Xatirələrdə
yaşayan böyük insan
“İnsanlar ölmür, yalnız dünyasını dəyişir”. “Bu dünya” və “o dünya” ifadələri barədə söhbət düşəndə həmişə düşünürəm ki, bəlkə də “o dünya” məhz elə bu dünyadakı insanların yaddaşından ibarət olan xəyali bir aləmdir. Dünyasını dəyişmiş hər bir kəs bu dünyadakı insanların yaddaşında necə qalırsa, onun da “o biri dünyası” məhz elə həmin cürdür. Kimisi xeyirxah, nəcib, yaradıcı əməllərilə insanların yaddaşında xoş xatirələrlə yaşayır. Kimisi isə “qara torpağa tapşırılan” andan unudulur, sanki belə bir insan heç bu dünyaya gəlməyibmiş.
Böyük insanları itirəndə daxildəki göynərtimiz, ağrımız da böyük olur. Göynəyə-göynəyə o insanları xatırlayır, xeyirxah əməllərini yad edib, təskinlik tapırıq. Hərə bu ağrını, göynərtini bir cür keçirir.
Mən bir il öncə kiçikyaşlı uşaqlardan ta ixtiyar yaşlı qocalara qədər ordubadlıların hamısının hələ gənclik illərindən böyük məhəbbət və hörmət hissi ilə “Rəhim doxtur” deyə müraciət etdikləri, bəlkə də bütün Azərbaycan vətəndaşlarının tanıdığı, ümid, pənah yeri saydığı akademik, məşhur rentgenoloq-diaqnostik, görkəmli alim, həssas qəlbli həkim, gözəl insan, maraqlı şəxsiyyət Rəhim Rəhimov dünyasını dəyişərkən bu dediklərimin doğruluğuna bir daha əmin oldum.
Mərhumun dəfninin təşkil olunduğu Goradildəki bağ evinə gəldikdə ilk anda elə bildim ki, Ordubad şəhərinə gəlmişəm və burada respublikanın müxtəlif profilli mütəxəssislərinin mötəbər bir elmi tədbiri keçirilir. Yas yeri respublikanın hər yerindən gəlmiş əslən ordubadlı olanlardan əlavə, adlı-sanlı elm adamları, ictimai xadimlər, ədəbiyyat və incəsənət xadimləri ilə dolu idi. Bu adamların hamısının üzündə dərin hüzn və kədərlə yanaşı, həm də qayğı və təlaş hissi var idi. Sanki onlardan hər biri öz doğma babasını, atasını, qardaşını itirmişdi.
Havanın çox isti, Goradil qəbiristanlığının xeyli aralı olmasına baxmayaraq, insanlar bu əziz insana hörmət və diqqət əlaməti olaraq, onun cənazəsini çiyinlərində apardılar.
AMEA-nın Prezidenti akademik Akif Əlizadə, Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov, şərqşünas-alim, akademik Hacı Vasim Məmmədəliyev, el ağsaqqalı Babaxan Muradov və digər görkəmli şəxslər çıxış edərək, mərasimə toplaşanlar, xalqımız, millətimiz, respublika ziyalıları, ictimaiyyəti, dövlətimiz, ordubadlılar adından mərhuma rəhmət dilədilər, onun ölümünün xalqımız, millətimiz üçün çox ağır itki olduğunu söylədilər, bir daha onun gözəl insan, sədaqətli dost, mehriban ata, böyük alim, həssas qəlbli həkim, diqqətli müəllim sözün əsl mənasında, möcüzə insan olduğunu qeyd etdilər.
Bu söylənilənləri dinlədikcə, mənim də xəyalımda “Rəhim doxtur”la bağlı xatirələr dil açdı.
Rəhim müəllimi ilk dəfə 1950-ci ilin yayında Ordubadın ən ucqar, həm də səfalı guşəsi olan Behrud kəndində, öz evimizdə görmüşdüm. Həmin vaxt “Rəhim doxtur” ali məktəbi yenicə bitirmişdi və Ordubad Rayon Mərkəzi Xəstəxanasında həkim işləyirdi. Öz həmkarları ilə birlikdə rayonun dağ kəndlərinin əhalisinə tibbi xidmət göstərmək məqsədi ilə qonşu kəndlərə baş çəkdikdən sonra, atamın dəvəti ilə bizim evdə qonaq olmuşdu. Məclisdəki həmkarlarının hamısından gənc olan hündürboylu, gur qarasaçlı, çox səliqə ilə geyinmiş, səlis nitqli “Rəhim doxtur” müharibə illərində şahidi olduğu hadisələr haqqında maraqla söhbət edirdi. Sonralar bildim ki, İkinci Dünya müharibəsi illərində Ordubad Pedaqoji Texnikumunu bitirib rayon məktəblərində müəllim işləyən “Rəhim doxtur”un (o vaxtkı Rəhim müəllimin) gözəl hüsn-xətti, yüksək ifadə qabiliyyəti, həm də dürüst, doğru xarakteristikası olduğundan rayonun hərbi komissarı komissarlığın sənədlərini tərtib etmək üçün onu səfərbərliyə alıbmış.
