AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ POLİS ORQANLARININ TƏŞKİLİ VƏ FƏALİYYƏTİ

 

Şərqdə ilk demokratik dövlət olaraq Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Azərbaycan Milli İslam Şurasının qərarı ilə Azərbaycanın dövlət müstəqilliyini elan etdikdən sonra elə həmin gün Fətəli Xan Xoyski başda olmaqla, ilk müvəqqəti hökumətini yaratmışdı. Fətəli Xan Xoyski eyni zamanda daxili işlər naziri təsdiq olunmuşdu. Lakin həmin vaxt müvəqqəti hökumət mühacirətdə - Tiflisdə təşkil edildiyindən Daxili İşlər Nazirliyinin yerli orqanlarının yaradılması mümkün olmamışdı.

1918-ci il iyun ayının 16-da Azərbaycan Milli İslam Şurası və Müvəqqəti hökuməti Tiflis şəhərindən Gəncəyə köçür. Çünki həmin ilin mart ayından başlayaraq daşnak S.Şaumyanın başçılığı ilə Bakıda müsəlman əhalisinə qarşı kütləvi şəkildə əsl soyqırımı həyata keçirilirdi.

Cəmiyyətdə ictimai asayişin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə aparılması sahəsində polis əhəmiyyətli rol oynayır. Onun fəaliyyəti idarəetmə fəaliyyətinin növlərindən biridir.

Azərbaycanda polis orqanları digər dövlət qurumları kimi, təkamül prosesi keçmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin aparıcı struktur qurumu - polis orqanları yalnız Müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçdükdən sonra yaradılmışdır.

1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Hökuməti “Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçuları haqqında” 178 nömrəli qərar verir. Qərarda bütün nazirliklərə (o cümlədən DİN-ə) tabeliklərində olan idarələr üzrə hökumət məlumatı hazırlamaq tapşırılır, çar onun devrilməsindən sonrakı dövrlərdə Azərbaycanın hökumət müəssisələrində xidmət edən, yaxud işdə sayılan, lakin hazırda öz vəzifələrini tərk edərək işə çıxmayan qulluqçulara, o cümlədən polis orqanlarındakı əməkdaşlara iyulun 1-dən işə çıxmaq təklif olunur, eyni zamanda həmin qərar üzrə yeni yaradılacaq polis orqanlarının tərkibinə daha çox azərbaycanlıların qəbul edilməsi nəzərdə tutulur.

Həmin qərarda Gəncə quberniyası (əhalisi 1 milyon 64 min 617 nəfər olan Gəncə quberniyasının rəkibinə o zaman Gəncə, Zəngəzur, Cəbrayıl, Cavanşir, Qazax, Şuşa, Cavad, Nuxa və Ərəş qəzaları daxil idi) və Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində olan digər ərazilərdəki müəssisələrin xidmətdə sayılan, lakin öz vəzifələrini tərk etmiş hökumət qulluqçularına iyulun 1-dən işə çıxmayacaqları təqdirdə tutduqları vəzifələrdən azad olunacaqları barədə xəbərdarlıq edilirdi.

Həmin qərarın əməli həyata keçirilməsi məqsədilə, Azərbaycan hökuməti Daxili İşlər Nazirliyinin məruzəsi üzrə 2 iyul 1918-ci ildə xüsusi bir qərar verir. Qərara görə Yelizavetpol (Gəncə) quberniyası polisinin yeni ştatları təsdiq olunur və əməkhaqqı da əvvəlki dövrlərlə müqayisədə artırılır. Qərara əsasən quberniyanın şəhər və qəzalarında polis rəisləri, onların böyükkiçik köməkçiləri, sahə və şəhər polis pristavları və milis nəfərləri təsis olunub, yeni əsaslarla fəaliyyət göstərməyə başladılar.

