Avropa Şurasının
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə
Avropa Komissiyası (CEPEJ) və Azərbaycanda aparılan
mütərəqqi məhkəmə-hüquq islahatları
Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmiyyətimizin bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq istiqamətində də islahatların aparılmasına başlanılmışdır. Həmin islahatların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə başçısı bu işləri əzmlə və uğurla davam etdirməkdədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli mütərəqqi islahatlar dövlətimizin beynəlxalq aləmə hüquqi inteqrasiya prosesini sürətləndirir. Bu genişmiqyaslı islahatların qısa zaman kəsiyində aparılması nəticəsində əldə edilən müsbət nəticələr nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və digər dövlətlərin bu sahələrə diqqətini cəlb edir.
Hazırda dünyada məhkəmə sisteminin daha da təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması və özünüidarə funksiyalarının genişləndirilməsi, məhkəmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi üçün dövlətlər geniş təhlillər aparır, müvafiq layihələr həyata keçirirlər.
Dünyada gedən qloballaşma şəraitində məhkəmə-hüquq islahatlarının aparılmasında müxtəlif tarixlərdə yaradılmış beynəlxalq təşkilatların və onların komissiyalarının rolu xüsusi əhəmiyyət kəsb edir. Avropa Şurasının üzv dövlətləri öz məhkəmə və hüquq sistemlərini Avropa standartlarına uyğunlaşdırmaq məqsədilə müxtəlif sahələrdə islahatlar aparır. Bu proseslər həm inkişaf mərhələsində olan, həm də inkişaf etmiş ölkələrdə müşahidə olunur.
Avropa məkanında aparılan məhkəmə-hüquq islahatlarını düzgün istiqamətləndirmək və əlaqələndirmək, ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində Avropa Şurasının müəyyən etdiyi standartlara üzv dövlətlər tərəfindən əməl edilməsi prosesinə səmərəli nəzarət etmək məqsədi ilə daim fəaliyyət göstərən və bütün üzv dövlətlərin ekspertlərindən ibarət olan komissiyanın təşkil olunması zərurəti yaranmışdı.
Bununla əlaqədar Avropa Ədliyyə Nazirlərinin 2000-ci ildə Londonda keçirilən toplantısında irəli sürdükləri təşəbbüs əsasında Avropa Şurası Nazirlər Komitəsinin 808-ci plenar iclasının 18 sentyabr 2002-ci il tarixli qərarı ilə (Res(2012)12) Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) yaradılmışdır. Nazirlər Komitəsinin məqsədi Avropa məkanında milli məhkəmə sistemlərinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və bununla Avropa İnsan Hüquqları Məhkəməsinin iş yükünün azaldılması, habelə insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi və məhkəmə istifadəçilərinin inamının möhkəmləndirilməsi üçün işlək qurumun yaradılması olmuşdur.
Avropa Şurası CEPEJ-in yaradılması ilə Avropa məkanında qanunun aliliyinin və fundamental insan hüquqlarının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası, xüsusilə 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələri əsasında təmin etmək siyasətini bir daha təsdiq etmişdir.
CEPEJ-in fəaliyyətinin
əsas istiqamətləri:
l Avropa
Şurasının üzv dövlətlərində məhkəmə
və ədliyyə sistemlərinin səmərəliliyinin
artırılması;
l ədalət
mühakiməsi sahəsində Avropa standartlarının
yaradılması və onların tətbiqinin təmin edilməsi;
l
üzv dövlətlərin məhkəmə sistemlərində
əldə olunmuş nailiyyətlərin öyrənilməsi
və yayılması, habelə mövcud olan
çatışmazlıqların müəyyən edilməsi
və təkmilləşdirilməsi yollarının
araşdırılması.
Qeyd olunan məqsədlərə nail olmaq
üçün Avropa Şurasının üzv dövlətləri
başçılarının 2005-ci ildə Varşavada
keçirilən 3-cü Sammitində qəbul etdikləri qərarına
əsasən milli məhkəmə sistemlərində ədalət
mühakiməsini daha səmərəli həyata keçirmək
məqsədi ilə CEPEJ-ə Avropa məhkəmə sistemlərini
qiymətləndirmək və əməli köməklik
göstərmək səlahiyyəti verilmişdir. Bununla
yanaşı, CEPEJ vasitəsi ilə Avropa İttifaqı ilə
hüquqi sahədə əməkdaşlığın
gücləndirilməsi zəruri bilinmişdir.
