Od və işıq ölkəsi Azərbaycan”

 

Azərbaycan tarixinin ən ağrılı-acılı səhifələrindən olan həmin hadisələrdə, müəllifin vurğuladığı kimi, ən çox əziyyət çəkən Azərbaycan xalqı oldu. Şimali Azərbaycanda Rusiya, Cənubi Azərbaycanda isə İran zülmü əleyhinə xalq üsyanları baş qaldırsa da, bütün bu üsyanlar amansızcasına yatırıldı.

XIX əsr Azərbaycan tarixində həm də elm və mədəniyyətin inkişafı ilə əlamətdardır. Əl-Quturi də həmin dövrdə yaşamış Abbasqulu ağa Bakıxanov, Mirzə Adıgözəl bəy, Mirzə Camal, Kərim ağa Fateh, Seyid Abdulhəmid, Mirzə Kazım bəy kimi alimlərin, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Qasım bəy Zakir kimi şairlərin adlarını çəkmiş, onların elm və mədəniyyətin inkişafında göstərdikləri xidmətlərə toxunmuşdur.

Azərbaycanın təbii sərvətlərinin Rusiyaya daşındığını qeyd edən müəllif, neft istehsalından sonra vəziyyətin daha da pisləşdiyini, bu sahəyə də yerli burjuaziyanın yox, əcnəbilərin nəzarət etdiyini yazmış və 1873-cü ildə Bakıda 12 şirkət olduğu halda, XIX əsrin sonlarına yaxın bu rəqəmin 140-a çatdığını və dünya bazarında Bakı neftinin xüsusi yer tutduğunu göstərmişdir.

Həmin dövrdə Bakıda, Nuxada, Şamaxıda və digər şəhərlərdə məktəblərin fəaliyyəti ilə bağlı müəllif yazır ki, əski (əbcəd) əlifba, Quran, ərəb və fars dilləri, tarix, şəriət, fəlsəfə, fiqh kimi elmlər məktəblərdə tədris olunurdumaarifçilik sahəsində Seyid Əzim Şirvani, Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə kimi şəxsiyyətlər xüsusilə fərqlənirdilər. Təbii ki, burada milyonlarını xalqının yolunda sərf etmiş Hacı Zeynalabdin Tağıyevin də adı hörmətlə çəkilmişdir.

İlk mətbuat orqanı kimi “Əkinçi” qəzetindən bəhs edən alim, burada tarix elminin xüsusi inkişafını yazaraq sonda bu gün Azərbaycanın ən yaralı yeri olan Qarabağ və digər məsələləri həll etmək üçün çox gözəl tarixi əsərlərin olduğunu iddia edir.

Ümumiyyətlə, həmin dövrdə inkişaf olsa da, əhalinin ağır yaşayışı, sənayenin bütün sahələrində çalışan fəhlələrin dözülməz şəraiti getdikcə daha böyük narazılığa səbəb olurdu. Müxtəlif gizli təşkilatlar yaradılır, hökumət əleyhinə tətillər, nümayişlər keçirilirdi. Həmin dövrdə Rusiyanın özündə də siyasi vəziyyət qarışıq idi. Azərbaycana gələn rusiyalı fəhlələr burada da öz fəaliyyətlərini genişləndirir, yerli fəhlələri öz ətraflarına toplayırdılar. Həmin illərdə xalqımızın görkəmli xadimi Məmməd Əmin Rəsulzadə də rus əsarəti ilə barışmayıb, öz partiyasını yaradanlar arasında idi. Müəllifin də yazdığı kimi, bir tərəfdən ruslar və ermənilər, digər tərəfdən isə ingilislər Bakıda öz dəstələrini yerləşdirsələr də, Rəsulzadə və silahdaşları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini qurmağı bacardılar. Amma rus və erməni birləşmiş qüvvələri bu dəfə də Azərbaycanın müstəqilliyinə son qoydu. Müəllifin sözləri ilə desək, cəmi 23 aylıq bir ömrü olan bu dövlət xalqımıza müstəqillik uğrunda milli mübarizənin nə olduğunu göstərdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduğu 28 aprel 1920-ci il tarixindən müstəqillik qazandığımız günə, yəni 18 oktyabr 1991-ci ilə qədər olan dövr kitabdaŞimali Azərbaycanda sovet rejimi” başlığı altında öz əksini tapmışdır. 71 il ərzində SSRİ-nin tərkibində olan Azərbaycanın itirdiklərini və qazandıqlarını, sovet rejiminin “incə” məqamlarını, Azərbaycana qarşı tutulan mövqenin əsl üzünü aydın şəkildə duyan Misir alimi bu bölümə “Sovet Rusiyasının təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti dağıdıldı və beləliklə də Şimali Azərbaycanda müstəqil Azərbaycan dövləti süqut etdi” cümləsi ilə giriş vermişdir. Daha sonra isə xalqımıza qarşı yeridilən qərəzli siyasət və bu siyasətin həyata keçirilməsində qeyri millətlərdən, xüsusən də ermənilərdən məharətlə istifadə edilməsini vurğulayan müəllif 1918-ci ilin Mart soyqırımına və digər vəhşiliklərə də biganə qalmamış, bəlkə özü də Azərbaycana qarşı bu qərəzin nədən ibarət olduğunu anlamağa çalışmışdır.