Görünür məhz ilk aldığı müəllimlik təhsili yüksək daxili şəxsi keyfiyyətləri ilə vəhdətdə Rəhim doxtura heç də hamıya nəsib olmayan xüsusiyyətlər - insanlara qayğıyla yanaşmaq, fikrini aydın və hər kəsin başa düşəcəyi dildə ifadə etmək, həmsöhbətinin fikrini dinləmək qabiliyyəti vermişdi.
Bir qədərdən sonra isə eşitdik ki, o, elmi fəaliyyətini davam etdirmək məqsədi ilə Bakıya gedib. Rəhim həkim 1959-cu ildə namizədlik dissertasiyasını müdafiə etdi.
Həmin vaxt mən Ordubad şəhərindəki 1 saylı orta məktəbdə oxuyurdum. Rəhim müəllimin namizədlik dissertasiyasının müdafiəsi Ordubadda adamların söhbətinin əsas mövzusu olmuşdu: “Rəhim doxtur bu günlərdə dissertasiya müdafiə edəcək, alim olacaq. O, çoxdan alimliyə layiqdir, Ordubadın fəxri sayılan oğullarındandır” - deyirdilər.
Həmin gün Ordubad Şəhər Poçtunun teleqraf şöbəsinin pəncərəsi qarşısında və binanın Dübəndi çayına baxan geniş eyvanında böyük bir növbə yaranmışdı. Ordubadlılar buradan alim adı alması münasibəti ilə “Rəhim doxtur”a təbrik teleqramları göndərirdilər. Hələ müdafiədən sonra “Rəhim doxtur” İrəvandan Bakıya qayıdarkən həyat yoldaşı ilə bir neçə günlüyə yolüstü Ordubadda qaldıqda şəhərdə nələr baş verdi? Hamı onu görməyə can atırdı – uşaq da, böyük də. Bir neçə gündən sonra qatarla Ordubaddan Bakıya qayıdanda isə az qala bütün Ordubad əhli onu və həyat yoldaşını yola salmaq üçün Ordubad dəmiryol vağzalına toplaşmışdı.
Ordubad torpağı Azərbaycan xalqına məşhur insanlar, görkəmli dühalar bəxş edib. Məhz Azərbaycan xalqı qarşısında bu xidmətlərinə görə hələ min üç yüz il bundan əvvəl Birinci Şah Abbas bu şəhəri vergilərdən həmişəlik azad edib. Ötən əsrin 70-ci illərində - Azərbaycana birinci siyasi rəhbərliyi dövründə ümummilli liderimiz Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırıb.
Tarixən hər bir yeniyetmə, gənc ordubadlı öz sələflərindən ilham alıb, onların yolunu davam etdirməyə çalışıb. Bu, Ordubad əhlinin özünəməxsus ənənələrindən biridir.
Rəhim müəllmin də 1950-ci illərin ikinci yarısında tibbdə qazandığı uğurlar, həmişə elmə və təhsilə böyük marağı, qabiliyyəti olan gənc ordubadlılarda bu sahəyə böyük meyil yaratdı. Çox da böyük olmayan bir zaman kəsiyində Ordubaddan öz peşəsinə layiqincə yiyələnmiş, nəinki respublikamızda, hətta onun hüdudlarından kənarda da şöhrət qazanmış yüzlərlə həkim, tibb sahəsində alimlər yetişdi. Ordubaddakı orta məktəblərin ən istedadlı məzunları bu sahəyə həvəs və maraq göstərməyə başladı. Bu piramidanın zirvəsində dayanıb mayak kimi işıq, ziya saçan isə Rəhim Rəhimov idi. Onun xalq qarşısındakı bu xidmətini heç vaxt unutmaq olmaz. Elə bilirəm ki, respublikamızda indiki şöhrət qazanmış onkoloqlar məktəbinin formalaşmasında da Rəhim müəllimin əvəzedilməz rolunu qiymətləndirməmək olmaz. Mən bu qənaətə iştirak etdiyim müxtəlif tədbir və mərasimlərdə görkəmli şəxsiyyətlərin, onkoloq alimlərin, akademiklərin ona göstərdikləri münasibəti gördükdən, onun haqqında dediklərini eşitdikdən sonra gəlmişəm.
Rəhim doxtur çox qəribə insan idi – o, yüksəklərə qalxdıqca, öz dost və yoldaşlarına, həmkarlarına, şagirdlərinə, eyni zamanda öz el-obasına, həmvətənlərinə daha da yaxınlaşır, onlara qarşı daha da diqqətli və həssas olurdu. Ordubadlıları isə, sözün əsl mənasında – tibbi himayəyə götürmüşdü.