Ədalət
Mühakiməsinin Səmərəliliyi üzrə Avropa
Komissiyasının (CEPEJ) əsas funksiyaları
aşağıdakılardır:
l
üzv dövlətlərdə məhkəmə və ədliyyə
sistemlərinin təkmilləşdirilməsi üzrə islahatlara
dəstək vermək, onların aparılmasında əməli
köməklik göstərmək;
l
üzv dövlətlərin ehtiyaclarını nəzərə
alaraq onların məhkəmə sistemlərinin fəaliyyətini
qiymətləndirmək və təkmilləşdirilməsi
üçün yolları araşdırmaq;
l
üzv dövlətlərin məhkəmə sistemlərində
mövcud olan çatışmazlıqları və təkmilləşdirilməli
sahələri müəyyən etmək və bu sistemlərin
funksionallığı ilə bağlı fikir və təcrübə
mübadiləsi aparmaq;
l Avropa
məkanında mövcud olan müxtəlif məhkəmə
sistemlərində əldə olunmuş nailiyyətləri
öyrənmək, qiymətləndirmək və müsbət
təcrübələri digər üzv dövlətlərə
tətbiq olunması üçün tövsiyə etmək;
l Avropa
məhkəmə sistemlərinin səmərəli təşkil
olunması, ədliyyə sahəsində Avropa standartlarına
uyğunlaşdırılması və həmin
standartların düzgün tətbiqini təmin etmək məqsədi
ilə üzv dövlətlərə köməklik göstərmək;
l Avropa
Şurasının müvafiq komitələrinin ədliyyə
və məhkəmə sahələri ilə bağlı
tövsiyələrinin hazırlanması və mövcud olan sənədlərə
dəyişikliklərin edilməsi ilə bağlı təkliflər
vermək;
l
“İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Avropa
Konvensiyasının 6-cı maddəsinin pozulmasının
qarşısının alınması üçün təkliflərin
hazırlanması ilə Avropa İnsan Hüquqları Məhkəməsinin
iş yükünün azaldılması istiqamətində
işlər görmək.
Ədalət Mühakiməsinin Səmərəliliyi
üzrə Avropa Komissiyasının (CEPEJ) tərkibi Avropa
Şurasının 47 üzv dövlətinin məhkəmə
və ədliyyə orqanlarında çalışan 80-90
ekspertindən ibarətdir. Komissiyanın tərkibi
formalaşdıqdan sonra CEPEJ-in üzvləri gizli səsvermə
yolu ilə aralarından Komissiyanın ali
idarəetmə orqanlarının üzvlərini—prezidenti,
vitse-prezidenti və Büronun iki üzvünü 2 il müddətinə
seçirlər. Həmin şəxslər bu vəzifələrə
yalnız iki dəfə seçilmək hüququna malikdirlər.
Sonradan onlar CEPEJ-in sıravi üzvləri kimi fəaliyyət
göstərə bilərlər. Hazıradək
CEPEJ-ə üç prezident—Eberhard Herş (Almaniya), Fausto de
Santis (İtaliya) və Con Steysi (İngiltərə) rəhbərlik
etmişdir. 2014-cü ilin dekabr ayında
CEPEJ-in Bürosuna yeni üzvlərin, habelə prezidentin və
vitse-prezidentin seçkiləri keçiriləcəkdir.
Komissiya öz işini ildə iki dəfə plenar
iclasların keçirilməsi ilə təşkil edir. Plenar iclaslar
qapalı keçirilir. İclaslarda
yalnız üzv dövlətlərin rəsmi
ayırdığı ekspertlər iştirak edə bilərlər,
digər şəxslərə yalnız Büronun razılığı
ilə icazə verilir. Bugünə kimi
CEPEJ-in 22 plenar iclası olmuşdur. Plenar iclaslarda ekspert
üzvləri ilə yanaşı, Avropa İttifaqı, Avropa
Hakimlərinin Məşvərətçi Şurası
(CCJE), Avropa Prokurorlarının Məşvərətçi
Şurası (CCPE), Avropa Hakimlərinin Assosiasiyası, Məhkəmə
İşçilərinin Beynəlxalq Birliyi, Vəkillər
Kollegiyası və Hüquq Cəmiyyətlərinin Avropa
Birliyi, Məhkəmə İcraçılarının Avropa
Birliyi, Məhkəmə Şuralarının Avropa Birliyi,
Dünya Bankı və digər aidiyyəti mötəbər
qurumların nümayəndələri də iştirak edir.
