarixinin zirvəsidir.
Bütün dünyada çoxları üçün əlçatmaz olan bu zirvəyə gedən yol dəyişikliklərlə dialektikanın və qanunauyğun ardıcıllığın bariz nümunəsi hesab edilə bilər. Əgər son 45-50 ildə və xüsusilə də son 30 ildə ölkədə kənd təsərrüfatı elminin inkişafına bir salnamə kimi nəzər salsaq, yəni həm xronoloji ardıcıllıq, həm də keyfiyyət dəyişiklikləri prizmasından baxsaq, burada sistemin bütün incəliklərini nəzərə alan, bir neçə mərhələnin nəticəsini artıq qabaqcadan müəyyənləşdirən və bütünlükdə sistemi istiqamətləndirən bir amilin mövcud olduğunu görmək mümkündür. Həm də aydındır ki, bu cür istiqamətləndirmə soyuq məntiqli məmur idarəetməsinin nəticəsi ola bilməz, burada sıravi elmi işçinin və kəndlinin məişət qayğılarından tutmuş, qlobal inteqrasiya və inkişaf problemlərinə qədər yaranma-dəyişmə-inkişaf mexanizmini dərindən bilən, baş verənlərə təkcə praqmatizmlə deyil, eyni zamanda çılğıncasına və ürəkyanğısı ilə yanaşan təcrübəli alim zəkası işləmişdir.
İstər kənd təsərrüfatında, istərsə də aqrar tədqiqatlar sistemində çalışan insanlar, xarici ölkə alimləri Azərbaycan elmində akademik Cəlal Əliyev gerçəkliyini tam qəbul etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, akademik Cəlal Əliyevin Azərbaycanın biologiya və aqrar elmlərə verdiyi töhfəni bu günə qədər heç kəs verə bilməmişdir. Bu böyük elm xadimi dahi uzaqgörənliklə hələ bir neçə on il əvvəl həmin elm sahələri qarşısında çox mühüm vəzifələr qoymuşdur: biomüxtəlifliyin ekosistem və molekulyar-genetik səviyyələrdə öyrənilməsi, bitki müxtəlifliyinin tam şəkildə inventarlaşdırılması, məqsədyönlü toplanaraq etibarlı mühafizə edilməsi, hərtərəfli qiymətləndirilməsi, genefond nümunələrindən gen mühəndisliyi və biotexnologiya metodları ilə seleksiya proqramlarında səmərəli istifadə edilməsinin elmi əsaslarının yaradılması, nəticələrin geniş şəkildə yayılması və tətbiq edilməsi nümunə göstərilə bilər.
Click to enlarge image
bereketli_95.JPGClick to open image!Click to enlarge
image elince_84.JPGClick to open image!Click to enlarge image
ezemetli_85.JPGClick to open image!Click to enlarge image ruzi_84.JPGClick to
open image!Click to enlarge image tale_38.JPGClick to open image!
Ötən əsrdə
yüksək məhsuldarlığa və əkinçiliyin
intensivləşdirilməsinə imkan verən tədbirlər
kompleksi təbiətin mühafizəsi istiqamətində bəşəriyyət
tərəfindən atılmış ən böyük real
addımlardan biri olan “yaşıl inqilab”ların həyata
keçirilməsi sayəsində mümkün olmuşdur.
Burada genetikanın tətbiqi ilə elmi seleksiya
sahəsində XX əsrin ikinci yarısında əldə
edilmiş nailiyyətlərin, eləcə də
alınmış nəticələrin geniş şəkildə
tətbiqinin rolunu xüsusi qeyd etmək lazımdır. Akademik C.Əliyevin rəhbərliyi ilə əldə
edilmiş nəticələr kənd təsərrüfatı
elminin sıçrayışla irəliləməsini,
biologiyada innovativ nailiyyətlərin və yeni kəşflərin,
eləcə də güclü analiz metodlarının işlənib
hazırlanması sayəsində mümkün olmuşdur.
