Geofizika elminin görkəmli xadimi

 

Bəşəriyyət tarixində elə şəxsiyyətlər olmuşdur ki, onların həyat və fəaliyyətləri çoxlarına örnəkdir. Həyatını vətənin inkişafına, xalqının tərəqqisinə, elmin, təhsilin inkişafına sərf edən insanlar, əbədiyaşar olurlar. Nəcib və ləyaqətli bir insan olan Kərim Məmmədxan oğlu Kərimov tələbkar, alicənab və eyni zamanda ziyalı keyfiyyətlərini özündə cəmləşdirən novator bir alimdir. O, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü, Avropa Elmlər Akademiyasının həqiqi üzvü, Müasir Lütfi-zadə adına Beynəlxalq Akademiyanın həqiqi üzvü, ARDNŞ Geofizika və Geologiya İdarəsinin nəzdindəki Elmi-Tədqiqat İnstitutunun aparıcı işçisidir.

 Kərim Kərimov dünya geoloq və geofizikləri arasında tanınmış alimdir. K.Kərimov neft geologiyasının, regional geologiyanın, geotektonikanın, neft və qaz yataqlarının geofiziki üsullarla axtarışı problemlərinin geniş diapazonlu müxtəlif məsələləri üzrə elmi-tədqiqat işləri aparıb. Alim Yer litosferinin quruluşu və inkişafının, Yer qabığının termodinamik və termobarik vəziyyətinin öyrənilməsi üçün geofiziki informasiyanın tətbiqi üsulları kompleksini işləyib hazırlayıb. Azərbaycan geoloqları onu əsl mənada özlərinin müəllimi, ağsaqqalı, məsləhətçisi hesab edirlər. O, daim öz zəngin təcrübəsini, biliyini əsirgəmədən gələcək müəllimləri geologiya elminin, neft sənayesinin sirləri ilə tanış edib, ağıllı məsləhətləri ilə gənclərimizi həqiqi elmi axtarış yollarına yönəldib.

Kərim Məmmədxan oğlu Kərimov 1933-cü ildə Ağdam rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1952-1957-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. 1961-1964-cü illərdə Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun aspiranturasını bitirərək dissertasiya müdafiə edib və geologiya-minerologiya elmləri namizədi adını alıb, 1975-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Kərim Kərimov elmi yaradıcılığı onun vətəndaşlıq qayəsinin təcəssümünə çevrilir, yəni elmə təmənnasız xidmət onun həyat məqsədidir. Elə buna görə də Kərim müəllimin elmi yaradıcılığına nəzər salarkən böyük iftixar hissi ilə demək olar ki, geologiya elminin bir sıra vacib sahələrinin ölkəmizdə inkişafı məhz onun adı ilə bağlıdır.

Öz sahəsində yeni istiqamət açan alim 19 elmlər namizədi və doktoru yetişdirib. O, neft geologiyası sahəsində 500-dən çox elmi əsərin, 11 monoqrafiyanın, 20 müəlliflik şəhadətnaməsi və patentinin (ikisi beynəlxalq olmaqla) müəllifidir. Yusif Məmmədəliyev adına və Sülhü Müdafiə Komitəsinin mükafatlarını alıb, çoxsaylı təltifi var. Bunların sırasında ulu öndər Heydər Əliyevin prezident olduğu dövrdə imzaladığı sərəncama əsasən K.Kərimovun layiq görüldüyü “Şöhrət” ordenini xüsusi qeyd etmək lazımdır. O, Azərbaycan geofiziklərinin patriarxı kimi tanınır.

K.Kərimov yaradıcı, intellektual, mədəni, geniş dünya görüşlü, təvazökar bir şəxsiyyət kimi respublikamızda və onun hüdudlarından kənarda tanınır. Ziyalı alim adını o, daim yüksək tutur.

Professor Kərim Kərimovun Azərbaycan Milli Elmlər akademiyasının müxbir üzvlüyünə seçildiyi 2001-ci ildən geologiya elminin inkişafı yolunda gördüyü işlər bunlardır:

—3 monoqrafiya dərc etdirib (2001-ci, 2003-cü və 2005-ci illər);

—78 elmi məqaləsi müxtəlif jurnallarda dərc olunub;

—Azərbaycanın neft-qaz-geoloji rayonlaşdırma və neftlilik qazlılıq perspektivi adlı iki xəritənin tərtibçisidir, həm də onları çap etdirib;

—6 patent (o cümlədən 2 beynəlxalq patent) alıb;

—bir neçə mövzuya elmi rəhbərlik etmiş və müvafiq şuralarda yüksək qiymətə layiq görülüb;

—redaktorluğu ilə 1997-ci ildən nəşr olunan “Azərbaycan geofizika yenilikləri” jurnalında 2001-ci  ildən indiyədək yer elminə aid 250-dən artıq elmi məqalə dərc edilib. Həmin jurnal son 5 ildə Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilib və respublikamızda yer elmi sahəsində ixtisaslı kadrların yetişməsində əhəmiyyətli rol oynayıb.