Maraqlı haldır ki, CEPEJ-in plenar iclaslarında
müşahidəçi qismində Avropa Şurasının
üzvü olmayan dövlətlər də (İsrail, Kanada,
Meksika, Yaponiya, ABŞ, Mərakeş, Vatikan) təmsil olunur.
CEPEJ-in
prezidenti, vitse-prezidenti və Büronun üzvləri daxili
iclaslarında komissiyanın cari işini təşkil etmək
və əsas funksiyalarının icrasını təmin etmək
məqsədi ilə komissiyanın üzvlərindən ibarət
beş komitə formalaşdırırlar.
Beləliklə, CEPEJ öz fəaliyyətini beş
komitə vasitəsi ilə qurur, həmin komitələrin hazırladığı
sənədlər plenar iclasların müzakirəsinə
çıxarılır, CEPEJ-in üzvü olan ekspertlərin
təklifləri nəzərə alınmaqla təsdiq edilir və
sonradan tətbiq olunması üçün üzv dövlətlərə
göndərilir.
Məhkəmə
Müddətləri ilə bağlı İşçi Komitənin
(CEPEJ SATURN) əsas fəaliyyət istiqaməti üzv dövlətlərin
məhkəmə sistemlərində mövcud olan məhkəmə
proseslərinin müddətlərinin öyrənilməsi, bu
müddətlərin səmərəliliyi baxımından təhlil
olunması və onların tətbiqi zamanı İnsan
Hüquqlarına dair Avropa Konvensiyasının 6-cı maddəsində
nəzərdə tutulan ağlabatan müddətdə ədalətli
məhkəmə baxışı hüququnun pozulması
hallarının aradan qaldırılması, bu sahədə
işin təkmilləşdirilməsi və vahid təcrübənin
yaradılmasıdır. Bu məqsədlərə nail olmaq
üçün Komitə qeyd olunan məsələlərə
dair müxtəlif metodoloji tövsiyələr, vəsaitlər,
qaydalar, sorğular hazırlayır və CEPEJ-in plenar
iclaslarının müzakirəsinə çıxarır.
Komitənin işi CEPEJ çərçivəsində
yaradılmış və üzv dövlətlərin məhkəmələrindən
ibarət olan Pilot Məhkəmələr Şəbəkəsi
vasitəsi ilə aparılır. Hər üzv dövlətin
seçdiyi iki məhkəmə bu şəbəkənin
işində iştirak edir və Komitənin
hazırladığı sənədlər həmin pilot məhkəmələrdə
tətbiq edilir. Azərbaycanı həmin şəbəkədə
Bakı Şəhəri Yasamal və Nərimanov rayon və 1
saylı Bakı İnzibati-İqtisadi məhkəmələrinin
sədrləri təmsil edirlər. Komitənin
hazırladığı suallar toplusu və digər sənədlər
həmin məhkəmələrdə tətbiq olunur, hakimlər
tərəfindən cavablandırılır və müxtəlif
məsələlər üzrə tövsiyələr verilir.
Komitənin
tərkibi 6 ekspertdən ibarətdir, onlar bir il
müddətinə seçilir və təkrar seçilmələrinə
müddət məhdudiyyəti qoyulmur. Komitənin
hazırdakı tərkibi İsveçrə, Norvec,
İtaliya, Gürcüstan, Malta və Çexiya nümayəndələrindən
ibarətdir. Sədrlik edən ölkə
İsveçrədir.
Ədalət Mühakiməsinin Keyfiyyətinə dair
İşçi Komitənin (CEPEJ-GT-QUAL) əsas fəaliyyət
istiqaməti üzv dövlətlərin məhkəmə
sistemlərində göstərilən xidmətlərin keyfiyyətinin
artırılması, məhkəmələr daxilində
görülən işlərin təhlil olunması və qiymətləndirmə
vasitələrinin yaradılmasıdır.