O yerdə ki belə yanaşma metodlarının tətbiqi
geniş vüsət alır, orada yüksək nəticənin
alınmasını da çox gözləmək lazım gəlmir.
Akademik C.Əliyevin rəhbərliyi ilə
müxtəlif sahələr üzrə hazırlanmış
mütəxəssislərin eyni bir məsələni birgə
dərin elmi araşdırma və yüksək təşəbbüskarlıqla
həll etməsi, qarşıya qoyulmuş vahid məqsədə
ürəkdən xidmət etməsi aqrar elm sahəsində əsl
inqilabi sıçrayışa səbəb olmuşdur.
Akademik C.Əliyevin adı 1970-ci illərdə
reallaşdırılmış “yaşıl inqilab”ların
ataları hesab edilən prof. Norman Borlauq, prof. Svaminatan kimi nəhəng
dünya çaplı alimlərlə bir sırada çəkilir. Cəlal
müəllim Azərbaycanda vahid sahədən yüksək dən
məhsuldarlığını təmin edən qısaboylu
taxıl sortlarının yaradılmasının və tətbiqinin
vacibliyini ilk dəfə olaraq sübut etmiş və intensiv
tipli ideal buğda sortu modelini təklif etmişdir. Məhz
bu istiqamətdə aparılan tədqiqatların sayəsində
hörmətli akademikin rəhbərliyi ilə yüksək məhsuldar
və keyfiyyətli, yatmaya davamlı sortların
yaradılması mümkün olmuşdur ki, bu da həm Azərbaycanın
taxıl məhsulları ilə təmin olunmasına, həm də
elmimizin dünya şöhrəti qazanmasına rəvac
vermişdir.
1970-ci illərdən başlayaraq akademik C.Əliyevin
bilavasitə rəhbərliyi və yaxından köməyi sayəsində
Azərbaycanda həyata keçirilən “yaşıl
inqilab”ın dalğası region ölkələrini də əhatə
etmişdir. Hətta
“Qaraqılçıq-2”, “Mirbəşir-50”, “Vüqar”,
“Şiraslan-23”, “Tərtər”, “Bərəkətli-95”,
“Əlincə-84”, “Ruzi-84” və başqa buğda sortları
Özbəkistan, Türkmənistan, Gürcüstan və s.
respublikalarda tətbiq edilmiş və hər hektardan 60-95
sentner məhsul götürülməsini təmin etmişdir.
Bu sahədə akademikin CİMMYT və
İCARDA ilə birgə apardığı tədqiqatlar
xüsusi diqqətə layiqdir.
Cəlal müəllimin yaratdığı sortların kənd
təsərrüfatı sistemlərində tətbiqi
onların diversifikasiyasına, əhali, fermerlər və kənd
təsərrüfatı müəssisələri tərəfindən
becərilən bitkilərin və onların sortlarının
qorunması və müxtəlifliyinin artırılmasına ən
böyük dəstəkdir. Onun BGE-nin milli və
dünya genefondunun səmərəli istifadəsi sahəsində
apardığı genişmiqyaslı fundomental tədqiqatları
milli genefondun zənginləşdirilməsində, ərzaq təhlükəsizliyinin
təmin edilməsi və xalqın rifah halının yüksəldilməsi
ilə davamlı inkişafa nail olunmasında, eləcə də
bioloji ehtiyatların etibarlı mühafizə edilməsinə
əvəzsiz tarixi rol oynayır.
Bəllidir ki, Sovetlər İttifaqının ümumi
iqtisadiyatında aqrar elm nəhəng aqrar-sənaye kompleksinin
bir tərkib hissəsi idi. Tədqiqat sistemi
dövlət sifarişlərini yerinə yetirməklə iri təsərrüfatlara
xidmət göstərirdi. Beynəlxalq təcrübədə
istənilən elmi-tədqiqat sisteminin ideal şəkildə
işləməsi üçün üç tələb
qoyulur: strateji dəyərlilik, davamlılıq və keyfiyyət.