Bolşeviklərin xalq arasına ikitirəlik salaraq əhalinin müxtəlif təbəqələrini üz-üzə qoyan bu “fəhlə-kəndli sinfinin hakimiyyəti”nin apardığı mənfur siyasəti ərəb oxucusuna məharətlə çatdıran Əl-Quturi çox düzgün olaraq qeyd edir ki, “əks-inqilaba və təxribatçılığa qarşı mübarizə” pərdəsi altında xalqın ağı qaradan seçməyi bacaran ziyalı təbəqəsinin məhvi, Azərbaycan vətəndaşında milli şüurun öldürülməsi Azərbaycanın verdiyi ən böyük qurbandır.

Xalq arasında belə bir məsəl var: “Ot kökü üstündə bitər”. Sovetlər də repressiya illərində Azərbaycanın görkəmli xadimlərinin, ziyalılarının tək özünü yox, bütün ailəsini, nəslini yalançı ittihamlarla sürgünlərə göndərməklə, güllələməklə xalqımızı məhz bu kökdən məhrum etməyə çalışmışdı. Ərəb müəllifinin qeyd etdiyi kimi, bu, artıq soyqırım deyildi, xalqı öz say-seçmə adamlarından, ziyalılarından məhrum etmək demək idi.

Müəllifin toxunduğu məsələlərdən biridildin məsələsidir. Belə ki, xalqı milli mənlik şüurundan tam məhrum etmək, onu öz kökündən uzaqlaşdırmaq məqsədilə bolşeviklərin xalqın mənəvi dəyərlərinə hücumundan bəhs edən Əl-Quturi Cümhuriyyət dövründə dövlət dili olan ana dilinin sıxışdırılmasından, dini məktəblərin bağlanmasından, qədim memarlıq abidələri olan məscidlərin, minarələrin dağıdılmasından ürək ağrısı ilə söz açmış və sovetlərin Azərbaycana qarşı yeritdikləri işğalçılıq siyasətini daha qabarıq şəkildə göstərmək üçün Leninin 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi “Bakını almaq bizə olduqcaolduqca zəruridir” məzmunlu teleqramını da kitaba daxil etmişdir.

Rusiyanı yanacaq böhranından çıxaran Azərbaycan nefti və digər sərvətlərimiz dövlət mülkiyyəti hesab olunurdu. Sənaye istehsalı və iqtisadiyyatın idarə olunması, başlıca olaraq rusların, ermənilərin, yəhudilərin və qeyri millətlərin nümayəndələrinin əlində cəmləşdirildi. Müəllif sovetlər dönəmində Nəriman Nərimanov və onun tərəfdarlarının da əməyini vurğulamış və haqlı olaraq göstərmişdir ki, qeyri-azərbaycanlıların Azərbaycana qarşı yeritdikləri bəzi qorxunc planların həyata keçirilməsinə mane olmağa müvəffəq olsa da, çox keçmədən N.Nərimanov bolşevik-daşnak qrupu tərəfindən “zərərsizləşdirildi”, yəni Azərbaycandan uzaqlaşdırıldı.