Buna nail
olmaq üçün Komitə hakimlərin müstəqillik
prinsipini rəhbər tutaraq məhkəmələrin, hakimlərin
fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsi
üçün meyarları hazırlayır, məhkəmə
sisteminin səmərəli təşkil olunması (məhkəmə
xəritəsi) üzrə həlli yollarını müəyyənləşdirir,
məhkəmə sistemində olan
çatışmazlıqları aradan qaldırmaq, hakimlərin
iş yükünün düzgün paylanması və
göstərdikləri xidmətlərin keyfiyyətinin
artırılması və s. məsələlər üzrə
tövsiyələr hazırlayır.
Hazırkı
komitənin tərkibi 7 ekspertdən ibarətdir, onlar bir il müddətinə seçilir və təkrar
seçilmələrinə müddət məhdudiyyəti
qoyulmur. Hazırda İsveçrə, Portuqaliya,
Almaniya, Fransa, Hollandiya, İtaliya və Xorvatiyanın nümayəndələri
Komitənin tərkibini təşkil edir. Sədrlik
edən ölkə İsveçrədir. Komitə
işini Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə
dair İşçi Komitə (CEPEJ-GT-EVAL) və Məhkəmə
Müddətləri ilə bağlı İşçi Komitə
(SATURN Mərkəzi) ilə sıx əlaqəli qurur.
Məhkəmə Qərarlarının İcrasına
dair İşçi Komitənin (CEPEJ-GT-EXE) əsas məqsədi
üzv dövlətlərdə mülki, iqtisadi və inzibati
işlər üzrə məhkəmə aktlarının
icrasına dair Avropa standartlarının daha səmərəli
tətbiqinin təmin olunmasından ibarətdir. Bununla əlaqədar
Komitə Avropa Şurasının məhkəmə qərarlarının
icrasına dair tövsiyələrinin tətbiqi vəziyyətini
öyrənir, onların səmərəli icrası
üçün təlimat layihələrini hazırlayır
və bu sahədə işin səmərəliliyinin
artırılması üçün keyfiyyət
standartlarını müəyyən edir.
Komitənin
tərkibi 6 ekspertdən ibarətdir
, onlar bir
il müddətinə seçilir və təkrar
seçilmələrinə müddət məhdudiyyəti
qoyulmur. Komitənin hazırdakı tərkibi
Xorvatiya, Yunanıstan, Almaniya, Monako, Rusiya və İngiltərə
ekspertlərindən formalaşdırılmışdır.
Sədrlik edən ölkə Almaniyadır.
Komitənin iclaslarında, eyni zamanda Hüquqi
Əməkdaşlıq üzrə Avropa Komitəsi və
Avropa İttifaqının nümayəndələri
iştirak edirlər.
Mediasiyaya
dair İşçi Komitənin (CEPEJ-GT-MED) əsas fəaliyyəti
Avropa Şurası Nazirlər Komitəsinin mülki, ailə, əmək
və s. sahələr üzrə mübahisələrin
alternativ həlli metodlarından olan mediasiyanın tətbiqi
sahəsində qəbul etdiyi tövsiyələrinin üzv
dövlətlərdə tətbiqinin təmin
olunmasıdır.
Bununla əlaqədar Komitə Avropa Şurasının
mediasiya ilə bağlı müvafiq tövsiyələrinin tətbiqi
vəziyyətinin öyrənilməsi və daha səmərəli
icrası üçün suallar toplusu, qaydalar, metodiki göstərişlər
hazırlamışdır (məsələn, üzv dövlətlərdə
ailə və mülki mübahisələrin həlli
zamanı mediasiyaya dair tövsiyələrin daha səmərəli
tətbiqi üzrə Qaydalar və s.).
Komitənin
tərkibi 6 ekspertdən ibarətdir, onlar bir il
müddətinə seçilir və təkrar seçilmələrinə
müddət məhdudiyyəti qoyulmur. Komitənin
tərkibi Portuqaliya, Almaniya, Litva, Çexiya, İngiltərə
və Sloveniya ekspertlərindən
formalaşdırılmışdır. Sədrlik
edən ölkə Litvadır.
Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə
dair İşçi Komitənin (CEPEJ-GT-EVAL) əsas
funksiyası Avropa Şurası üzv dövlətlərinin məhkəmə
sistemlərinin fəaliyyətinin qiymətləndirilməsindən
və ədliyyə sahəsində müvafiq standartların
(tövsiyələrin) hazırlanmasından ibarətdir. Bu məqsədə nail
olmaq üçün Komitə 2004-cü ildən başlayaraq
Avropa məkanında unikal qiymətləndirmə vasitəsinin
tətbiqinə başlamış və bununla bütün
Avropa məkanında məhkəmə sistemlərinin
müqayisəli mənzərəsini əks etdirən irihəcmli
hesabatın—“Avropa məhkəmə sistemləri” adlı
Hesabatın müntəzəm olaraq hazırlanmasına nail
olmuşdur.
Belə ki, Komissiya qeyd olunan hesabatın
hazırlanması üçün ədliyyə, məhkəmə,
prokurorluq və vəkillik sahələrinə dair 200-dən
çox sualı əhatə edən toplunu və onun
cavablandırılmasına dair izahı
hazırlamışdır. Həmin suallar toplusuna dair üzv
dövlətlərin hər iki ildən bir təqdim etdikləri
cavablar əsasında qiymətləndirmə aparılır,
hazırlanmış hesabat layihəsi CEPEJ-in və Avropa
Şurası Nazirlər Komitəsinin müzakirəsinə və
təsdiqinə verilir, sonradan həmin hesabatın üzv
dövlətlərdə tətbiqi vəziyyəti
yoxlanılır və müvafiq tövsiyələr
hazırlanır.
Həmin
qiymətləndirmə nəticəsində Komitə üzv
dövlətlərə onların məhkəmə sistemlərinin
təkmilləşdirilməsi, o cümlədən məhkəmə
statistikası sisteminin keyfiyyətinin artırılması, bu
sahədə şəffaflığın təmin olunması,
milli məhkəmə sistemləri arasında təcrübə
mübadiləsinin
aparılmasının təşkil edilməsi, müsbət
təcrübələrin müəyyənləşdirilərək
yayılması və s. istiqamətlərdə dəstək
göstərir.
Bununla
yanaşı, Komitə əsas funksiyasını həyata
keçirmək məqsədi ilə üzv dövlətlərin
məhkəmə sistemlərində
çatışmazlıqları, müsbət təcrübələri,
verilən məlumatların mötəbərliyini müəyyənləşdirmək
üçün ildə beş dəfədən
çox olmamaqla istənilən Avropa dövlətinə qiymətləndirmə
səfərləri təşkil edir və Komitənin üzvləri
yerində məhkəmə sisteminin müxtəlif sahələri
üzrə qiymətləndirmə aparırlar. Məsələn,
cari ildə İsveçrə, Estoniya, Litva və
Ukraynanın məhkəmə sistemlərinin qiymətləndirilməsi
barədə qərar qəbul edilmişdir.
Komitənin tərkibi 6 ekspertdən ibarətdir. Ekspertlər bir il müddətinə seçilir və
onların təkrar seçilməsinə müddət məhdudiyyəti
qoyulmur. Hazırda Fransa, Avstriya, Azərbaycan, Hollandiya, Monako və
Bosniyanın ekspertləri Komitənin tərkibini təşkil
edir. Sədrlik edən ölkə Fransadır.
Komitələrin iclasları ildə ən azı iki dəfə
keçirilir.
Büro, zəruri bilindiyi halda, Avropa
Şurası və Avropa İttifaqının CEPEJ-də təmsil
olunan təşkilatlarının nümayəndələrinin
Komitənin işində müşahidəçi qismində
iştirakına icazə verir.
CEPEJ-in səmərəli fəaliyyəti Avropa ölkələri
ilə yanaşı, Avropa məkanından kənarda olan
ölkələrin də diqqətini cəlb etmişdir. Belə ki, 2012-ci ildən “Cənubi
Qonşuluq ölkələrində (Mərakeş, Tunis,
İordaniya) Demokratik İslahatların Gücləndirilməsi”
adlı 3 illik birgə layihənin icrasına
başlanılmışdır. Layihə çərçivəsində
CEPEJ-ə Mərakeş və Tunisin məhkəmə sistemlərinin
qiymətləndirilməsi, məhkəmələrdə
islahatların aparılması üçün tədbirlər
planının hazırlanması, Ədliyyə
Akademiyasının tədris proqramlarının nəzərdən
keçirilməsi və s. məsələlər üzrə
tədbirlərin görülməsi səlahiyyəti
verilmişdir.
