Xətai rayonunda polis işçilərinin peşə bayramı qeyd edildi

 

Azərbaycan müstəqillik qazanandan sonra sivil dünyaya fəal inteqrasiya etməyə başlamışdır. Bu prosesin əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur və Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşmişdir. Prezident İlham Əliyevin ardıcıllıqla davam etdirdiyi demokratik islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmışdır. Ölkənin iqtisadi gücü artdıqca həyatın bütün sahələrində geniş islahatlara meydan açılır. Respublikanın hüquq-mühafizə orqanları da bu islahatdan geridə qalmır.

2 iyulPolis işçilərinin peşə bayramı günü münasibətilə Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu barədə geniş danışılmışdır.

Tədbir iştirakçıları, idarə, müəssisə rəhbərləri, rayonun hüquq-mühafizə orqanlarının şəxsi heyəti əvvəlcə  Heydər Əliyev parkına gələrək, ulu öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzdülər.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov tədbiri giriş sözü ilə açaraq əlamətdar gün münasibətilə polis işçilərini təbrik edərək dövlətçiliyimizin əsas dayaqlarından biri olan polis orqanlarının 96 illik şanlı tarixindən danışdı. Bildirdi ki, xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atdı, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəldi. Bu gün bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qeyd olundu ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır. Həyata keçirilən islahatlar nəticəsində bu gün ölkəmizdə peşəkar polis kadrları formalaşıb, müasir avadanlıqlarla təchiz olunan yeni polis idarələri tikilib istifadəyə verilib. Sonra o, sözünə davam edərək dedi: “Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qaydaictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülmüşdür. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitlik yaradılmış və onun dönməzliyi təmin olunmuşdur. İndi Azərbaycan nəinki MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur. Bu gün daxili işlər orqanları əməkdaşlarının peşəkarlığı daha da artmışdır. Mən bu bayram günü münasibətilə sizibu şərəfli və çətin peşə sahiblərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.

Rayon polis idarəsinin rəisi Əkbər İsmayılov bütövlükdə daxili işlər orqanları əməkdaşlarının xidmət və sosial şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən söz açaraq demişdir: “Dövlət səviyyəsində göstərilən diqqət və qayğı bizim qarşımızda daha məsuliyyətli olmaq, cinayətkarlıq və korrupsiya hallarına qarşı barışmaz mövqe tutmaq öhdəliyi qoyur. Biz bundan sonra da üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.

Tədbirdə çıxış edən millət vəkili Hüseynbala Mirələmov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd etdilər ki, bu gün Azərbaycan polisi inkişaf və yeniləşmə mərhələsini yaşayır. Ölkəmizdə polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədi ilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edildi.

 

Zümrüd Abdullayeva,

Respublika.-2014.- 2 iyul.- S.8.