Kərim müəllim qeyd etdiyimiz kimi, kadrların hazırlanması prosesində də yaxından iştirak edib. 2 elmlər namizədi və 1 elmlər doktoru hazırlayıb. Hazırda 4 aspirant və dissertantın elmi rəhbəridir. Bakı Dövlət Universitetinin professorudur. Onun rəhbərliyi altında 2 beynəlxalq konfrans və 3 seminar təşkil edilib və uğurla keçirilib.

K.Kərimov ümummilli və ümumdövlət mənafeyi baxımından bütün məsələlərdə təşəbbüskarlıq göstərib, hər məsələyə diqqətlə yanaşıb, bir vətəndaş kimi həmişə işin çətinindən yapışıb. Bu da həmişə ona uğur və şərəf gətirib. Geoloq-neftçi dostların sevinci onun adıyla bağlıdır. İstehsalatda tətbiq edilən yeniliklər onun xidmətləridir.

Kərim Kərimov əsl vətəndaşdır. Onun əzmkarlığı bütün kollektivə nümunədir. O, ümummilli lider, ulu öndər Heydər Əliyevin siyasətini, kursunu həmişə dəstəkləyib, onun Azərbaycan xalqına gərəkliyini, ölkəni, xalqı düşdüyü bəlalardan qurtarmağın vacibliyini xüsusi vurğulayıb.

K.Kərimov peşəkar geoloq, həssas və tələbkar insan olmaqla yanaşı, geoloq yoldaşlarını hədsiz dərəcədə sevən, onların hüquqlarını qorumağa hər an hazır olan, insani keyfiyyətlərini kollektivə aşılayan mərd və cəsur şəxsdir. O öz mövqeyini, gücünü, haqq sözünü ortaya qoymağı bacarır, həyatda öz sözü, öz izi olan sadə sənət sahibidir. Kərim Kərimov həmişə mübarizənin önündə olub.

Kərim müəllim özü də hesab edir ki, sadəlik, təvazökarlıq insanın ən fərqləndirici xüsusiyyətlərindəndir. Xudbinliyə, təkəbbürə insani cılızlığın, dayazlığın ifadəsi kimi baxır.

Sadəlik—insanın ucalığıdır. Yaxşılıq etməkdən xüsusi zövq alır.

Kərim Kərimovun təbiətində gözəl bir pedaqoqçuluq keyfiyyəti hiss olunur. Dahilər demişkən, müəllim o kəs deyil ki, başqalarını öyrədir, müəllim o kəsdir ki, ondan öyrənirlər. Həqiqətən də, onun hər hərəkətində, ümumiyyətlə şəxsiyyətində öyrənilməli, əxz olunmalı xüsusiyyətlər çoxdur.

Səbirli, təmkinli olması bir çox prosesləri düzgün başa düşməyə, doğru məcraya yönəltməyə imkan vermişdir. Nəticə çıxarmağa tələsmir, ətraflı təhlil edir, müxtəlif fikirləri öyrənir, obyektivliyi təmin etməyə çalışır, subyektivizmdən isə çox uzaqdır. Dünyanı olduğu kimi qəbul edir.

Səmimiyyət —ürəyə gedən ən hamar, yaxın yoldur. Səmimi insanlar tez anlaşılır, hətta səhvləri olduqda belə başa düşülür. Təbii ki, səhvsiz ötüşmək mümkün deyil, kamillik yolu səhvlərdən, onlardan düzgün nəticə çıxarmaqdan keçir. Əsası odur ki, işini, insanları, həyatı sevəsən. Filosof deyir ki, kim sevməyi və səhv etməyi bacarmırsa, demək yaşamır.

Kərim müəllimin fəaliyyəti elmi yaradıcılıqla bitmir. O, Yeni Azərbaycan Partiyasının yarandığı gündən  xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin siyasi kursunu dəstəkləmiş və ulu öndərin neft strategiyasının həyata keçirilməsi prosesində fəal iştirak etmişdir. YAP Yasamal rayon təşkilatının büro üzvüdür. Azərbaycan Rəssamlar və Jurnalistlər İttifaqlarının üzvü olan K.Kərimovun bu istiqamətdə əsas fəaliyyəti Azərbaycan xalqının düşmənlərinin, o cümlədən Ermənistanın  ölkəmizə qarşı davam edən təcavüzkar siyasətini ifşa etməkdən ibarətdir. Bu istiqamətdə son altı ildə o özünün siyasi plakatlardan ibarət 4 fərdi sərgisini nümayiş etdirmiş və bu səpkidə 5 kitab —albomu dərc olunub. Elə sərgidən söz düşmüşkən qeyd edək ki, onun gözəl bir məşğuliyyəti də bizi özünə çəkir. Kərim Kərimov hələ tələbəlik illərindən başlayaraq dünyada gedən proseslərə biganə qalmayıb. Onun rəssamlıq fırçasından minlərlə siyasi plakat və karikatura ərsəyə gəlib. Rəssamlıq fəaliyyətinin mündəricəsi əsasən narkomaniya, terrorizmə, ermənizmə, dünyada gedən ikili standartlara “yox” deməkdir. Kərim müəllimin ölkəmizdə, Türkiyədə və MDB məkanında baş tutan rəsm əsərlərinin sərgiləri seyrçilər tərəfindən rəğbətlə qarşılanıb.