Bununla yanaşı, 2013-cü ildən “İordaniya ədliyyə
sisteminin keyfiyyətinin və səmərəsinin
artırılması üçün həmin ölkənin səlahiyyətli
qurumlarına dəstəyin verilməsi” Birgə Proqramın
keçirilməsinə başlanılmışdır.
CEPEJ-in Avropa İttifaqının maliyyələşdirdiyi
və Avropa Şurasının həyata keçirdiyi “Şərq
əməkdaşlığı ölkələrində həyata
keçirilən məhkəmə-hüquq
islahatlarının gücləndirilməsi” layihəsinin
aparılmasında da xüsusi rolu olmuşdur. Həmin layihə
çərçivəsində Avropanın 5 dövlətində—Azərbaycan,
Ermənistan, Gürcüstan, Ukrayna və Moldovada məhkəmə
sistemlərində islahatların aparılmasına dəstəyin
verilməsi ilə bağlıdır. Həmin
layihənin məqsədi qeyd olunan ölkələrdə ədliyyə
sahəsində Avropa standartlarının tətbiqinin vəziyyəti,
onun hüquqi və təcrübi problemlərinin müəyyənləşdirilməsi,
bu problemlərin aradan qaldırılması üçün
tövsiyələrin hazırlanmasından ibarətdir. Layihə çərçivəsində səmərəli
məhkəmə sistemləri, o cümlədən məhkəmə
və hakimlərin müstəqilliyi, vəkillərin, hakimlərin
statusu, deontologiyası, tədrisi, fəaliyyətlərinin
qiymətləndirilməsinə dair hesabatlar və tövsiyələr
hazırlanmışdır.
Eyni
zamanda bildirilməlidir ki, istifadəçiləri ədliyyə
sisteminə daha da yaxınlaşdırmaq məqsədi ilə
CEPEJ Avropa İttifaqı ilə birlikdə hər il oktyabr ayının 25-də üzv dövlətlərdə
Ədliyyənin Avropa Gününün qeyd olunmasını təmin
edir. Bu zaman məhkəmələrdə
“açıq qapı” günü elan olunur, əhaliyə məhkəmə
sisteminin fəaliyyəti ilə bağlı məlumatlar
verilir. Ədliyyənin Avropa Gününün qeyd
olunması zamanı, eyni zamanda, Avropa məkanında ədliyyə
sahəsində yaradılmış ən mütərəqqi
təcrübələr üzrə müsabiqə
keçirilir və “Büllur Ədliyyə Tərəzisi”
adlı mükafat verilir. Bununla Avropa ölkələrində
həmin il məhkəmə sistemlərinin
təkmilləşdirilməsinə yönələn ən səmərəli
təcrübə qeyd edilir, digər üç təcrübə
isə diqqətəlayiq hesab olunur. Qeyd olunan
müsabiqə nəticəsində Avropa Şurasının
üzv dövlətləri üçün təcrübə
mübadiləsinin aparılması, yaradılmış yeniliklərin
öyrənilməsi və gələcəkdə tətbiqi
imkanı yaranır. Məlumat üçün bildirək
ki, Azərbaycan da bu il iki layihə ilə
həmin müsabiqədə iştirak edir.
CEPEJ müşahidəçi statusu verilmiş
ixtisaslaşmış təşkilatlarla əməkdaşlıq
etməklə və yaratdığı Pilot Məhkəmələr
Şəbəkəsi və təlim müəssisələri
—Lisbon Şəbəkəsi vasitəsi ilə beynəlxalq və
Avropa hüquq cəmiyyətinin fəal
iştirakçısına çevrilmişdir. Komissiya qarşısında
duran vəzifələri yerinə yetirmək məqsədi ilə
qeyri-hökumət təşkilatları, elmi-tədqiqat
institutları, ekspertlərlə yaxından əməkdaşlıq
edir və üzv dövlətlərdə siyasətçilərə
və məhkəmə sistemində çalışan hər
bir kəsə ünvanlanan hesabatlar, təlimatlar, təkliflər,
tövsiyələr, qaydalar, suallar toplusu, tədbirlər
planı və digər materiallar hazırlayır.