İnzibati idarəetməyə əsaslanan təsərrüfatçılıq
mexanizmi şəraitində elmi tədqiqatlara qoyulan tələblərdən
ikisi - strateji dəyərlilik və davamlılıq, demək
olar ki, təmin olunmuşdu. Yəni aqrar
elm aqrar-sənaye doktrinası üzərində bir üstqurum
olaraq formalaşmışdı, ölkənin regional və
sahə prioritetlərinin daha intensiv inkişafına yönəlmişdi.
Artıq həmin dövrdə Azərbaycanda elə bir məktəb
formalaşmışdı ki, o, ən yüksək standartlara
cavab verməklə bərabər, beynəlxalq tədqiqatlarla ən
müasir texnologiyalar səviyyəsində rəqabət
aparırdı və dünya alimlərinin diqqətini Azərbaycana
cəlb edirdi.
Bu, akademik Cəlal Əliyevin
seleksiyaçılar və genetiklər məktəbi idi.
Yəni artıq 70-ci illərin sonu, 80-ci illərin əvvəlində
əksər müttəfiq respublikaların elmi
axtarışları sovet ideologiyası çərçivəsindən
kənara çıxa bilmirdisə və getdikcə siyasiləşməkdəydisə,
hörmətli akademikin tədqiqatlarında Azərbaycan elmi
özünün sərhədsizilik və rəqabətə
davamlılıq statusunu sübut edirdi, onun qlobal tədqiqat
sisteminə nüfuzu güclənirdi və əvəzində
bu məktəb dünya elmi nəaliyyətlərindən ən
optimal şəkildə istifadə edirdi. Hələ həmin
dövrdən başlayaraq Azərbaycanda qlobal ərzaq təhlükəsizliyi
problemləri araşdırılmağa başlanmış və
onun həllinin gen səviyyəsində, biotexnoloji səviyyədə
aparılan tədqiqatlarda, günəş enerjisindən,
fotosintez prosesindən səmərəli istifadə
yollarının axtarılmasında olduğu sübut
olunmuşdu.
Lakin 80-ci
illərin sonu, 90-cı illərin əvvəllərində
Qarabağ müharibəsinin və keçid
dövrünün yaratdığı problemlər, Sovetlər
birliyinin dağılması nəticəsində elmi əlaqələrin
zəifləməsi, akademik Cəlal Əliyevə və yetirmələrinə
olan yersiz təzyiqlər biomüxtəlifliyin mühafizəsi
və səmərəli istifadəsi ilə bağlı tədqiqatlara
da öz mənfi təsirini göstərməyə bilməzdi.
Uzun illər ərzində yaradılmış
maddi-texniki bazanın dağıdılması, əvəzində
heç bir yeni avadanlığın alınmaması, material
ehtiyatlarından səmərəsiz istifadə həmin
dövrdə tədqiqat sistemində tənəzzülün
yaranmasına gətirib çıxardı. Ölkənin ağır günündə,
xalqın tələbi ilə ulu öndər Heydər
Əliyev ikinci dəfə respublika rəhbərliyinə gəldikdən
sonra Azərbaycanın dirçəlməsi dövrü
başlandı.
1990-cı illərin ikinci yarısında elmə qoyulan tələblər
dəyişilməkdə idi. Tam gücü ilə
vüsət almış torpaq islahatları bazar münasibətlərinə
keçidi dönməz bir prosesə çevirdi. Elmin obyekti dəyişdi, eyni zamanda problemin aşkar
edilməsi və onun həllinə yeni təfəkkürlə
yanaşılması tələb olundu. Əsas
problem ondan ibarət idi ki, tədqiqat sistemi tədricən
öz sifarişçisini —sərt mərkəzləşmiş
aqrar-sənaye kompleksini itirmişdi. Dövlət
isə elmin maliyyələşməsini olduğu kimi
saxlayırdı, lakin o getdikcə sifarişdən daha
çox dotasiyaları xatırladırdı. Tədqiqat sisteminin islahatı labüd və təxirəsalınmaz
zərurətə çevrilmişdi. Bu
istiqamətdə müxtəlif fikirlər səslənirdi —bəziləri
elmi-tədqiqat institutlarının bağlanmasını, digərləri
kəskin ixtisar aparılmasını, başqa biriləri elmi
tədqiqatların özəl əsaslara keçirilməsini
təklif edirdi.