—“Müstəqil Azərbaycan Respublikası”— 83 əsər, Bakı, “Hərbi” Nəşriyyat, 2001-ci il;

—“Azərbaycan və onun düşmənləri”—85 əsər, Bakı “Adiloğlu” nəşriyyatı, 2001-ci il;

—“Terrorizm və qanlı ləpirlər”, Bakı, “Ozan” nəşriyyatı 2004-cü il.

—“Terrorizmə yox!”—121 əsər və xüsusi albom, Bakı “Çaşıoğlu” nəşriyyatı 2006-cı il;

—“Soyqırım”—29 əsər, Bakı, “İndigo” mətbəəsi —2006-cı il.

Kərim Kərimov bu əsərlərdə erməni terrorizminə böyük təcrübəyə, güclü maliyyəyə və hərbi potensiala malik olan yüksək təşkilatlanmış qüvvə kimi baxır. Bu, həqiqətən də, belədir. XIX-XX əsrlərdə əmələ gələn “Armenikan”, “Qnçak” və “Daşnaksütyun” və digər erməni partiyaları siyasi mübarizə vasitəsi kimi terroru seçdilər.

Müəllifin əsərlərindən bir daha sübut olunur ki, erməni terrorizmi XIX əsrdə yaranıb, meydana gəldiyi dövrdən başlayaraq beynəlxalq və mütəşəkkil xarakter alıb, dünyanın bir çox ölkəsində terrorizmin inkişafı üçün çoxsaylı yeniliklər gətirib və belə təşkilatlar üçün bir növ “məktəb” olub, törətdiyi hadisələrin xüsusi zülmkarlıqla həyata keçirilməsi ilə fərqlənib.

K.Kərimovun insanların kütləvi qırğını, talanlar, yaşayış məntəqələrinin darmadağın edilməsi, dinc vətəndaşlara, xüsusilə uşaqlara, qadınlara etnik mənsubiyyətinə görə zülm edilməsi, tarixi, mədəni abidələrin dağıdılması, “böyük Ermənistan”, “çox əziyyətlər görmüş erməni xalqı” barədə tabloları erməni terrorizminin ideologlyası, onun prioritetləri barədə tam fikr yürütməyə əsas verir.

Kərim Kərimovun rəsmləri “böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin, terror təşkilatlarının himayədarlarını ifşa edir, beynəlxalq ictimaiyyəti beynəlxalq hüquq normalarını, dinc yanaşı yaşamaq qaydalarını kobudcasına pozan erməni millətçilərinə qarşı mübarizəyə səsləyir. Hədsiz amansızlığı ilə fərqlənən və etnik təmizləmələr, kütləvi talanlar və çoxlu insan tələfatı ilə müşahidə olunan erməni terrorizmini dövlət səviyyəsində Ermənistanın müdafiə etməsi də bu tablolardan tam bəlli olur. Çox qəribədir, Birləşmiş Millətlər Təşkilatının üzvü olan Ermənistan çoxsaylı diaspor hərəkatının və terror təşkilatının cəmləşdiyi “nüvə” rolunu oynayır. İndi Ermənistan həm bilavasitə erməni fond və cəmiyyətlərindən, həm də lobbi sistemi ilə aldığı maliyyə dəstəyi ilə erməni terror qruplaşmalarının sponsoru kimi çıxış edir, onların fəaliyyətini planlaşdırır.

Kərim Kərimov əsərlərində bəşəriyyət üçün ən böyük bəla olan faşizmi, onun mahiyyətini açmağa ciddi cəhd edir və haqlı olaraq erməni terrorizminin çox təhlükəli olduğunu bildirir. Onun bu mövzuya həsr etdiyi əsərlərinə həyəcansız baxmaq mümkün deyildir. Kərim Kərimovun 6 minə yaxın karikatura və siyasi plakat yaratması onu Azərbaycan incəsənətinin görkəmli xadimi kimi də tanıdıb. Alimlər öz həmkarlarının məşhur rəssam olmasından, rəssamlar isə dünya şöhrətli geofizik olmasından qürur duyurlar.

 

Kifayət ABDULLAQIZI.

 Respublika.-2014.- 4 iyul.- S.4.