Azərbaycanın
2004-cü ildən CEPEJ-də iştirakı nəticəsində
aşağıdakı nailiyyətlər əldə
olunmuşdur:
Avropa məhkəmə
sistemlərinin fəaliyyətinə dair təhlilləri
özündə əks etdirən CEPEJ-in 2010 və 2012-ci il
tarixli əhatəli hesabatlarında Azərbaycanda məhkəmə
fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata
keçirilən tədbirlər, ölkəmizdə məhkəmə
sisteminin inkişafı, müasirləşdirilməsi və
yeni infrastrukturunun yaradılması ilə bağlı
görülən genişmiqyaslı işlər yüksək
dəyərləndirilmiş, bu sahədə qoyulan sərmayələrə
və qabaqcıl təcrübələrin tətbiqinə
görə Azərbaycan öncül dövlət kimi
vurğulanmış və aparılan islahatlar bir çox
Avropa ölkələri üçün nümunə kimi
göstərilmişdir.
2012-ci il sentyabr ayının 19-21-də Vyanada Avropa
Ədliyyə nazirlərinin 31-ci konfransı zamanı Avropa
dövlətlərinin məhkəmə sistemlərinin təhlili
üzrə hazırlanmış hesabatın qüvvəyə
minməsinin rəsmi açıqlanması məqsədi ilə
təqdimatı keçirilmişdir. Həmin təqdimat mərasiminə
Avropa məkanından cəmi üç dövlətin—konfransa
ev sahibliyi edən Avstriyanın, Avropada siyasi qərarverici
dövlət sayılan Fransanın ədliyyə nazirləri,
həmçinin digər 45 dövlət adından
çıxış edən və Avropada fəal
islahatçı kimi tanınan və qəbul olunan Azərbaycanın
ədliyyə naziri Fikrət Məmmədov
başçılıq etmişlər. Bu,
dövlət başçısının ədliyyə sahəsində
islahatlarına, habelə Azərbaycanın ədliyyə
nazirinin fəaliyyətinə verilən yüksək qiymət
kimi dəyərləndirilə bilər.
Avropa Şurasının üzv dövlətlərinin
nümayəndələrinin iştirakı ilə 2011-ci ildə
CEPEJ-in plenar iclasında Azərbaycanın hakimliyə namizədlərin
seçimi proseduru müsbət təcrübə kimi qiymətləndirilmiş
və digər Avropa ölkələrinə tövsiyə
olunmuşdur.
Azərbaycan
CEPEJ-də nümayəndəsinin plenar iclaslarında
keçirdiyi geniş təqdimatdan sonra Avropa Şurası
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə
Avropa Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin
seçilməsinə maraq göstərərək nüfuzlu
ekspert qrupu yaratmış və qrup üzvləri Azərbaycana
səfər etməklə hakimliyə namizədlərin
seçimini bilavasitə izləmişlər.
Çoxmərhələli
seçim prosesini, o cümlədən bütün namizədlərin
vahid auditoriyada, yerli və beynəlxalq müşahidəçilərin
iştirakı ilə imtahanlar vermələrini, sualların və
imtahanların nəticələrinin həmin auditoriyada
aşkarlanmasını, imtahan prosesinin bütün mərhələlərinin
internet vasitəsilə canlı yayımlanmasını
yüksək dəyərləndirən avropalı ekspertlər,
seçim prosedurları ilə bağlı yerli və beynəlxalq
təşkilatların nümayəndələri ilə də
çoxsaylı görüşlər keçirərək
müzakirələr aparmış, milli qanunvericiliyimizi təhlil
etmişlər.
Məsələ
ilə bağlı CEPEJ ekspertləri tərəfindən
hazırlanmış əhatəli hesabatda bu sahədə Azərbaycanda
formalaşmış institusional qurumların fəaliyyətinin
və hakimlərin seçiminin mütərəqqi Avropa
standartlarına cavab verdiyi vurğulanmış, müsbət
təcrübə kimi və proses xüsusi şəffaflığı,
obyektivliyi, saflığı ilə fərqləndirilmişdir.