QFP-nin (Qlobal Fəaliyyət Planı) tarixi əhəmiyyətini
nəzərə alaraq demək olar ki, Azərbaycanda bu
planın yerinə yetirilməsi üzrə bütün fəaliyyətlərin
başında C.Əliyev kimi praqmatik bir liderin durması
inkişaf yolunun aydınlığının rəhni idi. Onun Bitki Genetik
Ehtiyatlarına dair Milli Proqramın hazırlanmasında və
ölkədə BGE üzrə strateji xəttin müəyyənləşdirilməsində
göstərdiyi siyasi iradə və elmi uzaqgörənlik
sonrakı on il ərzində öz bəhrəsini
vermişdir. Bütün bu fəaliyyətlər,
eləcə də elmi seleksiya sahəsində aparılan
işlər beynəlxalq ekspertlər tərəfindən
yüksək qiymətləndirilmiş və Azərbaycan
FAO-ya tam hüquqlu üzv qəbul olunmuşdur.
1998-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin
kollegiyasında tədqiqat sisteminin ətraflı təhlili
verildi və əsas inkişaf kursunun seçilməsi
üçün elmin idarə sistemində çalışan
mütəxəssislər akademik C.Əliyevə müraciət
etdilər. O
zaman C.Əliyev tərəfindən 3 əsas istiqamət
göstərildi: birincisi, tədqiqat sisteminin bütün
mövcüd resurslarının səfərbər edilərək
maksimum səmərəli istifadəsi, ikincisi, tədqiqat
sisteminin idarə edilməsinin tədricən təkmilləşdirilməsi
və bazar münasibətlərinə uyğun yenidən təşkili,
üçüncüsü, beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi.
“Alim zəhmətinin bəhrəsi olan yeni texnalogiyalar
bütün cəmiyyətin məhsuludur. Onlar təkcə
elmi inkişaf etdirmir, eyni zamanda bütün insanların həyatına
nüfuz edərək, onların həyat şəraitinin
yaxşılaşmasına xidmət edir. Bu baxımdan,
ölkədə aparılan islahatların siyasi və iqtisadi cəhətdən
dəstəklənməsinə elmin və alimin rolu əvəzedilməzdir...”. Bunlar isə 1999-cu ildə Bakıda
keçirilmiş “Milli aqrar elmin islahatı”na
həsr edilmiş Beynəlxalq Seminarda hörmətli akademik
C.Əliyev tərəfindən uzaqgörənliklə söylənilmiş
fikirlərdir. 15 il öncə irəli
sürülməsinə baxmayaraq, bu müddəalar bu gün
də aqrar sahədə elmi-texniki siyasətin özül
prinsipləri olaraq qalmaqdadır.
90-cı illərin axırlarından başlayaraq Azərbaycan
iqtisadiyyatında yaranan davamlı inkişaf prosesinin bəhrələrinin
bir hissəsini aqrar elmin inkişafına yönəltmək
lazım idi. Belə bir şəraitdə hörmətli akademik
C.Əliyevin şəxsi nüfuzu, təşəbbüsü,
böyük fədakarlığı və zəhməti sayəsində
aqrar elmə ciddi investisiya qoyuluşunu və kənd təsərrüfatı
tədqiqat sisteminin modernləşdirilməsi layihəsi tərkibində
həyata keçirilməyə başlamışdır.