Təsadüfi deyildir ki, müstəqil Azərbaycanda polis orqanlarının faktiki yaradılması günü - 2 iyul ümummilli lider Heydər Əliyevin imzaladığı 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Polisi Günü elan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti digər dövlət qurumları kimi, polis orqanlarının inkişafı üçün, konkret halda, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Daxili İşlər Nazirliyinə əlavə ştat vahidlərinin verilməsi, polis əməkdaşlarının əməkhaqlarının yüksəldilməsi üçün vaxtaşırı olaraq səmərəli, məqsədyönlü tədbirlər görmüşdür. Azərbaycan hökuməti bacardığı qədər Daxili İşlər Nazirliyinin mərkəzi və yerli orqanalarının təşkilati və strukturca inkişafı, təkmiləşdirilməsi üçün maliyyə-büdcə xərclərini artırırdı. Bu, DİN-in yerli strukturlarının təşkilinə imkan verirdi. Məsələn, 1918-ci ilin payızında Bakıda İşərişəhərdə polis məmurları hazırlayan (qorodovoy) məktəblər açılmışdı. Onun müdiri (rəisi - İ.A.) podpolkovnik Şükürbəy Yüzbaşski idi. Bu məktəbin təşkilində daxili işlər naziri əvəzi, polis general-mayoru Sadıqbəy Ağabəyovun xüsusi rolu olmuşdur. Hökumətin 14 fevral 1919-cu il tarixli qərarı ilə baş verən cinayətləri təhqiq etmək (istintaq etmək - İ.A.) və xidməti vəzifələrindən sui-istifadə hallarına qarşı mübarizə məqsədilə daxili işlər naziri yanında Təftiş-istintaq komisiyası da yaradılmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 7 aprel 1919-cu ildə “Daxili İşlər Nazirliyi qulluqçularının saxlanılması xərclərinin müvəqqəti artırılması və əlavə bir sıra yeni ştat vahidlərinin verilməsi haqqında Qanun” qəbul etmişdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən vəzifə maaşlarının artırılması dövlət idarələrində xidmətlərini dayandırmış şəxslərə tətbiq olunmurdu. Qanunun 9-cu maddəsinə əsasən səfər üçün qəza rəislərinə ildə 8400 rubl, rəis köməkçiləri üçün 4200 rubl, sahə pristavlarına 3000 rubl, onların köməkçilərinə isə 1800 rubl ayrılması təsdiq olunur. Qanunun həmin maddəsinin qeydində göstərir ki, atlar üçün yemə görə pul alanlar gediş və gəliş üçün pul almaq hüququna malik deyillər.

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xüsusi təyinata malik polis qurumlarının təşkili təcrübəsindən də istifadə etmişdir. Belə ki, Parlament polis fəaliyyətinin xüsusiyyətini və gizli şəraiti nəzərə alaraq, 22 dekabr 1919-cu ildə “Balaxanı-Sabunçu rayonunda vergi polisi təsis etmək haqında Qanun” qəbul etmişbu qurumun ştat vahidlərini də təsdiq etmişdir.

Xalq Cümhuriyyəti polis orqanlarının idarə olunmasını təkmilləşdirilmək məqsədilə “Yelizavetpol (Gəncə şəhəri) şəhər polisinin müvəqqəti olaraq Yelizavetpol qubernatorluğunun idarəçiliyinə keçirilməsi haqda” 27 iyun 1918-ci ildə qərar qəbul etmişdi. Həmçinin, hökumət 2 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpol quberniyası polisinin ştatları və vəzifə maaşlarını müəyyənləşdirmişdir. Qərara görə Yelizavetpol şəhər polimeystri (polis rəisi - İ.A.) üçün aylıq vəzifə maaşı 650 rubl, rəisin böyük köməkçi 550 rubl, rəisin kiçik köməkçisi 500 rubl, yeddi pristavın hər birinin vəzifə maaşı 375, onların köməkçilərinin hər birinin aylıq vəzifə maaşı 300 rubl müəyyən edilmişdi. Həmin qərara əsasən 36 sıravi polisin hər biri üçün aylıq vəzifə maaşı 300 rubl, 70 nəfər sıravi milisin hər birinin aylıq vəzifə maaşı 260 rubl, 20 nəfər atlı milis nəfərlərinin vəzifə maaşı 260 rubl müəyyənləşdirilmişdi. Hökumət polis işçilərinin əməkhaqlarının vaxtaşırı artırılmasında onu əsas götürürdü ki, dövlət qulluqçularının xüsusi növü olan polis əməkdaşlarının əməkhaqlarının artırılması onların gələcəkdə vəzifələrindən tamah niyyəti ilə sui-istifadə etmə hallarının qarşısını almaqda önəmli rol oynaya bilər. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası daxili işlər nazirinin məruzəsinə əsasən 1 yanvar 1919-cu ildən atlı polislərin atlarının saxlanılması üçün at yemi pulunun 250 rubl ödənilməsi haqda da qərar qəbul etmişdi.