Daha sonra müəllif kiçik bir başlıq altında Azərbaycanda bu rejimə qarşı baş verən üsyanlardan da söz açmışdır. Belə ki, müəllif, bolşeviklərin Azərbaycan xalqının əzmini belə asanlıqla qıra bilməməsindən, Gəncədə, Zaqatalada, Qarabağda əhalinin bir-birinin ardınca qəsbkarlara qarşı ölüm-dirim savaşından, hətta Şəmkirdə XI qızıl orduya qarşı döyüşlərdə qadınların və uşaqların da fəal iştirakından bəhs etməklə azərbaycanlıların nə qədər mübariz, qəhrəman bir xalq olduğunu öz oxucusuna çatdırmağa çalışmışdır. Amma müəllifin də qeyd etdiyi kimi, bu düşmən adi düşmən deyildi. Bu, əsrlər boyu Azərbaycanı öz xammal mənbəyinə çevirməyi qarşısına məqsəd qoyanbu məqsədinə çatmaq üçün yaxın qonşularımızdan, ermənilərdən çox məharətlə istifadə etməyi bacaran bir düşmən idi. Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına kömək edən bolşeviklərin qiyamları erməni-daşnak dəstələrinin köməyi ilə yatırması, Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz və Dağlıq Qarabağı işğal etməyə çalışan daşnak quldurlarının törətdikləri qanlı qırğınlar, yüz minlərlə azərbaycanlının didərgin düşməsi faktlarının da kitabda öz əksini tapması bugünümüz üçün çox əhəmiyyətlidir. Bəli, bu tarix bizim bugünkü ən qlobal problemimizin tarixidir. Müəllif Dağlıq Qarabağa muxtariyyət verilməsini belə açıqlayır: “Dağlıq Qarabağla bağlı öz arzularına çata bilməyən ermənilər bu regionda öz mövqelərini möhkəmləndirə bildilər”. Ermənilərin Naxçıvan arzusunun həyata keçməsinə isə Türkiyə mane oldu. Mustafa Kamal Atatürküntürk qapısı” adlandırdığı Naxçıvan RSFSR-lə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinə (16 mart 1921-ci il) əsasən Azərbaycanın himayəsi altında muxtariyyət aldı. Müqaviləyə görə, Naxçıvan özünün muxtariyyət statusunu üçüncü dövlətə güzəştə gedə bilməzdi. Həmin ilin payızında Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsi (13 oktyabr 1921-ci il) də bunu bir daha təsdiq etdi.

Əl-Quturi burada Azərbaycanın həmin illərə aid xəritəsindən istifadə etmişsanki bu xəritənin köməyi ilə Rusiya ilə Ermənistanın arasında yerləşən Azərbaycanın çətin vəziyyətini daha real şəkildə göstərməyə çalışmışdır.

SSRİ-nin tərkibinə daxil olduqdan sonra Azərbaycanın iqtisadiyyatının müstəqil inkişafına mane olmaq üçün onu mərkəzdən tam asılı vəziyyətə salan, əksər sahələrdə milli kadrların yetişməsinə süni maneələr törədən, rus, erməni, gürcü, yəhudi və digər millətlərin Azərbaycana axını üçün şərait yaradan, rus dilini dövlət dili elan etməklə ana dilimizi sıxışdıran bu rejimin Azərbaycana vurduğu maddi və mənəvi dəyərləri sadalayan müəllif, haqlı olaraq bu sahədə Stalinin də “xidmətlərini” unutmur. 1929-cu ildə Zəngilan rayonunun 3 kəndinin və Qanıq (Alazan) çayının sağ sahilindəki Azərbaycan torpaqlarının Gürcüstana verildiyiniqeyd edir.

Xalqın bütün əmlakının kollektivləşdirmə adı altında əlindən alınması Azərbaycanda - Şəkidə, Zaqatalada, Naxçıvanda, Xızıda, Şəmkirdə, Cəbrayılda və digər yerlərdə yeni üsyan dalğasına səbəb olur. Bu üsyanlar arasında ən güclüsü isə 1930-cu ildə Şəkinin Göynük kəndində başladı və qısa müddətdə bütün Şəkini bürüdü. Şəkidə sovet hakimiyyəti devrildi, amma böyük bir imperiya üçün, təbii ki, bu üsyanı yatırmaq çox da çətin olmadı. Şəhərə yeridilən Qırmızı ordu əhaliyə qarşı çox amansız oldu. Bununla əlaqədar Əl-Quturi yazır: “Şəki əhalisi bir neçə gün ərzində kütləvi qırğına məruz qaldı. Bu qırğında erməni qüvvələri xüsusi fəallıq göstərdilər. Və beləliklə, 1918-ci ildə Şəki üzərində onların hakimiyyətinə mane olmuş göynüklülərdən öz intiqamlarını beləcə aldılar. Güllələnmiş üsyançıların kütləvi məzarları, xüsusən də Türk Əhmədin məzarı sonralar sovet işğalına qarşı xalq qəhrəmanlığının bir nümunəsi kimi müqəddəs ziyarətgaha çevrildi”.