Bu, Cəlal müəllimin milli aqrar elm qarşısında
elə bir böyük xidməti idi ki, onun bəhrələrindən
tədqiqat sistemi, nəinki həmin çətin dövrdə
faydalanmış, hətta uzun illər ərzində belə
faydalanacaqdır. Çünki adi
islahatlardan fərqli olaraq, yeni texnologiyalara
yatırılmış investisiya tədqiqatların keyfiyyətini
və keyfiyyətcə yeni nəticələrin
yaradılmasının da özülünü qoyur. Aqrar elmin modernləşdirilməsi prosesində
maddi-texniki bazanın, xüsusilə də kompyuter-informasiya
texnologiyaları ilə təchizatın gücləndirilməsinin
ilkin hədəf olaraq seçilməsi də Cəlal müəllim
tərəfindən irəli sürülmüş islahatlar
konsepsiyasının uzaqgörən və hərtərəfli
olduğuna əyani sübutdur.
Milli kənd təsərrüfatı tədqiqatlarında
islahatlar və onun yeni iqtisadi münasibətlərə
uyğunlaşdırılması konsepsiyasının ideoloqu, əsas
ilhamvericisi olan akademik C.Əliyev tərəfindən əsasən
1999-cu ildən başlanan islahatlar həmin dövrdə Aqrar
Elm Mərkəzinin və onun regional strukturlarının
yaradılması ilə nəticələndi. Bu, kənd təsərrüfatı
tədqiqat sisteminin operativ idarə edilməsinə, bölgələrdə
yerləşən təcrübə təsərrüfatlarının
sərbəstliyinin və manevr imkanlarının
artırılmasına, istehsalın bazarın tələblərinə
uyğun diversifikasiyasına, yalnız bir deyil, bölgədə
tələbatın mövcud olduğu bir neçə istiqamətdə
sınaqların və nümayişlərin təşkil edilməsinə,
ən başlıcası, elit toxum istehsalının
artırılmasına və ölkənin taxıl toxumuna olan
tələbatının ödənilməsinə, həmçinin
elmi müəssisələrlə fermerlər arasında əlaqələrin
qurulmasına öz müsbət təsirini göstərdi.
Artıq heç kəsə sirr deyil ki, 2000-2005-ci illərdə
Cəlal müəllimin rəhbərliyi ilə həyata
keçirilmiş müsabiqəli qrantlar proqramı öz fəaliyyəti
dövründə milli kənd təsərrüfatı tədqiqatları
sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmiş,
bu sahədə çalışan alim və mütəxəssislərin
fəaliyyətinə dərindən nüfuz etmişdir. Bəziləri
görə bilməsələr də, məhz bu proqramın
yerinə yetirildiyi dövrdə aqrar elmdə əsl islahat
getmiş, alimlər reallığa, elm kəndliyə heç
zaman bu qədər yaxın olmamışdır. Həyata keçirilmiş həmin proqram çərçivəsində
çox zaman təcrübə toplanılmışdır.
Bu təcrübə özündə milli aqrar tədqiqatlar
sahəsində indiyədək tətbiq edilməmiş bir
çox yenilikləri ehtiva etmişdir.
Cəlal müəllimin istiqamətverici məsləhətləri
əsasında 2007-2011-ci illər ərzində həyata
keçirilmiş Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun Modernləşdirilməsi Proqramı çərçivəsində
kənd təsərrüfatında məhsuldarlığın
və məhsulun keyfiyyətinin
yaxşılaşdırılması üçün fermerlərin
tətbiqi texnologiyalara və yeni sortların toxumlarına
çıxış imkanlarını gücləndirmək
mümkün olmuşdur. 2007-ci ildən bəri bu institutda yaradılan on yeni sort
(6 yumşaq buğda, 1 bərk buğda, 1 arpa,
qarğıdalı, 1 mərcimək və 1
yerfındığı sortu) Seleksiya Nailiyyətlərin
Sınağı və Mühafizəsi üzrə Dövlət
Komissiyasında rəsmi qeydiyyatdan keçərək
rayonlaşdırılmışdır. Fermerlər
tərəfindən yetişdirilən və istehsalatda
geniş sahələrdə əkilən sortlardan bəziləri
(“Bezostaya-1” və digər gətirilmə sortlar) 2010-cu ildə
sarı pas xəstəliyinə güclü sirayətləndiyindən
bu sortları sarı pas xəstəliyinə davamlı olan
yeni sortlarla sürətlə əvəz etmək get-gedə
daha vacib hesab edilmişdir. Bunlara akademik Cəlal
Əliyevin rəhbərliyi ilə yaradılmış və
qeydiyyatdan keçmiş “Qobustan”, “Tale-38”, “Əzəmətli
95”, “Ruzi 84”, “Aran”, “Qırmızı gül”, “Zirvə-85”,
“Qızıl” buğda sortları daxildir. Qeyd edilən sortlar
Bölgə Təcrübə stansiyalarında və bir
çox fermer təsərrüfatlarında hər hektardan orta
hesabla 5,0 tondan artıq məhsul verir.