Polis orqanlarının xidməti fəaliyyətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə və onun təminatının yaxşılaşdırılması üçün Nazirlər Şurası Bakı polisinin büdcəsinin əlavə olaraq 5 689200 rubl artırılması haqda 11 iyun 1919-cu ildə qərar qəbul etmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ayrı-ayrı idarələrdə işləyən vəzifəli şəxslərin cinayət törətməsi və vəzifələrindən sui-istifadə hallarının qarşısını almaq üçün 27 iyul 1919-cu ildə “müxtəlif idarələrdə cinayətlərin və sui-istifadə hallarının istintaqının aparılması üçün xüsusi Təftiş-istintaq komissiyasının yaradılması barədə Qanunda qəbul etmişdi.

Parlament Daxili İşlər Nazirliyinin Aparatında icra intizamının daha da təkmilləşdirilməsi və möhkəmləndirilməsi üçün 4 mart 1920-ci ildə “Azərbaycan Daxili İşlər Nazirliyi Aparatının ştat vahidlərinin artırılması haqqında Qanun” qəbul etmiş, həmin Qanunla Nazirliyin dəftərxanasına əlavə 8 dəftərxana qulluqçusunun verilməsi ilə əlaqədar Nazirliyin satınalınması xərclərinin 114 min 275 rubl artırılmasını qərara almışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 14 sentyabr 1918-ci ildə “Gəncə quberniyasında bolşeviklərin” anarxiyası dövründə vurulmuş ziyanın aydınlaşdırılması haqqında (aprel - iyul 1918-ci il dövrü nəzərdə tutulur -  İ.A.) Qərar qəbul etmişDaxili İşlər Nazirliyinə əkinçilik, ədliyyə, maliyyə nazirliklərinin nümayəndələrinin komissiyanın tərkibinə daxil edilməsi təklif edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətdə olduğu dövrdə ölkənin ayrı-ayrı bölgələrində qayda-qanunun, ictimai asayişin, o cümlədən milli münasibətlərin tənzimlənməsi üçün Daxili İşlər Nazirliyinin imkanlarından istifadə etmişdir. Belə ki, Qazax qəzasında müsəlmanlar (azərbaycanlılar nəzərdə tutulur -İ.A.), erməni və gürcü millətləri arasında yaranmış münaqişələri tənzim etmək və bu sahədə yerli hakimiyyət orqanlarının fəaliyyətini müşahidə etmək məqsədilə 17 fevral 1919-cu il tarixli Qərarı ilə Qazax uyezdində Daxili İşlər Nazirliyinin fövqəladə müvəkkili vəzifəsini təsis etmişdi.

Hökumət Daxili İşlər Nazirliyi orqanlarının şəxsi heyətinin daha da gücləndirilməsi və nəticə etibarı ilə Daxili İşlər Nazirliyi orqanlarına yeni qəbul olunmuş əməkdaşların çağırışı ilə əlaqədar “Daxili İşlər Nazirliyinə xidmətə yeni çağırış və qəbul ilə əlaqədar əlavə vəsait ayrılması barədə” 28 aprel 1919-cu ilə Qərar qəbul etmişdi. Qərarda bu məqsədlə Daxili İşlər Nazirliyinin sərəncamına əlavə 25000 rubl ayrılmışdı.

Hələ o zaman Avropa təcrübəsinə müvafiq olaraq, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 11 avqust 1919-cu il tarixli Qərarı ilə bütün türmələr Daxili İşlər Nazirliyinin tabeliyindən alınıb Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdi.

Bütün bu sadaladığımız qanun və qərarlardan görünür ki, Azərbaycan Xalq Cümhuriyyətinin istər Parlamenti, istərsə də hökuməti polis orqanlarının və bu qurumların əməkdaşlarının maddi təminatlarının artırılması, fəaliyyətinin təkmilləşdirilməsi üçün nə mümkünsə etmişlər.

Ümummilli lider Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. Ulu öndərin bu sözləri müasir Azərbaycan Respublikasının bütün dövlət qurumlarına eyni dərəcədə aiddir. Azərbaycan polisi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aparıcı qurumu kimi Azərbaycan Xalq Cümhuriyyətinin polis orqanlarının şanlı ənənələrini bu gündavam etdirirdaha da təkmilləşdirir.

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının Baş müəllimi—

hüquq üzrə fəlsəfə doktoru,

Baş ədliyyə müşaviri,

Prokurorluğun fəxri işçisi.

 Respublika.-2014.- 2 iyul.- S.8.