Avropa Şurasının bütün üzv dövlətlərindən
olan nümayəndələrin iştirakı ilə
Komissiyanın bu ayın 7-8-də keçirilmiş
iclasında Azərbaycanla bağlı hazırlanmış
hesabat geniş müzakirə olunmuşdur. Gərgin
müzakirələrin nəticəsi ilə bağlı məsələ
üzrə müvafiq qərar qəbul olunaraq Azərbaycanın
hakimlərin seçimi ilə bağlı prosedurlar müsbət
təcrübə kimi qiymətləndirilmişdir.
Avropa İttifaqı və Avropa Şurası tərəfindən
həyata keçirilən Şərq tərəfdaşlığı
ölkələrində məhkəmə islahatlarının
gücləndirilməsi layihəsi üzrə hesabatda da
ölkəmizdə hakimliyə namizədlərin seçimi
proseduru üzrə fəaliyyət metodu müsbət nümunə
kimi qiymətləndirilmiş və digər üzv dövlətlərə
bu təcrübəyə əsaslanmaq tövsiyə
edilmişdir.
Azərbaycan
Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi
üzrə İşçi Komitəsində ilk dəfə
2011-ci ildən təmsil olunmasına nail olunmuş və
bununla ölkəmiz həm məhkəmə və ədliyyə
sahəsində Avropa standartlarının müəyyənləşdirilməsində
və tövsiyələrin hazırlanmasında, həm də
digər Avropa ölkələrinin məhkəmə sistemlərinin
qiymətləndirilməsində, müsbət və mənfi
təcrübələrin müəyyənləşdirilməsində
iştirak etməyə başlamışdır. Məsələn,
2014-cü ilin may ayında Estoniyanın məhkəmə
sisteminin qiymətləndirilməsi səfərində 3 nəfər—Hollandiya,
Monako və Azərbaycanın hakimləri iştirak etmişlər.
Növbəti qiymətləndirmə səfəri
İsveçrənin məhkəmə sisteminin yoxlanması
ilə bağlı sentyabr ayında
planlaşdırılmışdır.
Azərbaycanda
məhkəmə və hüquq sisteminin müasirləşdirilməsi
istiqamətində aparılan genişmiqyaslı islahatlar və
ölkəmizin CEPEJ-də səmərəli
üzvlüyü zamanı görülmüş işlər
nəticəsində komissiyanın 5-6 dekabr 2013-cü il tarixli plenar iclasında qərara
alınmışdır ki, növbəti 23-cü plenar
iclası 2014-cü il iyul ayının 3-4-də Bakıda
keçirilsin. Bu, Azərbaycan üçün
çox əlamətdar hadisə olaraq ölkəmizin ədliyyə
sahəsində siyasətinin növbəti böyük qələbəsi
kimi qiymətləndirilir. Həmin tədbir CEPEJ-in 12
illik fəaliyyəti ərzində Strasburqdan kənarda
keçirdiyi birinci plenar iclasıdır və Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi
dövrə təsadüf edir.
Avropa məkanında məhkəmə-hüquq
islahatlarının aparılmasında, meyarların müəyyənləşdirilməsində
və qiymətləndirilməsində CEPEJ-in rolu
danılmazdır. Həmin komissiyanın 12 illik fəaliyyəti nəticəsində
47 üzv dövlətin məhkəmə sisteminin müqayisəli
mənzərəsini əks etdirən unikal vasitə, ədalət
mühakiməsinin həyata keçirilməsi sahəsində
Avropa standartlarının tətbiqinin təmin olunması
mexanizmi və təcrübə mübadiləsinin aparılmasının
möhkəm zəmini yaradılmışdır.
Azərbaycanda aparılan məhkəmə-hüquq
islahatları və onların mütərəqqi nəticələrinin
beynəlxalq aləmdə etirafı və nümunə
göstərilməsi təqdirəlayiqdir. İnsan
hüquqlarının etibarlı müdafiəsinə və təminatına
yönəlmiş bu islahatlara beynəlxalq səviyyədə
verilən yüksək qiymət hər birimizdə fəxr
hissi doğurur və bu islahatların davam etdirilməsində
daha əzmlə iştirak etməliyik.
Ramin Qurbanov,
hüquq elmləri namizədi,
CEPEJ-də Azərbaycanın nümayəndəsi,
Bakı Şəhəri Yasamal Rayon
Məhkəməsinin hakimi.
Respublika.-2014.- 2 iyul.- S.7.