Bu üsyanlardan sonra xalq qüvvəsindən qorxuya düşən sovetlər Azərbaycanda milli oyanışın qarşısını almaq məqsədilə “təmizləmə” əməliyyatına başladılar. Erməni və rus rəhbərləri Azərbaycanı Azərbaycan türklərindən “təmizləyir”, xalqın ən böyük sərvətini - ziyalı potensialını məhv edirdilər. Müəllif burada H.Cavidin, M.Müşfiqin, Ə.Cavadın, S.Mumtazın, Ə.Nəzminin, T.Şahbazinin adlarını çəkmiş və bir ziyalı kimi belə nadir şəxsiyyətlərin aradan götürülməsinin Azərbaycan xalqı üçün nə qədər böyük bir itki olduğunu duyaraq, sovetlərin bu əməllərini “varvarizmkimi qiymətləndirmişdir. Bəlkə də sovetlərin Azərbaycanda hətta milli musiqi alətlərinə belə qadağa qoymasını tam mahiyyəti ilə dərk etməyən ərəb alimibaşa düşürdü ki, bu rejim əslində Azərbaycan xalqından çəkinmiş, nə vaxtsa bu xalqın öz müstəqilliyini bərpa edə biləcəyini duyaraq, bacardığı qədər bu xalqın tarixini saxtalaşdırmağa, dilinə, dininə, mənəviyyatına zərbə vurmağa çalışmışdır. Qonşu xristian xalqlarının əlifbasına toxunulmadığı halda, əski əlifbadan yenicə latın əlifbasına keçən Azərbaycan xalqının kiril əlifbasına keçməyə məcbur edilməsi də bu fikri bir daha təsdiqləyir.

Həmin dövrdə ölkəmizə vurulan zərbə çox böyük olsa da, kommunist diktaturası xalqımızın qurub-yaratmaq istəyini boğa bilmədi. Hər şeyə rəğmən, Azərbaycan yeni dövrün tələbatına uyğun yeni inkişaf dövrünə qədəm qoydu.

Müəllif Azərbaycan xalqının nə qədər güclü bir xalq olduğunu göstərmək üçün ağır repressiya illərindən sonra onun İkinci Dünya müharibəsi illərində göstərdiyi şücaətdən də bəhs etmişdir. Antifaşist hərəkatına qarşı xalqımızın həm arxa cəbhədə, həm də səngərlərdə böyük qəhrəmanlıqlar göstərdiyini yazan Əl-Quturi akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında yeni texnologiya əsasında yüksək oktanlı aviasiya benzininin istehsalını da vurğulamışdır.

1945-ci ildə Cənubi Azərbaycanda baş verən milli-azadlıq hərəkatına da toxunan Əl-Quturi Seyid Cəfər Pişəvəri haqqında da xüsusi məlumat vermişdir. Çox maraqlı faktlardan biribudur ki, Kremldə söz sahibi olan ermənilərin səyi nəticəsində 1948-1953-cü illərdə azərbaycanlıların qərbdəki dədə-baba torpaqlarından kütləvi şəkildə deportasiyasından bəhs edərkən müəllif Qarabağ problemini ərəb dünyasının ən böyük problemi olan Fələstinlə müqayisə etmişdir.