Ona müraciət edən hər bir adamı eyni təmkinlə, mülayimliklə, mehribanlıqla dinləyib, lazımi müayinələri aparır, müalicə təyin edir, özünün məşğul olduğu sahəyə birbaşa aid olmayanda isə adəti üzrə balaca bir məktubla həmin xəstəlik üzrə Bakının digər klinikalarındakı ən görkəmli professorların yanına göndərərdi.
Əlbəttə, bu qəbullarda ağır və birbaşa “Rəhim doxtur”a aid xəstəliyi olanlar da az olmurdu. O, belə çarəsiz xəstələrə də çox diqqətlə, qayğı ilə yanaşırdı və insanlar bu yanaşmadan da özlərinə bir təsəlli, ümid tapırdılar. Belə anlarda “Rəhim doxtur”un gözlərində, sifətinin cizgilərində heç də hər adamın duya bilmədiyi bir ağrı, əzab, fəryad, qəribə bir etiraz hiss olunurdu. Sanki o, daxilində bu insana kömək göstərmək imkansızlığına qarşı üsyan edirdi.
“Rəhim doxtur”un adamlara çox qeyri-adi, özünəməxsus yanaşma tərzi var idi. Hər birimiz aldığımız təhsil, çalışdığımız iş, tutduğumuz mövqe ilə bağlı çoxlu sayda və müxtəlif çinli, titullu, vəzifəli adamlar görmüşük. Həmişə olmasa da, bir qayda olaraq, həkim xəstəyə, müdir işçisinə, müəllim tələbəyə, dosent assistentə, professor dosentə, akademik professora münasibətində açıq deməsə də, hərəkətləri ilə işarə vurur ki, “dayan, sən hələ mən deyilsən, öz yerini bil”. Rəhim doxturun məsələyə yanaşması isə tam fərqli idi. İlk dəfə ona müraciət edəndə mən hələ tələbə idim, Azərbaycan Dövlət Universitetində ikinci kursda oxuyurdum. O, mənimlə elə səmimi, şirin dillə söhbət etdi ki, mən nəinki dərdimi ona açıq söylədim, həm də öz-özümə qürurlandım ki, “mən heç də yazıq tələbə deyiləm, əməlli-başlı bir insanam”. Sözsüz ki, mənimlə eyni zamanda və ya başqa bir vaxtlarda onun qəbulunda olan digərləri də belə fikirləşirdilər.
Başqalarından fərqli olaraq, onun insanlara hər bir mövqedə münasibəti elə əvvəlki kimi qalırdı. Bu münasibət həm adamları ruhlandırırdı, ən başlıcası isə, onda gərəkli insan olduğuna yəqinlik yaradırdı, həm də bir əxlaq dərsi, “Rəhim doxtur” dərsi olurdu.
O, həmişə mənimlə görüşəndə əvvəlcə atamdan, qaynatamdan danışar, sonra özünün və mənim çalışdığımız sferalardakı yeniliklər, hər ikimizin tanıdığı adamlar haqqında söhbət açar, nəhayət, əsas məsələyə keçərdi. Belə bir müqəddimə ilə çalışardı ki, onun sənə doğma adam kimi yanaşdığını, səni isə özünə müqabil bir adam kimi qəbul etdiyini hiss edəsən.
Rəhim doxtur insanların hamısını sevirdi. Ancaq etiraf edim
ki, onun ordubadlılara xüsusi bir məhəbbəti var idi,
necə ki, ordubadlılar da onu sevirdilər.
Mən onun yanına hərdən müxtəlif xəstələr
aparardım. Çox vaxt Rəhim müəllimin göstərdiyi
nəvaziş və diqqət həmin xəstələri və
onların adamlarını sözün əsl mənasında
çaşdırırdı. Bu nəvazişin,
diqqət və qayğının müqabilində sonda ona bir
hörmət etmək istəyirdilər. Belə məqamda
da o, həmin adamların keyfinə dəymir, həlim səslə
və sırf ordubadlı ləhcəsi ilə deyirdi: “Əyib
deyil, belə bir insanla, mənim əziz bir adamımla
yanıma gəlmisiniz, hələ bəlkə mən Sizə
nə isə hədiyyə verməliyəm ki, bizi
görüşdürdünüz”. O, heç vaxt, heç
bir xəstədən nə isə ummaz, hamıya təmənnasız
qayğı göstərərdi. Bəzən yanına gedəndə,
stolunun siyirməsindən qəzetə bükülü 2 ədəd
Ordubad limonu çıxarar və deyərdi: “Ordubaddan filankəsin
nəvəsi filankəs gəlmişdi. Səhhətində
elə bir ciddi problemi yox idi. Müayinə
etdik. Bizlik deyildi. Göndərdim
filan professorun yanına. O da gedəndə bu 2 ədəd
Ordubad limonunu stolumun üstünə qoyub dedi ki, babam Sizə
göndərib”. Sonra da təkidlə xahiş edərdi
ki, bu limonlardan heç olmasa birini biz götürək.