“2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nın əsas hədəf göstəricilərində
ölkə üzrə dənli bitkilərin əkin sahələrini
900 min hektara, məhsuldarlığı hektardan 3,2 tona,
ümumi istehsalı 2,8 millyon tona çatdırmaq nəzərdə
tutulur. Bu məqsədlə yeni məhsuldar
sortların yaradılması, sınaqdan keçirilməsi və
rayonlaşdırılması, həmçinin yeni istehsal
texnologiyalarının tətbiqinə xüsusi önəm
verilmişdir. Bu konteksdə elmi-tədqiqat
Əkinçilik İnstitutunda akademik C. Əliyevin rəhbərliyi
altında aparılan elmi-tədqiqat işləri xüsusi əhəmiyyətə
malikdir. Hazırda respublikada buğda əkinlərinin
80-85 faizini, arpa əkinlərinin 100 faizini,
qarğıdalının 90 faizini, ərzaq paxlalarının
85 faizini akademik Cəlal Əliyevin rəhbərliyi altında
yaradılmış sortlar təşkil edir. Onlardan 24
yumşaq buğda, 9 bərk buğda, 8 arpa, 6
qarğıdalı, 5 noxud, 2 mərcimək sortları Seleksiya
Nailiyyətlərin Sınağı və Mühafizəsi
üzrə Dövlət Komissiyasında təsdiqlənmiş
və Dövlət reyestrinə daxil edilmişdir.
Akademik Cəlal Əliyevin rəhbərliyi altında
xarici ölkələrin alimləri, FAO-nun və
İCARDA-nın dəstəyi ilə ilk dəfə olaraq
ölkədə bir ildə 2 dəfə məhsul
alınması texnologiyası tədbiq edilmiş, minlərlə
fermer bu texnologiyalar barədə məlumatlandırılmışdır.
Yarım əsrdən çox bir müddət ərzində
akademik C.Əliyev bitkilərin genetik müxtəlifliyinin
keşiyindədir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə
biomüxtəliflik və bitki genetik ehtiyatları sahəsində
aparılmış tədqiqat işlərinin, dərc etdirdiyi
elmi, elmi-kütləvi və təbliğat xarakterli əsərlərin,
elmi dairələr, fermerlər, qərar qəbulu
üçün məsuliyyət daşıyan şəxslər
və əhali qarşısında, kütləvi informasiya
vasitələrində etdiyi mütəmadi
çıxışlar sayəsində ictimaiyyətin ekoloji
şüurunda biomüxtəlifliyin qorunub-saxlanılması
problemləri ön plana çıxmış, bütün
Yer kürəsinin, o cümlədən də Azərbaycanın
gələcəyinin biomüxtəlifliyin vəziyyətindən
asılılığının dərk edilməsi
reallığa çevrilmişdir.