Hər bir xalqın milli şüurunun, mədəniyyətinin inkişafında dahi şəxsiyyətlərin mühüm rolu olduğunu qeyd edən alim Azərbaycan xalqının görkəmli şəxsiyyətləri ilə də bağlı araşdırmalar aparmışdır. Bu şəxsiyyətlər sırasına memarlıq sənətində ən böyük uğurlara imza atmış Əcəmi Əbu Bəkr Naxçıvani, “qədim Azərbaycan şəhəri Gəncədə anadan olmuş dahi Azərbaycan şairi Nizami Gəncəvi” kimi təqdim olunan dünya ədəbiyyatında özünəməxsus yer tutan dahi söz ustadımız Nizami, həm böyük alim, həm də şair olan Nəsrəddin Tusi, qəzəlləri bütün Şərqə səs salan İmadəddin Nəsimi, həm şair, həm mahir siyasətçi, cəsur sərkərdə kimi tarixdə iz qoyan Şah İsmayıl Xətai, “XVI əsrin ən görkəmli şairi, ümumiyyətlə isə, türk ədəbiyyatının dahi şairlərindən olan” Məhəmməd Füzuli, rus işğalçılarına qarşı mübarizədə əsl qəhrəmanlıq dastanı yaradan Gəncə xanı Cavad xan, Cənubi Azərbaycanda şah üsul-idarəsinə qarşı çıxan Bağır xan, xalqımızın ziyalı oğlu Nəriman Nərimanov, Təbrizdə milli-azadlıq hərəkatına rəhbərlik edən mütəfəkkir Şeyx Məhəmməd Xiyabani, xalqımızın rəssam oğlu Bəhruz Kəngərli, yazıçı Mir Cəlal Paşayev daxildir. Misirli alim onlardan hər birinin həyatını və yaradıcılığını geniş şəkildə araşdırmış, şairlərin yaradıcılığından ərəb dilində nümunələr gətirmişdir. Müasir dövrdən yazıçı-jurnalist Nərgiz Rüstəmli, şairə-jurnalist Mirvari Rəhimzadə haqqında da bu bölümdə məlumatlar hazırlanmışdır.

Kitabda bəzi xətalara, nöqsanlara da yol verildiyini qeyd etmək lazımdır. Bu nöqsanların bəziləri xüsusi adların (Mikayıl-Mixail, Şəki-Şəxi, Tağı-Tacı və s.) transliterasiyası ilə bağlı olsa da, bəziləri daha kobud təsir bağışlayır. Məsələn, Bakı şəhərinin əsasının Sasani şahı I Xosrov tərəfindən qoyulması haqqında olan əfsanə, Azərbaycan tarixində mühüm hadisə kimi qiymətləndirilən Səfəvi dövlətini fars dövləti, Şah İsmayılı isə farsların yeni dövlətinin banisi kimi təqdim etmək, Naxçıvan Muxtar Respublikasını bəzi yerlərdə Naxçıvan Respublikası kimi qeyd etmək, Azərbaycanın rayonlarından ayrıca bir qurum kimi bəhs etmək, İmişlini Ağcabədinin əsas şəhəri kimi qələmə vermək və s. Bu sadalananlar arasında məni ən çox narahat edən məsələlərdən biri müəllifin Azərbaycanın adını açıqlaması ilə bağlıdır. Əslində müəllif bizim öz mənbələrimizi ərəb dilinə tərcümə edib. Amma mənbələrdəki məlumatların tərcüməsində dəqiqlik gözlənilməyib. Məsələn, müəllif Atropatenanın satrapı olan Atropatı fars hakimi kimi təqdim edərək, Azərbaycan adının bir mənasını da onun adı ilə bağlayır. Bu kimi faktlar müəllifin köhnə mənbələrə də istinad etdiyini göstərir. Belə səhvlərdən sığortalanmaq üçün isə alimlərimiz ölkəmizin tarixi ilə bağlı yenidaha sanballı kitablar yazmağa çalışmalıdırlar.

Amma bu nöqsanlara baxmayaraq, kitab Azərbaycanın ərəb ölkələrində düzgün təbliğ olunması baxımından çox əhəmiyyətlidir. Azərbaycan olmadan Azərbaycan haqqında belə bir kitab yazmaq müəllifdən həm həmin ölkəyə dərin rəğbət, həm də böyük əmək və zəhmət tələb edir. Bu baxımdan, ərəb aliminin tariximizlə, mədəniyyətimizlə, dilimizlə bu qədər yaxından maraqlanıb, ölkəmiz haqqında topladıqları məlumatları ayrıca bir kitab şəklində nəşr etdirməsi təqdirəlayiq hadisədir.

 

İmamverdi HƏMİDOV,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutu Qədim dövr Azərbaycan

ədəbiyyatı şöbəsinin müdiri.

 Elnarə ZEYNALOVA,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutu Qədim dövr Azərbaycan

ədəbiyyatı şöbəsinin elmi işçisi.

 Respublika.-2014.- 2 iyul.- S.11.