Əksər hallarda biz tanışlar hər birimiz nə
isə bir səbəb axtarırdıq ki, gedib bu insanla
görüşək. Hər dəfə də gedəndə
onun yanında bizdən başqa da bir neçə adamın
olduğunu görərdik. Mən sonralar
artıq özüm üçün müəyyənləşdirmişdim
ki, əgər müayinədən sonra Rəhim müəllim
məktub yazırsa, deməli xəstədə qorxulu bir əlamət
yoxdur. Məktub yazılmayanda, Rəhim
doxturun gözlərinə bir kədər çökəndə
anlayırdım ki, burada onkoloji problemlər var və məsələ
ciddidir. O, çox güclü diaqnostik idi. Onun diaqnozunda səhv olmurdu – yaxşı əlamətlisində
də, pis əlamətlisində də.
Rəhim Rəhimov gözəl insan, müəllim, alim,
həkim, vətənpərvər, el ağsaqqalı olmaqla bərabər,
həm də ləyaqətli, ağıllı, bir valideyn, ata
idi. Onun
övladları – oğlanları Nurməmməd, Çingiz və
qızı Nərminə atalarına layiq övladlar olmaqla bərabər,
həm də hər üçü də öz valideynlərinin
yolu ilə gedib, həkim peşəsini seçmiş, öz
peşələrinə mükəmməl yiyələnmiş
mütəxəssislərdir. Çünki Rəhim
müəllim nəinki öz övladlarını, hətta
öz nəvələrini də nə qədər
böyük bir məhəbbətlə sevsə də,
onların qayğısını çəksə də,
bundan qat-qat artıq da onlara qarşı tələbkar idi.
O, övladlarını daima düz yola, insanlara qarşı həssas
olmağa, öz işinə məsuliyyətlə
yanaşmağa çağırırdı.
Rəhim müəllimin gözəl və ləyaqətli
ata olduğunu təkcə onun öz övladlarına
münasibəti deyil, övladlarının da ona olan
münasibəti bir daha sübut etdi. Məhz düzgün, tərbiyə
almaları nəticəsində bu övladlar ağır məqamlarda
atalarını təkcə Bakının deyil, həm də
dünyanın ən adlı-sanlı klinikalarında müayinə
və müalicə etdirib ayağa qaldırdılar, heç
də hər kəsə nəsib olmayan 90 yaşa qədər
onu layiqincə qorudular, qulluğunda durdular, sevindirdilər,
onun bu dünyadan nigaran köçməsinə imkan vermədilər.
Əlbəttə, belə övladları
alqışlamaq lazımdır.
Nə yaxşı ki AMEA-nın Rəyasət Heyətinin
təşəbbüsü ilə 2013-cü ilin 04 aprelində
(ölümündən 3 ay əvvəl) Akademiyanın
böyük iclas salonunda Rəhim Rəhimovun 90 illik yubileyinə
həsr olunmuş təntənəli yığıncaq
keçirildi.
Bu tədbirdə Rəhim həkimin özü də
iştirak etdi. Nəinki iclas salonu,
binanın dəhlizləri də onun həmyerliləri, eləcə
də respublikanın elm və səhiyyə ictimaiyyətinin
nümayəndələri ilə dolu idi. Sanki
bu insanlar “Rəhim doxtur”la bu dünyada sonuncu vida
görüşünə gəlmişdilər. Burada da çox dəyərli insanlar Rəhim həkim
haqqında ona layiq olan sözlər söylədilər.
Xəyallar məni uzağa aparsa da, qəbir
üstündə mollanın dua oxumağa başlaması yenə
həmin məkana qaytardı. Öz-özümdə fikirləşdim:
“Qəbir üstündə vida nitqi söyləyən bu
müdrik, görkəmli və hörmətli insanlar düz
deyirlər – bu gün Azərbaycan xalqı öz görkəmli
akademikini, vətəndaşını, oğlunu, həkimini,
maraqlı bir şəxsiyyətini, gözəl bir
insanını cismən itirdi. Lakin o, hələ
uzun illər insanların yaddaşında xoş xatirələrlə
yaşayacaq. Onun “o dünya”sı da, “bu
dünya”sı kimi nurlu və ibrətamiz olacaq”.
Əhməd ABDİNOV,
Bakı Dövlət Universitetinin
kafedra müdiri,
fizika-riyaziyyat elmləri doktoru, professor.
Respublika.-2014.- 5 iyul.- S.5.