1995-ci ildə Kənd Təsərrüfatı Nazirliyində
akademik C.Əliyevin rəhbərliyi ilə Bitki Genetik
Ehtiyatları Komissiyası yaradılmışdır. Onun şəxsi təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə ölkənin bitki
genetik ehtiyatları ətraflı təhlil olunaraq I Ölkə
Məruzəsi hazırlanmış, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatına (FAO) təqdim edilərək
beynəlxalq ekspertlər tərəfindən təhlillərin
dərinliyi və irəli sürülən müddəaların
istifadəsi baxımından çox yüksək qiymətləndirilmişdir.
Onu da qeyd edək ki, 1990-cı illərin ortaları həm
dünyada, həm də Azərbaycanda bitki genetik ehtiyatları
sahəsində yeni bir dövrün əsasının
qoyulması ilə əlamətdar olmuşdur. Burada, ilk növbədə
1996-cı ildə Leypsiq şəhərində FAO-nun dəstəyi
ilə keçirilən Beynəlxalq konfransda akademik
C.Əliyevin şəxsən fəal iştirakı ilə
Ərzaq və Kənd Təsərrüfatı Bitkilərinin
Mühafizəsi və Səmərəli İstifadəsinə
dair Qlobal Fəaliyyət Planının (QFP) qəbul edilməsi
qeyd edilməlidir. Cəlal müəllim FAO-nun
konfransına mədəni bitkilərin və onların
yabanı əcdadlarının tədqiqat istiqamətləri
ilə bağlı uzaqgörən ideyalar və hazır
proqramlarla getmişdi. Onun təklifləri
konfrans iştirakçıları tərəfindən qəbul
edilərək QFP-nin ayrı-ayrı bəndlərinin
hazırlanmasında istifadə olunurdu.
Elə həmin
vaxt BGE üzrə Milli Proqram qəbul edildi və sonrakı 10
il ərzində tam həyata
keçirilmişdir. Onun tövsiyələri nəzərə
alınmaqla AMEA Genetik Ehtiyatlar İnstitutu və onun tərkibində
regionda ilk dəfə olaraq Milli Genbank
yaradılmışdır.
Əlamətdar haldır ki, Cəlal müəllimin
neçə illərdən bəri uğrunda
çalışdığı və istiqamətverici
tövsiyələrini nəzərə almaqla hazırlanmış
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi
və səmərəli istifadəsi haqqında” Azərbaycan
Respublikası Qanunu 2011-ci ildə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən qəbul
edilmişdir.
2012-ci ildə həmin qanunun icrası ilə
bağlı Azərbaycan Respublikasının Prezidenti və
Nazirlər Kabineti tərəfindən çoxsaylı sərəncamlar,
qərarlar verilmişdir. AMEA Genetik
Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut
müəyyən edilmiş, institutun genbankına Milli Genbank və
qorunan dövlət obyekti statusları verilmiş, BGE üzrə
idarəetmə sistemi və bu sistemin əsasında duran
Elmi-Texniki Şura yaradılmışdır. Hazırda Cəlal Əliyevin rəhbərliyi ilə
“Mədəni bitkilərin genetik ehtiyatları sahəsində
Dövlət Proqramının (Milli Proqram)” hazırlanması
işi davam etdirilir.
Cəlal müəllimin önəm verdiyi məsələlərdən
biri kadrların hazırlanması olmuşdur. Onun şəxsi təşəbbüsü
və bilavasitə köməkliyi ilə 70-ci illərdən
başlayaraq müxtəlif ixtisaslar: biologiya, kimya, fizika,
riyaziyyat, aqrokimya üzrə ali məktəb
məzunlarından ibarət elmi kollektivin hazırlanmasına
başlanmış və elmlərin belə inteqrasiyası sayəsində
respublikmızda ilk dəfə olaraq biologiyanın və kənd
təsərrüfatının mühüm nəzəri və
praktiki məsələlərinin həll edilməsi
üçün riyazi metodların və kompyuter texnologiyalarının
geniş surətdə tətbiq edilməsi mümkün
olmuşdur. Bu fəaliyyət dairəsində
Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev və başqa şəhərlərin
aparıcı elmi-tədqiqat institutları və nüfuzlu
alimləri ilə elmi əlaqələrin yaradılması və
genişləndirilməsi xüsusi əhəmiyyət kəsb
etmiş və respublikada həmin elmi istiqamətlərin
inkişafına təkan vermişdir. Bu sahədə
Cəlal Əliyevin ən böyük xidmətlərindən
biri də onun şəxsi təşəbbüsü ilə
respublikada fiziki-kimyəvi biologiya, o cümlədən
biofizika, molekulyar biologiya və gen biotexnologiyası sahəsində
elmi tədqiqatların inkişafı ilə bağlı ən
yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyalar
yaratmasıdır.
Akademik Cəlal Əliyevin elmi və ictimai xidmətləri
qədirbilən Azərbaycan xalqı və dövləti tərəfindən
də yüksək qiymətləndirilmişdir. Elmin inkişafında
böyük xidmətlərinə görə o, Azərbaycanın
əməkdar elm xadimi adını almış, iki dəfə
Qırmızı Əmək Bayrağı ordeni (1972, 1986), Azərbaycan
Respublikasının ali mükafatı - “İstiqlal” ordeni
(2003), Gürcüstan Respublikasının “Şərəf”
ordeni (2003), Azərbaycan Respublikası Prezidentinin Fəxri
Diplomu (2008) və Azərbaycan Respublikasının “Şərəf”
ordeni (2013) ilə təltif olunmuşdur.
Görkəmli ictimai xadim dörd
çağırış (1995, 2000, 2005, 2010) Azərbaycan
Respublikası Milli Məclisinə üzv seçilmişdir.
C.Əliyev
Rusiya Kənd Təsərrüfatı Elmləri
Akademiyasının (1995), Ukrayna Aqrar Elmləri
Akademiyasının, Belarus Respublikası Aqrar Elmləri
Akademiyasının (1996) xarici üzvü; Bitkilərin
molekulyar biologiyası Beynəlxalq Cəmiyyətin (1994);
Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin
(1995), Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997),
Hüceyrə stressi üzrə Beynəlxalq Cəmiyyətin
(1998) üzvüdür. C.Əliyev Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin üzvü; YUNESKO
yanında bioetika, elm və texnologiyanın etikası üzrə
Milli Komitənin nümayəndəsidir (1999); Yeni Bitki
Sortlarının Qorunması üzrə Beynəlxalq Cəmiyyətin
səlahiyyətli nümayəndəsi (2004); Azərbaycan
Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin sədri
(1999); Biologiya Elminin Yeni sahələrinin İnkişafı
Fondunun (BEYSİF) prezidentidir (1994).
Ciddi prinsipiallıq, elmin gələcək inkişaf
perspektivlərini görmə qabiliyyəti, gənc elmi
kadrların yetişdirilməsinə diqqət C.Əliyevin elmi
yaradıcılığını xarakterizə edən
xüsusiyyətlərdəndir.
Akademik Cəlal Əliyev aqrar və biologiya elmləri sahəsində
elə başlanğıclara imza atmışdır ki,
onların davamlılığının olacağı şəksizdir. İnanırıq ki,
biologiya və aqrar elmləri sahəsində gənclik eşqi
ilə qurub-yaratmaqda olan akademik Cəlal Əlirza oğlu
Əliyev əldə etdiyi yeni-yeni uğurlarla hələ uzun
illər Azərbaycan xalqına xidmət göstərəcək,
Azərbaycan elmini inkişaf etdirərək daha da şöhrətləndirəcək,
ərzaq təhlükəsizliyinin təmin olunmasına real
töhfələr verməkdə davam edəcək.
Əsəd Musayev,
Kənd Təsərrüfatı
Nazirliyi Aqrar Elm Mərkəzinin Baş direktoru.
Zeynal
ƏkpƏrov,
AMEA Genetik Ehtiyatlar İnstitutunun
direktoru, Elmi-Texniki Şuranın sədri.
Respublika.-2014.- 1
iyul.- S.9-10.